ABŞ Birinci Dünya Müharibəsindən sonra

ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı ölkənin siyasi, iqtisadi, hərbi və maliyyə qüdrətinin artmasına səbəb olmuşdu. Ərazisində hərbi əməliyyatlar getmədiyindən ABŞ müharibədən gəlir əldə etmiş, milli sərvətini xeyli artırmışdı. Dünya qızıl ehtiyatının yarıdan çoxu da onun əlində cəmləşmişdi. Müharibədən sonra Avropa ölkələrinin çoxu ABŞ-dan maliyyə asılılığında idi.

Vudro Vilsonun xarici siyasətdə uğursuzluqları və ölkədə iqtisadi böhranın başlaması 1920-ci il prezident seçkilərində Demokratlar Partiyasının məğlubiyyətinə səbəb oldu. Respublikaçı Uorren Hardinq prezident seçildi. Onun qəfil vəfatı ilə əlaqədar bu vəzifəni icra edən vitse-prezident Kalvin Kulic növbəti prezident seçkilərində qalib gəldi. ABŞ iqtisadiyyatının sürətlə inkişaf etdiyi dövrdə Kulicin ölkəyə rəhbərlik etməsi onun nüfuzunu xeyli artırdı. Respublikaçılar bazar prinsiplərinin genişləndirilməsi və dövlətin iqtisadiyyatda tənzimləyici rolunun məhdudlaşdırılması siyasətinə tərəfdar idilər. Onlar “normal dövrə”, yəni azad iqtisadi sahibkarlıq fəaliyyətinin hakim olduğu şəraitə qayıtmağı vəd edirdilər. 1922-ci ildən ölkədə sənaye yüksəlişi başladı. Polad istehsalı, neft hasilatı, avtomobil istehsalı xüsusilə artmışdı. 1929-cu ilə kimi davam edən bu dövrü “prosperiti” (ing. prosperity – tərəqqietmə) adlandırırlar. ABŞ dünyada neft hasilatının 70%-ni, polad istehsalının 50%-ni verirdi. Bu illərdə avtomobil “Amerika həyat tərzinin ayrılmaz hissəsi”nə çevrildi. Onun sayəsində yaşayış məntəqələri və sənaye müəssisələri etibarlı nəqliyyat şəbəkəsi vasitəsilə bir-birilərinə bağlanmışdı. H.Fordun zavodlarında tətbiq edilən istehsalın təşkilinin konveyer qaydası maşınların kütləvi istehsalına imkan verdi. Dünyadakı bütün avtomobillərin 90%-i ABŞ-da idi. 1929-cu ildə bu ölkə dünya sənaye istehsalının, təqribən, 50%-ni verirdi. Həm də xarici ticarətin ümumi dövriyyəsinə görə Böyük Britaniyanı ötüb-keçmişdi.

İstehsalın təşkilinin konveyer qaydası istehsal prosesinin iş yerlərində ardıcıl yerləşdirilmiş xüsusi avadanlıqlarla həyata keçirilməsini, prosesin ayrı-ayrı və nisbətən qısamüddətli əməliyyatlara bölünməsini nəzərdə tutur.

Texniki tərəqqinin nəticəsi kimi məişət texnikası istehsalı ilə bağlı sənaye sahələri inkişaf edirdi. Amerika ailələrində bu dövrdə soyuducu, tozsoran, paltaryuyan maşınlardan istifadə olunurdu. Avropada bunlar yalnız 1950-ci illərdə tətbiq edildi. Ölkədə radio verilişlərinin yayımına başlanıldı. Əhalinin rifahı yaxşılaşır, iş günü qısaldılır, əməkhaqqı artırılırdı. Bu amillər ABŞ-da sinfi mübarizənin kəskinliyini – tətil hərəkatını zəiflədirdi.

Müharibədən sonra ABŞ-da əhali arasında əcnəbi vətəndaşlara və radikallara qarşı etimadsızlıq əhvali-ruhiyyəsi yayılmışdı.

Antisemitizm yəhudilərə qarşı milli və dini baxımdan dözümsüzlük baxışlarının məcmusudur.
İrqçilik insan irqlərinin fiziki və psixoloji cəhətdən bərabər olmadığını, insanların irqi mənsubiyyətlə bağlı ayrı-seçkiliyinə haqq qazandıran ideoloji baxışların məcmusudur.

Ölkədə antisemitizmirqçilik baxışları dirçəlirdi.Konstitusiyaya edilmiş əlavə ilə ölkədə spirtli içkilərin istehsalı, satışı və daşınması qadağan edildi. Bu isə onun qanunsuz ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkarlığı xeyli gücləndirdi. Buna görə də bir qədər sonra qadağa aradan qaldırıldı. Protestant kilsəsinin tələbi ilə 1925-ci ilin iyulunda Deyton şəhərində “Meymun məhkəməsi” keçirildi. Bununla da, dövlətin maliyyələşdirdiyi məktəblərdə insanın təkamül nəzəriyyəsinin tədrisini qadağan edən qərar qəbul olundu.

1929-cu il oktyabrın 24-də Nyu-Yorkda baş verən birja iflası “Böyük iqtisadi böhrana” səbəb oldu. Ölkədə istehsal, təqribən, 50% azaldı, işsizlərin sayı 17 mln. nəfərə çatdı. Azad bazar və rəqabət prinsiplərini üstün tutan respublikaçı prezident Herbert Huver sosial və iqtisadi problemləri həll edə bilmədi. 1932-ci ildə keçirilən prezident seçkilərində dövlətin iqtisadi və sosial proseslərə fəal müdaxiləsinin tərəfdarı olan demokrat Franklin Ruzvelt qalib gəldi. 1933-cü ildən “Yeni xətt” siyasətini həyata keçirən Ruzvelt hakimiyyətinin ilk yüz günündə 70-dən çox qanunun qəbul edilməsinə nail oldu. Bank sistemi üzərində dövlətin nəzarəti tətbiq edildi. İşsizlər üçün ictimai işlər təşkil olundu. Sənayenin və kənd təsərrüfatının bərpasına diqqət artırıldı. Əmək münasibətlərinin tənzimlənməsində dövlətin rolu gücləndirildi. Ölkə tarixində ilk dəfə dövlət təqaüd və müavinət sistemi yaradıldı sosial sığorta genişləndirildi. Lakin islahatların əleyhdarları iqtisadi sabitlik bərqərar olduqdan sonra “Yeni xətt”in bir sıra qanunlarının Konstitusiyaya zidd olduğunu əsas gətirərək onların məhkəmə yolu ilə ləğv edilməsinə nail oldular. F.Ruzveltin siyasi nüfuzunun artması onun ardıcıl olaraq daha üç dəfə prezident seçilməsinə imkan verdi.

0 şərh