Rusiya imperiyasından SSRİ-yə

Birinci Dünya müharibəsində rus ordularının məğlubiyyətləri, ağır böhran vəziyyətinə düşmüş ölkə iqtisadiyyatının ordunu və əhalini təmin edə bilməməsi Rusiyada daxili siyasi və sosial-iqtisadi ziddiyyətləri kəskinləşdirdi. Müharibənin və hökumətin əleyhinə çıxışlar gücləndi. 1917-ci ilin fevralında Petroqradda baş verən inqilabi çıxışlar qələbə ilə nəticələndi. Rusiyada Fevral inqilabı nəticəsində monarxiya devrildi. Martın 2-də təşkil olunmuş Müvəqqəti hökumət ölkənin gələcək idarəçilik formasının müəyyən edilməsi üçün Müəssislər Məclisinin çağırılması haqqında qərar qəbul etdi. Mühacirətdən qayıdan bolşeviklərin lideri V.İ.Lenin hakimiyyətin dərhal ələ keçirilməsi üçün xalqı üsyana çağırdı. Buna görə hökumət bolşevikləri Almaniyanın xeyrinə fəaliyyət göstərməklə dövlətə xəyanətdə ittiham edərək bir sıra rəhbərlərini həbs etdi. Ölkədə daha sərt dövlət intizamının tərəfdarı kimi çıxış edən rus qoşunlarının baş komandanı general Kornilovun 1917-ci ilin avqustunda hökumətə qarşı qaldırdığı qiyam yatırıldıqdan sonra – sentyabrın 1-də Rusiya respublika elan olundu. Müvəqqəti hökumətin ölkənin mürəkkəb sosial-iqtisadi problemlərini həll etmək istiqamətində fəaliyyətinin yetərli olmaması onun cəmiyyətdə nüfuzunu aşağı salırdı. Bu vəziyyətdən istifadə edən bolşeviklər 1917-ci ilin oktyabrında Petroqradda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirdilər. Leninin başçılığı ilə təşkil olunmuş sovet hökuməti – Xalq Komissarları Soveti qəbul etdiyi ilk dekretlər əsasında kəndlilərə torpaq verməklə və ölkəni müharibədən çıxarmaqla əhalinin əksəriyyətinin rəğbətini qazandı və qısa müddət ərzində keçmiş Rusiya imperiyası ərazisinin əksər hissəsini öz nəzarəti altına aldı. 1918-ci ilin yanvarında bolşeviklərin Petroqradda toplanmış Müəssislər Məclisini qovmaları ölkədə Vətəndaş müharibəsinin başlanmasına təkan verdi.

1918-ci il mayın sonlarından başlayan və Antanta ordularının fəal hərbi müdaxiləsi ilə müşayiət olunan Vətəndaş müharibəsi, əsasən, 1920-ci ilin payızında sovet hakimiyyətinin qələbəsi ilə yekunlaşdı.

Rusiya 1917 il inqilabi

1918-ci ildə qəbul edilmiş konstitusiyaya görə, dövlət Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), hakimiyyət isə proletariat diktaturası adlandırıldı. Yeni tipli dövlət hakimiyyət orqanları yaradıldı. İqtisadi böhrandan çıxış yolu kimi müsadirələr vasitəsilə geniş milliləşdirilmə tədbirləri həyata keçirildi. “Hərbi kommunizm” adlandırılan iqtisadi siyasət yürüdülməyə başlandı. Lakin ölkə dərin iqtisadi böhran keçirirdi. 1921-ci ildə yaranmış ərzaq qıtlığı nəticəsində təqribən 5 mln. nəfər aclıqdan həlak oldu. Yürüdülən iqtisadi siyasətə qarşı qalxan üsyanları amansızlıqla yatırmağa müvəffəq olan sovet hökuməti “Yeni iqtisadi siyasət”ə keçmək haqqında qərar qəbul etdi.

Sovet Rusiyası qəbul etdiyi “Rusiya xalqlarının hüquqları bəyannaməsi”ndə xalqların müstəqil dövlət yaratmaq hüququnu bəyan etsə də, Finlandiya və Polşanın müstəqilliklərini rəsmən tanıdıqdan sonra mövqeyini dəyişərək sovet respublikalarının federativ dövlətinin yaradılmasına qərar verdi. Digər sovet respublikalarının siyasi, iqtisadi, hərbi sahələrdə suveren hüquqları “beynəlxalq imperializmə” qarşı vahid cəbhənin yaradılması bəhanəsi ilə Sovet Rusiyası tərəfindən məhdudlaşdırıldı. Onların “formal müstəqillikləri” tezliklə aradan qaldırıldı. Moskvada sovet respublikalarının yeni federasiya modelinin hazırlanması məqsədilə komissiya yaradıldı. Sovet Rusiyası rəhbərlərindən birinin – İosif Stalinin təqdim etdiyi layihədə sovet respublikalarının muxtar ərazilər kimi RSFSR-in tərkibinə daxil olması təklif edilirdi. Lakin bəzi sovet respublikalarının partiya rəhbərləri, xüsusilə Gürcüstan rəhbərliyi bu layihəni rədd etdi. Belə olduqda Lenin suveren və bərabərhüquqlu sovet respublikalarının könüllü ittifaqının yaradılmasında israr etdi. 1922-ci il dekabrın 30-da RSFSR, ZSFSR, Ukrayna və Belorusiya SSRİ-ni (Sovet Sosialist Respublikaları İttifaqını) təsis etdi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul olundu. Mərkəzi Asiya Sovet Rusiyasının tərkibində qaldı. Daha sonra Özbəkistan və Türkmənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan sovet respublikaları qismində SSRİ-nin tərkibinə daxil edildi.

1920-ci illərin sonu – 1930-cu illərin əvvəllərində SSRİ-də sürətləndirilmiş “sosializm quruculuğu tədbirləri” həyata keçirildi. Həmin tədbirlərin sırasında sənayeləşdirməkollektivləşdirmə mühüm yer tuturdu.

  • Sənayeləşdirmə siyasəti 1925-ci ildə elan edilmişdi. Məqsəd qısa müddət ərzində SSRİ-nin sənaye cəhətdən sürətli inkişafını təmin etmək idi. Sovet dövləti milyonlarla insanın ağır şəraitdə əməyi hesabına bu siyasətin həyata keçirilməsinə, əsasən, nail oldu.
  • Kollektivləşdirmə siyasətinə hələ 1920-ci illərin əvvəllərindən qismən başlanılsa da, onun zorakılıqla və elliklə həyata keçirilməsinə 1929-cu ildən start verildi. Məqsəd fərdi kəndli təsərrüfatlarını ləğv edərək inzibati nəzarət altında fəaliyyət göstərən kollektiv kənd təsərrüfatlarının (kolxoz) və dövlət kənd təsərrüfatının (sovxoz) yaradılması idi.
  • QULAQ – "İslah Əmək Düşərgələrinin Baş İdarəsi" «antisovet» ünsürlər hesab olunanların saxlandıqları qapalı həbs düşərgələrinə nəzarət edən cəza orqanı idi.

Kollektivləşdirmənin ağır nəticələrindən biri Şimali Qafqaz, Ukrayna, Qazaxıstan, Aşağı və Orta Volqaboyunda milyonlarla insanın aclıqdan həlak olması idi. Milyonlarla qolçomaq ailə üzvləri QULAQ-ın “əhalisi” sıralarında ağır məhrumiyyətlərlə qarşılaşırdılar. Kolxoz və sovxozlarda çalışan kəndlilər isə sovet dövləti tərəfindən “təhkimçilik hüququnun ikinci dəfə bərpası” ilə mükafatlandırıldılar. 1932-ci ildə SSRİ-də keçirilən pasportlaşdırılma zamanı kəndlilərin şəhərlərə axınının qarşısını almaq üçün onlara pasport verilmədi. Sənayeləşdirmə siyasəti nəticəsində şəhər əhalisinin sayı artdı və ölkədə işsizlik tamamilə ləğv edildi. Sənaye istehsalının göstəricilərinə görə, 1937-ci ildə SSRİ yalnız ABŞ-dan geri qalırdı. Bu dövrdə kənd təsərrüfatının inkişafı bütünlüklə sənayenin inkişafının ehtiyaclarına tabe edildi. Bunların və genişmiqyaslı repressiyaların aparılması nəticəsində Bolşeviklər Partiyasının siyasi hakimiyyətdə inhisarı qəti bərqərar oldu. Ölkədə hakimiyyətin totalitar sistemi yaradıldı. 1936-cı ilin dekabrında SSRİ-nin yeni qəbul olunan Konstitusiyası “sosialist quruluşunun qələbəsi”ni qanunvericiliklə təsbit etdi.

1930-cu illərin ikinci yarısında SSRİ-də “böyük terror” nəticəsində Bolşeviklər Partiyasının rəhbər işçiləri daha çox repressiyalara məruz qaldılar. Bu, Stalinin partiyada “əsaslı təmizləmə” lər aparmaqla siyasi rəqiblərini aradan götürmək niyyəti ilə bağlı idi. “Əks-inqilabi fəaliyyət göstərdiyi”, “xarici kəşfiyyatlara casusluq etdiyi”, “Stalinə və onun silahdaşlarına qarşı terror hazırladığı” və s. uydurma ittihamlarla milyonlarla insan həbs olundu, güllələndi və sürgün edildi. Həbs olunanların istintaqı 10 gün ərzində başa çatdırılır, apelyasiya və bağışlanma barəsində müraciət hüquqları rədd edilir, güllələnmə cəzası hökmün çıxarılmasından dərhal sonra icra olunurdu. “Əks-inqilabi cinayətlər”ə görə həbs olunanların böyük qismi güllələnmişdi. Repressiyalar sovet ordusunun komandir heyətinə böyük zərbə vurdu. 1937–1938-ci illərin repressiyaları dövründə ordu ilə donanmanın komandir və siyasi rəhbərlərinin 45%-ə qədəri məhv edildi. Bu isə İkinci Dünya müharibəsinin ilk dövründə sovet ordusunun ağır məğlubiyyətlərinə səbəb oldu. Bolşeviklər Partiyasının ölkə əhalisinə qarşı keçirdiyi terror siyasətinə etiraz olaraq baş verən çıxışlar qeyri-mütəşəkkil olduğundan amansızlıqla yatırıldı.

0 şərh