Hindistan tarixi. Birinci Dünya müharibəsindən sonra

İngiltərənin Hindistanda müstəmləkə rejimini möhkəmləndirməyə yönəlmiş islahatları 1918–1921-ci illərdə azadlıq hərəkatının yüksəlməsinə səbəb oldu. İngilis hökuməti bu qanunlarla Hindistandakı hakim dairələrə fövqəladə hüquqlar verirdi. Hakim dairələrin bütün yüksək rütbəli vəzifələri ingilislərin əlində idi. Hindlilər ancaq yerli əhəmiyyətli vəzifələrdə ola bilərdilər. Qanuna əsasən, hind xalqının (yaşlı əhalinin) seçki hüququ 1 faizdən 3 faizə qaldırılmışdı.

Vətəndaş itaətsizliyi. Qanun bütün ölkədə kəskin etiraza səbəb oldu. Hindistan Milli Konqresi kütləvi mübarizəni genişləndirmək taktikasını bəyəndi. Mohandas Karamçand Qandi Milli Konqresə başçılıq edərək əhalinin geniş təbəqələrini hərəkata cəlb edə bildi. Ölkəni nümayişlər və mitinqlər dalğası bürudü. Qandinin elan etdiyi vətəndaş itaətsizliyi kampaniyası Hindistana özünüidarə hüququ verilməsi şüarı altında gedirdi. Hər yerdə ingilis mallarının boykotu başlandı. Fəhlələr ingilis müəssisələrində işləməkdən imtina edir, qatarların hərəkətini dayandırırdılar. Lakin ingilis hakimiyyət orqanları hərəkat iştirakçıları arasında birliyin olmamasından istifadə edərək onu qəddarlıqla yatırdılar.

1928-ci ildə lord Saymonun başçılığı ilə yeni konstitusiya layihəsi hazırlanmağa başlandı. İngiltərə hökuməti komissiyanın tərkibinə, bir nəfər də olsa, hindli salmamışdı. Müstəmləkəçilər tərəfindən hazırlanan bu konstitusiyada hind xalqı üçün çox cüzi güzəştlərin nəzərdə tutulması böyük etiraza səbəb oldu. 1930-cu ildə HMK-nın qərarı ilə yeni vətəndaş itaətsizliyi kampaniyasının keçirilməsinə başlanıldı. Yanvarın 26-sı “Hindistanın istiqlaliyyət günü” elan edildi (Həmin gün indi də Hindistanda milli bayram kimi qeyd olunur).

duz yürüşüDuz yürüşü. Duz hasilatı və satışı müstəmləkəçilərin inhisarında idi. Ölkədə duz çox baha qiymətə satılırdı. Buna görə 1930-cu ildə Duz yürüşü başlandı. Tezliklə bu hərəkat ölkənin hər yerində ingilislərə qarşı itaətsizlik kampaniyasına çevrildi.

Hindistanın siyasi təşkilatları ilə uzun müzakirələrdən sonra 1935-ci ildə Britaniya parlamenti Hindistanın yeni Konstitusiyasını təsdiq etdi. Qanuna görə, Hindistan Britaniya Hindistanı və knyazlıqlardan ibarət federasiya elan olundu. Ölkə əhalisinin 12%-i seçki hüququ aldı. Konstitusiyanı verməklə “parçala və hökmranlıq et” prinsipinə riayət edən ingilis hökuməti ölkənin siyasi qüvvələri (xüsusən də hindlilər və müsəlmanlar) arasında ixtilafları gücləndirdi. Bu da, öz növbəsində, Hindistanda milli azadlıq hərəkatına zərbə vurdu.

0 şərh