XX ƏSRİN 20–30-cu İLLƏRİNDƏ DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR

Versal-Vaşinqton sistemi dövlətlərarası münasibətləri ədalətlə həll etmədi. Qalib dövlətlər bütün məsələlərin həllində öz mənafeyindən çıxış etdi. Bu xüsusilə sərhədlər və təzminat məsələlərində özünü açıq surətdə büruzə verirdi. Nəticədə tezliklə yeni münaqişələrin meydana çıxmasına zəmin yarandı. Dünya yeni müharibənin astanasına yaxınlaşmaqda idi.

Fransa və Almaniya arasındagərginlik

Birinci Dünya müharibəsi başa çatandan sonra müharibə borclarıtəzminatlar problemi dövlətlərarası münasibətlərin əsas məsələsi oldu. 1922-ci ildə bu məsələlərin həlli üçün Genuyada (İtaliya) beynəlxalq konfrans keçirildi. Konfransda Sovet Rusiyası və Almaniya da iştirak edirdi. Rusiya çar hakimiyyətinin dövründə alınmış borcların ona aid olmadığını bildirdi. Konfransın gedişində Sovet Rusiyası və Almaniya arasında Rapalloda (Genuya yaxınlığı) iqtisadi müqavilə imzalandı. Bu, müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə oldu. Təhlükəsizliyini təmin etmək və Almaniyanı təzminatları ödəməyə məcbur etmək üçün Fransanın iki yolu var idi: Hərbi müdaxilə ilə təhdid və ya vasitəçilik üçün Millətlər Cəmiyyətinə müraciət etmək. O, 1924-cü ilə qədər daha çox birinci həll yolundan istifadə etdi. Fransa bu dövrdə “edam” adı verilən siyasət həyata keçirdi. Bu siyasət Almaniyanın Versal müqaviləsinin bütün şərtlərini yerinə yetirməyə məcbur edilməsini nəzərdə tuturdu. Bu siyasətin nəticəsi olaraq 1923-cü ildə Fransa və Belçika qoşunları Almaniyanın əsas sənaye mərkəzi olan Rur bölgəsini işğal etdi. Almaniyada baş verən yüksək inflyasiya təzminatların dəyərsiz kağız pullarla ödənəcəyi narahatlığını yaratmışdı. Fransa Rur bölgəsindəki kömürü hərbi yolla müsadirə edərək Almaniyanı cəzalandırmaq istəyirdi. Rur böhranı təzminatın ödənilmə vaxtının uzadılması məsələsini ortaya çıxarmışdı. Bunun üçün 1924-cü ildə Daues planı qəbul edildi. ABŞ dövlət xadimi Çarlz Daues tərəfindən hazırlanan bu plan təzminatın ödənilmə vaxtının uzadılmasını nəzərdə tuturdu. Almaniya inflyasiyadan yeni pul vahidinin buraxılması və ABŞ-ın verdiyi borclardan istifadə etməklə çıxa bildi.

Yumşalma dövrü

Fransa–Almaniya yaxınlaşmasının təsiri ilə 1924–1929-cu illər dövlətlərarası münasibətlərdə yumşalma dövrü kimi səciyyələndirilir. 1925-ci ildə keçirilən Lokarno konfransında qəbul edilən “Reyn” paktı Fransa, Belçika və Almaniya arasındakı sərhədlərin toxunulmazlığını təminat altına aldı.

Anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinə qərar verildi. Bununla da, Almaniya yenidən dövlətlərarası əməkdaşlığa başladı. 1926-cı ildə Millətlər Cəmiyyətinə daxil oldu və bərabərhüquqlu tərəfdaş kimi tanındı.

1928-ci ildə Fransa Xarici İşlər naziri AristidBrian və ABŞ dövlət katibi Frenk Kelloqun təşəbbüsü ilə imzalanan pakt bütün münaqişələrin dinc yolla həll edilməsini nəzərdə tuturdu. “Brian-Kelloq” paktı müharibələrdən imtina edilməsini vurğulayırdı.

1920-ci illərin sonunda dövlətlərarası münasibətlərdə qarşılıqlı inam və sabitlik şəraiti mövcud idi. Lakin 1929-cu ildə baş verən Böyük böhran bu sabitliyin vida zənglərini səsləndirdi.

Üfüqdə qaranlıq

Millətlər Cəmiyyətinin zəifliyi 1931-ci ildən aydın olmağa başladı. Əslində, bu təşkilat əvvəldən yalnız Avropada sülhün və təhlükəsizliyin müdafiəsini diqqət mərkəzində saxlayırdı. Hələ 1923-cü ildən başlayaraq Liviyada faşist İtaliyasının həyata keçirdiyi soyqırımı siyasətinə göz yumulurdu. Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi 1932-ci ildə amansızlıqla yatırıldı. Faşist İtaliyası burada dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etmiş, qadınları və uşaqları qətlə yetirmişdir.

Dünya iqtisadi böhranının təsiri ilə bütün ölkələrin gömrük maneələrini artırması Yaponiyanın yeni xammal mənbəyi və satış bazarları ələ keçirmə siyasəti yürütməsinə səbəb oldu. O, 1930-cu illərin əvvəllərində Çinin şimalındakı Mancuriyanı işğal etdi və burada özündən asılı oyuncaq dövlət yaratdı. Millətlər Cəmiyyətinin etirazı qarşısında Yaponiya bu təşkilatı tərk etdi.

1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra bu dövlət də Millətlər Cəmiyyətini tərk etdi. Böyük böhran nəticəsində ayrı-ayrı ölkələrin qapalı iqtisadi siyasət yeritməyə məcbur olması, Millətlər Cəmiyyətinin iflası silahsızlaşma sahəsində uzlaşmalardan tədricən uzaqlaşmaya səbəb oldu.

Dünyada avtoritar rejimlərın sayı çoxalırdı. İqtisadi böhranın yayılması 1930-cu illərdə Avropada diktatura rejimlərinin artmasına səbəb oldu. Liberal demokratiyanın zəifləməsinin əlaməti olan bu amil dövlətlərarası münasibətlərdə gərginliyi daha da artırdı.

Liberal demokratiya hakimiyyətin öz təmsilçilərini ümumi, azad seçki yolu ilə seçən xalqın əlində olduğu və hakimiyyət bölgüsünün tətbiq edildiyi siyasi rejimdir.

Təhlükənin böyüməsi

1934-cü ildə Hitler Avstriyanın Baş nazirinə sui-qəsd təşkil etdirərək dövlət çevrilişinə nail olmaq istədi. Bu, Avstriyanın Almaniyaya anşlüsu (birləşdirilməsi) yolunda ilk addım idi. Lakin Mussolini Avstriya sərhədinə qoşun yeridərək Almaniyanın bu cəhdinin qarşısını aldı. 1935-ci ildə Fransa, İngiltərə və İtaliyanın iştirakı ilə keçirilən Streza konfransında Avstriyanın ərazi bütövlüyü təminat altına götürüldü.

Almaniya 1935-ci ildə Versal müqaviləsinin şərtlərini pozaraq ümumi hərbi mükəlləfiyyət bərpa etdi. Bu dövrdə Fransa Almaniyanı təcrid etmək siyasəti yeridirdi. 1936-cı ildə Almaniya Versal müqaviləsini bir daha pozaraq silahsızlandırılmış Reyn bölgəsinə qoşun yerləşdirdi. Bununla da, Versal sistemi süqut etdi. Bu hadisə İngiltərə və Fransa tərəfindən yalnız şifahi etirazla qarşılandı. Bu, Hitlerin daxili və xarici nüfuzunu artırdı, onu daha sərt tələblər irəli sürmək üçün cəsarətləndirdi.

1935–1936-cı illərdə İtaliyanın Efiopiyanı işğal etməsi dövlətlərarası münasibətlərdə əsaslı dəyişikliklərə səbəb oldu. İngiltərə və Fransa bu işğalı pislədiyi üçün Mussolini onlardan uzaqlaşdı və Hitlerlə yaxınlaşdı. 1936-cı ildə Almaniya və İtaliya arasında ittifaq bağlandı. Uzaq Şərqdə SSRİ ilə arasında olan gərginlik Yaponiyanı da Almaniya ilə yaxınlaşdırdı. 1936-cı ildə onlar arasında “Anti-komintern” paktı imzalandı. Pakta görə, bu dövlətlər Beynəlxalq kommunist təşkilatına qarşı birgə mübarizə aparmalı idi. Sonralar İtaliya, Macarıstan, İspaniya və bir sıra başqa ölkələr də bu pakta qoşuldu.

Komintern dünyada kommunist ideologiyasını yaymaq üçün SSRİ tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

Dövlətlərarası münasibətlərdə gərginlik yaradan hadisələrdən biri də İspaniyada Vətəndaş müharibəsi oldu. 1936-cı ildə bu ölkədə demokratik seçki yolu ilə hakimiyyətə respublika tərəfdarı olan Xalq Cəbhəsi gəlmişdi. Lakin faşistpərəst hərbi qüvvələr general Frankonun başçılığı ilə qiyam qaldırdılar. Beləliklə, ölkədə respublikaçılarla faşistlər arasında Vətəndaş müharibəsi başladı. 1937-ci ildə İtaliya və Almaniya faşistlərə yardım etmək üçün müdaxilə etdi. Lakin Avropanın liberal demokratik rejimli ölkələri müharibədən çəkinərək qarışmamaq siyasəti yürüdürdülər. SSRİ isə respublikaçılara kömək edirdi. Müharibə 1939-cu ildə faşistlərin qələbəsi ilə başa çatdı və İspaniyada faşist diktaturası yaradıldı. Faşizm və demokratiya arasında baş verən İspaniya Vətəndaş müharibəsi yaxınlaşan yeni dünya müharibəsinin ayaq səsi idi.

Sakitləşdirmə siyasəti

Versal müqaviləsi ilə qadağan edilməsinə baxmayaraq, Avstriya 1938-ci ildə Almaniyaya birləşdirildi. Bundan sonra Hitler Çexoslovakiyanın almanlar yaşayan bölgəsi olan Sudet vilayətinin Almaniyaya verilməsini tələb etdi. 1938-ci ilin sentyabrında Almaniya, İtaliya, İngiltərə və Fransanın iştirakı ilə Münhen konfransı keçirildi. Hərbi cəhətdən hazır olmadığını və ölkəsində ictimai rəyin müharibənin əleyhinə olduğunu nəzərə alan İngiltərə və Fransa Sudetin Almaniyaya ilhaq edilməsinə qarşı çıxmadı. Sakitləşdirmə siyasəti yürüdən İngiltərə və Fransa müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdü. 1939-cu ildə Almaniya bütün Çexoslovakiyanı ilhaq etdi. Bununla da, Hitler ilk dəfə almanların yaşamadığı bölgəni işğal etmiş oldu. Bu isə İngiltərə və Fransanın sakitləşdirmə siyasətinin uğursuzluğu demək idi.

«Avstriyanın ilhaqı Hitlerin böyük Reyxi yaratmaq proqramını tətbiq etməyə başlayanda istifadə etdiyi üsulu anlamağımıza kömək edə bilər. Bu üsul daxili və xarici casuslardan istifadə edərək ələ keçiriləcək ölkəni qarışdırmağa və mərhələli olaraq təhrik etməyə əsaslanır. Bu casusların təşkil etdiyi hadisələr Gebbelsin rəhbərliyi ilə beynəlxalq böhran yaratmaqla vəzifələndirilmiş alman mətbuatı tərəfindən təbliğ edilir. Daha sonra Hitler məsələyə qarışır və alman ailəsinin bir qolu olaraq qəbul etdiyi xalqın taleyinə laqeyd qalmayacağını elan edir. [...] Ordu hansısa bir bəhanə ilə səhnəyə çıxır. [...] Avstriyanın ilhaqı beynəlxalq vəziyyətin başqa bir xüsusiyyətini, yəni almanların güc nümayişi qarşısında böyük dövlətlərin narazılığının zəifliyini bir daha aşkara çıxardı. [...] Bu zəiflik [...] sülh tərəfdarı olmaqla izah edilə bilər. [...] Mussolini Hitlerlə dost oldu. Avstriyanın ilhaqına qarşı çıxmayacaq [...] Fransa isə böhran içindədir».

Fransanın Berlindəki səfiri
A.Franço-Pincet.
Tarix, İstanbul, 2002, səh. 415 

İngiltərə və Fransanın passivliyi və sakitləşdirmə siyasəti İtaliyaya da işğalçılıq siyasətini genişləndirməyə cəsarət verdi. 1939-cu ildə Albaniya İtaliya tərəfindən işğal edildi. Həmin il Almaniya və İtaliya Polad paktı imzaladı. Bu hərbi ittifaq müqaviləsi müharibə vəziyyətində bir-birinə yardım etməyi nəzərdə tuturdu.

Üfüqdə müharibə görünür

1939-cu ildə Almaniya Polşaya qarşı ərazi iddiası qaldırdı. Buna cavab olaraq, İngiltərə və Fransa SSRİ ilə ittifaq haqqında danışıqlara başladı. Lakin danışıqlar ləngiyirdi. 1939-cu ilin avqustunda gözlənilmədən Almaniya ilə SSRİ hücum etməmək haqqında pakt imzaladı. Molotov və Ribbentrop (hər iki dövlətin Xarici İşlər naziri) paktı adlandırılan bu müqavilə Avropada təəccüblə qarşılandı. Çünki ideoloji cəhətdən iki zidd dövlətin uzlaşması gözlənilmirdi. Birinci Dünya müharibəsindən fərqli olaraq Almaniya iki cəbhədə vuruşmaq istəmirdi. Paktın gizli protokolunda Polşanın bölüşdürülməsi və Şərqi Avropada hər iki dövlətin nüfuz dairələri razılaşdırıldı.

 

0 şərh