Fransa inqilabının müjdəçiləri

XVIII əsrin əvvəllərindən ölkənin qabaqcıl ziyalıları feodal quruluşunu tənqid edir, mütləq monarxiyaya qarşı çıxırdılar. Bu ictimai fikir cərəyanı maarifçilik adlandırıldı. Onun nümayəndələri isə tarixə XVIII əsr Fransa maarifçiləri adı ilə daxil oldular.
İngiltərə və Amerika burjua inqilablarının nəticələrindən bəhrələnən Fransa maarifçiləri yeni ideyalar irəli sürürdülər. Bu maarifçilərin görkəmli nümayəndələri Monteskyö, Volter, Russo, Melye və Didro idi.
Monteskyönün ideyaları Avropada və Amerikada geniş yayılmışdı. O, mütləq monarxiyanın özbaşınalığını, ədalətsizliyi, işğalçılıq müharibələrini pisləyirdi. Monteskyö konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi. O, xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi. Beləliklə, o, orta burjuaziyanın və qabaqcıl fikirli zadəganların əhvali-ruhiyyəsinin ifadəçisi idi.    Volter dini fanatizmi, zadəganların və ruhanilərin imtiyazlarını tənqid edir, mütləq monarxiyanı məhdudlaşdırmağa, kilsənin nüfuzunu zəiflətməyə çağırırdı. O, inqilab tərəfdarı deyildi. Volter düşünürdü ki, mövcud köhnəlmiş qaydaları «maariflənmiş monarx» özü dəyişdirməlidir. O, hamının qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi.
Nə Monteskyö, nə də Volter inqilab tərəfdarı olmasalar da, onların yaydığı ideyalar özləri də bilmədən inqilabi əhvali-ruhiyyənin güclənməsinə kömək edirdi.           Fransa inqilabının müjdəçiləri Jan Jak Russo sənətkar ailəsində doğulmuşdu və belə hesab edirdi ki, ölkənin necə idarə olunması üsulunu xalq özü təyin etməlidir. Kəndlilərin və sənətkarların mənafeyinin, əhvali- ruhiyyəsinin tərənnümçüsü olan Russo xırda mülkiyyəti qanuni və ədalətli hesab edir, iri mülkiyyətin ləğvinə çalışırdı. Onun ideyaları xırda burjuaziyanın, inqilabçı burjuaziyanın maraqlarını müdafiə edirdi.
Jan Jak Russonun Monteskyö və Volterdən fərqi nədə idi?
Jan Melye yoxsul kənd keşişinin oğlu idi. Kəndlilərin çətin vəziyyətləinə yaxından bələd olan, yoxsullara böyük hörmət bəsləyən Melye onların inqilabi arzularının ifadəçisi kimi çıxış edirdi. O, mülkiyyət və imtiyazların ləğv edilməsinin tərəfdarı idi.
Deni Didro yazıçı və filosof idi. Onun rəhbərliyi ilə 1751-ci ildə bir sıra maarifçilər «Elm, incəsənət və sənətlər ensiklopediyası» nəşr etdirdilər. Volter, Russo və başqa məşhur yazıçılar ensiklopediyanın müəllifləri idilər. Onların məqsədi yaşadıqları dövrün elmi biliklərini və qabaqcıl ideyalarını izah etmək və sistemə salmaq idi.
 
Mənbə: Ümumi Tarix — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün DƏRSLİK
Müəllif: Yaqub Mahmudlu, Sabir Ağayev,  Tofiq Nəcəfli, Babək Xubyarov, Amənə Kərbəlayeva 

0 şərh