Amerika Birləşmiş Ştatlarının yaranması

Şimali Amerikada İstiqlaliyyət müharibəsi. 1775-ci il aprelin 19-da İngiltərənin silahlı qüvvələri ilə ilk toqquşma oldu. Mayda Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin ikinci konqresi keçirildi. Konqres Virciniya plantatoru Corc Vaşinqtonu azadlıq ordusunun baş komandanı təyin etdi və İngiltərə ilə əlaqəni kəsməyi qərara aldı. Corc Vaşinqton ordunun baş komandanı seçildi.
1776-cı il iyulun 4-də konqres «İstiqlaliyyət bəyannaməsi»ni qəbul etdi. «İstiqlaliyyət bəyannaməsi» keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və tam müstəqilliyi haqqında bəyanat idi. Bu sənədin müəllifi Virciniya plantatoru vəkil Tomas Ceferson idi.
«İstiqlaliyyət bəyannaməsi» elan edirdi ki, İngiltərənin müstəmləkələrə zülm etməsi insanın «azadlıq, yaşamaq və xoşbəxtliyə can atmaq» kimi ayrılmaz hüquqlarına ziddir.ABŞ istiqlaliyyət müharibəsi
«İstiqlaliyyət bəyannaməsi»nin elan edildiyi 4 iyul günü hər il Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət günü kimi qeyd edilir.
«İstiqlaliyyət bəyannaməsi» indiyə qədər qəbul olunmuş bu tipli sənədlərdən nə ilə fərqlənirdi?
Müharibənin gedişi. İngilislərə qarşı təşkil olunmuş orduya Corc Vaşinqton rəhbərlik edirdi. Lakin daha güclü olan İngiltərə ordusu 1777-ci ildə Filadelfiyanı tutdu. Amerikanın azadlığı uğrunda müharibədə çoxlu könüllü iştirak edirdi. Könüllülər içərisində avropalılardan başqa qaradərililər də vardı.
Corc Vaşinqtonun ordusu 1777-ci ildə İngiltərə ordusuna qalib gəldi. Bu qələbə müharibənin gedişində dönüş yaratdı. Konqres özünə müttəfiqlər axtarmağa başladı. Bu məqsədlə Benjamin Franklini Avropaya göndərdi. Böyük diplomat olan Benjamin Franklin Fransa və İspaniyanı İngiltərəyə qarşı müharibəyə qoşa bildi. Müstəmləkələr uğrunda İngiltərə, Fransa və İspaniya arasında rəqabət gedirdi.
1781-ci ildə Yorktaun döyüşündə mühasirəyə alınan ingilis qoşunu təslim oldu. Beləliklə, istiqlal mübarizəsi qalib gəldi. 1783-cü ildə Fransada (Versalda) sülh müqaviləsi imzalandı. İngiltərə koloniyaların müstəqilliyini tanıdı. Alleqan dağlarından Missisipi çayına qədər olan ərazi yeni yaranmış dövlətin sərhədlərinə daxil edildi. Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı.
Konstitusiyanın qəbulu. 1787-ci ildə təsis məclisi çağırıldı. Bütün ştatların nümayəndələrinin iştirak etdiyi məclis ölkənin Konstitusiyasını qəbul etdi. Konstitusiya dövlət formasını və dövlət quruluşunu təsbit etdi. Ölkə dövlət formasına görə respublika, dövlət quruluşuna görə federasiya oldu. İlk vaxtlar ştatların hər biri müstəqil dövlət idi. Lakin ölkənin iqtisadi inkişafını və müdafiəsini təmin etmək zərurəti ştatların birləşməsini tələb edirdi. Buna görə də ştatlar birləşdi. Beləliklə, ABŞ — Amerika Birləşmiş Ştatları yarandı.
ABŞ-ın konstitusiyasına görə qanunverici hakimiyyət konqresə məxsus idi. Konqres ikipalatalı idi. Yuxarı palata senat adlanırdı və ona hər ştatdan iki senator seçilirdi. Aşağı palataya — nümayəndələr palatasına isə hər ştatdan əhalinin sayına görə nümayəndələr seçilirdi.
İcra hakimiyyətinə dörd ildən bir seçilən prezident rəhbərlik edirdi. Geniş səlahiyyətlərə malik olan prezidentin qanunlar ü zərində veto (qadağan etmə, ləğv etmə)qoymaq hüququ vardı.
Ölkənin məhkəmə sisteminə ABŞ-ın Ali Məhkəməsi başçılıq edirdi. Onun üzvləri prezident tərəfindən ömürlük təyin olunurdu. Lakin həmin üzvlərin təyin olunmasına senat razılıq verməli idi. Ali Məhkəmə Konstitusiyanın toxunulmazlığına, qəbul olunmuş qanunların konstitusiyaya uyğunluğuna, qanunlara riayət olunmasına nəzarət edirdi.
ABŞ-ın dövlət quruluşu digər ölkələrdən nə ilə fərqlənirdi?
Konqresə ilk seçkilər 1789-cu ildə keçirildi. Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçildi.
1787-ci ildə qəbul olunmuş Konstitusiyanın məhdud cəhətləri vardı: quldarlıq quruluşu saxlanırdı, insanın söz, mətbuat, vicdan azadlığı kimi başlıca hüquqları nəzərə alınmamışdı. Bu, demokratik qüvvələri narazı saldı. Konstitusiyaya düzəlişlər edildi. «Hüquqlar haqqında bill» adlanan bu düzəlişlər 1791-ci ildə qəbul olundu. Beləliklə, vətəndaşlara söz, mətbuat, vicdan azadlığı və digər hüquqlar verildi. Adamları ancaq məhkəmənin qərarı ilə həbs etmək olardı.
İstiqlaliyyət uğrunda müharibənin əhəmiyyəti. ABŞ-ın istiqlaliyyət uğrundakı müharibəsi ümumdünya əhəmiyyətli bir hadisə oldu. Bu müharibə nəticəsində ABŞ bəşəriyyətə o zaman üçün demokratiya nümunəsi verdi. Hakimiyyətin mənbəyinin xalq olduğunu işdə, əməldə sübut etdi. İlk dəfə hakimiyyətin bölünməsini tətbiq etdi. Lakin «Bəyannamə»nin məhdud cəhətləri də var idi. «Bəyannamə» köləliyi ləğv etmədi, hinduların təqibini dayandırmadı, seçki məcəlləsində əmlak senzi saxlanıldı.


Mənbə: Ümumi Tarix — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün DƏRSLİK
Müəllif: Yaqub Mahmudlu, Sabir Ağayev,  Tofiq Nəcəfli, Babək Xubyarov, Amənə Kərbəlayeva

0 şərh