Müharibədə dönüş və faşist blokunun məğlubiyyəti

1942-ci ilin yayından etibarən faşist bloku üstünlüyü tədricən itirməyə başladı. Bütün cəbhələrdə antifaşist bloku qələbələr qazanmaqda idi. Müttəfiqlərin diplomatik, iqtisadi səylərini birləşdirməsi qələbəni təmin etdi. Lakin bu qələbə böyük insan tələfatı və iqtisadi itkilər hesabına əldə edildi.
Müharibədə dönüş. ABŞ, İngiltərə və SSRİ arasında diplomatik danışıqlar nəticəsində əvvəlcə Almaniyanın məğlub edilməsi, faşist blokunun qeyd-şərtsiz təslim olması razılaşdırıldı. Lakin fikir ayrılıqları qalırdı. Stalin Almaniyanı Avropada iki cəbhədə vuruşmağa məcbur etmək üçün 1942-ci ildə Avropada ikinci cəbhənin açılmasını istəyirdi. Antihitler koalisiyasının yaranması və möhkəmlənməsi müharibənin gedişinə təsir göstərdi. Lakin ABŞ və İngiltərə hələ ikinci cəbhənin açılması üçün şərtlərin uyğun olmadığını irəli sürərək Almaniyaya qarşı yalnız hava hücumlarından istifadə edirdi. miduey doyusu
1942-ci ilin yayından başlayaraq faşist blokunun hücumlarının bütün cəbhələrdə qarşısı alındı. Sakit okeanda Mərcan adalarındakı döyüşlərdə Yaponiyanın Avstraliyanı işğal etmək təhlükəsinin qarşısı alındı. Miduey döyüşündə yapon qüvvələrinin məğlubiyyəti burada dönüş yaratdı.
Şimali Afrikada ingilis qoşunu 1942-ci ilin oktyabrında Əl-Əlameyn döyüşündə alman-italyan qoşununu məğlub etdi. Tunisdə mühasirəyə alınan alman-italyan qoşunu 1943-cü ildə təslim oldu.
Sovet-alman cəbhəsində 1942-ci ildə faşist ordusu Volqa üzərində strateji əhəmiyyəti olan Stalinqrada çatdı. Şəhərin adı hər iki tərəf üçün rəmzi məna daşıyırdı. Hər küçə və ev uğrunda amansız döyüşlər baş verdi. Noyabrın sonunda Sovet ordusu əks-hücuma keçdi. Mühasirəyə alınan alman qoşunu 1943-cü ilin fevralında təslim oldu. Stalinqrad döyüşü müharibənin gedişinə böyük təsir göstərdi. Sovet-alman cəbhəsində əsaslı dönüş başlandı.
Atlantik okeanında müttəfiqlər tərəfindən təchizat əlaqələrinin yaxşı təşkil edilməsi alman sualtı hücumlarına uzun müddət müqavimət göstərilməsini təmin etdi. Artıq 1943-cü ildə müttəfiqlər burada üstünlüyü ələ almışdılar.
İqtisadi səfərbərlik. Bu müharibə insanları və iqtisadi resursları səfərbər etmək baxımından əvvəlkilərdən fərqlənirdi. Şəhərlərə, zavod və fabriklərə təşkil edilən strateji bombardmanlar ön və arxa cəbhə fərqinin aradan qalxmasına səbəb olmuşdu. Müharibə iqtisadiyyatını quran ilk dövlət İngiltərə oldu. Silah zavodlarında işləməyə böyük qismi qadınlardan ibarət əlavə işçilər qəbul edildi.
SSRİ-nin hərbi sənayesi, əsasən, Urala və Sibirə köçürüldü. Xalq səfərbərliyə alındı. Həbs düşərgələrindəki məhbuslar ön cəbhəyə göndərildi.
SSRİ hərbi sənayesinin Urala və Sibirə köçürülməsinin səbəbi nə ola bilərdi?
Beyin müharibəsi. Elm sahəsində də səfərbərlik həyata keçirilirdi. ABŞ və İngiltərə elmi tədqiqatlara və onların hərbi sahələrdə tətbiqinə hələ müharibənin əvvəllərindən böyük əhəmiyyət verirdi. Bunun nəticəsində radar kimi yeni nəzarət vasitəsi tətbiq edildi. Almaniya bu sahədə də geri qalmırdı. Hətta maqnetik metallar, reaktiv təyyarələr və raketlər hazırlanmasında da öndə idi. Lakin bu yeni silahların istehsalına yalnız 1943-cü ildən sonra üstünlük verildiyindən artıq gec idi və onların sayı da müharibənin nəticəsini həll edəcək qədər çox deyildi.
Dənizdə, təchizat daşınmasının müdafiəsində, okeanda təyyarədaşıyan gəmilərdən, döyüş gəmilərindən, hava və dəniz donanmasından birgə istifadə həlledici oldu. Strateji hava hücumları düşmənin iqtisadi resurslarını məhv etmək məqsədi daşıyırdı. ABŞ-da yeni tankvuran raketlər yaradıldı və 1944-cü ildə kompüterlərin istifadəsinə başlanıldı. Faşist Almaniyasından qaçan avropalı alimlərin fəaliyyəti nəticəsində atom bombası hazırlandı.
Deportasiya. İkinci Dünya müharibəsində ayrı-ayrı dövlətlərin dinc əhaliyə qarşı sürgün siyasəti miqyasına görə əvvəlki müharibələrdən fərqlənmişdir. Bu siyasət SSRİ-də bir çox xalqlara – türk, Qafqaz, Baltik (litvalı, latviyalı, eston) və başqalarına qarşı həyata keçirilmişdir. Sovet rəhbərliyi müharibənin gedişində dönüş yarandıqdan sonra 1943-cü ildə Qafqazda yaşayan Qaraçay türklərini, 1944-cü ildə çeçenləri, inquşları, Balkar türklərini və kalmıkları, Krımdan tatarları, Gürcüstandan Ahıska türklərini sürgün etmək haqqında qərarlar qəbul etmişdir. “Faşistlərlə əməkdaşlıqda” ittiham olunan bu xalqlar Mərkəzi Asiya, Qazaxıstan və Sibirə sürgün edilmişdi. Sürgün edilənlərin əksəriyyətini qadınlar, qocalar və uşaqların təşkil etməsi, əslində, bu ittihamın əsassız olduğunu sübut edir. Həmçinin bir çox xalqların (ruslar, ukraynalılar, ermənilər, gürcülər və s.) nümayəndələri də sovet rejimindən narazı olduğu üçün və digər səbəblərdən faşistlərlə əməkdaşlıq etmiş. Yük qatarları ilə ağır şəraitdə köçürülmə, iqlim şəraiti, aclıq və s. sürgün edilənlərin bir hissəsinin həlak olmasına səbəb oldu.
Müharibəyə daxil olan ABŞ da öz yapon vətəndaşlarına qarşı sürgün tədbiri görmüşdür. ABŞ prezidenti F.Ruzveltin 1942-ci ildə verdiyi qərarla 130 min yapon əsilli ABŞ vətəndaşı xüsusi düşərgələrə sürgün edilmişdir.
Sonun başlanğıcı. 1942–1943-cü illərdə müttəfiqlər bütün cəbhələrdə faşist blokunun hücumlarının qarşısını aldı və əks-hücuma keçdilər. Atlantik və Sakit okeanlarda üstünlük əldə edildi. Avropa cəbhəsində əsas ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. 1943-cü ilin yayında baş verən Kursk döyüşündə Sovet ordusu qalib gəldi. Ən böyük tank döyüşü olan bu qarşıdurma nəticəsində sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı.
1943-cü ilin iyulunda İngiltərə və ABŞ faşist blokuna qarşı qəti hücuma keçərək Siciliyaya daxil oldu. Bu hücum Mussolininin devrilməsi və faşist rejiminin süqutu ilə nəticələndi. İtaliya təslim edildi.
İkinci cəbhənin açılması. Sovetalman cəbhəsində əsaslı dönüş başa çatdıqdan sonra faşist blokuna qarşı ittifaqın üç böyük dövlətinin başçıları (SSRİ-nin rəhbəri İ.Stalin, ABŞ-ın prezidenti F.Ruzvelt və İngiltərənin Baş naziri U.Çörçill) İranın paytaxtı Tehranda görüşdülər. 1943-cü il noyabrın sonu, dekabrın əvvəlində keçirilən Tehran konfransında Avropada Almaniyaya qarşı ikinci cəbhənin açılması qərara alındı. Nəticədə 1944-cü ilin iyununda müttəfiqlər (ABŞ, İngiltərə, general Şarl de Qollun başçılığı ilə fransızlar və s.) Fransanın Normandiya sahillərinə çıxdılar və Parisə doğru hücuma keçdilər. 1944-cü ilin sonunda Fransa, demək olar ki, tamamilə azad edildi.
Sovet-alman cəbhəsində üstünlüyü qəti olaraq ələ keçirən Sovet ordusu 1944-cü ildə ölkə ərazisini tamamilə azad etdi və Şərqi Avropa ölkələrinə daxil oldu. Artıq 1945-ci ilin fevralında müttəfiqlər Almaniya ərazisinə daxil oldular. Sovet və ABŞ qoşunları apreldə Elba çayı sahilində birləşdi. Berlini mühasirəyə almış Sovet ordusuna qarşı vuruşmaq üçün Hitlerin yeniyetmələrdən və yaşlılardan təşkil edilmiş dəstələrdən başqa qüvvəsi qalmamışdı.
Avropada müharibənin başa çatması. 1945-ci ilin fevralında Yaltada (Krım) SSRİ, ABŞ və İngiltərə başçılarının ikinci görüşü oldu. Konfransda müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərara alındı. Tərəflər Almaniyanın danışıqsız təslim olmasından sonra ona qarşı siyasət müəyyənləşdirdilər.
Uzaq Şərqdə bir sıra ərazilərin SSRİ-yə güzəşti müqabilində onun Yaponiyaya qarşı müharibə elan etməsi haqqında məxfi saziş imzalandı.
Aprelin 30-da Hitler intihar etdi. Mayın 8-də Almaniya təslim oldu və Avropada müharibə başa çatdı. 1945-ci ilin 17 iyul – 2 avqustunda Potsdamda (Berlin yaxınlığında) SSRİ, ABŞ və İngiltərə başçılarının üçüncü konfransı oldu. Konfrans dünyanın müharibədən sonrakı taleyinə həsr edilmişdi. Konfransın qərarı ilə əsas faşist hərbi-siyasi canilərini mühakimə etmək üçün Beynəlxalq hərbi tribunal yaradıldı.
Yaponiyanın təslim olması. Sakit okean bölgəsinin azad edilməsi məsafələrin uzunluğu və tropik iqlim şərtləri nəticəsində çətinliklə həyata keçirildi. Yaponlar əsir düşməkdənsə intihar edir, bomba ilə yüklənmiş təyyarələri Amerika gəmilərinə çırpırdılar. ABŞ 1945-ci il avqustun 6-da Hirosima, avqustun 9-da isə Naqasaki şəhərlərinə atom bombaları ataraq bəşəriyyət tarixinin ən böyük cinayətlərindən birini törətdi.
ABŞ daha çox tələfat verməmək üçün bu addımı atdığını söyləyərək özünə bəraət qazandırmağa çalışsa da, əslində, bu, hərbi zərurətdən irəli gəlmirdi. Avqustun 8-də SSRİ də Yaponiyaya müharibə elan etdi. 1945-ci il sentyabrın 2-də Yaponiya təslim oldu. İkinci Dünya müharibəsi başa çatdı.

Müəllif: Pərviz Ağalarov, Rövşən Hətəmov, Niyaməddin Quliyev,Hafiz Cabbarov, Elnur Hüseynov
Mənbə: ÜMUMİ TARİX 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Ümumi tarix fənni üzrə DƏRSLİK
 

0 şərh