Koroğlunu ermənilərdən qoruyan, Bağırov və Beriyaya sui-qəsd edən alim

Vəli Xuluflu yeni əlifba islahatının əsas ideoloqlarından biri olub. Tanınmış folklorşünas alim cəmi 43 il ömür yaşamasına baxmayaraq, milli yaddaşın mühafizəsində dura bilib. Elə bu səbəbdən də bir çox təzyiqlərə, haqsızıqlara məruz qalıb və nəhayət, 1937-ci ilin qanlı repressiyasında qurban gedən aydınlardan biri olub.
1937-ci ilin apreli… Artıq növbə Vəli Xulufluya da çatıb. Çünki bir neçə ay bundan əvvəl həbs edilən və aramsız işgəncələrə məruz qalan başqa ziyalılar cismani əziyyətlərə dözməyərək, alim haqqında “həqiqətləri” söyləmişdilər. Xuluflunu həmkarı  Hənəfi Zeynallı ilə də həbsxanada üzləşdirəcəkdilər… Və səbirsizliklə ölümünü arzulayan Hənəfi Zeynallı dostunun əleyhinə ifadə verəcəkdi. (Yalnız ona görə ki, çox arzuladığı güllələnməyə məruz qalaraq, canını cəllad əlindən qurtarsın). Yəni, vəziyyət bu dərəcədə ağır idi. Amma bu haqda az sonra.
1937-ci ilin yazıdır… Vəli Xuluflunun iki darotaqlı mənzilində DTK əməkdaşları axtarış aparırlar. Nə tapsalar yaxşıdı? – partiya bileti, pasport, Buxarin, Trotski, Zinovyevin şəkilləri, hərbi bilet, kitablar, dəftər və fotoşəkillər. Başqa heç nə!
Vəli Xuluflu
Amma görün təkcə bunlardan istifadə edərək, folklorçuya nə cür ittihamlar irəli sürürlər: “1 dekabr 1934-cü ildə trotski-zinovyevçi terrorçu təşkilatının üzvü, Kirovun qətlində iştirak, 1934-37-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda iştirak”. (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”)
Görün, öz işi ilə məşğul olan, zəif cüssəli folklorşünas onlar üçün nə dərəcədə təhlükəli şəxs imiş ki, onu iki rəhbərə – S.M.Kirov və Mir Cəfər Bağırova qarşı sui-qəsddə, terror cəhdində günahlandırırdılar.
Ona qarşı irəli sürülən 6 maddədən ən əsasları da elə bunlar idi.
Yox, hələ bu da tam deyildi. Onu sonradan Stalinin sağ əli olan  Beriyaya qarşı sui-qəsd cəhdində də günahlandırdılar. Məhz bundan sonra Vəli Xuluflu həbs edildi. Amma gözləri zəif görən, fiziki baxımdan o qədər də hazırlıqlı olmayan Vəlinin dözümü işgəncə işlərini yerinə yetirən erməni leytenantları belə, heyrələndirirdi. Xuluflu başqa ziyalılardan fərqli olaraq, işgəncələrə 6 ay dözə bildi ki, bu da görünməmiş bir müddət idi. Amma hər şeyin də bir sonu var. İnsan orqanizmi məyyən həddə qədər nələrəsə dözə bilər. Artıq ağır durumda olan Vəli Xuluflu bundan sonra nəyinsə düzələcəyinə, səhhətinin yenidən bərpa olacağı inamından əl çəkərək, hər şeyi “etiraf edir”. Bəli, guya, o boyda Beriya, Kirov və Bağırova məhz sadə bir folklorçu sui-qəsd təşkil edib. Xuluflu həm də ona görə boynuna alırdı ki, bu maddə ilə təqsirləndirilən şəxsləri Sibirə göndərməyib, birbaşa güllələyirdilər. Özü də maksimum 15 dəqiqə çəkən məhkəmə proseslərindən sonra.
Amma bir detalı da vurğulamaq lazımdır: Vəli Xuluflu öz “günahlarını” etiraf etsə də, ondan Əli Nazim, Seyid Hüseyn və Ruhulla Axundovla bağlı böhtan dolu ifadələri almaq mümkün olmur. Məhz ondan sonra DTK-nın qanlı şöbələrinin birində inləyən növbəti qurban – Hənəfi Zeynallı Vəli Xuluflu ilə üzləşdirilir. Bu üzləşməni iki erməni qaniçən müstəntiq – Avanesyan və Qalstyan həyata keçirirdi. Hənəfi Zeynallı Vəli ilə görüşməzdən əvvəl müstəntiq onunla xeyli söhbət edir və bir növ tənqidçini həmin dialoqa “hazırlayır”.
Taleyin ironiyasına baxın ki, ömürlərini elmə qurban verən, iki vicdanlı alim bu iki qaniçən erməninin təzyiqləri səbəbindən üzləşməli olurlar:
“Müstəntiq: – Vətəndaş Vəli Xuluflu haqqında sizə nə məlumdur?
-Hənəfi Zeynallı: – Mənə məlumdur ki, Vəli Xuluflu millətçidir və əksinqilabın üzvüdür.
Müstəntiq Vəli Xulufluya: – Siz Hənəfi Zeynallının bu ifadəsini təsdiq edirsiz?
Vəli Xuluflu: – Doğrudan da mən əksinqilabçıyam. Amma əksinqilabi hərəkatın üzvü olmamışam”. (Aslan Kənan, yenə həmin kitabdan)
Daha sonra çox vacib bir detal barəsində söhbət açılır ki, sorğu-sual edən ermənilərin də dərdi o zaman yenidən təzələnir. Sən demə, onların Vəli Xulufluya bu qədər acıqlı olmağının həm də başqa səbəbi var imiş- “Koroğlu” dastanı…
Aranın qarışıb, məzhəbin itməsindən istifadə edən erməni “alimlər” “Koroğlu”nun məhz onlara aid olduğunu və onun erməni çarı Arşakın oğlu olduğunu iddia etmək istəyirdilər. Məhz o zaman bu iki alim qollarını çırmayaraq, dastanı ermənilərdən xilas edirlər. Ortaq türk dastanı olan “Koroğlu” H.Zeynallı və V.Xuluflu tərəfindən tarixi və etnoqrafik, folklorşünaslıq müstəvisində araşdırılır. Alimlərin gətirdiyi elmi dəlillər qarşısında susan ermənilər iddialarından əl çəkməli olurlar. Lakin bu xəbər artıq DTK-da işləyən ermənilərə çoxdan gedib çatmışdı. Odur ki, indi bu iki alimi bir-birinə qarşı qoyub onlara mənəvi işgəncə verməkdən həzz alırdılar. Amma Hənəfi Zeynallı son nəfəsində də olsa belə, “Koroğlu” adı gələn kimi yenidən erməni müstəniqlərə qarşı çıxır və bu işdə Vəli Xuluflaya kömək etdiyini deyir:

“Vəli Xuluflu danışırdı ki, erməni Kananyan “Koroğlu”nun onlara məxsus olduğunu və çar Arşakın oğlu olduğunu “sübut etmək”  istəyir. Mən də cavab verdim ki, “Koroğlu” Azərbaycanın qəhrəmanıdır və onun erməni çarının oğlu olduğunu tanımaq belə, istəmir. Bu mühakimə milli zəminə keçdiyindən mən Xulufluya dedim ki, “Koroğlu” üzərində işlərimi davam etdirəcək və onun müstəqil Azərbaycanın milli qəhrımanı olduğunu göstərəcəyəm. Xuluflu mənimlə razılaşdı və dastanın tarixi hissəsini işləməkdə mənə kömək etdi”.
Bu da son… Erməni cəlladlarının yanında bu iki yarımcan alim onlara son zərbəni vurur. Daha sonra isə özləri qalib ədasıyla güllə qarşısına keçirlər.
1937-ci ilin 13 oktyabrında Xuluflu güllələnir. Daha sonra isə arvadı – univermaqda tikişçi işləyən Fatma xanım işdən qovulur. Evdə azyaşlı uşaqlarına verəcək çörəyin olmadığını görüb bütün əşyalarını satır. Amma bu da uzun çəkmir. Vəlini öldürməklə ürəyi soyumayan cəlladlar onun arvadını da “vətən xaininin həyat yoldaşı” ittihamı ilə 8 il müddətinə həbs edirlər.
Amma Fatma xanım dözür. Həbsdən çıxır, uşaqlarına qovuşur. Hətta 1956-ci ildə ərinin bəraət kağızını da özü alır və sevinir ki, onun, ümumlikdə bu xalqın övladları, nəvə-nəticələri “Koroğlu” dastanını alın açıqlığı ilə oxuya biləcəklər…
 
Mənbə: azedu.az

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub