Gülüstan və Türkmənçay müqavilələrinin acı nəticələri

1801-ci il martın12-də rus imperatoru I Pavel vəfat etdikdən sonra imperiyanın taxt-tacına oğlu I Aleksandr çıxdı. I Aleksandr Gürcüstan ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında 1801-ci ilin sentyabrın 12-də Gürcüstanda daxili idarəetmə orqanlarının təşkili haqda senata göstəriş verildi və general-leytenant Knorrinq Gürcüstana qubernator təyin edildi. Karteliniyada Qori, Lori, Duşeti qəzaları, Kaxetiyada isə Telav və Siqnax qəzaları olmaq şərtilə Gürcüstanda qəza bölgüsü aparıldı. Yüksək məmur vəzifələri – dövlət və iqtisadiyyat, cinayət və mülki işlər üzrə ekspedisiyalardan ibarət Ali Gürcüstan hökuməti yaradıldı.
Gülüstan və Türkmənçay müqavilələrinin acı nəticələri
Gürcüstan əraziləri ilə birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmsəddin və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı ilk dəfə buradan başlandı. Gürcüstanla birlikdə Rusiyanın tərkibinə qatılan Azərbaycan torpaqlarına gürcü knyazlarından və onlara köməkçi kimi təyin olunmuş rus məmurlarından ibarət polis dairə rəisləri təyin edildilər.
Azərbaycan xanlıqlarını özlərinə tabe etmək, Azərbaycanın cənub bölgələrinə yol açmaq, Gürcüstan sərhədlərinin təhlükəsizliyini təmin etmək, Xəzər sahillərinə çıxaraq Həştərxanla əlaqə yaratmaq niyyətinin gerçəkləşdirilməsi üçün rus qoşunları Azərbaycanın içərilərinə doğru irəliləməyə başladılar. 1804-cü ildə Gəncə və Car-Balakən işğal edildi. Rus qoşunları Car-Balakənə general Qulyakovun başçılığı altında hücum etdilər və döyüşlərin birində Qulyakov həlak oldu.
Rus qoşunları Sisianovun başçılığı altında 3 yanvar 1804-cü ildə Ramazan bayramı günü Gəncəni işğal etdilər. Qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu xan həlak oldular. Gəncənin adını dəyişib Yelizavetpol qoydular.
Azərbaycanın sərvətlərini mənimsəmək, Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, Cənubi Qafqazı tutaraq, Şimali Qafqazı cənubdan mühasirəyə almaq planı əsasında ruslar öz işğalçı siyasətlərini davam etdirirdilər.
Lakin 1804-cü ilin may ayında rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb edən İran dövləti rədd cavabı aldıqdan sonra iyunun 16-da müharibəyə başladı. İlk döyüşlərdə məğlub edilən ruslar geri çəkilməyə məcbur olmuşdular.
1805-ci il may ayının 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Yelizavetpol dairəsinin düşərgəsində Kürək çayı yaxınlığında Kürəkçay müqaviləsi (traktatı) bağlanmışdır. Müqavilənin imzalanmasında qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya müfəttişi knyaz Pavel Sisianov iştirak etmişdilər.
Müqaviləyə görə, Qarabağ xanı özünün və varislərinin adından İran və ya hər hansı ölkə tərəfindən asılılıqdan həmişəlik imtina edərək rus imperiyasının təbəəliyini qəbul etmişdir. Xanın özündən sonrakı oğlanları da rus hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməli idilər.
Şərtlərlə görə, xan Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və onunla məsləhətləşməyə söz vermişdi.
Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri – məhkəmə və divanxana işləri; bununla yanaşı, ölkədən yığılan gəlir xanın səlahiyyətində qalırdı. Bununla da daxili siyasətdə müstəqilliyini saxlayan xanlıq xarici siyasət hüququndan məhrum edilmişdi.
Xanın və onun sülaləsinin, eləcdə onun xanlığının qorunması üçün Şuşa qalasına 500 nəfərlik qərargah və toplarla təchiz edilmiş rus qoşunları yeridilməli, ciddi müdafiə üçün isə Rusiya imperiyasına məxsus olan bir ərazi kimi hərbi qüvvə ilə müdafiə edilməli idi.
 
İbrahim xan qoşunları zəruri ərzaqla təmin edəcəyinə, qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracağına, qoşunu lazımi qədər odunla təmin edəcəyinə və Şuşaya gəliş – gediş yollarının səhmana salınacağına söz vermişdi. Rus imperatoru İbrahim xana üzərində rus imperiyasının gerbi olan bayraq verərək, İbrahim xanı general – mayor, Xanlar Ağanı isə polkovnik rütbəsi ilə təltif etmişdi.
İbrahim xan hər il Rusiya xəzinəsinə 8000 çervon bac verməyi öhdəsinə götürmüşdü. İbrahim xan böyük oğlu Məmməd Həsən Ağanın ikinci oğlu Şükürüllahı həmişəlik Tiflisdə yaşamaq üçün girov vermişdi.
Knyaz Sisianovun knyaz Çertoriskiyə ünvanladığı 22 may 1805-ci il tarixli məktubdan bəlli olur ki, 1805-ci il may ayının 21-də Rusiya ilə Şəki xanı Səlim xan arasında da Kürəkçay müqaviləsinin şərtləri əsasında müqavilə imzalanmışdı.
Azərbaycan torpaqlarında öz işğalçı siyasətlərini yeridən Rusiya 1805-ci il dekabrın 27-də Şamaxı xanı Mustafa xanı da Rusiya hakimiyyətini tanımağa məcbur etmişdir.
Artıq Bakıya yol açıq idi. Sisianovun başçılığı altında rus qoşunları güclü artilleriya ilə Bakı istiqamətində irəliləyirlər və fevralın 2-də şəhər qapıları yaxınlığında danışıqlar zamanı Sisianov Bakı xanı Hüseynqulu xanın xalası oğlu İbrahim bəy tərəfindən qətlə yetirilir.
Bunu görən ruslar dəniz yolu ilə Sarı adasına çəkilirlər, lakin şimaldan Azərbaycana soxulan rus qoşunları 1806-cı ilin iyununda Dərbəndi, oktyabrında Bakını, sonra isə Qubanı işğal edirlər. 1806-cı ilin sonunda Lənkəran, İrəvan və Naxçıvan xanlıqlarından başqa, Azərbaycanın şimal torpaqları Rusiya hakimiyyəti altına düşdü.
1806-cı ilin iyun ayında İran qoşunları Şuşaya hücum etdilər. Bu zaman Xankəndində olan İbrahim xan həyat yoldaşı (şəkili Səlim xanın bacısı), oğlu, qızı və digər yaxınları ilə birlikdə mayor Lisaneviç tərəfindən qətlə yetirilir. Buna cavab olaraq Səlim xan Şəkidə yerləşən rus qoşunlarını qırır, sağ qalanlar isə Yelizavetpola qaçırlar.
Yelizavetpoldan general – mayor Nebolsinin başçılığı ilə Şəkiyə rus qoşunları yeridilir və 1806-cı ildə Şəki xanlığı tutulur. Səlim xan isə ailəsi ilə birlikdə İrana keçir, onun yerinə isə Cəfər Qulu xan təyin olunur.
1806-cı ildə Osmanlı dövləti Rusiyaya müharibə elan edir və 1807-ci ildə Osmanlı ordusu məğlub olur. 1812-ci ildə bağlanmış Buxarest sülhünə görə osmanlılar cənubi Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdilər. 1812-ci ilin avqust ayında İran qoşunu Lənkəran xanlığını ələ keçirir və oktyabr ayında Rusiya və İran qoşunları arasında həlledici Aslandüz döyüşü baş verir. Bu döyüşdə qalib gələn ruslar Lənkəran qalasını da ələ keçirirlər. Aslandüz və Lənkəran döyüşlərində rus qoşunlarının qələbəsi birinci Rusiya – İran müharibəsinin taleyini həll edir. Rusların bölgədəki uğurlarından və İranın içərilərinə doğru irəliləyəcəyindən qorxan şah sülh razılığına gəlir. Azərbaycan torpaqlarının bölüşdürülməsi uğrunda Rusiya və İran arasında aparılan müharibəyə Gülüstan müqaviləsi ilə son qoyulur.
“Status quo ad prezentem” (yəni tərəflər hazırda tam surətdə hakimiyyətləri altında olan xanlıqlara, əyalətlərə, bir sözlə, ərazilərə sahib çıxa bilərlər) qaydası əsasında, Naxçıvan və İrəvan xanlıqlarından başqa Araz çayından şimalda yerləşən Azərbaycan torpaqları Rusiya imperiyasının, torpaqlarımızın Arzadan cənubdakı hissəsi isə İranın tabeliyinə keçməsi şərtilə 12 oktyabr 1813-cü ildə Gülüstan müqaviləsi (trakt) bağlanmışdır. Müqavilə Qarabağın Gülüstan kəndində, Zeyvə çayı yaxınlığında hər iki dövlətin səlahiyyətli nümayəndələrinin iştirakı ilə imzalanmışdır.
Rusiya tərəfdən imperatorun səlahiyyətli nümayəndəsi kimi: general – leytenant, Gürcüstanda və Qafqaz sərhəd xəttindəki qoşunları baş komandanı, Həştərxan, Qafqaz quberniyaları və Gürcüstan üzrə mülki və sərhəd işlərinə rəhbərlik edən, Kaspi hərbi donanmasının komandanı Nikolay Rtişev iştirak etmişdir. İran tərəfdən isə İngiltərə və Türkiyədə səfir olmuş, şahın məxfi işlər üzrə müşaviri, əslən vəzir şəcərəsinə mənsub olan, şah sarayında ikinci dərəcəli xan, şahın inam və etimadını qazandığına görə brilyant daş – qaşlarla bəzədilmiş xəncər, qılınc, şal, paltar və s. hədiyyələrlə təltif olunmuş şahın yüksək səlahiyyətli nümayəndəsi Mirzə Əbdül Həsən Xan iştirak etmişdir.
Gülüstan sövdələşməsinə görə hər iki dövlət döyüşlərdə əsir düşənləri müqavilənin (traktat) imzalanmasından sonra 3 ay ərzində azad etməsinə, özbaşına mövqelərini tərk edənlərin könüllü vətənlərinə dönməsinə, qayıtmaq istəməyənlərə qarşı isə məcburiyyət tətbiq edilməməsinə, ümumiyyətlə, belə şəxslərə amnistiya tətbiq olunacağına, hər iki dövlətin tacir gəmilərinin Xəzər dənizində hərəkət etməsinə, Rusiya gəmilərinin İran sahillərinə, İran gəmilərinin isə Rusiya sahillərinə yan almasına, gəmi qəzası zamanı bir-birlərinə kömək göstərmələrinə, hərbi gəmilərə gəldikdə isə Xəzər dənizində yalnız Rusiya bayrağı altında hərbi gəmilərin hərəkətinə ixtiyar verilməsinə dair razılıq əldə edilmişdir.
Ticarət əlaqələri çərçivəsində hər iki dövlətin vətəndaşlarının tacir olduqlarını və vətəndaşlıqlarını təsdiq edən sənəd əsasında sərhədi quru, yaxud dəniz yolu ilə keçərək ticarətlə məşğul olmaları və digər şərtlər müqavilədə öz əksini tapmışdır.
Şah ilə dostluğuna və İran dövlətində güclü hakimiyyətin olması arzusunun səmimiyyətinə sübut olaraq, rus imperatoru İran dövlətinin işlərinə digər dövlətlərin müdaxilə etməsinin qarşısını almaqda, şah tərəfindən hökümdar kimi təyin olunmuş oğluna həmişə kömək etməyə, şahın oğlanların arasında baş vermiş mübahisə zamanı hökmranlıq edən şahın xahişi olmadan müdaxilə etməyəcəyinə özünün və davamçılarının adından söz vermişdir.        
Şah öz növbəsində isə özünün və taxt – tac varisləri adından Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı xanlıqlarını və Talış xanlığının rus imperiyasının hakimiyyəti altında olan ərazilərini, həmçinin bütün Dağıstan, Gürcüstan (Şuragel vilayətiylə birgə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyaya çəkilmiş sərhəd və Qafqaz sərhəd xətti arasında yerləşən bütün ərazilərin və orada yaşayan millətlərin Xəzər dənizinə qədər rus imperiyasına məxsus olmasına razılığını bildirmişdir.

25 noyabr 1814-cü ildə Tehranda Rusiyaya qarşı İngiltərə — İran sazişi imzalanır. Şərtlərə görə İran öz sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etmək, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım verməyi öhdəsinə götürmüşdü. İngiltərənin vasitəçiliyi ilə 1823-cü ildə İranla Türkiyə arasında əməkdaşlıq müqaviləsi imzalanır.
Şimali Qafqazda dağlı xalqlara qarşı müharibə aparan Rusiya İranla müharibədən çəkinirdi, hətta İranı müharibədən çəkindirmək müqabilində Qarabağın və Lənkəran xanlığının müəyyən hissəsini İrana güzəştə getməyə hazır idi.
Lakin 1825-ci ilin dekabr ayında Rusiyada dekabristlər üsyanının baş verməsini görən İran müharibəyə əl atdı.
1826-cı il iyulun 19-da ikinci Rusiya – İran müharibəsi başladı. İran qoşunları əvvəlcə Qarabağ və Gəncəyə hücum etdilər. Gəncə və Şəki ərazilərində Rusiya əleyhinə üsyanlar başladı.
Rusiya-İran müharibəsi
Qarabağı ələ keçirən İran qoşunları Şuşa qalasını mühasirə edir. Qalanın uzunmüddətli mühasirəsi rusların Tiflisə çəkilərək yenidən qüvvə toplayıb əks – hücuma keçmələrinə şərait yaradır. 1826-cı il sentyabr ayının 3-ü Şəmkir, sentyabrın 13-də isə Gəncə döyüşündə İran qoşunları məğlub oldular. İkinci Rusiya – İran müharibəsinin həlledici döyüşü sayılan Gəncə döyüşü müharibənin müqəddəratını həll etdi.
1827-ci ilin iyun ayında Naxçıvan xanlığı, həmin ilin iyul ayında İrəvan qalasını işğal etməklə rus qoşunları Azərbaycanın cənubuna çıxış əldə etdilər. Mərənd, Xoy, Təbriz, Urmiya və Ərdəbilin ruslar tərəfindən işğal olunması İran tərəfini tezliklə sülh müqaviləsi bağlamaq məcburiyyəti qarşısında qoydu.
1826-cı ildə Rusiya və İran arasında başlanan müharibə 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatmışdır. 10 fevral 1828-ci ildə cənubi Azərbaycanın Türkmənçay kəndində Rusiya tərəfindən imperatorun səlahiyyətli nümayəndələri İvan Paskeviç, həqiqi mülki müşavir Aleksandr Obrezkov və tərcüməçi kimi Abbasqulu Ağa Bakıxanov iştirak etmişdilər. İran tərəfini isə Fətəli şahın oğlu Abbas Mirzə təmsil edirdi.
Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan İran və Rusiya arasında yenidən bölüşdürüldü. Gülüstandakı bölüşdürülməyə əlavə olaraq Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına qatıldı.
Araz çayının hər iki tərəfində daşınmaz əmlakı olan şəxslərə əmlaklarını 3 il ərzində satmaq, yaxud dəyişmək göstərişi verilmişdi. Lakin rus imperatoru İrəvan xanlığının sərdarı (baş komandanı) olmuş Hüseyn Xanı, onun qardaşı Həsən Xanı və Naxçıvan xanlığının başçısı olmuş Kərim Xanı bu imkanlardan məhrum etmişdi.
Türkmənçay müqaviləsinin şərtlərinə görə müharibədə Rusiya imperiyasına dəyən ziyanı İran tərəfi iyirmi milyon manat gümüş pul ilə ödəməyi öhdəsinə götürmüşdü.
Şərtlərə görə ikinci müharibə başlanmazdan qabaq, yaxud müharibə zamanı məcburiyyət qarşısında Çiəri çayı, Urmiya gölü, Cakatu çayı və Qızılüzən çayı xətti boyu ilə Araz çayı arasında yerləşən əraziləri tərk edən azərbaycanlılara geri, öz ocaqlarına dönmələrinə İran tərəfi icazə vermirdi. Ruslar isə öz növbəsində azərbaycanlıların Qarabağ, Naxçıvan və qismən İrəvan xanlıqları ərazilərinə, öz el – obalarına geri dönmələrinə imkan vermirdilər.
Türmənçay müqaviləsi nəticəsində Azərbaycan tam surətdə parçalanmışdı. Rusiya – İran müharibəsi dövründə milyonlarla azərbaycanlı öz el – obasını tərk etmişdi.
Həqiqi mülki müşavir Mogilevski və polkovnik Yermolov tərəfindən tərtib olunmuş Qarabağın 1823-cü ilə dair kameral siyahısında Hüseyn bəy və Şıxəli Ağa ilə birlikdə təkcə Cəbrayıl ərazisində 139 azərbaycanlı ailəsinin doğma yurdlarından didərgin düşməsi bildirilir.
 
General – mayor Kotlyarovskinin general Rtişevə ünvanladığı 30 sentyabr 1812-ci il tarixli raportundan məlum olur ki, birinci Rus – İran müharibəsi dövründə təkcə Qarabağ xanlığında 4.845 azərbaycanlı ailəsi məcburiyyət qarşısında öz isti ocaqlarını tərk etmişdir.
Ruslar Cənubi Qafqaz və Azərbaycanın şimal ərazilərini işğalı prosesində müsəlman əhalisi arasında xristianlığı yaymaqdan ötrü missioner xristian cəmiyyətləri yaradırdılar. Rus imperiyasının müstəmləkə siyasətinin əsasını isə köçürülmə prosesləri təşkil edirdi. Gülüstan müqaviləsi imzalandıqdan sonra imperiya Azərbaycan ərazisinə ermənilərin kütləvi surətdə köçürülməsi prosesinə başlamışdır. Lakin Türmənçay müqaviləsinin imzalanmasından sonra ermənilərin Azərbaycan ərazisinə köçürülməsi kütləvi xarakter aldı. Onlar erməniləri ən çox Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına köçürürdülər, çünki bu ərazilər Cənubi Qafqazı əldə saxlamaqdan və Osmanlı imperiyasına qarşı plasdarm yaratmaqdan ötrü mühüm əhəmiyyətə malik idi. Ermənilərin bu ərazilərə köçürülmələri rusların qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusunu reallaşdırırdı.
Məsələn, Quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş Naxçıvan əyalətinin 1831-ci ilə dair kameral siyahısında Naxçıvan şəhərinə 110 nəfərdən ibarət 265 erməni ailəsinin köçürülməsi; Güznüt kəndinə 513 nəfərdən ibarət 96 erməni ailəsinin köçürülməsi; Arazın kəndinə 188 nəfərdən ibarət 39 erməni ailəsinin köçürülməsi; Nuraşin kəndinə 60 nəfərdən ibarət 12 erməni ailəsinin köçürülməsi; Qazançı kəndinə 104 nəfərdən ibarət 23 erməni ailəsinin köçürülməsi; Qaraxanbəyli kəndinə 440 nəfərdən ibarət 101 erməni ailəsinin köçürülməsi faktları öz əksini tapmışdır.
Yuxarıda göstərilən faktlar rus imperiyasının təşkil etdiyi köçürülmə prosesini çox cuzi bir hissəsini təşkil edir. Rus imperiyasına qatılmış İrəvan və Naxçıvan xanlıqlarının bütün sənədləşmələrdə erməni vilayəti kimi adlandırılması haqda 21 mart 1828-ci ildə göstərişin verilməsi və arxiv sənədlərində öz əksini tapmış köçürülmə faktları imperiyanın qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyinə və ermənilərin Azərbaycana sonradan köçürülmələrinə əyani sübutdur.
Türkmənçay müqaviləsinin imzalandığı gündən 6 ay ərzində Naxçıvan və İrəvan xanlıqlarına aid bütün sənədlər və arxiv materialları Rusiya hakimiyyətinə təhvil verilmişdir.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədli mənbələr, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə gostərir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya tabeleyinə keçməsi haqqında işarə belə yoxdur.     
Məqalənin yazılmasında Dövlət Tarix Arxivində mühafizə edilən 24, 25, 202 nömrəli fondların  materiallarından, həmçinin Rusiya ekspedisiya komissiyasının aktları istifadə edilmişdir.
 
 

Müəllif: Anar  Məmmədov Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru
Mənbə: milliarxiv.gov.az

0 şərh