Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

“Əgər Məhəmməd Əminlər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz”. Bu sətirlərin müəllifi Azərbaycanın görkəmli yazıçılarından biri Yusif Vəzir Çəmənzəminlidir”.
“”Müsavatçı”ya cavab” adlı həmin məktub 1925-ci ildə qələmə alınmış və “Kommunsit” qəzetində dərc olunmuşdu.
Məhəmməd Əmin Rəsulzadə
Məsələ burasındadır ki, Azərbaycan Cümhuriyyətinin devrilməsindən sonra (aprel, 1920) demokratik hökumətin bir çox aparıcı simaları kimi, Yusif Vəzir də mühacirətə üz tutmuşdu.
1923-cü ildə Türkiyə hökumətinin tələbi ilə Fransaya gedən Çəmənzəminli Paris yaxınlığındakı Klişi şəhərində mexanika zavodunda fəhləlik etməyə başladı. Lakin mühacirət həyatı ona ağır və məşəqqətli göründüyündən, eləcə də yeganə qardaşı Mirinin ölümündən bərk sarsılaraq vətənə dönmək qərarına gəldi. Bunun yolu isə Azərbaycanda yeni qurulan hökumət tərəfindən bağışlanmaqdı.
Yusif Vəzir öncə 1917-ci ildən üzvü olduğu Müsavat Partiyası sıralarını tərk etdi. Özü də onu “xalqı aldadan və soyan rəzillər yığıncağı” adlandıraraq! Ardınca isə yazıçının imzası Fransa Kommunist Partiyasının orqanı olan “Paris xəbərləri” qəzetində göründü: həmin məqalələrdə Çəmənzəminli artıq kommunizm ideyalarının tərənnümçüsü kimi çıxış edirdi!
Bu ideoloji dönüş idi. Halbuki görkəmli yazıçı tamamilə əks fikirdəydi; dediyinə görə, onun əqidəsi həmişə kommunist əqidəsi ilə düz gəlirmiş…
Nəhayət, 1925-ci ildə Yusif Vəzir Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. Musabəyov Yusif Vəzirin məktubunu Sovet Azərbaycanının o vaxtkı rəhbəri Kirova çatdırır. Kirov Çəmənzəminlinin qayıtmaq niyyətini alqışlayır.
Çox keçmir ki, “Kommunist” və “Bakinskiy raboçiy” qəzetləri Yusif Vəzirin “tövbə məktubunu” çap edirlər.
Bundan sonra Məhəmməd Əmin Rəsulzadə “Şərəfsiz bir aqibət” başlıqlı yazı qələmə alır və onu Azərbaycan mühacirlərinin aparıcı nəşri sayılan “Yeni Kafkasya” qəzetində dərc etdirir.
Məhz bundan sonra Çəmənzəminli yuxarıda bəhs etdiyimiz “”Müsavatç”ya cavab”ı yazır. O, həmin məqaləni Rəsulzadə başda olmaqla keçmiş silahdaşlarına ağır ittihamlarla “süsləyib”.
Məsələn, guya Əlimərdan bəy Topçubaşovun əlindən böyük pullar gəlib keçdiyini, Paris kənarında dəbdəbəli villada yaşadığını, amma onun vərəmə yoluxmuş qardaşı Mirinin müalicəsinə pul ayırmadığını iddia edirdi. Halbuki bu tamamilə haqsız ittihamdı, çünki: “…son dərəcə yoxsul vəziyyətdə, ailəsi ilə birlikdə sığındığı kiçik, köhnə evdən hər gün çıxarılmaq təhlükəsi altında yaşayan Əlimərdan bəy Miridən də cavan yaşda, onunla eyni xəstəlikdən – vərəmdən ölən oğlu Rəşidin müalicəsinə pul tapa bilməmişdi” (tədqiqatçı Vilayət Quliyev).

Ümumiyyətlə “”Müsavat”çıya cavab”ı “bir batman balla yemək” mümkün deyil. Misal üçün: “Əgər «Müsavat» namı altında qeyri-müsavat, zülm, istibdad və dərəbəyliyin geri dönməsini təsəvvür edənlər varsa, onlar tarixi, məntiqi inkar edənlərdir. Mənən ölən qüvvə, maddiyyət qüvvəsilə dirilməz. Bunu «müsavat» mürşidləri gözəlcə anlayırlar. Onun üçün millətin qanı və namusu qiymətinə də olsa, xarici istiqrazlar yaparaq şərəfsiz həyatlarının təmininə çalışırlar”.
Və ya: “Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş… Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə…”
Düzünə qalsa, Yusif Vəzirin “dozanı” bu qədər artıq eləməsi, bəzi məqamlarda tənqidlə təhqirin sərhədlərini qarışdırması, əsassız ittihamlara baş vurması anlaşılandır: ona nəyin bahasına olursa olsun Azərbaycana dönmək, bunun üçünsə öz keçmişi ilə körpüləri tamam yandırmaq lazım idi.
“”Müsavat”çıya cavab”la Yusif Vəzir bunu bacardı: artıq Sovet hökumətində kimsə onun “səmimi peşmanlığına” şübhə etməyəcəkdi. Hər halda Çəmənzəminliyə belə gəlirdi.
Hər halda cəmi bir il sonra onu öncə Ümumittifaq İcraiyyə Komitəsinin qərarı ilə sovet vətəndaşlığına qəbul etdilər. Ardınca, 1926-cı ilin yazında isə mühacirətdən vətənə qaytardılar.
Lakin hadisələrin sonrakı gedişi onun yanıldığını göstərdi. Çəmənzəminlinin peşmanlığı qəbul edilmişdi, di gəl, “səmimi” qəbul edilməmişdi! Buyurun, növbəti “Aldanmış kəvakib” hekayəsi – lakin qəhrəman bu dəfə Yusif Sərrac deyil, Yusif Vəzirdir…
Belə olmasaydı, görkəmli yazıçı cəmi 11 il sonra bu dəfə SSRİ rəhbəri Stalinə məktub ünvanlamaq məcburiyyətində qalmazdı. Həmin məktubda Çəmənzəminli düşdüyü çarəsiz vəziyyəti anladır, Yazıçılar İttifaqındakı işindən çıxarıldıqdan sonra üzləşdiyi ağır durumdan bəhs edir və… iş istəyirdi!

Stalinin cavabı – cavabsızlıq olur.
İki il sonra, 1938-ci ildə bir elanla rastlaşır. Elanda Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan edildiyi bildirilirdi. Yazıçı sənədlərini toplayıb Urgənc şəhərinə göndərir.
Müsabiqədən keçib rektorluqdan dəvət alır. Urgəncə yola düşür və institutda baş müəllim, eyni zamanda, institut kitabxanasına müdir təyin edilir.
Stalin repressiyası Yusif Vəziri iki il sonra yaxalayır, bəzi elm və mədəniyyət adamlarının “etirafedici ifadələri” əsasında Azərbaycana gətirilir, “əks-inqilabi millətçi-müsavatçı təşkilatın üzvü”, bəli, bəli, məhz “əks-inqilabi millətçi-müsavatçı təşkilatın üzvü” kimi 8 il həbs cəzası alır və sürgünə göndərilir.
Cəmi üç il sonra isə onun Nijni Novqoroddakı bir həbs düşərgəsində aclıqdan öldüyü xəbəri gəlir.
Nə deyirsiniz deyin, hardan baxırsınız baxın, məşəqqətli həyat və faciəvi sonluqdur. Üstəlik, söhbət Azərbaycan ədəbiyyatının ən yaxşı yazıçılarından, “Qızlar bulağı”nı, “Studentlər“i yazmış birindən gedirsə ikiqat üzücüdür.
Bəlkə də ona görə hərdən fikirləşirəm: Rəsulzadənin adını çəkdiyim, ancaq elə “Qızlar bulağı”na, “Studentlər”ə xatir bircə cümləsini belə sitat gətirməyə ürəyimin gəlmədiyi yazısının başlığı çox ağır deyilmi?..
Özü də söhbət başqa bir qələm adamının – Səməd Vurğunun həqarətlərinə rəğmən sonralar onun haqqında yüksək fikir səsləndirən Məhəmməd Əmindən gedir.
Fikirləşirəm, fikirləşirəm, fikirləşirəm…
Və deyəsən, cavab tapıram: ağır olan Rəsulzadənin yazısına seçdiyi başlıq deyil.
Əqidə dostluğu və dönüklüyü özü ağır söhbətdir…
 
 
Müəllif: Elnur Astanbəyli
Mənbə: azlogos.eu
 

0 şərh