Naxçıvan davası

İl: 1960.
Gün: 29 mart.
Yer: Azərbaycan Elmlər Akadmeyasının böyük zalı.
Tədbirin adı: Səməd Vurğunun anadan olmasının 54-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə.
İlk baxışda sovet dövrünə xas, heç bir estetik məna daşımayan, ənənəvi, şablon mərasimdir.
Elə çıxışlardan görünən də budur: tribunaya qalxan hər kəs Səməd Vurğunun həyat və yaradıcılığı haqqında təmtəraqlı nitq irad etməklə, xatirələrini söyləmək, onun haqqında yazdıqları şeirləri oxumaqla məşğuldur.
Lakin çox keçmədən tədbirin axarı həmin dövrün bəlli standartlarını aşmağa başlayır. Öncə S.Vurğunun ardıcıllarından olan Osman Sarıvəlli ədəbi-bədii gecədə iştirak edən vəzifəli şəxsləri yerində qurcalanmağa məcbur edir. Sarıvəlli Azərbaycanın ilk rəsmi xalq şairi titulunu almış Vurğunun şəxsi cəsarətindən danışmağa başlayır, hətta bu cəsarətinə görə komsomol-gənclər təşkilatı sıralarından çıxarılmaq istənməsini xatırladır.
Ardınca Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) baş müəllimi, filologiya elmləri namizədi Abbas Zamanov söz alır və sədası uzun müddət səngiməyən çıxışa imza atır.
Arayış: Abbas Zamanov 1911-ci ildə Şərurun Maxta kəndində doğulub. Öncə Naxçıvan, ardınca Bakıda uşaq evlərində yaşayıb. Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işlədikdən sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib, elə orada müəllimliyə dəvət edilib, Opera teatrının və filarmoniyanın direktoru olub, II Dünya müharibəsində iştirak edib. 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim kimi çalışmağa başlayıb…
Məsələn, Abbas Mirzə Şərifzadənin həbsindən bir neçə gün sonra Səməd Vurğunu pəjmürdə vəziyyətdə gördüyünü deyir. Sitat: “O məni gəzmək üçün bulvara dəvət etdi… Mən ondan niyə qəmgin olduğunun səbəbini soruşdum. Səməd Vurğun dedi ki, bütün kişi adamları, mərd adamları həbsxanalara doldurublar, kişi olmayanlar isə azadlıqda qalıb”.
Stalinin dörd il öncə dünyasını dəyişdiyini və “şəxsiyyətə pərəstiş”lə mübrizə elan olunduğunu, repressiya qurbanlarının bəraət almağa başladığını düşündükdə Zamanovun bu dediklərində qeyri-adi heç nə yoxdur. Həmin vaxt belə “cəsarətli çıxışlar” bir az da zamanın tələbi idi.
Lakin baş müəllimin həmin çıxışının növbəti hissəsi əməlli-başlı “həddi aşmaq” idi.
Zamanov həyəcanlı şəkildə bildirir ki, bu gün Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından gəlmiş məsul bir işçi ilə görüşüb. “Məsul işçi” çox narahatmış və bunun səbəbini Ermənistanın yenidən Naxçıvana qarşı ərazi iddiası ilə çıxış etməyə başlamasıyla əsaslandırıbmış. Ədəbi-bədii gecənin mahiyyətinə uyğun gəlməyən bu sözlərini Abbas Zamanov böyük bir məharətlə ört-basdır edir: “Əgər bizim Səməd sağ olsaydı, buna yol verməzdi”.
Zamanov çıxışını “Naxçıvan Azərbaycanın müqəddəs, ayrılmaz hissəsi olub və belə olaraq da qalacaq və biz onu heç kimə vermərik”
 
Bu çıxışdan sonra aləm qarışır, özü də necə!
Kommunist Partiyasının Mərkəzi Komitəsinə (KP MK) Zamanovun nitqi ilə bağlı məlumat göndərən o vaxtkı Mədəniyyət naziri Abdulla Bayramovla Maarif naziri Mehdi Mehdizadə natiqin söylədiklərini “təxribatçı bəyanat” adlandırır, lakin incə bir məqamı da vurğulamağı unutmurlar: “Bəyanat gecədə iştirak edənlərin əksəriyyətinin gurultulu və davamlı alqışları ilə qarşılandı”.
Mehdizadə bunu tədbir iştirakçılarının mütləq əksəriyyətinin Azərbaycan Dövlət Universiteti ilə Pedaqoji İnstitutunun tələbələrinin təşkil etməsilə əsaslandırır.
Ədəbi-bədii gecədəki məsul işçilər pərt və əsəbidirlər.
Onların tələbi ilə mərasimin aparıcısı, tanınmış ədəbiyyatşünas Məmməd Arif Dadaşzadə nitq müəllifini danlayır.
Lakin bu danlağı tədbir iştirakçılarının narazılığı ilə qarşılanır.
Abbas Zamanov replika hüququndan istifadə edir və dediklərinin üstündə dayanır.
Yerdən yenə də alqış sədaları ucalır.
Dadaşzadə narahatdır: aparıcısı olduğu bu tədbirdə baş verən “xoşagəlməzliyə” görə cəzalandırılacağından çəkinir və KP MK-ya təcili arayış ünvanlayır. Arayışda Zamanovun “təxribatçı” çıxışının gözlənilməz olduğunu vurğulayır, ona qəti etiraz etdiyini xüsusi vurğulayır. Axırda isə ağ yalana baş vurur: guya Abbas müəllimin çıxışı gecədə iştirak edənləri hiddətləndiribmiş!
Sonra baş verənləri bircə-bircə qeyd etməyə ehtiyac yoxdur, lakin bəzi məqamların üstündən səssiz ötmək də olmaz. Məsələn, tədbirin təşkilatçılarından olan Azərbaycan Yazıçılar İttifaqı adlı “şeytan yuvası” Zamanovun adının tərtib etdikləri natiqlər siyahısında olmadığını bəyan etməklə həmişəki kimi öz çulunu sudan quru çıxarmağa çalışır. Digərləri isə Zamanova tribuna verilməsinin zalda iştirak edənlərə qaranlıq qaldığını söyləyərək öz “təhlükəsizliklərinin” qeydinə qalırlar.
Naxçıvan davası
Başqa bir təşkilatçı – Azərbaycan SSRİ Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komtəsinin sədr müavini Ənvər Əlibəyli Mərkəzi Komitəyə məktub yazaraq “gecənin rəsmi hissəsinin təşkilində” heç bir iştiraklarının olmadığını qeyd edir. Sitat: “Mən Abbas Zamanov çıxış edərkən musiqi redaksiyasının məsul redaktoru ilə artistlərdən kimin gəlib-gəlmədiyini və konsert proqramını yoxladığım üçün zalda olmamışam. Buna görə də biz gecədən reportaj deyil, kiçik bir xəbər verməklə kifayətləndik…
Bütün bunlar öz yerində.
Bəs Naxçıvanla bağlı bu həyəcan təbilinin müqabilində Abbas Zamanovun başına nələr gəldi? Hər şey sovet dövrünə xas cərəyan etdi: o, “səhvini başa düşməyə” məcbur edildi, “kommunistə yaraşmayan hərəkət”inə görə istənilən cəzanı çəkməyə hazır olduğunu bildirdi, baş müəllimlikdən və Kommunist Partiyası sıralarından çıxarıldı.
Yeri gəlmişkən: bütün bunlara baxmayaraq, Zamanov işlədiyi filologiya fakültəsinin (ADU) ümumi partiya iclasında ermənilərin Naxçıvana qarşı iddialarının olduğunu bir daha təkrarlayacaqdı.
Lakin partiya sıralarına bərpa olunmaq üçün də uzun müddət mübarizə aparacaqdı.
Lap sonda (1965-ci ildə) “ağır səhvini həyatının mənası yox, bir təsadüf” adlandıracaq, Səməd Vurğunun anım mərasimindəki çıxışının “anti-partiya və təxribatçı” xarakter daşıdığını etiraf edəcək, “İnanın ki, mən partiya üçün itirilmiş adam deyiləm” söyləyəcək və Sov.İKP üzvlüyünə bərpa olunacaqdı (Qaynaq: Abbas Zamanovun Azərbaycan KP MK Rəyasət Heyətinin iclasında çıxışı. 23.02. 1965. // ARPİİSSA, f.1, s.52, i.26, v.332)
1968-ci ildə “Sabir və müasirləri” adlı çox qiymətli doktorluq dissertasiyasını müdafiə edəcək, həmin ildən 1971-ci ilədək Nizami adına Ədəbiyyat Muzeyinin rəhbəri kimi çalışacaq, 1971-ci ildə ADU-nun filologiya fakültəsinə qayıdacaq və ömrünün sonuna – 1993-cü ilədək orada işləyəcəkdi.
 
 
Müəllif: Elnur Astanbəyli
Mənbə: azlogos.eu

0 şərh