Xruşova yazılan məktub və onun sonu

Hakimiyyətdə olduğu illərdə Nikita Xruşov vətəndaşlar tərəfindən ona ünvanlanan məktublara çox nadir halarda baxıb. Bu işlə əsasən köməkçilər və müvafiq qurumların əməkdaşları məşğul olublar. Hər ayın sonunda baş katibə vətəndaş müraciətləri ilə bağlı ümumi arayış təqdim edilib. 1955-ci ildə isə Xruşovun stolunun üstünə fərdi şəkildə bir vətəndaş məktubu qoyulub, baş katibə bildirilib ki, həmin məktubla o, şəxsən tanış olmalıdır.
Xruşova yazılan məktub və onun sonu
Məktub onsuz da çılğın olan Xruşovu hədsiz dərəcədə qəzəbləndirib, baş katib köməkçisinə büro üzvlərinin təcili toplanmasını göstəriş verib.
Maraqlıdır, Xruşovu özündən çıxaran məktubda söhbət kimdən və nədən gedib? Xruşov nəyə görə təcili büro iclasını çağırmağı vacib sayıb?

Məktubda aşağıdakı sətirlər yer alıb:
«Hörmətli Nikita Sergeyeviç, mən bir kommunist və bir qadın olaraq həyatımda rastlaşdığım problemlə bağlı sizə müraciət etmək məcburiyyətində qaldım. İnanıram ki, müraciətimə biganə qalmayacaqsınız və lazımi tədbirlərin görülməsi üçün göstəriş verəcəksiniz. Mənim 18 yaşlı tələbə qızım aldadılaraq cinsi zorakılığa məruz qalıb. Onu da qeyd edim ki, fahişəliyə cəlb edilən təkcə mənim qızım deyil. Moskva Teatr Məktəbinin bir çox qız tələbələri aldadılaraq bu yola çəkilir. Bu işin əsas təşkilatçılarından biri isə SSRİ-nin mədəniyyət naziri, özünü kommunist adlandıran Georgi Aleksandrovdur...”

Büro üzvləri toplaşdıqdan sonra Xruşov onların qarşısında qısa, amma çox sərt nitq söyləyib:
»Biz kommunizmə doğru gedirik. Amma bu yolu kimlərlə getdiyimizi hələ yaxşı bilmirik. Aramızda elələri var ki, onlar bu yolda bizim müqəddəs işimizə əngəl törədəcəklər. Vicdanını itirmiş Gergi Aleksandrov kimi. Belə yaramaz kommunistlərə görə sıravi insanların əsl kommunistlərə inamları itir. Mən Aleksandrovun əməllərinə ad verə bilmirəm. Bir nazirin, bir kommunistin 18 yaşında qızı zorlaması dövləti, partiyanı zorlamaq deməkdir. Qərb mətbuatı bizdən nə yazacaq? Yazacaq ki, kommunistlər fahişəxana açmaqla məşğuldurlar. Biz buna yol verə bilmərik. Kommunist əxlaqında zidd gedənlər bizim aramızda ola bilməzlər. Bu yolverilməzdir.  Biz məsələni araşdırmalı və qəti tədbirlər görməliyik...”
Büro məsləni araşdırmaq üçün xüsusi komissiyanın yaradılması ilə bağlı qərar çıxarıb.
Komissiyanın araşdırmaları zamanı məlum olub ki, yazıçı Krivoşein Moskva ətrafındakı bağında mütəmadi olaraq əyləncə məclisləri təşkil edib. Bu məclislərin fəal üzvlərindən biri də mədəniyyət naziri Georgi Aleksandrov olub. Yazıçının bağına «yaradıcılıq işləri” bəhanısi ilə tələbə qızlar dəvət olunub. Onlara bahalı hədiyyələr verilib, zəngin süfrələr açılıb, alkoqollu içkilərə qonaq edilən qızlar sonra könüllü, yaxud da məcburi şəkildə cinsi zorakılığa məruz qalıblar.
Komissiyaya o da məlum olub ki, yazıçının bağ evində qadın həvəskarları olan tanınmışlar sekslə qrup şəklində məşğul olublar. Araşdırmalarla bağlı yaddaqalan məqamlardan biri də akademiyanın 78 yaşlı işçisinin „seks” əyləcəsindəki iştirakı olub. Komissiya üzvləri ona ünvanladığı “bəs siz orada nə edirdiniz” sualına akademik „mən sığal çəkirdim” cavabını söyləyib.

Ətraflı
Əslində, Aleksandrovun seks qalmaqalı Xruşov üçün göydəndüşmə olub. Baş katib mədəniyyət nazirini vəzifədən uzaqlaşdırmaq üçün bəhanə axtarıb. Belə ki, hələ 30 yaşı olanda Aleksandrov elmi nailiyyətləri və ictimai fəallığı ilə Kremlin diqqətindən yayınmayıb. 1939-cu ildə Stalinin təşəbbüsü ilə Mərkəzi Komitədə kadr islahatları aparılanda o, Kremlə dəvət olunub. Stalinlə 10 dəqiqəlik söhbətdən sonra Aleksandrov Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinə müdir müavini, sonra isə müdir təyin edilib, təşkilat bürosunun üzvü seçilib. Bununla yanaşı Aleksandrova ikinci bir vəzifə də verilib, Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinin direktoru vəzifəsi.
Georgi Aleksandrovun Kremldəki fəaliyyəti həmişə diqqəti cəlb edib, onun fərqli mülahizələri, hadisələrə fərqli münasibəti, fərqli baxış bucağı İosif Stalində də böyük maraq yaradıb. Bu maraq Kremldə birmənalı qarşılanmayıb, daha dəqiq desək, məmurların qısqanclığına səbəb olub.
Georgi Aleksandrovu dəstəkləyən əsas fiqurlardan biri Stalinin yaxın silahdaşı Georgi Malenkov olub ki, o, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində olarkən 1954-cü ildə Aleksandrovu SSRİ-nin mədəniyyət naziri vəzifəsinə təyin edib. Bu təyinat Xruşovun ürəyincə olmayıb, hətta o, Mərkəzi Komitənin iclasında açıq çəkildə bu təyinata qarşı çıxıb. Xruşov Malenkovu vəzifədən uzaqlaşdırdıqdan, hakimiyyətə tam sahib olduqdan sonra onun kadrlarını təmizləməyə başlayanda, siyahıda Aleksandrovun adı ilk sıralarda yer alıb. Beləliklə, Xruşov Aleksandrovu nazir vəzifəsindən kənarlaşdırmağa bəhanə axtarıb, məqam gözləyib. Bu məqamı isə Aleksandrov seks qalmaqalı ilə özü yetişdirib.
10 mart 1955-ci ildə Aleksandrov mədəniyyət naziri vəzifəsindən azad edilib. Zorlama faktına görə ona cinayət işi qaldırmaq istəyəndə, tanınmış mədəniyyət və incəsənət xadimləri Xruşova müraciət edərək sabiq naziri xilas edə biliblər. Xruşov bu məsələdə güzəştə getsə də, Aleksandrovun Moskvada fəaliyyətini mümkünsüz sayıb. Sabiq mədəniyyət naziri mədəni şəkildə Moskvadan qovulub.
Aleksandrov sonrakı həyatını Minsk şəhəri ilə bağlayıb. O, ömrünün sonuna qədər Belarusiya Elmlər Akademiyasında kiçik bir vəzifədə çalışıb.
Beləliklə, vaxtilə Stalinin ən sevimli kadrlarından biri sayılan, Stalin haqqında ilk yazılan kitabın həmmüəllifi olan Aleksandrov tələbə qızlara qarşı olan ehtirasının güdazına gedib.
Aleksandrovun həyatında baş verən hadisələr vəzifə karyerasında olduğu kimi, səhhətində də ciddi problemlər yaradıb. Rahat nazir kürsüsündən Belarusiya akademiyasının tozlu və sakit dəhlizlərinə transfer edən Aleksandrovun sağlıq durumu günü-gündən pisləşib. Vəzifə və əyləncələrini itirən sabiq nazir 1961-ci ildə, 53 yaşında həyatını da itirib.
 
 

Mənbə: Gündem.az

0 şərh