Opriçnina. Ryurikoviçlərin Moskva sülaləsinin başa çatması

IV İvan alçaldıçı və təhqir olunan uşaqlıq illərini, boyarların özbaşınalığını heç zaman unutmadı, odur ki, iri boyarları düşməni hesab edirdi. Xüsusilə 1553-cü ildə ağır xəstə olarkən çar vəsiyyətnamə tərtib edərək Boyar Dumasından, Seçilmiş Radadan, udel knyazı Vladimir Staritsk və onun ailəsindən birinci uşağı Dmitriyə and içməyi tələb etmişdir. Boyarların və çarın yaxın ətrafının böyük əksəriyyəti azyaşlı körpəyə and içməkdənsə, yaşlı, yumşaq knyaz Vladimiri seçməyi üstün tuturdular. Tezliklə çar sağaldı, körpə varis baxıcısının səhlənkarlığı sayəsində öldü, digər oğlu İvan yeni varis elan olundu. Lakin çar baş verənləri unutmadı.

Bütün bunlar nəticəsində IV İvan qəti olaraq öz hakimiyyətinin ilahi mənşəli qeyri-məhdud səlahiyyətə malik mütləq hökmdar ideyasını qəbul etmişdir. Lakin İvan Qroznının ölkədə qeyri-məhdud mütləq hökmdar hakimiyyətinin yeganə başçısı olması ideyası Rusiya cəmiyyətinin buna hazır olmaması nəticəsində ziddiyyətli idi. Belə ki, udel Rusunda hələ bir çox qaydalar qalmaqda davam edirdi. İri knyazlar və boyarlar dövlətin xidmətçiləri olsa da, öz hərbi dəstələri var idi. Novqorod və Pskov bəzi azadlıqlarını saxlamışdı. Boyar Duması, sonra meydana gələn Zemstvo Məclisi fəaliyyət göstərirdi. Bir çox knyaz və boyarlar narazılıq etdikləri üçün edama və ya sürgünə göndərilirdi.

Əlavə olaraq, 1564-cü ildə rus ordusu Livon Ordeni qoşunları qarşısında məğlub oldu, bir çox knyaz, o cümlədən çara yaxın Kurbski çarı qanunsuzluq, qəddarlıq və məğrurluqda təqsirəndirərək Litvaya qaçdı.

1564-cü il dekabrın 3-də bazar günü Kremlin darvazalarından çar, ailəsi, yaxınları və mühafizəsi ilə çıxaraq bir aydan sonra özünün Aleksandrov kəndindəki sarayına yerləşdi (indiki Vladimir vilayətindəki Aleksandrov şəhəri). Buradan çar mitropolitə məktub göndərərək Moskvanı satqınlara görə tərk etdiyini bildirdi. Moskvanı posad adamlarına, bütün qara camaata, sadə insanlara göndərdiyi qramotada onların deyil, satqın boyar, prikaz adamı, zadəganların əleyhinə olduğunu xəbər verdi. Bir neçə gündən sonra şəhərlilər şəhər yığıncağında çardan xahiş etdilər ki, paytaxta qayıdıb satqınları istədiyi kimi cəzalandırsın. Qorxuya düşən boyarlar günahkarcasına çarın onları edam etmək və ya bağışlamaq hüququnun olduğunu qəbul etdilər. Hər bir kəsə aydın idi ki, bundan sonra hökmdarlıq etmək qorxunc və qanlı olacaq.

Artıq Qroznı olan IV İvan bildirdi ki, dövlətə qayıdır, amma özünün xüsusi opriçnina təsərrüfatını yaradaraq onu saxlamaq məqsədilə ölkənin qərbi, cənubi və mərkəzində bir sıra şəhər və torpaqları götürür. Qalan torpaqları boyarlar və prikaz adamları əvvəlki adətlə idarə edəcəkdir. İvan Qroznı dövləti iki hissəyə — zemşina və opriçninaya (opriç — başqa) böldü. Mahiyyət etibarı ilə opriçnina dövlət içərisində dövlət idi. Çar burada ayrıca Boyar Duması, prikazlar, ordu təşkil etmişdir. Öklənin digər bir hissəsi zemşina, yəni qalan torpaqlar adlanırdı. Buranı köhnə Boyar duması idarə edirdi. Çar opriç-nina hissəsinə ölkənin daha zəngin və strateji cəhətdən əlverişli mövqedə olan yerlərini əlavə etmişdi. Novqorod ərazisi, Volqa üzərindəki ticarət yolu, duzçıxarma rayonları, böyük malikanə və mülklərin yerləşdiyi mərkəzi qəzalar, Moskvanın bir hissəsi, Qərbdəki sərhəd rayonları buraya daxil idi.

Eyni zamanda, IV İvanın cangüdənləri olan şəxsi çar qvardiyası təşkil edildi ki, onların sayı beş min nəfərə çatırdı. Bura Qroznıya şəxsi sədaqəti ilə seçilən adamlar daxil idi. Opriçniklər qara paltar geyərək atlarının boynunda it başı və kiçik süpürgə gəzdirirdilər. Bu isə o demək idi ki, onlar satqını iyləyib, dişi ilə gəmirib ölkədən atmalı idilər.

Opriçninanın məqsədi tez bir zamanda aydın oldu. Münasib olmayan adamlarla qanlı haqq-hesab çəkilməyə başlandı. Birincilərdən olaraq Kazanın alınması qəhrəmanı knyaz Aleksandr Qorbat edam edildi. Opriçnina ərazisindən çoxlu boyar və dvoryan Kazan altına sügün edildi. Vladimir Staritskinin udeli əlindən alınaraq başqası ilə əvəz olundu. Çar knyazı zəhər qəbul etməyə məcbur etdi, bütün ailəsi isə məhv edildi. Opriçnina əleyhinə Uspensk kilsəsin-dəki dini ayinlərində çıxış etdiyi üçün mitropolit Filipp çar tərəfindən əvvəlcə Tver kilsələrindən birinə salındı, sonra isə baş opriçnik cəlladı olan Malyuta Skuratov tərəfindən boğularaq öldürüldü.

Opriçnina tarixində 1570-ci ildə çar başda olmaqla opriçniklərin Novqoroda qanlı basqını ayrıca yer tutur. Novqorod Qərbə açıq şəhər kimi hələ qədimdən çarın nifrətinə səbəb olmuşdur. 1570-ci ilin yanvarında çar Novqoroda daxil oldu. Opriçniklər boyarları tutaraq Volxov çayında boğur, taxılı yandırıb mal-qaranı məhv etdilər. Şəhəri soyub talayan, adamları qətl edən çar və onun opriçnikləri minlərlə xizəkli araba dolu qarət edilən sərvətlə geri döndülər.

Moskvya qayıdan İvan Qroznı daha bir amansız edam səhnəsi qurdu. Çar moskvalı prikaz adamları ilə, Moskvaya qovulan novqorodlularla haqq-hesab çəkərək onların çoxunu edam etdirdi. Onların arasında İzbrannoy (seçilmiş) Radanın yeganə sağ qalan üzvü, səfirlik prikazının rəisi İvan Mixayloviç Vis-kovat da var idi. Çar özü və ətrafı nizə ilə müdafiəsiz adamları deşərək, qılıncla başlarını vururdular.

Opriçnina getdikcə daha vəhşi forma alırdı. Minlərlə adam öldürülməsinə baxmayaraq, edamların sonu görünmürdü. Minlərlə opriçniklər soyğun, qorxu, ölüm saçaraq günahı olmayan adamların əmlakını ələ keçirmək üçün onları şərləyib düşmən kimi ifşa edirdilər. Qroznının başlatdığı bu biabırçılıqda hətta şəhərlilər və xoloplar belə iştirak edərək haqq-hesab çəkmək istədikləri adamları çuğulçuluq edib tutdururdular. Tezliklə opriçniklər bir-biri haqqında xəbərçilik edərək çarın yanında fəxri yer, güzəşt, gəlir qazanmaq məqsədilə qarşı tərəfi dövlətə xəyanətdə ittiham etməyə başladılar. Hərbçilər və hərbi sərkərdələr də opriçninadan ağır zərbə aldı. İstedadlı rus sərkərdəsi, voyevoda M.İ.Vorotınski edam olundu, bir çoxları xaricə qaçdı.

1572-ci ildə opriçnina edamları səngiməyə başladı. Çünki İvan Qroznı opriçninanın köməyi ilə hər cür müxalifəti, xüsusiləşmiş udel ocaqlarını, onun mütləq hökmdar ideyası və idarəetmə metodu ilə razılaşmayan açıq və gizli rəqiblərini məhv etmişdi. Xüsusilə Moskva altında Krım tatarları ilə mübarizədə opriçnina qoşununun bacarıqsızlığından sonra çar hətta «opriçnina» sözünü belə işlətməyi qadağan edərək qoşunu buraxmışdı.

Livoniya müharibəsi, Krım xanın basqınları, opriçninanın azğınlığı ölkəyə sayı-hesabı olmayan itkilər gətirmişdi. Müharibə və opriçnina çoxlu istedadlı hərbi rəisləri, knyaz, boyar və prikaz adamlarının, o cümlədən tacir, sənətkar və kəndlilərin ölümünə səbəb olmuşdur. Vergilər artır, ölkədə quldurluq, soyğunçuluq hökm sürür, insan həyatı dəyərini durmadan itirirdi. Kəndlilərin çoxu meşələrə, boş torpaqlara qaçır, kazaklara qoşulurdu. Ölkənin bir çox qəzasında mülkədar təsərrüfatlarında çalışan demək olar ki, yox dərəcəsində idi. Bu şəraitdə İvan Qroznı 1581-ci ildə «qadağan edilmiş illər» haqqında qayda müəyyən edərək kəndlilərlə xüsusi fərman olana kimi Yuriyev günündə başqa təsərrüfata keçməyi qadağan etdi. «Al, nənə, bu da sənin Yuriyev günün!» sözü belə meydana gəlmişdir. Bu müvəqqəti vəziyyət kimi nəzərdə tutulsa da, sonradan daimi olmuşdur. 1581-ci ildə bu və ya başqa torpaq sahibinin mülkünə yazı kitabı əsasında təhkim edilən kəndlilər və onların törəməsi öz ağasını və onun mülkünü tərk edə bilməzdi. Beləliklə, kəndlilər tam olaraq öz sahibindən asılı vəziyyətə düşdü ki, onları da yalnız torpaqla birlikdə alıb-satmaq olardı. Bu əslində Rusiyada 1861-ci ilə qədər edən davam təhkimçilik hüququnun başlanğıcı demək idi.

IV İvan Qroznının hakimiyyətinin son illərində üç oğlu qalmışdı. Böyük oğlu İvan İvanoviç xəstə atasından fərqli olaraq özünü cəsur döyüşçü və ağıllı dövlət adamı kimi tanıtmışdır. Ata ilə oğul arasında tez-tez mübahisə, çəkişmə olurdu. IV İvan bir dəfə onun arvadını təhqir etdiyi üçün oğlu arvadını müdafiə edərək çarın əlindən tutmağa çalışdıqda atasının dəmir əsa ilə zərbəsinə uğradı və bir az sonra vəfat etdi. İkinci oğlu, xəstə və dindar Fyo-dorun (1557-1598) uşağı yox idi. Azyaşlı Dmitri (1582-1591) IV İvanın yeddinci arvadı Mariya Naqoyadan doğulmuşdur və taxta çıxmağa hüququ məhdud idi. 1584-cü ilin əvvəlində xəstə çarın vəziyyəti ağırlaşdı və IV İvan Qroznı vəfat etdi.

IV İvanın ölümündən sonra taxta onun xəstə və Allah qorxusu olan 27 yaşlı oğlu Fyodor keçdi. Zorakılıq və amansızlığa qarşı olan yeni çar vaxtının çoxunu ibadət və kitab oxumaqla keçirirdi. Çox işləri çar atasının sevimli opriçnik knyazlarına, boyarlara etibar edirdi ki, tezliklə onlar arasında qanlı çəkişmələr başladı. Bu mübarizədən amansız, qəddar, eyni zamanda ağıllı Boris Qodunov qalib çıxdı. Bacısı çarın arvadı olduğu üçün tezliklə o rəqiblərini sıxışdıra bildi. Şuyski qardaşları sürgünə göndərildi, birinci çariça Anastasiya Romanovanın boyar qohumlarının mövqeyi ağır zərbə aldı, 1589-cu ildə Rusiyada patriarxlıq təşkil edilərək onun başına Qodunovun tərəfdarı İov təyin olundu. 1591-ci ildə Uqliçdə müəmmalı şəraitdə azyaşlı şahzadə Dmitri boğazı kəsilmiş şəraitdə tapıldı.

Boris Qodunovun Dmitrinin ölümünü araşdırmaq məqsədilə göndərdiyi heyət belə bir nəticəyə gəldi ki, Dmitri «bıçaqcıqla» oynayarkən özü-özünü kəsib. Təbii bu dəhşətli günahın sahibi tarixi iddiaya görə Boris Qodunov olmuşdur.

1598-ci il yanvarın 7-də çar Fyodor İvanoviç öldü. Ryurikoviçlər sülaləsi Rusiyada sona çatdı. Çariça İrinanın tezliklə saçı vurularaq rahibəliyə göndərildi. Rusiya taxt-tacı boş qaldı.

 

 


Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh