Rus-yapon müharibəsi

II Nikolayın 1899-cu ilin əvvəlində İngiltərənin kraliçası Viktoriyaya yazdığı məktubdan məlum olur ki, Rusiyanın xarici siyasətində Uzaq Şərq regionu və uzunmüddətli sülhün bərqərar olması məsələləri birinci sıraya yerləşmişdi. 1898-ci ilin avqustun 12-də Peterburqdakı xarici dövlətlərin nümayəndələrinə xarici işlər naziri adından Rusiyanın təkliflərindən ibarət yazılı müraciət təqdim edilmişdi. Müraciətdə beynəlxalq miqyasda silahlanma yarışının ayrı-ayrı ölkələrin maliyyə sabitliyi üçün nöqsan olduğu, dünyadakı sabitliyi pozduğu qeyd olunur və məsələni müzakirə etmək məqsədilə beynəlxalq konfrans çağrılması təklif edilirdi.
Böyük dünya dövlətləri geniş hərbi proqramlar həyata keçirməyə başladığı üçün Rusiyanın dəvətinə soyuq yanaşaraq hətta onu tənqid etməyə səy göstərdilər. Almaniya admiral Tirpitsin proqramı əsasında güclü hərbi-dəniz donanması yaratmağa başladı. Avstriya-Macarıstan quru qoşunlarının müasir silahlarla təminatını sürətləndirdi. ABŞ imperiya iddialarına söykənərək 1898-ci ilin aprelində İspaniyaya müharibə elan etdi. Onun donanmasını məğlub edib İspaniya ilə sülh müqaviləsi bağladı. Müqaviləyə əsasən, Karib dənizindəki Kuba və Puerto-Riko, Sakit okeandakı Quam və Filippin ABŞ-ın himayəsinə keçdi. Böyük Britaniya susqunluğunu qoruyur, Yaponiya isə onun donanması böyük dəniz dövlətlərinin donanması səviyyəsinə çatdıqdan sonra məsələyə münasibət bildirmək imkanından bəhs edirdi.
1899-cu il yayın əvvəlində Hollandiya şəhəri Haaqada Londondakı rus səfiri baron Y.Y.Staalın başçılığı ilə 27 ölkənin təmsil edildiyi nümayəndələrin birinci beynəlxalq konfransı toplandı. Konfransda müharibə və sülhü, hərbi mübahisələrin sülh yolu ilə həllinə dair bəyannaməni, quru və dəniz döyüşləri haqqında qayda və qanunları nəzərdə tutan hüquqi aktlar qəbul edilmişdi. Konfransın qərarına əsasən, dövlətlər arasında mübahisəli şəraiti həll etmək məqsədilə beynəlxalq arbitraj instansiyası kimi Haaqada Beynəlxalq Məhkəmə təsis olunmuşdu.
Rusiyanın silahlanmasının məhdudlaşdırılması təklifi dünya ölkələrinin bu məsələdəki mövqeyinə təsir göstərmişdi. Hətta Rusiyanın müttəfiqi Fransa belə bu ideyanı müdafiə etmədi. 1899-cu ilin oktyabrında Haaqa konfransı başa çatdıqdan az bir vaxt sonra Böyük Britaniya Afrika qitəsinin cənubunda tam nəzarəti ələ almaq məqsədilə orada Hollandiyadan çıxan adamlar tərəfindən təsis olunmuş Transvaal Respublikası və Oranjevo azad dövlət qurumuna qarşı hərbi əməliyyata başlayaraq 1902-ci ildə özlərinin strateji imperiya məqsədlərini təmin etmiş oldular.
Rusiyanın ümumi silahlanmasının məhdudlaşdırılması ideyasına təkcə böyük dövlətlər deyil, daxili liberalbaxışlı qüvvələr də tənqidi yanaşırdı. XX əsrin əvvəllərində Rusiya ordusu 900 min nəfərlik quru qoşunu ilə dünyada birinci, donanmasının sayına görə isə İngiltərə və Fransadan sonra üçüncü sırada yerləşmişdi. Düzdür, ölkənin silahlı qüvvələri qabaqcıl dövlətlərini silahlı qüvvələrindən müasir hərbi-texniki təchizatına görə geri qalırdı, amma bu fərqi aradan qaldırmağa çalışırdılar. Hərbi gücü sayəsində dünyada Rusiyadan ehtiyat edir və onunla hesablaşırdılar.
XIX əsrin II yarısında Çin imperiyası dərin böhran keçirirdi. Pekindəki imperator hökuməti ölkəni daxildən parçalayan feodal güruhlarının mübarizəsi şəraitində idarə edirdi. Nəhəng Asiya imperiyası üçün əsas təhlükəni xarici dövlətlərin ekspansiyası təşkil edirdi. İngiltərə, Fransa, Almaniya, daha sonra isə ABŞ və Yaponiya bu ölkədə möhkəmlənərək onu tam ələ keçirə bilmədikdə nüfuz dairələrinə bölmək məqsədi daşıyırdılar. 1840-cı ildə İngiltərə Çinə qarşı Birinci tiryək müharibəsini başlayaraq 1842-ci ildə onu Nankin müqaviləsini bağlamağa məcbur etdi. Çin imperiyası ingilis malları üçün öz limanlarını açmağa, Syanqan (Honkonq) adasını təcavüzkara verməyə və küllü miqdarda təzminat ödəməyə məcbur oldu.
1894-cü ildə Yaponiya imperialist işğalçılıq siyasətinə Çinə hücum etməklə başladı. 1895-ci ilin aprelində son dərəcə ağır şərtli Simonoseki müqaviləsi imzalandı. Şərtlərə əsasən, nominal olaraq Çindən asılı olan Koreya müstəqil elan edildi. Formoza (Tayvan) adası Yaponiyaya verildi. Eyni zamanda, Lyaodun yarımadasını və külli miqdarda təzminatı yapon tərəfinə verən Çin limanlarını da yapon mallarına açıq elan etdi. Mahiyyət etibarilə Çin Yaponiyadan yarımmüstəmləkə asılılığı vəziyyətinə düşmüşdü. Lakin Rusiya sərhədləri yaxınlığında zəif Çinin yerinə güclü Yaponiyanı görməkdən uzaq idi. Bu məsələdə Paris də Peterburq ilə həmrəy idi.
ABŞ Yaponiya əleyhinə kollektiv aksiyada iştirak etmək fikrində deyildi. İngiltərə isə açıq Yaponiyanın tərəfini saxladı. Gözlənilmədiyi halda Almaniya Rusiyanı müdafiə etdi və üç dövlət Yaponiyadan Lyaodun yarımadasından imtina edərək əvəzində Çindən böyük təzminat almağı tələb etdi. Yaponiya üç böyük dövlətin tələbini qəbul etməyə məcbur oldu. Çin Fransadan aldığı istiqraz hesabına təzminatı ödədi.

1858-ci ildə Rusiya ilə Çin arasında sərhədin Amur çayı üzərindən keçməsi şərti ilə Ayqun müqaviləsi imzaladı. İki il sonra, 1860-cı ildə Pekində Rusiya-Çin traktatı imzalandı ki, buna görə hər iki dövlət arasındakı sərhəd demarkasiya xətti ümumi cizgilərlə müəyyən olundu, ticarət və diplomatik münasibətlər xarakteri təsbit edildi. 1867-ci ildə Oxot və Yapon dənizləri rayonunda Rusiya ilə Yaponiya arasında sərhəd dairəsində ayırma baş verdi. Rusiya yurisdiksiyasında olan Kuril adalarını Yapon tərəfinə vermək şərtilə Yaponiyaya məxsus Cənubi Saxalinə sahib oldu.
1897-ci ildə Almaniya Çinə desant çıxararaq Sindao limanını işğal edib hökumətdən onu 99 il müddətinə icarəyə götürmək icazəsi aldı. Eyni ildə Rusiya 25 il müddətinə Port-Arturu və Dalni limanı adını verdiyi Taliyenvanı Pekindən icarəyə götürdü. Port-Artura dair müqavilə imzalandıqdan 20 gün sonra İngiltərə Şandun yarımadasındakı Vey-Xay limanını işğal etdi. İki həftə sonra Fransa Çinin cənub qurtaracağındakı Kuanq-Çou limanını ələ keçirdi.
Xarici qəsbkarların işğallarına cavab olaraq 1899-cu ildə Mərkəzi və Şimali Çində xaricilərə qarşı ixetyanlar xalq hərəkatı başladı. İngiltərə, Almaniya, Rusiya, Fransa, Yaponiya, ABŞ, İtaliya və Avstriya-Macarıstan Çinə qarşı birgə hərbi əməliyyat təşkil etdilər. Alman generalı Valderzenin başçılığı altında 40 minlik ekspediya korpusu 1900-cu ilin yayında Pekinə daxil oldu. Rusiya ordusu Mancuriya ərazisinə daxil olaraq bütün Mancuriya dəmiryolu boyunca mövqe tutdu. Peterburqda elan olundu ki, qayda-qanun bərpa edildikdən sonra ordu Çini tərk etməlidir. Lakin Rusiyanın öz vədini yerinə yetirməyə tələsməməsi vəziyyəti kəskinləşdirdi.
1895-ci il oktyabrın 8-də Koreyanın paytaxtı Seulda yapon casusları Yaponiyanın əleyhinə olan kraliça Mini öldürdülər. Koreyada yaponların bu vəhşiliyinə qarşı xalqın silahlı mübarizəsi başladı. Xarici dövlətlərin susqun qaldığı bir şəraitdə yalnız Rusiya Koreyaya kömək əlini uzatdı. 1896-cı ilin mayında hər iki dövlət arasında müqavilə imzalandı ki, Rusiya Koreyada monarxı müdafiə etməyə, ehtiyac olarsa, hərbi kömək göstərməyə söz verdi. Lakin Yaponiya Rusiyanın mövqeyinin güclənməsi ilə razı ola bilməzdi. Xüsusilə 1902-ci ildə imzalanmış ingilis-yapon ittifaq müqaviləsidən sonra Yaponiya İngiltərənin köməyi ilə Koreya və Çində özünün ərazi ekspansiyasını davam etdirmək imkanı qazanmış, İngiltərə isə Rusiyanı dayandırmaq siyasəti yürüdərək Yaponiyanın təcavüzkar işğalçılıq siyasətini milliləşdirərək dəstəkləyirdi.

Rusiya Yaponiya ilə müharibə etmək məqsədi daşımırdı. II Nikolay və rus diplomatiyası Rusiyanın Mancuriyadan çəkilməsini və Koreyanın yapon maraq dairəsi kimi qəbul etməyini tələb edən Yaponiya ilə müharibə aparmaqdan qaçmağa çalışırdı. Rusiyanın qismən güzəştə getmək niyyəti yapon tərəfini qane etmirdi. Onlar tam olaraq Mancuriya və Koreyanı özünə tabe etmək istəyirdi.
Yaponiyanın barışmaz mövqeyini Böyük Britaniya və ABŞ müdafiə etdiyi üçün 1902 və 1903-cü illərdəki Peterburq, Tokio, London, Berlin və Paris arasında danışıqlardan heç biri konkret nəticə əldə olunmadı. Böyük dövlətlərin açıq və gizli köməyini təmin edən Yaponiya Koreyada öz ağalığının tanınmasını və Rusiyadan Mancuriyanı tərk etməsini tələb edirdi.
1904-cü il yanvarın 27-nə keçən gecə (fevralın 8-i) 10 yapon esminesi qəfil hücuma keçərək Port-Arturun xarici reydində olan 2 zirehli gəmi və I kreyseri sıradan çıxardı. Ertəsi gün 6 yapon kreyseri və 8 mina gəmisi Koreyanın Çemulpo limanındakı «Varyaq» kreyseri və «Koreyets» kanonerkasına hücum etdilər. Yalnız yanvarın 28-də Yaponiya Rusiyaya müharibə elan etdi. Bir il yarımlıq danışıqlardan sonra Rusiya müharibəyə cəlb edilmiş oldu.
Hərbi və iqtisadi cəhətdən Rusiyadan zəif olan Yaponiya hərbi-coğrafi üstünlüyə malik idi. Rusiya hərbi münaqişəni qızışdırmamaq məqsədi ilə Uzaq Şərq və Mancuriyada hərbi gücünü artırmırdı. 1904-cü ilin əvvəlində regionda bir-birindən uzaq məsafədə yerləşmiş yüz min nəfər hərbi qoşunu var idi. Ordunun sərəncamında ancaq 148 artilleriya topu var idi. Port-Arturda rus hərbi eskadrası 55 gəmidən ibarət idi ki, onların da çoxu köhnə və kiçik gəmilərdən ibarət idi.
Uzun müddət müharibəyə hazırlaşan Yaponiyanın təqribən 1500 min canlı qüvvəsi, 1140 topu mövcud idi. Yaponiya yeni dəniz texnikası ilə təmin edilmiş, 200 gəmiyə malik idi.
1904- cü il avqust ayında Mancuriyadakı quru əməliyyatında Lyaoyan döyüşündə rus ordusu 17 min, yaponlar 24 min adam itirmişdi. Bir aydan sonrakı Şaxe çayı döyüşündə rus ordusu 42 min, yapon ordusu təqribən 30 min döyüşçü itirdi. 1905-ci ilin fevral-mart aylarındakı quruda baş verən ən qanlı Mukden döyüşündə ruslar 80 min, yaponlar 70 min adam itirmişdi. Ölən və yaralananlarla birlikdə Rusiya 400 min, Yaponiya isə 300 min nəfər zabit və əsgər itirmişdi.
1905- ci ilin mayında Koreya bərzəxindəki Tsusima adası yaxınlığındakı yapon donanması vitse-admiral Z.P.Rojestvenskinin komandanlığı altında olan rus hərbi eskadrasını məğlub etdi. Müharibə vaxtı İngiltərə və ABŞ-dan 400 mln. dollar həcmində kredit almış Yaponiya bir sıra qələbələr qazansa da, müharibəni davam etdirməyə ehtiyatları qalmamışdı.
Avropada Almaniyanın mövqeyinin güclənməsi və alman təhlükəsi müqabilində 1904-cü ilin aprelində İngiltərə və Fransa təcili olaraq mübahisəli məsələləri həll edərək «qəlb razılaşması» («сердечное соглашение») bağladılar. London və Parisdə rus-yapon müharibəsini başa çatdırmaq məqsədilə hazırlanmış təklifləri Peterburq ingilis-fransız ittifaqının Rusiya əleyhinə güc nümayişi kimi qəbul edərək eşitmək belə istəmirdi.
rus yapon müharibəsi
1905-ci ilin mayında ABŞ prezidenti T.Ruzveltin vasitəçilik təklifinə II Nikolay müsbət cavab verdi, sabiq maliyyə naziri S.Y.Vittenin başçılığı ilə rus nümayəndə heyəti ABŞ-ın Portsmut şəhərinə yola düşdü. Danışıqlarda sərt mövqe tutan Yaponiya Rusiyanın tamamilə Koreya və Mancuriyadan getməsini, rus Uzaq Şərq donanmasının təhvil verilməsini, təzminat ödənilməsi və Cənubi Saxalinin ilhaq edilməsini tələb edirdi. ABŞ prezidenti II Nikolaya şəxsi müraciətində məsləhət görürdü ki, Rusiya Cənubi Saxalini Yaponiyaya qaytarsın və adanın şimalı üçün haqq ödəsin. Lakin bu «dostluq» çağırışı rus çarının mövqeyini dəyişdirmədi.
1905-ci il avqustun 23-də imzalanmış razılaşmaya əsasən Rusiya Cənubi Mancuriyanın Yaponiyaya icarəyə verilməsini, Saxalinin yarısının və Koreya üzərində maraq dairəsinin Yaponiyaya aid olmasını qəbul etdi. Tərəflər qoşunlarını Mancuriyadan çıxarmağa, dəmiryol xəttini ticarət məqsədilə istifadə etməyə, azad dənizçilik və ticarətə mane olmamağı öz üzərinə götürdü.
Portsmut müqaviləsi rus diplomatiyasının, xüsusilə Sergey Yulyeviç Vittenin şübhəsiz qələbəsi hesab edilməlidir. Uğursuz müharibədən sonra bir çox məsələlərdə bərabərhüquqlu tərəfdaşlar arasında bağlanmış sülh Yaponiyada milli dairələrin böyük narazılığı ilə qarşılanmışdır.
Lakin Rusiya tərəfi və şəxsən S.Y.Vitte də bilmirdi ki, hərbi uğurlarına baxmayaraq, o dövrdə Yaponiyanın iqtisadi və maliyyə vəziyyəti ağır olduğu üçün Yaponiya müharibəni davam etdirmək gücündə deyildi.
Portsmut sülhündən sonra Rusiya ilə Yaponiyanın münasibətləri yaxşılaşmağa başladı. 1907-ci ilin yanvarında bağlanmış rus-yapon razılaşmasına əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü qəbul etdi. Rusiya Koreyanın Yaponiyanın maraq dairəsində olmasını, Yaponiya Rusiya imperiyasının Monqolustanda üstünlüyünü tanıdı. 1910-cu ilin yayında Peterburqda imzalanmış yeni razılaşmaya əsasən, tərəflər Çinin status-kvosunun pozulması, hər hansı birinə təhlükə yaranması şəraitində birgə hərəkət etmək qərarına gəldilər. Beləliklə, XX əsrin ikinci onilliyində Rusiya və Yaponiya geosiyasi tərəfdaşa çevrilmişdi.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

0 şərh