1860-1870-ci illərin islahatları. Təhkimçilik hüququnun süqutu

I Pyotrdan sonra ən böyük islahatçı çar hesab olunan II Aleksandr 1818-ci il aprelin 18-də böyük knyaz, 1825-ci ildən imperator Nikolay Pavloviçin ailəsində doğulmuşdu. I Nikolay imperator olduqdan sonra onun yeddi yaşlı oğlu Aleksandr varis təyin edildi. I Nikolayın qərarı ilə dövrünün savadlı adamlarından biri olan Vasili Andreyeviç Jukovski onun müəllimi təyin olundu. Varisə «ləyaqət üçün təhsil» prinsipi əsasında xüsusi təhsil proqramı hazırlayan V.Jukovski təhsil və tərbiyə işini birləşdirmişdi. İldə iki dəfə imtahan verən şahzadə adətən yaxşı nəticə göstərirdi. Onun təhsilinin tərkib hissəsindən biri 1837-ci ildə V.A.Jukovskinin müşayiəti ilə altı aydan artıq ölkəni gəzməsi olmuşdur. Vəliəhd paroxod və atlar vasitəsilə uzun məsafələr qət edərək Novqorod, Tver, Uqliç, Yaroslavl, Kostromada olduqdan sonra Vyatka, Perm, Orenburq və Uralın mədən zavodlarına baş çəkmişdir. Sibir və Tobolskda olarkən sürgündəki dekabristlərlə görüşmüş və çar atasından onların cəzasını yüngülləşdirməyi xahiş etmişdir. Geri dönərkən Volqa üzərindəki başqa şəhərlərdə, Mərkəzi və Cənubi Rusiyanın müxtəlif məntəqələrində, Azov və Qara dəniz sahillərində və Krımın cənubunda olmuşdur. Aleksandr ölkə səfəri çərçivəsində yerlərdəki vəzifə sahibləri, qədim məbədlər, muzey və tarixi abidələrlə tanış olmaqla yanaşı, sadə adamların da evlərinə baş çəkir, onların məişəti ilə maraqlanır və həyat hekayələrinə qulaq asırdı.

19 yaşında təhsilini başa vuran Aleksandr Nikolayeviç beş — rus, alman, fransız, polyak və ingilis dillərində sərbəst danışır, tarix coğrafiya, hüquqşünaslıq, siyasi iqtisad, riyaziyyat, fizika və Tanrı Qanunu elmlərinə sahib idi. Hündürboylu, yaraşıqlı gənc bir adam olan şahzadə iti ağıla, gözəl davranışa və xoş xasiyyətə malik idi. Dəfələrlə xarici səfərlərdə olan şahzadə babası Prussiya kralı III Fridrix Vilhelmə baş çəkməklə bərabər, 1838-ci il mayın 2-dən 1839-cu il iyunun 23-nə kimi Prussiya, İsveç, Danimarka, Avstriya, Hollandiya, İtaliya, İngiltərə kimi ölkələrdə olmuşdur.Vəliəhd oğlunu uzun müddətə xarici ölkələrə səfərə göndərən I Nikolay onun qeyri-adi şəraitdə müstəqil qərar qəbul etmək bacarığını püxtələşdirməsini nəzərdə tuturdu. Bir ildən artıq avropalılar içərisində yaşayan Aleksandr Nikolayeviç fərqli ölkələrin idarəçilik sistemi ilə tanış olur, parlamentlərdə iştirak edir, kral ailələrinin qonağı olurdu.

Aleksandrı xarici səfərlərə yola salan imperator onun həm də nişanlı seçməsini arzu edirdi. 1839-cu il martın 13-də Darmştadtdakı teatr tamaşasında on beş yaşlı şahzadə qız Maksimiliana Vilhelmina Avqusta Sofiya Mariya Gessen Darmştadtskayanı görən Aleksandr Nikolayeviç ona aşiq oldu. 1841-ci il aprelin 16-da hələ buna kimi pravoslavlığı qəbul edərək Marii Aleksandrovna adını alan şahzadə Marii ilə Aleksandr Nikolayeviçin nigah mərasimi oldu. Bu nigahdan beş oğlan uşağı, o cümlədən gələcək imperator III Aleksandr (1845-1894) və iki qız doğulmuşdur.

XIX əsrin 40-cı illərinin əvvəllərindən I Nikolay oğlunu dövlət idarəçiliyi işlərinə cəlb etmişdir. Aleksandr Dövlət Şurasının, Nazirlər Komitəsinin və Maliyyə Komitəsinin işində iştirak edirdi. Atası paytaxtda olmadıqda cari işlərə dair qərarları vəliəhd qəbul edirdi. 40-cı illərin sonunda imperator oğlunu dövlət həyatını, o cümlədən mülkədar kəndlilərinin həyatını yaxşılaşdırmaq məsələlərini müzakirə edən Xüsusi Dövlət Komitəsinin rəisi təyin etmişdir. 1849-cu ildə Aleksandr qvardiya komandanı və bütün hərbi-tədris müəssisələrinin rəisi təyin olunmuşdur. Beləliklə, taxta sahib olması ərəfəsində II Aleksandr mürəkkəb dövlət idarəçiliyi mexanizminə bələd, geniş və hərtərəfli bilikli yetkin bir şəxs idi.

I Nikolay 1855-ci il fevralın 18-də günortadan sonra vəfat etdi, martın 5-də dəfn mərasimi təşkil olundu. II Aleksandr Rusiya imperiyasının hökmdarı kimi fəaliyyətə başladı. İmperator uğursuz müharibə, daxili gərgin vəziyyət, pulun çatışmadığı maliyyə pozuntusu ilə qarşılaşdı. Bu məsələləri həll etməyə çalışan yeni imperator 1856-cı ilin martında Parisdə sülh müqaviləsi imzalandıqdan sonra aprel ayında ağıllı və təşəbbüskar knyaz A.M.Qorçakovu (1798-1883) xarici işlər naziri təyin etdi. O, bu vəzifədə 1814-cü ildən Xarici İşlər naziri olan, qocalıb əldən düşmüş və uğursuz diplomatik fəaliyyəti ilə tanınan qraf K.V.Nesselrodu (1680-1762) əvəz etmişdir. Müharibəni başa çatdıran çar və onun hökuməti daxili məsələləri həll etməyə başladı. II Aleksandr tez bir zamanda belə bir qənaətə gəldi ki, ölkəni köhnə qaydalarla idarə etmək mümkün deyildir, dövlət quruculuğu sahəsində əsaslı yenidənqurma və islahatlara tələbat yaranmışdır.

Təhkimçilik münasibətləri problemi ölkə qarşısında dayanan və təcili həllini gözləyən vəzifələr içərisində xüsusi yerə malik idi. 1856-cı ildə moskvalı zadəganlar qarşısında çıxış edən imperator təhkimçiliyin ləğv edilməsinin zəruriliyini yüksək səslə bəyan etdi. Çar fikrini belə ifadə etdi ki, aşağıdan öz-özünü ləğv etməyi gözləməkdənsə, təhkimçilik hüququnu yuxarıdan ləğv etmək yaxşı olardı. Azadlığa uzanan yol isə mürəkkəb və uzun olmuşdur. Yalnız beş ildən sonra təhkimçilik hüququ tarixə çevrilmişdir. Bu vaxt ərzində nəhəng hazırlıq işləri görülmüş, dövlət və yerli səviyyələrdə müxtəlif komissiyalar təsis olunaraq gələcək sosial yenidənqurmanın hüququ, maliyyə və inzibati istiqamətləri araşdırılmışdır.

Çar fikirləşirdi ki, gələcək mühüm sənəd olan təhkimçiliyin süqutu aktı bütün xalqın azad və könüllü iradəsini əks etdirsin. Ancaq zadəganların bəzi dairələri dəyişiklik istəmirdi. II Aleksandr mütləqiyyət və imperiya üçün çox işlər görmüş birinci silki təhqir etmək istəmirdi. İmperator güman edirdi ki, zaman çərçivəsində zadəganlar özü dəyişikliyin qaçılmaz olduğunu dərk etməyə məhkumdur. Bu hazırlıq mərhələsinin uzun çəkməsinin əsas səbəblərindən biri idi. Başqa bir məsələ, nəhəng imperiyanın sosial həyatını bu və ya başqa dərəcədə əhatə edən dəyişikliyin mahiyyəti ilə bağlıdır.

1859-cu ilin əvvəlində çarın təşkil etdiyi xüsusi komissiya təhkimçilik hüququnun ləğv edilməsi layihəsini tərtib etdi. Komissiyanın tərkibinə ali dövlət məmurları, hökumət dairələrindən olmayan görkəmli xadimlər daxil olmuşdur. 1860-cı ilin sonunda kəndlilərin təhkimçilik asılılığından azad edilməsi planı hazırlanmışdır. 1861-ci ilin fevralında təhkimçilik hüququnun ləğv olunmasına dair Manifest imzalanmışdır. II Aleksandr atdığı bu addımla nəsillərin yaddaşına böyük islahatçı çar kimi həkk olaraq, hətta atası hakim hökmdar I Nikolayın cəsarət etmədiyi bir məsələni həll etmişdir.

Manifestin elan edildiyi zaman Rusiya imperiyasında kəndlilərin 25 faizi şəxsi azadlıqdan məhrum idi. Torpaqlar əksər halda mülkədarlara məxsus olduğu üçün kəndliləri yalnız hüquqi cəhətdən azad etmək deyil, onların gələcək həyatını iqtisadi şərtlərlə təmin etmək tələb olunurdu. Hökumət islahatı həyata keçirərkən bir tərəfdən kəndlilərə azadlıq bəxş edərək onların yaşaması üçün minimum həyat şərtlərini təmin etməyə, başqa bir tərəfdən zadəganların mənafeyini qorumağa çalışırdı. Əsasən zadəganları təmsil edən torpaq sahiblərinin içərisində digər təbəqələrin, tacirlərin meşşanların, kəndlilərin də nümayəndələrinə rast gəlmək mümkün idi. Rusiya imperiyasında torpaq fondunun təqribən 10%-i onlara, yəni xüsusi adamlara məxsus idi.

1861-ci il fevralın 19-da taxta çıxmasının altıncı ildönümündə çar təhkimçilik hüququnun ləğv edilməsinə dair Manifestlə birlikdə «Təhkimçilik asılılığından çıxmış kəndlilər haqqında əsasnamə»ni təşkil edən bir sıra qanunvericilik aktını təsdiq etdi. Bu gündən təhkimçilik hüququ ləğv edilir, kəndlilərə «azad kənd sakini» adı verilir, onların hüquqi cəhətdən mülkədara aid olması həmişəlik ləğv olunurdu. Manifest və yeni qanunlar nəşr edilərək Rusiyanın bütün kilsələrində oxunmuşdur.

Kəndlilər şəxsi azadlıq və öz əmlakları ilə istədikləri kimi davranmaq hüququ alırdı. Mülkədarlara məxsus olan polis hakimiyyəti kənd icmaları orqanlarına keçirdi. Məhkəmə işlərinin bir hissəsi kəndlilərin seçdiyi volost məhkəmələrinə, digər bir hissəsi vətəndaş hakimlərə həvalə edilirdi. Mülkədarlar özlərinə məxsus olan bütün torpaqlar üzərində sahibkarlıq hüququnu saxlayırdı, amma kəndlilərə daimi istifadə məqsədilə oturaq ev və əkin üçün pay torpaq sahələri ayırmağa borclu idi. Kəndli aldığı torpaq payından istifadə müqabilində onun dəyərini ya mülkədarın torpağında çalışmaqla və yaxud ödənclə ödəməli idi. Mülk və əkin payı torpaqlarının ölçüsü nizamnamə qramotası ilə müəyyən edilirdi ki, bunun tərtib edilməsinə qırx iki il nəzərdə tutulmuşdu. Öz paylarını dəyərini ödəyərək alan kəndlilərə sahibkar kəndlilər, sahib ola bilməyənlərə müvəqqəti mülkiyyətli kəndlilər deyilirdi.

Təhkimçilik asılılığından azad olmuş kəndlilər kənd cəmiyyətlərində birləşərək yeni idarəçilik işlərini kənd yığıncaqlarında həll etməli idilər. Yığıncaqların qərarlarını üç il müddətinə seçilən kənd ağsaqqalı yerinə yetirirdi. Bir yerdə yerləşmiş kənd cəmiyyətləri volostda birləşir, idarə işlərinə kənd ağsaqqallarının yığıncağı başçılıq edirdi. Volost iclasında volost starşinası seçilirdi ki, o da həm icraçı, həm də polis vəzifəsini yerinə yetirirdi.

Hökumətə görə, islahata əsasən kəndlilərə təqdim edilən torpaqlar zamanla onların tam mülkiyyətinə çevrilməli idi. Kəndlilərin aldığı torpaqların əvəzini ödəməyə vəsaiti olmadığı üçün mülkədarlara bu vəsaiti dövlət ödəyirdi. Borc adlanan pulu kəndli az-az, ildən-ilə 49 il ərzində ödəməyə borclu idi. Torpaq payı pulu borcunu ödəmədən kəndli öz pay torpağını atıb başqa yerə köçə bilməzdi. Bunun üçün çox çətinliklə əldə olunan icma yığıncağının qərarı tələb olunurdu.

Təbii olaraq, islahat böyük əksəriyyəti qane etmirdi. Mülkədarlar maliyyə vasitələrini əlində saxlasa da, ucuz işçi qüvvəsindən məhrum olaraq perspektivdə kəndlilərə təsirin itirməyə məhkum idi. Kəndlilər isə torpaqları elə-belə deyil, uzun illər davam edən ödənc müqabilində almaqdan narazı idilər. Kəndlilər arasında belə bir şayiə dolaşmağa başladı ki, əsl çar qramotasında torpaqlar heç bir ödənc olmadan onların istifadəsinə verilir. Həmin sənədi isə ağalar gizlədiblər. Odur ki, Qazan quberniyasının Bezdna kəndində, Penzena quberniyasının Kandeyevka kəndində dövlət məmurlarını qovan kəndlilər «düz-gün» hakimiyyətlərini bərqərar etdilər. Bu yerlədə kəndlilərlə ordu hissələri arasında qanlı toqquşma oldu, onlarla adam həlak oldu.

Ümumiyyətlə, çox böyük tarixi əhəmiyyətə malik təhkimçilik hüququnun ləğvi ciddi sosial partlayış meydana gəlmədən baş tutdu. Rusiya imperiyasında axır ki adamlar üzərindəki mülkiyyət hüququ ləğv olundu. Bir çox Qərb ölkələrində bu proses xeyli əvvəl başa çatmışdır. Bütün çatışmayan cəhətlərinə baxmayaraq, 1861-ci il islahatı ölkənin dinamik sosial dəyişiklik yoluna qədəm qoymasına şərait yaratmışdır.

Rusiyada təhkimçilik hüququnun ləğvi bütün ictimai həyatın istiqamətinə təsir göstərmişdir. 1859-cu ilin əvvəlində II Aleksandr yerli idarələrin yeni quruluşunun layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya təşkil etmişdir. Uzun hazırlıqdan sonra 1864-cü il yanvarın 1-də çar zemstvo idarələri haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə əsasən, quberniya və qəza ərazisində torpağı və başqa daşınmaz əmlakı olan bütün təbəqələrin, o cümlədən kənd icmalarının nümayəndələrinə quberniya və qəza zemstvo yığıncaqları vasitəsilə seçkili hakimiyyət orqanlarının işində iştirak etmək hüququ verilirdi. Bu yığıncaqlar ildə bir neçə dəfə çağırılır, işlərə rəhbərlik etmək məqsədilə quberniya və qəza zemstvo idarələri (zemstvolar) yaradıldı. Bu orqanlar yerli əhəmiyyətli təsərrüfat və mədəniyyət məsələləri, o cümlədən yolların çəkilməsi, səhiyyə, xalq maarifi, yanğından sığorta, əhalinin ərzaq təminatı ilə məşğul olurdu. Bu işləri həyata keçirmək üçün vəsait tələb olunduğunu nəzərə alaraq, yerli idarəetmə orqanlarına yerli vergilər təyin etmək hüququ verilmişdi. Birinci zemstvo idarəsi 1865-ci ilin əvvəlində Samara quberniyasında meydana gəlmişdir. İlin sonuna kimi 17 quberniya, 1881-ci ildə isə Rusiyanın Avropa hissəsindəki 33 quberniyada zemstvo idarələri fəaliyyət göstərirdi.

II Aleksandr 1870-ci ildə yerli zemstvo idarələrinin nümunəsi üzrə şəhər özünüidarəsi yaratmaq məqsədilə Şəhər əsasnaməsini təsdiq etmişdir. Əsasnaməyə görə, şəhərdə daşınmaz əmlakı, yəni, evi, torpağı olan bütün təbəqələrin nümayəndələri, ticarət işi ilə məşğul olan adamlar açıq şəhər duması seçkilərində iştirak etmək hüququna sahib olurdu. Şəhər özünüidarəsi orqanları yerli vergi — şəhər rüsumu müəyyən etmək hüququna sahib olurdu.

II Aleksandrın çarlığı zamanı həyata keçirdiyi mühüm dəyişikliklərdən biri də məhkəmə islahatları idi. Köhnə məhkəmələr gizli olub dəftərxana işləri vasitəsilə aparılırdı, cavabdeh olan şəxs çox halda məhkəməyə belə dəvət edilmir, qərarlar üzgörənliklə qəbul olunurdu. 1864-cü il noyabrın 20-də imperator yeni «Məhkəmə nizamnaməsi»ni («Судебные уставы») təsdiq etdi ki, məhkəmə açıq, bərabər, ədalətli və təcili elan olundu. Yeni məhkəmə sistemi müasir yeni dünya normalarına uyğun idi. Andlı iclasçıların, müdafiə hüququnun, cəkişmə prosesinin tətbiqi, məhkəmələrin hökumətdən asılı olmaması ölkədə qanunçuluğun möhkəmləndirilməsinə xidmət edirdi.

II Aleksandrın islahatları içərisində hərbi islahatar əsas yerlərdən birinə sahibdir. 1874-cü il yanvarın 1-də çar Rusiyada ümumi əsgəri mükəlləfiyyətə keçilməsinə dair Fərman imzalamışdır. Yüz ildən artıq vaxtda Rusiyada ali silkin nümayəndələri əsgəri mükəlləfiyyətdən azad idi. Bütün ağırlıq aralarından rekrut əsgər toplanılan kəndilərin üzərinə düşürdü. Rekrut sayəsində toplanmış əsgərlərin xidmət müddəti 25 il olduğu üçün onlar uzun illər ailəsi və kəndlilərdən ayrı düşürdü. Ümumi əsgəri mükəlləfiyyətə keçilməsini elan edən Ma-nifestdə qeyd olunurdu ki, Vətənin müdafiəsi xalqın ümumi işi və hər bir Rusiya vətəndaşının müqəddəs borcudur. 21 yaşına çatan və hərbi xidmətə yararlı olan bütün kişilər əsgəri xidmətə çağırılırdı. Ailədə olan tək oğlan uşaqları, müəllimlər hərbi mükəlləfiyyətdən azad edilir, alitəhsilli şəxslərin xidmət müddəti azaldılırdı. Piyada hərbi hissələrində xidmət altı il, donanmada isə yeddi il davam edirdi. Dəyişikliklər nəticəsində ordu müasir silahlarla təhciz edildi, buxarla işləyən hərbi donanma meydana gəldi.

II Aleksandrın hökmdarlığı dövründə maarif sahəsində böyük dəyişikliklər baş vermişdir. Odessa və Varşavada yeni iki universitet fəaliyyətə başlamış, Moskvada arxeoloji və kənd təsərrüfatı institutları, Ali lisey («KaTi<0Bcı<ıın») açılmışdır. 1863-cü ildə ölkədəki ali tədris müəssisələrinə geniş muxtariyyət hüququ verən Universitet nizamnaməsi təsdiq olunmuşdur. Ali məktəblərin daxili məsələlərinin həlli məmurlardan müəllim heyəti arasından seçilən şəxslərə həvalə olunurdu. Universitetlərin daxili məsələləri seçilmiş rektorların rəhbərliyi ilə tədris müəssisəsinin özünə məxsus idi. Tələbələr üçün mövcud məhdudiyyətlər, o cümlədən vahid forma geyilməsi ləğv olundu, tələbələrin inzibati cavabdehliyinə yalnız tələbə məhkəmələrində baxıla bilərdi.

1864-cü ildə yeni, Məktəb nizanaməsi təsdiq olundu, sənədə əsasən iki növ — klassik və realnı gimnaziyalar təsbit olunmuşdu. Klassik gimnaziyalar əsasən humanitar fənlərə və dillərə, o cümlədən latın və yunan dillərinə üstünlük verərək şagirdləri universitetlərə qəbul olmağa hazırlayırdılar. Realnı məktəblərdə isə təbiət elmlərinə üstünlük verilərək şagirdləri ali texniki məktəblərə hazırlayırdılar. Hər iki məktəb tam orta təhsil verirdi. II Aleksandrın vaxtında aztəminatlı ailələrin, xüsusilə kəndlilərin uşaqları üçün iki və dörd-sinifli olmaq üzrə geniş ibtidai məktəblər şəbəkəsi meydana gəlmişdi. 1880ci ildə təqribən 1,5 mln. nəfər şagirdi olan 23 mindən çox ibtidai mək- təb mövcud olmuşdur.

II Aleksandrın çarlığı dövründə, 50-ci illərin ortalarında Rusiyada 70 mln. yaxın əhali yaşayırdı ki, onun da yalnız 10 faizi şəhərlərdə yerləşmişdir. XIX əsrin 90-cı illərində ölkə əhalisinin sayı sürətlə artaraq 130 mln. nəfərə çatmışdır, bunların da yalnız 17 mln nəfəri, yəni 13 faizi şəhər sakinləri idi. XIX əsrin II yarısında əhalinin artımı sürətinə görə Rusiya bütün Avropa ölkələrini ötüb keçmişdi. Bu zaman Rusiyada 25 mln. çox at, 31 mln. iribuynuzlu heyvan, 12 mln. donuz, 63 mln. qoyun var idi. Ölkə kənd təsərrüfatı məhsullarının nəhəng dünya tədarükçüsünə çevrilmişdi. XIX əsrin II yarısında Rusiyanın kənd təsərrüfatı əsasən əkin sahələrinin çox hissəsinin və heyvandarlığın 80 faizdən çoxunun olduğu Avropa Rusiyasında inkişaf etmişdir. İmperiyanın Orta Asiya, Sibir, Cənubi Qafqaz kimi yerlərində əhalinin az olması səbəbilə kənd təsərrüfatı istehsalı ümümrusiya deyil, yerli əhəmiyyət kəsb edərək məhdud tələbatı ödəyirdi. Taxıl, ət, quşçuluq məhsulları əsasən Avropa Rusiyasında tədarük edilir, əkinçilik və heyvandarlıq məhsulları xarici dövlətlərə ixrac edilirdi.

Sənaye, şəhər və nəqliyyatın inkişafına baxmayaraq, II Aleksandrın çarlığı dövründə Rusiya kənd təsərrüfatı ölkəsi olaraq qalırdı. Ölkə əhalisinin 90 faizə yaxını kənd yerlərində yaşayaraq əsasən, əkinçilik, maldarlıq və kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğul olurdu. Təhkimçilik hüququnun ləğv edilməsi kəndin əmək fəaliyyətinə təsir edərək tədricən məhsul artımına səbəb olurdu. Məsələn 60-cı illərin əvvəllərində desyatindən orta hesabla 25 pud taxıl yığılırdısa, 20 ildən sonra bu 40 puda çatmışdır. Kəndli təsərrüfatları ailələrinin tələbatını ödəməklə yanaşı, bazara məhsul çıxararaq əmtəə-pul münasibətlərinə qoşulurdular. Təhkimçilik hüququnun ləğvi kəndliləri hüquqi cəhətdən torpaq sahibi mülkədarlardan azad olmalarını təmin etsə də, ağaların əlində hələ də mühüm iqtisadi vasitələr qalmışdı. 1861-ci il əsasnaməsinə görə kəndlilərin pay torpaqlarının həcmi və müvəqqəti mükəlləfiyyətlilik vəziyyəti xüsusi sənəd olan «nizamnamə qramotası» ilə təsbit olunmalı idi. Bu sənədi yerli zadəgan-mülkədarlar arasından təyin olunan hökumət nümayəndələri barışdırıcı münsiflər tərtib edirdi. Təbii olaraq, bu vəzifə sahibləri əksər hallarda zadəganların mənafeyini müdafiə edirdilər ki, bu da kəndlilərin narazılığına gətirib çıxarırdı. Belə hallar daha çox torpağın münbit və baha olduğu Rusiyanın qara torpaq zonası olan quberniyalarında baş vermişdir. Məhz imperiyanın Orlov, Kursk, Voronej, Tambov, Penza, Kiyev, Poltava, Çerniqov, Xarkov kimi qaratorpaq quberniyalarında kəndlilərə verilən pay torpağının həcmi çox az olmuşdu. Odur ki, bu rayonlarda mülkədar-kəndli münasibətlərindəki ziddiyətlər daha dərin idi.

Çox halda 3-4 desyatin ( hek.-dan bir az çox) olan kəndli pay torpağı ailənin ərzaq tələbatını ödəmirdi. Adətən 8-10 nəfər ailə üzvündən ibarət olan kəndli ailələri hesabına əhali sürətlə artdığı halda, torpaq payı olduğu kimi qalırdı. Torpaq icmanın («şura») xüsusi mülkiyyəti hesab edilir və ailə üzvü («едоков») sayına görə bölünürdü. Ailə tərkibi tez-tez dəyişildiyinə görə torpaqlarda mütəmadi olaraq yenidən bölüşdürülməli idi ki, bu da praktik olaraq mümkün deyildi. Bəzi yerlərdə torpaqların bölüşdürülməsi bir neçə onillikdə bir, bəzilərində isə təhkimçililiyin ləğvindən 1917-ci il inqilabına qədər bir dəfə də olsun bölüşdürülməmişdir. Nəticədə Rusiya imperiyasında torpaqsızlaşdırılma («обезземеливание») prosesi baş vermişdi. Kəndlilər ailə torpaqlarını öz aralarında bölüşdürərək payların kiçilməsinə, torpağa olan tələbatın kəskinləşməsinə şərait yaratmışdır.

Kənd təsərrüfatı sahəsində məhsuldarlıq olduqca aşağı idi. Kəndli təsərrüfatlarında çox halda köhnəlmiş vasitələrdən istifadə olunurdu, mühafizəkar psixologiya əkinçilərə yeni texniki vasitələrə sahib olmağa mane olurdu, kənd təsərrüfatı işlərində müasir qaydalar tətbiq edilmirdi. Köhnəlmiş üçtarlalı əkin sistemi zamanın tələbinə cavab vermirdi. Mahiyyəti ondan ibarət idi ki, iki il torpaqlar əkildikdən sonra üçüncü il dincə qoyularaq otlaq yerinə çevrilirdi. XIX əsrdə qabaqcıl ölkələrin çoxu üçtarlalı əkin sistemindən imtina edərək növbəli əkin qaydasına keçmişdir. Rusiyada isə köhnə sistem qalmaqda davam edirdi. Avropa Rusiyasının torpaqlarında təqribən 40% çovdar, 20% yulaf, 17% buğda, 7% arpa, 6% qarabaşaq, 3% darı əkilmişdi. Kartof az yayılaraq əkin sahələrinin cəmi 2%-ni təşkil edirdi. Bu əsasən Baltikyanı və Belorusun ərazilərinin payına düşürdü.

Bazara çıxarılan kənd təsərrüfatı məhsulunun əsas hissəsini kəndli təsərrüfatları təmin edirdi. Belə təsərrüfatlarda məhsuldarlıq olduqca aşağı idi. Gübrələrdən, yeni texnikadan istifadə etdikləri üçün mülkədar təsərrüfatlarının məhsuldarlığı üç dəfə yüksək idi. Əkinçilikdə istifadə edilən metal texniki avadanlığı almağa kəndlilərin vəsaiti olmadığı üçün onlar köhnə ağac kotan və xışdan istifadə edirdilər. Torpağın yalnız üst qatlarını 5-10 sm dərinlikdə şumlaya bilən xış məhsuldarlığın aşağı olmasına səbəb olurdu. Tədricən metal kotan və malanın əvvəlcə mülkədar, sonra kəndli təsərrüfatlarında tətbiqi başladı. Aztorpaqlılıq və icma təşkilatı icmaçı kəndlilərin bazar qanunları ilə işləyən istehsalçıya çevrilməsinə əngəl törədirdi. Xüsusilə qaratorpaq ərazilərdə yerləşən kəndlilərin maddi vəziyyəti ağır olaraq qalırdı. Ölkənin şəhər sisteminin inkişaf etdiyi şimal rayonlarında kəndlilər əlavə qazanc dalınca şəhərlər üz tuta bildikləri halda Avropa Rusiyasında bu daha çətin idi. Burada şəhərlər az idi, sadə kəndli məmulatını satmaq isə olduqca mürəkkəb bir məsələyə çevrilmişdi.

Kəndlərdə məhsuldarlığın aşağı olması, kəndlilərin maddi vəziyyətinin pisləşməsi hökumətin zemstvo təşkilatları vasitəsilə kəndlilər arasında müasir aqrotexniki bilikləri yaymağa səfərbər etmişdi. Bu məqsədlə dövlət vəsaiti hesabına ölkənin müxtəlif ərazilərində kəndliləri yeni bilik və təcrübə ilə silahlandırmaq üçün məktəb, kurslar açılmışdı. Ölkədə böyük marağa səbəb olan təcrübə stansiyaları, nümunəvi təsərrüfatlar təşkil edilmişdi. 1865-ci ildə Moskvada kənd təsərrüfatı sahəsində tədqiqatlarla məşğul olan, hökumət və xüsusi əkinçi və torpaq sahibkarları üçün təkliflər hazırlayan Pyotr Əkinçilik və Meşə Akademiyası açılmışdı.

II Aleksandrın hakimiyyətinin ilk dövründə Rusiya imperiyasının iqtsadi təsərrüfat vəziyyəti ağır olaraq qalırdı. Müharibə ölkənin maliyyə sistemini pozmuşdu. Çəkilən xərc gəliri ötüb keçmiş, pul dəyərini çox itirmiş, xəzinə demək olar ki, boşalmış, azad vəsait sürətlə ölkədən kənara çıxarılırdı. Qəti tədbirlər həyata keçirmək məqsədilə çar cəsarətli qərarlar verməyi bacaran yeni adamları özünə yaxınlaşdıraraq vəzifələrə təyin etməyə başladı. Onlardan biri Mixail Xristoforoviç Reytern (1820-1890) olmuşdur. Almaniyalı zadəgan nəslindən olan M.X.Reytern Rusiya və Avropanın ən yaxşı liseylərindən biri olan Tsarskoselsk liseyində təhsil almış, alman, ingilis, fransız, yunan latın dillərinə sahib idi. Nümunəvi şagird kimi xüsusilə siyasi iqtisad elminə maraq göstərmiş, iqtisadçı alimlərin əsərlərini oxumuşdur. Özünün dediyi kimi, «hesablamağı həmişə sevmişdir». 1839-cu ildə altıillik liseyi bitirdikdən sonra Maliyyə Nazirliyinin bölmələrində fəaliyyətə başlamış, 1862-ci il yanvarın 23-də Maliyyə Nazirliyinin idarə rəisi, dekabrda isə nazir vəzifəsinə təyin olunmuşdu.O hesab edirdi ki, dövlət xalq təsərrüfatının inkişafına fəal kömək etməlidir, yalnız bunun vasitəsilə Rusiyanın maliyyəsini böhran vəziyyətindən çıxarmaq olar. Nazir xüsusi sahibkarlığın təşviq edilməsinə böyük əhəmiyyət verərək maliyyə sahəsində əsaslı islahatlara başlamışdı.

Əvvəllər maliyyə idarəsi «büdcə nazirliyi» funksiyasını yerinə yetirirdi. Onun əsas vəzifəsi vergiləri toplayaraq yığılan vəsaiti müxtəlif tələbat üzrə bölüşdürməkdən ibarət olmuşdur. İdarə və müəssisələrin illik smetaları gec tərtib edilir, tez-tez dəyişdirilərək əlavə xərclər ayrılırdı. Nazirlər çalışırdı ki, Maliyyə nazirinin başı üzərindən smetada nəzərdə tutulduğundan yüksək miqdar üçün çarın razılığını alsınlar. Yeni maliyyə naziri idarənin fəaliyyət praktikasını dəyişərək əvvəllər «dövlət sirri» olan büdcə göstəricilərini hamının tanış ola bilməsi üçün açıq elan etdi. 1862-ci ildən başlayaraq dövlət xərcləri və gəlirlərinə aid cədvəl nəşr olunmuşdur. Məqsəd ondan ibarətdir ki, yeni ilə kimi dövlət smetasının formalaşması başa çatsın, büdcə göstəricilərinə olduğu kimi əməl edilsin. Maliyyə naziri çalışırdı ki, ölkənin gəlir-xərc işlərini uzlaşdıraraq bütün maliyyə sisteminin müflisləşməsinin qarşısını alsın. Bu xərclərin azaldılmasını tələb edirdi. Maliyyə nazirinin atdığı yeni addımlar başqa rəhbərlərin ciddi müqavimətilə qarşılaşmışdı. Məsələn, dövlət xərclərinin böyük bir hissəsi, təqribən 30%-i hərbi nazirliyə ayrılmışdı. Yeni maliyyə naziri sərt qənaət siyasəti yeridərək bu xərcdən 15 mln. rubl kəsilməsini tələb etmişdi. Hərbi nazir D.A.Milyutin çardan görüş alaraq yeni qalaların tikilməsi məqsədilə əlavə 21 mln. rubl vəsait ayırmağı razılaşdırmışdı. M.Reyternin istefa istəməsi çarın ürəkdən olmasa da, geri addım atmağına səbəb olmuşdur. Çünkü imperator başa düşürdü ki, iqtisadi və maliyyə sahədə islahatlar tələb olunur, bu vəzifəni isə gənc və istedadlı Reyterndən yaxşı heç kim həll edə bilməz.

XIX əsrin 60-70-ci illərində Reytern rəhbərliyi altında tətbiq olunan islahatlar həqiqətən əsl iqtisadi siyasət, Maliyyə Nazirliyi isə onun tənzimləyicisi olmuşdur. Çox rəhbərin anlamadığı halda nazir başa düşürdü ki, ölkənin maliyyə vəziyyətini sabitləşdirmək, rublun dəyərini artırmaq, tarazlaşdırılmış büdcə formalaşdırmaq üçün yalnız vergiləri artırmaq, xarici bankirlərdən borc almaq kifayət deyil. Bu məqsədlə bütün təsərrüfat həyatını sağlamlaşdırmaq, şəxsi təşəbbüskarlığı yaymaq, ölkəyə xaricdən vəsait cəlb etmək, yerli istehsala geniş meydan vermək tələb olunur.

Ölkənin qarşısında duran vəzifələrin yavaş-yavaş həll edilməsi iqtisadiyyatı dirçəltdi. Məhz Reyternin vaxtında Rusiya sırf aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilməyə başladı. Onun vaxtında ölkədə ağır sənayedə ilk böyük müasir müəssisə və ilk xüsusi ticarət bankı meydana gəlmiş, nəhəng dəmiryol layihələri həyata vəsiqə qazanmışdı. Təsadüfü deyil ki, Birinci Dünya müharibəsi ərəfəsində Rusiyanın sənaye sıçrayışından bəhs edilərək «rus iqtisadi xariqəsindən» yazarkən birinci növbədə Mixail Xristoforoviç Reytern «atalığı» qeyd olunmuşdur. Onun dövründə vergiqoyma islahatı keçirilmiş, sahibkarlıqla məşğul olanlar üçün bir çox məhdudiyyətlər ləğv edilmiş, xüsusi kompaniyaların fəaliyyəti üçün sadələşmiş qaydalar tətbiq olunmuşdur. 1863-cü ildən 1872-ci ilə kimi Rusiyada üç yüzdən artıq aksioner cəmiyyətlər təsis edilmişdir ki, bu da əvvəllər ölkədə təşkil edilən belə cəmiyyətlərdən dəfələrlə çox idi. Maliyyə naziri dövlət bank siyasətini formalaşdıraraq xüsusi kredit ticarət müəssisəsini təsis etmiş, qiymətli kağızlarla əməliyyat qaydasını nizamlamışdır. Yeni gömrük rüsumu müəyyən edilmiş, ixrac vergisi minimum həddə təsbit olunmuşdur. İdxal malları, xüsusilə ölkə sənayesi üçün nəzərdə tutulmuş maşın və xammal vergisi azaldılmışdı.

Rusiyanı müasirləşdirmək məqsədilə M.X.Reytern dəmiryolu tikintisinə xüsusi əhəmiyyət vermişdir. Krım müharibəsi nəqliyyat yollarının əhəmiyyətini qabartmışdı. Buxar gəmilərinə sahib olan İngiltərə və Fransa öz qoşunlarını daha tez əlavə qüvvə və hərbi təhcizatla təmin edirdi. Maliyyə naziri ölkənin bütün xalq təsərrüfatının inkişafında dəmiryollarının əsas vasitələrdən olduğunu nəzərə alaraq, ona xüsusi diqqət ayırmışdı. Maliyyə Nazirliyinin himayəsi altında Rusiyada dəmiryolu tikintisi sürətlə yayılmışdı. 1865-1875-ci illərdə ölkədəki dəmiryollarının uzunluğu beş dəfəyə kimi artaraq 3842-dən 19029 verstə çatmışdır. Bu məqsədlə Maliyyə Nazirliyi dövlət vəsaiti və xarici istiqrazlardan istifadə etmişdir. Tranzit xətlərini dəmiryol nəqliyyat vasitələri ilə təmin etmək məqsədilə nəhəng maşınquraşdırma və mettallurgiya zavodları tikilmişdi. Donbas və Bakının mənimsənilməsi sonradan burada rus sənayenin xammal bazasının yaranmasını təmin etmişdir. Bu tədbirlər böyük xərclər tələb etməklə bərabər, tikilmiş dəmiryol və zavodların hesabına dövlətin xəzinəsinə daxil olan gəlir artmışdı. Yük daşıması, o cümlədən xaricə ixrac edilməsi ucuz və asan başa gəlirdi. 1863-cü ildə Rusiya xarici ixracatdan 154,5 mln. rubl, 1867-ci ildə isə 244,8 mln. rubl gəlir götürmüşdü. XIX əsrin 70-ci illərinin əvvəllərində maliyyə nazirinin səyi nəticəsində rublun alıcılıq qabiliyyəti sabitləşdi, Avropa birjalarında Rusiya fondlarının qiymətləndirilməsi yüksəldi.

Maliyyə nazirinin ölkənin sənaye təkamülü yolundakı metod və vasitələrlə münasibəti tədricən dəyişilmişdi. Əvvəllər İngiltərə və ABŞ kimi sənaye sıçrayışı sayəsində zirvəyə yüksəlmiş dövlətlərin maliyyə təcrübəsini tətbiq etmək tərəfdarı olan nazir tədricən Rusiyanın xüsusi bir ölkə olduğu qənaətinə gələrək əvvəlki fikrindən daşınmışdı. Rusiyada fərqli siyasi, iqtisadi və coğrafi şəraitin olduğunu qəbul etmişdir. Banklar vəsaiti istehsala yatırmaq yerinə, qiymətli kağızlarla alver etməklə, kompaniyaları yaradanlar isə sağlam cəmiyyət yaratmaq əvəzinə təsis gəlirləri ilə, gömrük vergisinin azaldılması ilə maraqlanırdılar. Artıq 70-ci illərdə Maliyyə Nazirliyi bir tərəfdən Almaniyada olduğu kimi sahibkarlıq üzərində dövlət nəzarətini sərtləşdirmiş, başqa bir tərəfdən, möhkəm proteksionist gömrük siyasəti həyata keçirməyə başlamışdı.

Maliyyə naziri Reytern şəxsi keyfiyyətlərindən biri populyar olmayan təşəbbüsü müdafiə etməsidir. Məsələn, 60-cı illərin ortalarında o, Alyaskanın ABŞ-a satılması tərəfdarı olmuşdur. Nazir belə hesab edirdi ki, Rusiyanın bu uzaq ərazisini müdafiə etməyə, təsərrüfatını mənimsəməyə güc yoxdur. Bir halda ki bu Rusiya imperiyası üçün əlavə maliyyə xərci və başqa dövlətlərlə hərbi toqquşma təhlükəsi yaradır, ondan azad olmaq daha məqsədəuyğundur. Ünvanına söylənilən bütün tənqidlərə baxmayaraq, Alyaska 1867-ci ildə az bir məbləğə — 7,2 mln. dollara (hazırkı kursla təqribən milyard dollar) ABŞ-a satılmışdır. Əldə edilən vəsait dəmiryollarının tikintisinə sərf edilmişdir.

Reytern Rusiyanın Orta Asiyanın istilasına qarşı çıxaraq bəhs olunan əhalinin sıx olmadığı çöllük ərazilərin strateji əhəmiyyətini qəbul etmirdi. Orta Asiyanın Rusiyanın tərkibinə daxil edilməsi isə külli miqdarda vəsait və qurban tələb edirdi. Maliyyə naziri məsələ ilə bağlı çara meydana çıxa biləcək çətinliklərdən yazsa da, onun dəlilləri qəbul olunmadı. XIX əsrin 60-70-ci illərində Rusiyanın sərhədləri yavaş-yavaş cənuba, Xəzərin şərq rayonlarına doğru uzanmağa başladı. Maliyyə idarəsinin rəhbəri kimi Reytern dərk edirdi ki, mürəkkəb iqtisadi probelmərin həlli siyasi sabitlik tələb edir. Odur ki, hökmdara məruzələrində, Dövlət Şurasının iclaslarındakı çıxışlarında o müharibə əleyhinə çıxaraq beynəlxalq münasibətlərin kəskinləşməsini, müharibənin ölkənin maliyyə vəziyyətini fəlakətə salacağını vurğulamışdı.

XIX əsrin 70-ci illərində Rusiya imperiyasının cənub sərhədlərində Rusiya-Osmanlı müharibəsi təhlükəsi yarandıqda Reytern birinci olaraq silahlı münaqişənin əleyhinə çıxmışdır. II Aleksandrın slavyan xalqlarına qarşı türklərin basqınının önünü kəsməyin Rusiyanın vəzifəsi olduğu fikrinə qarşı dəfələrlə etiraz edən nazir, nəhayət, istefasını tələb etmişdir. Çar bunu qəbul etməyərək 1877-ci ildə hərbi əməliyyatların başlanması səbəbilə tələb olunan vəsaiti ayırmağı tapşırmışdır. Yalnız müharibə başa çatdıqdan sonra, yəni 1878-ci ildə onun istefası qəbul olunmuşdur. M.X.Reytern fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona ali Rusiya ordeni — Müqəddəs Andrey Pervozvannı mükafatı təqdim edilmişdir.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

0 şərh