Slavyanofillər və qərbçilər. Rus utopik sosializmi

XIX əsrin birinci yarısında Rusiyada mövcud ictimai quruluşun ideoloji nöqteyi-nəzərdən dərk edilməsi prosesi formalaşmışdır. Qraf Sergey Uvarov və onun «Rəsmi xalqçılıq nəzəriyyəsi» («Теория официальной народности») rəsmi mütləqiyyət nöqteyi-nəzərini ifadə edirdi. Bununla birlikdə fərqli ideoloji istiqamətlər də meydana çıxmışdır. XIX əsrin I yarısında daha çox özlərini «slavyanpərəstlər» («славянофилы») və «qərbçilər («западники») adlandıran iki cərəyan fərqlənmişdir.

XIX əsrin 30-40-cı illərində formalaşan slavyanpərəstlik istiqamətinin tanınmış nümayəndələri qədim zadəgan soykökündən olan A.S.Xomyakov (1804-1860), İ.V. (1806-1856) və P.V. (1808-1856) Kireyev qardaşları, İ.S. (1823-1886) və K.S. (1817-1860) Aksakov qardaşları, Y.F.Samarin (18191876) olmuşdur. Slavyanpərəstlərin mərkəzi Moskva şəhəri idi. Burada onlar Rusiyanın tarixi yolu, dünyadakı yerinə dair qızğın müzakirələr təşkil edirdilər. Slavyanpərəstlərin «Moskvalı» («Москвитянин»), «Rus», «Xəbər» («Мольва»), «Gün» («День») qəzetləri, «Rus müsahibəsi» («Русская беседа») jurnalı nəşr edilmişdir. XIX əsrin 40-50-ci illəri slavyanpərəstlərin ideyasının zirvəsi qəbul edilmişdir.

1836-cı ilin oktyabrında «Teleskop» jurnalında qadına ünvanlanmış məktub forması geydirilmiş fəlsəfə traktatı çap edilmişdir. 1829-cu il tarixi qoyulmuş məktub-traktatın müəllifinin adı yox idi. Lakin heç kim üçün sirr deyildi ki, yazı tanınmış moskvalı filosof Pyotr Yakovleviç Çaadayevin (17841856) qələminə məxsusdur. Traktat o dövrdə böyük sensasiyaya səbəb olmuşdur.

Pyotr Yakovleviç Çaadayevi

«Fəlsəfi məktubda» Rusiyanın tarixi, onun bu günü və gələcəyi sərt alçaldılmış bir şəkildə təsvir edilmişdir. Hakimiyyət tez bir vaxtda jurnalı bağladı, senzor həbs olundu, müəllif ev dustağı edilərək ona həkim-psixiatr müayinəsi təyin olundu.

Müasirlərinin çoxu, o cümlədən onun tarixi filosofluğunu qəbul etməyərək tənqid edən köhnə tanışı A.S.Puşkin 1836-cı ilin oktyabrında müəllifə göndərdiyi məktubda qeyd etmişdir ki, Qərbi Avropa ölkələrindən fərqli olaraq Rusiya tarixinin öz xüsusi alın yazısı olmuşdur. Puşkin və Çaadayev arasındakı dostcasına fikir mübadiləsi tədricən fəlsəfi fikrin iki istiqamətinin, yəni slavyan-pərəstlik və qərbçilik qruplarının yaranmasına səbəb olmuşdur. Birincilərin sələfi A.S.Puşkini, ikincilərin sələfi isə P.Y.Çaadayaevi hesab etmək olar.

Rusiyanın və Qərbi Avropa dövlətlərinin tarixinə dərindən bələd olan yüksək təhsil sahibi slavyanpərəstlər ökələrin tarixini tutuşdurub müqayisə edərək belə bir nəticəyə gəlmişdi ki, Rusiya özünəməxsus xüsusiyyətə malik ölkə olduğu üçün başqa ölkələrdən fərqli olaraq öz yolu ilə davam etməlidir. Onlar Rusiyanın nadir tarixi yolunu ölkədə sinfi mübarizənin, möhkəm silki qaydaların olmamasında, eyni zamanda mövcud kənd icmaları və pravoslavlıqda görürdü. Bu əlamətləri başqa slavyan ölkələrinin tarixində də müəyyən edən slavyan-pərəstlər Rusiyanın bütün slavyan dövlətlərini himayə edərək onları pravoslav xristian dini və pravoslav monarxiyası altında birləşdirməyə çağırırdılar.

Onlar Avropa nümunəsində hər hansı bir nümayəndəlik, yəni parlament təsisatını rədd edərək özlərinin məşhur şüarını, xalqa fikir, çara qərar verməyi ifadə edirdilər. Slavyanpərəstlər hesab edirdi ki, Rusiyada hakimiyyət heç bir yazılı qanuna, yəni konsititusiyaya əsaslanmayan mütləqiyyət formasında olmalıdır, yalnız monarxla xalq arasında sıx əlaqə mövcud olmalıdır. Odur ki, Rusiya torpaqlarının öz səsini çara çatdırması məqsədilə Zemstvo məclislərini dirçəltmək tələb olunurdu.

Mövcud Rusiya quruluşunun nöqsanlarını onlar bununla bağlayırdılar ki, ölkə özünəməxsus inkişaf yolundan çıxmışdır. Onlar bunun təqsirini I Pyotrda görür və belə hesab edirdilər ki, o, zorla Rusiyanı Qərbin yoluna döndərmiş və ruslara yabançı olan Qərb qaydaları tətbiq etmişdir. Slavyanpərəstlər Böyük Pyotrdan əvvəlki Rusiyanın patriarxal adət və qaydalarını bərpa etməyə çağırırdılar.

Slavyanpərəstlər xalqla yaxınlaşmağa, onun məişət və mədəniyyətini öyrənməyə çağırırdılar. Bu sahədə onlar çalışaraq mədəniyyət və dilə aid abidələri toplayıb kitab və sənədlər toplusu kimi çap edirdilər. P.V.Kiryevskinin birinci rus xalq mahnıları külliyyatı, V.İ.Dalın «Canlı böyük rus dili lüğəti» («Толковый словарь живого великорусского языка») buna parlaq misaldır. Slavyanpərəstlər Rusiya kəndlilərinin məişətinin, sənət və yarmarkaların tarixinin öyrənilməsinin başlanğıcını qoymuşdur.

Slavyanpərəstliklə bərabər Rusiyada ikinci bir ictimai axın, yəni qərbçilər meydana gəlmişdir. Onların tanınmış nüməyəndələri yazıçılar V.P.Botkin (1811-1869) və İ.S.Turgenev (1818-1883), Moskva Universitetinin tarixçi professorları T.N.Qranovski (1813-1855), B.N.Çiçerin (1828-1904), K.D.Kavelin (1818-1885) idi. Bu axının tərəfdarları həm rəsmi xalqçılıq nəzəriyyəsinə, həm də slavyanpərəstlik istiqamətinə qarşı mübarizə aparmışdır. Qərbçilər belə hesab edirdi ki, Rusiya Qərbi Avropa ölkələrinin yolu ilə gedərək tez bir zamanda Avropa kimi olmalıdır. Xüsusilə onlar İngiltərə və Fransadakı qaydaları ideallaşdıraraq Rusiya üçün örnək hesab edirdilər. Qərbçilər Rusiyadakı qaydaları, xüsusilə təhkimçiliyi, məmurların özbaşınalığını, iqtisadi quruluşun geriliyini sərt tənqid edirdilər. Onlar kapitalist qaydalarının, burjua dövlət quruluşunun, söz, mətbuat azadlığının lehinə çıxırdılar.

Slavyanpərəstlər Rusiyanın keçmişini ideallaşdıraraq ölkənin gələcəyi üçün onu əsas örnək aldığı halda, qərbçilər və ya «rusiyalı avropalılar» ölkənin keçmiş tarixində heç bir öyrənməli məqam görmürdülər. Onlar keçmiş Rusiya tarixində hər şeyi «qaranlıq» və «ibtidai» şəkildə təsəvvür edirdi. Onların nöqteyi-nəzərinə əsasən, «tərəqqinin işığı» Rusiyaya Qərbdən gəlir, odur ki, Böyük Pyotrun işlərini qərbçilər ruhyüksəkliyi ilə qəbul edirdi. Pyotr dövründəki amansızlıq, qan tökülməsi deyil, yalnız islahatlar onları maraqlandırmışdı.

Fransa inqilabının azadlıq, bərabərlik, qardaşlıq şüarı qərbçilərə görə ictimai təşkilatar üçün əsas oriyentir idi. Onlar Rusiyanın inqilabi yolla dəyişdirilməsinin əleyhinə olaraq kor-koranə Qərb ölkələrinin siyasi və iqtisadi təcrübəsini tətbiq etməyə çağırırdı. «Rusiyalı avropalılar» öz ağıl və gücünü İngiltərə və Fransadakı burjua-parlament quruluşunun təbliğinə, Rusiya qaydalarının amansız tənqidinə yönəltmişdir.

XIX əsrin 40-cı illərində Rusiyada ölkənin həyatını əsaslı yenidən qurulmağı nəzərdə tutan nəzəriyyə meydana çıxmışdır. Onun yaradıcı və təbliğatçılarını bəziləri inqilabçı-demokratlar, digərləri xalq sosialistləri, üçüncülər isə utopik-sosialistlər adlandırmışdır. Onların ideyaları mövcud ictimai quruluşa qarşı dərin düşmənçilik bəsləyirdi. Onlar bütün dövlət quruluşunu dəyişdirmək məqsədilə inqilab tərəfdarı idi, ölkənin keçmişini ideallaşdıran slavyanpərəstlərə qarşı amansız mübarizə aparırdılar. Qərbçiləri də burjua Avropası qarşısında əyilməkdə təqsirləndirən utopiklər onları əsas rəqib hesab etmirdilər. Onlar belə hesab edirdi ki, Rusiyadakı ideal dövlət quruluşunu rus kəndlərindəki kənd icmaları prinsipi əsasında qurmaq mümkündür. Burada bölgü əmək senzinə əsaslanmır, əsas mülkiyyət hesab edilən torpaq bütün icmaya məxsusdur, üzvlər arasındakı münasibətlər isə dövlət qanunu ilə deyil, köhnə ənənə və adətlərlə tənzimlənir. Bu ictimai fikir istiqamətinin əsasını qoymuş tanınmış ictimai xadim və rəhbərlər V.Q.Belinski (1811-1848), A.İ.Gertsen (1812-1870), N.Q.Çernışevski (1828-1889) inqilabçı və utopik sosialist idi.

Ədalətli dövlət quruluşu nəzəriyyəsi bəşər tarixinin müxtəlif mərhələlərində meydana çıxmışdır. XVI-XVIII əsrlərdə Qərbi Avropada utopiya adı almış bir neçə belə nəzəriyyə yaranmışdır. 1516-cı ildə ingilis filosofu Tomas Morun «Utopiya» əsəri nəşr edilmişdir. Bu əsərdə uydurulmuş Utopiya adasında sülh və firavanlığın hökm sürdüyü, xüsusi mülkiyyətin olmadığı, əmək fəaliyyətilə yaşamaq məqsədilə tələb edilən vəsaiti əldə etmək üçün deyil, vətəndaşların yüksək şüur səviyyəsinə ödənilməsi məqsədilə məşğul olan fantastik ölkə təsvir edilmişdi.

Belə rəvayətə əsaslanmış nəzəriyyələr insanların diqqətini cəlb edərək sonralar da daim meydana çıxmışdır. Bəziləri düşünürdü ki, insanların həyatını təşkil etməyin ədalətli formasını müəyyən etməklə ədalətsizlik, istismar və yoxsulluğa son qoymaq mümkündür. Məhz belə nəzəriyyələr XIX əsrin 40-cı illəri və ikinci yarısında Rusiyada yayılaraq çox məşhurlaşmışdır. Vissarion Qiqoryeviç Belinskinin (1811-1848) yaradıcılığı rus ictimai fikri və ictimai hərəkatı tarixində böyük əhəmiyyətə malik olmuşdur. 1834-cü ildən mətbuatda bir ədəbiyyat tənqidçisi və publisist kimi çıxış etməyə başlamış V.Belinski öz kəskin qələmi sayəsində ədəbiyyatda realizm və xəlqilik uğrunda mübarizə apararaq rus ədəbiyatının inkişafını dərindən və hərtərəfli təhlil etmiş, dahi söz ustaları A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqolun yaradıcılığını dərindən başa düşməkdə oxucuya kömək etmişdi. V.Belinskinin idealı azad və bərabərhüquqlu vətəndaşların yaşayıb çalışa biləcəyi sosializm cəmiyyəti idi. O Qərbi Avropa utopik sosialistlərindən fərqli olaraq başa düşürdü ki, sosializmə dinc yolla çatmaq mümkün deyil. Odur ki, inqilab tərəfdarı idi. V.Belinski «Qoqola məktub»unu yazaraq onu «Dostlarla yazışmadan seçilmiş yerlər» kitabındakı səhvləri üstündə tənqid edərək belə bir nəticəyə gəlmişdir ki, birinci dərəcəli vəzifələr mütləqiyyətə və təhkimçiliyə qarşı mübarizə aparmaqdan, xalq içərisində maarifi yaymaqdan ibarətdir. İstedadlı və görkəmli tənqidçi olan V.Belinski bəhs etdiyi ədəbi və bədii əsərlərə onların ideya istiqaməti nöqteyi-nəzərindən qiymət vermişdir. Əsərlərin bədii dəyərindən daha çox onu başlıca olaraq sosial ideya, ictimai istiqamət maraqlandırmışdır. Hətta ömrünün sonlarında əvvəllər yaradıcılığını bütün müəlliflərdən üstün qəbul etdiyi A.S.Puşkinin yaradıcılığını «dünənki gün» («вчерашним днем») hesab etmişdir.

İctimai fikrin, inqilabi istiqamətin başqa bir məşhur nümayəndəsi varlı mülkədar ailəsindən olan Aleksandr İvanoviç Gertsen (1812-1870) olmuşdur. Uşaqlıq və gənclik illərində çox mütaliə edən A.Gertsen gözəl təhsil alaraq 1833-cü ildə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Universitetdə təhsil aldığı illərdə A.Sen-Simon, Ş.Furye, P.Ouenin sosialist təlimi ilə maraqlanan A.Gertsen tədricən həmfikir olduğu gənclərlə dərnək təşkil edərək siyasi məsələləri, həyatın dəyişdirilməsi planını müzakirə edirdilər. 1834-cü ildə bu gizli qrupun fəaliyyətini aşkar edən hakimiyyət Gertseni əvvəl Permə, sonra Vyatkaya göndərdi ki, o quberniya dəftərxanasında məmur kimi xidmət etmişdir. 1840-cı ildə sürgün ləğv edildikdən sonra 1847-ci ildə A.Gertsen xaricə getdi, Fransadakı 1848-ci il inqilabının şahidi oldu. Monarxiyanın devrilməsini ruh yüksəkliyi ilə qəbul edən A.Gertseni burjua respublika hökumətinin üsyan etmiş fəhlələrə divan tutulması sarsıtdı, burjua quruluşunun xalqa zidd mahiyyətini başa düşdü və nəzərini Rusiyaya çevirərək ümid etdi ki, məhz onun ölkəsi bütün dünyaya inqilabi yeniləşmə yolunu göstərəcəkdir. O hesab edirdi ki, Rusiyada kəndli icması vasitəsilə sosializm qurmaq olar. Bu məqsədə çatmaq üçün kəndliləri torpaqla birlikdə təhkimçilikdən azad edərək kənd icmaları vasitəsilə bütün Rusiyada ümumi özünüidarə formasını təsbit etmək lazımdır. Bütün bu dəyşiklik A.Gertsenə görə inqilabi yolla həyata keçirilməli idi. O ümid edirdi ki, Rusiya kapitalizm quruluşunu keçirmədən kəndli icması vasitəsilə sosializmə qovuşa bilər. Gertsenin bu utopik nəzəriyyəsi «Rusiya so-sializmi» adını alaraq sonrakı rus sosialistləri və inqilabçıları nəslinin nümayəndələrinə çox əhəmiyyətli təsir göstərmişdir. 1852-ci ildə A.İ.Gertsen Londonda «Azad rus mətbəəsi»ni yaratmış, əvvəlcə «Polyarnaya zvezda» almanaxını, sonra «Kolokol» qəzetini nəşr etdirmişdir ki, bu 1857-1867-ci illəri əhatə etmişdir.

Rus sosializminin görkəmli nümayəndələrindən biri Nikolay Qavriloviç Çernışevski (1828-1889) olmuşdur. Saratov keşişinin oğlu olan N.Çernışevski Saratov dini seminariyasında, sonra Peterburq Universitetinin Tarix-filologiya fakültəsində təhsil almışdır. 1853-cü ildə Peterburqdakı qabaqcıl jurnallar olan «Oteçestvennıye zapiski» və «Sovremennik»də əməkdaşlıq etməyə başlamışdır. Çox böyük mütəfəkkir və publisist istedadı sayəsində Belinskinin işini davam etdirən N.Çernışevski bədii yaradıcılıq fəaliyyətini siyasi mübarizə vasitəsinə tabe etmişdir. Xüsusilə 1861-ci il islahatının hazırlanması və keçirilməsi ilə əlaqədar onun publisist fəaliyyəti daha fəal olmuşdur. Çarizm və mülkədarlarla heç bir sazişə getməyən N.Çernışevskinin fikrincə, yalnız xalqın öz mübarizəsi sosializm quruluşu yaranmasına gətirib çıxara bilər. Gertsen kimi Çernışevski də belə hesab edirdi ki, rus kəndində icmanın mövcud olması kapitalizmdən yan keçərək feodalizmdən bilavasitə sosializmə keçmək şəraiti yaradar. N.Çernışevski islahatın soyğunçu xarakterini ifşa edərək izah edirdi ki, kəndlilərin torpaqla azad edilməsi problemi həll edilməmişdir və Rusiyanı ancaq xalq inqilabi azadlığa çıxarıb onu dəyişdirə bilər. Hakimiyyət N.Q.Çernışevskini həbs edərək Sibirə sürgün etmiş, ömrünün son illərini Saratovda keçirən N.Q.Çernışevski orada da vəfat etmişdir.

Bütün rus inqilabçı-demokratları, yaxud utopik sosialistləri Rusiyanın ictimai və siyasi quruluşunun qızğın və istedadlı tənqidçiləri olduğu halda, onların cəmiyyəti dəyişdirmək təklifləri idillik xarakter daşıyırdı. Onlar kəndlilərin həyat tərzinin həqiqi mahiyyətini başa düşməyərək onlar arasında görmək istədikləri əmlak bərabərliyini, qarşılıqlı yardımı, qrup halında xudbinliyin olmamasını görürdülər. Əslində isə belə bir icma mövcud deyildi. Düzdür, bütün əlamətlər mövcud olmaqla yanaşı, onlarla birlikdə elə cəhətlər meydana çıxmışdı ki, onlar da icmanı ictimai etalon hesab etməyə imkan vermirdi.

İcma daha əməksevər və təşəbbüskarlara fərqlənmək imkanı verməyərək hamını minimum təminat səviyyəsində yaşamağa məcbur edirdi. Burada doğrudan da torpaq üzərində xüsusi mülkiyyət yox idi, torpaqlar ailə üzvlərinin artması ilə bağlı təkrar bölüşdürülürdü ki, bu da məhsuldar əməyə olan marağı azaldırdı. Zamanla başqasına keçmək ehtimalı torpaq əkinçilik işlərinin təkmilləşdirilməsinin qarşısını alırdı. Məhz icma yoxsulluğun və kəndlilərin həyat səviyyəsinin aşağı olmasının əsl səbəkarı idi. Çoxlu məhsul tədarük etmək başqaları ilə bölüşmək ehtimalına görə kəndliləri cəlb etmirdi.

XIX əsrin ortalarında Rusiya kəndlərində iki yüz ildən çox mövcud olmuş əmlak, təsərrüfatları idarə etməyin eyni qaydaları qalmaqda idi ki, bu da yeni, məhsuldar forma və qaydaların tətbiqinə mane olurdu. İcma kəndliləri acından ölməkdən xilas etdiyi halda, böyük və möhkəm fərdi kəndli təsərrüfatlarının yaranmasına mane olurdu. O zəifləri müdafiə edərək güclü və bacarıqlı üzvlərinin qarşısına sədd çəkirdi. İnqilabçı demokratlar isə icmanı yeni ictimai quruluşun rüşeymi hesab edirdilər.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh