Rusiya imperiyası 1725-1740-cı illərdə

I Pyotrun ölümündən II Yekaterinanın taxta çıxmasına kimi, yəni, 1725-1762-ci illər arasında Rusiya taxtında altı nəfər kişi və qadın hökmdar bir-birini əvəz etmişdir. Dövlətin başında dayanan hökmdarların hər birinin fərqli fərdi xüsusiyyətləri ilə yanaşı, ümumi cəhətləri ondan ibarət olmuşdur ki, onlardan heç biri I Pyotr kimi ölkənin ümumrifahı naminə dövlətə fədakar xidmət ideyasına sahib olmamışdır. Dövlətə əsl xidmət etmək yerinə onlar öz mənasız və cəfəng arzu və məqsədlərinin nümayişi ilə seçilmişlər. Müvəqqəti hökmdar və hökmdar qadınların başqa bir fərqli cəhəti ondan ibarətdir ki, faktiki olaraq dövləti onlar deyil, taxt-taca yaxın olan istəkliləri («фавориты») idarə etmişdir.

1722-ci ildə I Pyotrun taxtın varisini təyin etməyə dair fərman verməsinə baxmayaraq, çar qəflətən vəfat edərək öz yerinə varis təyin etməmişdir. Taxta iki namizəd var idi: biri I Pyotrun nəvəsi, edam edilən şahzadə Alekseyin oğlu Pyotr, ikincisi 1724-cü ildə rəsmi tacqoyma mərasimi ilə imperatriçə elan edilən Pyotrun arvadı Yekaterina Alekseyevna. I Pyotr varisi təyin etmək hüququndan istifadə etməyə macal tapmadığına görə taxta çar ailəsinin böyük kişi nümayəndəsi, yəni doqquz yaşlı şahzadə Pyotr sahib olmalı idi. Faktiki olaraq, imperator tacı I Pyotrun arvadı Yekaterina Alekseyevnaya qismət oldu. I Pyotrun vaxtında irəli çəkilən saray əslzadələri şahzadə Alekseyin məhkəmə işi ilə bağlı zərər görə biləcəklərini düşünərək çarın arvadının ətrafında birləşdilər. Daim birincilik uğrunda mübarizə aparan A.D.Menşikov, P.A.Tolstoy, İ.İ.Buturlin, A.V.Makarov, P.İ.Yaqujinski və b. müvəqqəti də olsa, Yekaterina Alekseyevnanı hakimiyyətə gətirmək məqsədilə birləşdilər. Ordunu öz tərəflərinə çəkmək üçün əsgərlərin 16 aylıq əməkhaqqısı ödənildi, qoşuna əlavə pul paylandı. Preobrajensk və Semyonov saray qvardiya polkları zadəganlardan ibarət xüsusi imtiyazlara sahib olmaqla yanaşı, saray çevrilişlərində xüsusi rol oynamağa başladılar. 1725-ci il yanvarın 28-nə keçən gecə hər iki qvardiya polkunun həzin təbil səsi altında sarayın həyətinə daxil olaraq Yekaterinanı müdafiə etmələri məsələnin Rusiyanın taxtına birinci qadın çariçanın əyləşdirilməsilə bitməsinə səbəb oldu. Mehriban, qayğıkeş, gözəl çariçə həm də təbiətən dayaz, məhdud düşüncəli dul qadın olaraq arzu və hisslərinin əsirinə çevrilərək nəhəng imperiyanı idarə etmək iqtidarına malik deyildir. Odur ki, real hakimiyyət Yekaterinanın istəklisi ağıllı, bir o qədər də hiyləgər və mənsəbpərəst Menşikovun əlində idi. Lakin I Pyotrun sağlığında olduğundan fərqli olaraq knyaz hətta cari məsələləri belə həlletməyə təşəbbüs göstərməyən, özünü itirmiş və əl-qolu bağlı bir adam təsiri bağışlayırdı. Buna baxmayaraq, Pyotrun başladığı bir sıra işləri tamamlamaq mümkün olmuşdur.

Məsələn, 1725-ci ilin fevralında kapitan-komandor Vitus Berinq Birinci Kamçatka səyahətinə çıxdı. I Pyotrun övladı olan Peterburq Elmlər Akademiyasının tərkibinin seçilməsi və dekbarda fəaliyyətə başlaması elan olundu.

I Pyotrun ölümündən sonra onun istəyinə əsasən rəsmi nikaha kimi Yeka-terinadan doğulan qızı Annanın Qolştinsk hersoqu Karl-Fridrixlə toyu təşkil olundu. Beləliklə, Böyük Pyotrun qızı XII Karlın oğul nəvəsinin arvadı və gələcək imperator III Pyotrun anası oldu.

Tezliklə Yekaterinanın ətrafında birləşən dünənki qaliblər öz aralarında çəkişməyə başladılar. Bu şəraitdə 1726-cı ilin fevralında imperatriçənin idarəçiliyi nəzdində Ali Gizli Şura təsis edildi. Şuraya A.D.Menşikov, qraf, generaladmiral F.M.Apraksin, qraf, kansler Q.İ.Qolovkin, qraf, diplomat, Gizli Dəftərxananın birinci rəisi P.A.Tolstoy, baron, diplomat, vitse-kansler A.İ.Osterman, knyaz D.M.Qolitsın daxil oldu. Bir az sonra Menşikovun narazılığına baxmayaraq, imperatriçənın təşəbbüsü ilə kürəkəni hersoq Karl-Fridrix də Şuranın tərkibinə daxil edildi. Ali Gizli Şura bütün kollegiyaların və başqa orqanların üzərində nəzarət funksiyasını yerinə yetirirdi. Şuranın yaranması Senatın rol və əhəmiyyətinin aşağı düşməsinə səbəb oldu. İmperatriçə yüksək mənsəb sahiblərindən dövlət işləri və dəyişikliklər haqqında öz fikirlərini yazılı təqdim etməyi tələb edərək özü isə dövlət işlərinə vaxt sərf etmək yerinə keçmiş istəklisi Villim Monsun yerini tutan «ürək dostu» Reynqold Qustav Levenvoldun iştirakı ilə uzun-uzadı bayramsayağı şənlik və eyş-işrət məclislərində iştirak edirdi. Təbii olaraq, dövlət işlərini əyləncəyə çevirən çariça və onun ətrafı böyük Pyotrun islahatlarını davam etdirmək gücündən və arzusundan çox uzaq idi. Tez-tez xəstələnən Yekaterinanın fiziki, mənəvi-əxlaqi cəhətdən dövlət işlərinə ciddi nəzarət etmək imkanının olmaması nəvəsi Pyotrun və onun arxasında dayanan ailə və qadın bağlarının nüfuzunun artmasına şərait yaratmışdır. Bunu dərk edən Menşikov azyaşlı şahzadəni qızı Mariya ilə evləndirməyi planlaşdırdı. Yekaterina vəsiyyətnaməsində Pyotru varisi elan edərək birbaşa onun Mariya Menşikova ilə evlənməsini təsbit etmişdir. Eyni zamanda Yekaterina ölümündən əvvəl Menşikovun təkidi ilə fərman imzalayaraq bu izdivacın əleyhdarlarını və knyazın potensial rəqiblərini sürgünə göndərmişdir.

I Yekaterinanın daxili siyasətindən danışarkən 1725-ci il fevralın 5-də elan edilən fərmanla hər bir nəfər kəndlidən tutulan 74 qəpiklik verginin dörd qəpik azaldılmasını və bunun xalqın sevincinə səbəb olmasını qeyd etmək olar. Lakin buna baxmaraq, vergi qalığı 1725-ci ildə 30 faiz, 1727 və 1728-ci illərdə verginin üçdə bir hissəsini təşkil etmişdir. Vergi borcunun artmasının səbəbi məmurların yığılan vergilərin bir hissəsini oğurlayıb mənimsəməsi olmuşdur. Odur ki, hökumət hər bir nəfər üzrə alınan vergilərin toplanmasını yenidən voyevodalara tapşırdı. Vergi qalığı bir tərəfdən hərbi ehtiyaclar üçün pul vəsaitinin çatışmazlığına, digər bir tərəfdən isə gəlirin azalması şəraitində məsrəflərin kəsilməsi ilə müşayiət olunurdu. Məsələn, 1726-cı ildə uzun müzakirələrdən sonra ordunun xərcini azaltmaq məqsədilə onların Pyotrun zamanında olduğu kimi, kəndlərdə deyil, ərzağın ucuz olduğu bol meşəlik zonası olan şəhərlərdə yerləşdirilməsi qərara alındı. Xərcləri azaltmaq üçün hər bir kollegiyada yalnız 6 nəfər işçi saxlamaq nəzərdə tutulurdu. 1727-ci ildə yerli idarəçilikdə bir-birini təkrarlayan bahalı əyalət, quberniya, qəza idarəetmə orqanları ləğv edildi. Şura, eyni zamanda Baş Magistrat və Yerli Şəhər magistrləri vəzifələrini ləğv edərək şəhər seçkili orqanlarını tarixə qovuşdurdu. 1727-ci ildə voyevodanın «yoldaşları» vəzifəsinin ləğv edilməsi ilə voyevodaların əvvəlki təkhakimiyyətliliyi bərpa edilmiş oldu. Beləliklə, 1727-ci ildə qəbul edilən tədbirlərlə qəza voyevodası ancaq əyalət voyevodasına, o isə quberniya voyevodasına tabe olundu. Bunların hamısı üzərində isə qubernator dayanırdı ki, bu inzibati sistem 1775-ci ilə kimi qalmışdır.

1727-ci il mayın 6-da I Yekaterina vəfat etdi. I Pyotrun 11 yaşlı nəvəsi II Pyotr taxta çıxdı. Yetkinlik yaşına (16 yaş) çatana kimi ölkəni şahzadə qızların da daxil olduğu Ali Gizli Şura idarə etməli idi. Şurada əsas söz sahibi olan Menşikov, nəhayət, çoxdankı arzsusunu gerçəkləşdirərək 1727-ci il mayın 13-də A.S.Şeindən sonra ikinci generalissiumus oldu. Mayın 25-də imperatorun təntənəli şəraitdə knyaginya Mariya Aleksandrovna Menşikova ilə nikah qeyd olundu. Menşikov hakimiyyətə tam nəzarət etmək məqsədilə kürəkənini imperatorun pis vərdişlərindən qorumaq bəhanəsi ilə öz sarayına yerləşdirdi.

Tezliklə əsl-nəcabət sahibi olan Dolqorukovları saraya yaxınlaşdıran Menşikov 18 yaşlı knyaz İvan Alekseyeviçin II Pyotrla səmimi ürək dostluğuna mane ola bilmədi. «Qəyyum» II Pyotrun layiqli «İkinci imperator» olması üçün cidd-cəhdlə oxumasını nəzərdə tutaraq Menşikova görə etibarlı və sözəbaxan Andrey İvanoviç Ostermanı onun müəllimi təyin etdi. Lakin Osterman da İvan Dolqorukov kimi yavaş-yavaş gələcək imperatora Menşikovun himayəsi və hakimiyyətindən azad olmaq fikrini aşıladı. Menşikovun bir neçə həftəlik xəstəliyi şəraitində azad hərəkət edən II Pyotr gələcək qayınatasından qaçmağa başladı. 1727-ci il sentyabrın 7-də A.Osterman Ali Gizli Şurada çarın qəyyumluqdan azad olaraq tam səlahiyyətli imperator olması haqqında fərmanı oxudu. Bu Menşikovun sonu oldu. Belə ki, II Pyotrla Menşikov arasında barışmaz ziddiyətin mahiyyəti ondan ibarət idi ki, «I Pyotrun sevimlisi Menşikov II Pyotrun sevimlisi deyil, qəyyumu olmaq istəmişdi». 1727-ci ilin sentyabrında Menşikov həbs edilərək, əmlakı müsadirə olunmaqla ailəsi ilə birlikdə Berezova sürgünə göndərildi, iki ildən sonra isə vəfat etdi.

Yeniyetmə yaşında olan və xarakteri yenicə formalaşmağa başlayan II Pyotr Ostermanla dərsləri ilə məşğul olmaq yerinə, idarəçilk işlərindən də uzaq duraraq ingilis səfiri Klavdi Rondonun yazdığı kimi, onun əsas ehtiras və şövqü ovçuluq, əyyaşlıq və mənəvi pozğunluqdan ibarət idi ki, bunları da dostu İvan Dolqorukidən öyrənmişdi. Məsələn, təkcə 1729-cu ilin iyul-avqust aylarında II Pyotr ardıcıl 55 gün ovda olmuşdur. 1729-cu il noyabrın 19-da növbəti ovdan qayıdan II Pyotr Dolqorukovların «əməyi sayəsində» elan etdi ki, 17 yaşlı Yekaterina Dolqorukova ilə evlənməyə hazırlaşır. Noyabrın 30-da 14 yaşlı imperator ürəyincə olmayan 17 yaşlı Yekaterina ilə nişanlandı. 1730-cu il yanvarın 6-da Moskva çayında xaç suyunasalma təntənəli mərasimində şaxtada başıaçıq, uzun müddət dayandığı üçün xəstələnən imperator yanvarın 18-dən 19-na keçən gecə vəfat etdi. Onun ölümü ilə Romanovların kişi nəsli üzrə sülaləsi başa çatdı.

II Pyotrun qısa müddətə də olsa hakimiyyəti dövründə 1729-cu ilin dövlət xərclərini azaltmaq məqsədilə Preobrajensk prikazı ləğv edilərək onun funksiyası Ali Gizli Şura ilə Senat arasında bölüşdürüldü. Adambaşına alınan (can) vergilərinin toplanması qəti olaraq yeni vergi kitabları əsasında qubernator və voyevodalara həvalə edildi ki, bu da oğurluğun azalmasına səbəb oldu. Maliyyə vəziyyətini qaydaya salmaq məqsədilə impertorun göstərişi ilə gömrük haqqını ödəmək şərtilə «azad tütün» ticarətinə icazə verildi. 1728-ci ildə dövlətin duz inhisarı ləğv olunaraq «azad» ticarəti elan olundu. Lakin xəzinəyə daxil olan gəlir azaldığı üçün 1731-ci ildə duzun dövlət inhisarı bərpa edildi. Uzaq Sibirdə dəmirin istehsalına nəzarətin çətinliyi hakimiyyəti hər bir adama İrkutsk və Yenisey əyalətlərində yeni zavodlar tikməyə, qızıl və gümüşdən başqa qalan bütün filiz məhsullarını gömrük haqqı ödəməklə xaricə ixrac etməyə icazə verməyə sövq etmişdir. Kəndlilərin vəziyyətini yüngülləşdirmək üçün Ali Gizli Şura mövsümi işlər vaxtı can vergisi toplamağı qadağan etmişdi. Gəmiquraşdırma sahəsində donanmanın qalerlərlə təmin edilməsinin məhdudlaşdırılması qərara alınmışdır. Ümumən azyaşlı II Pyotr müstəqil dövlət idarə etmək bacarığından uzaq olmuşdur.

II Pyotr öldükdən sonra 1730-cu il yanvarın 19-da Ali Gizli Şuranın üzvləri Q.İ.Qolovkin, D.M.Qolitsın, A.Q. və V.L.Dolqorukilər və yığıncağa dəvət edilən Sibir qubernatoru M.V.Dolqoruki, iki feldmarşal M.M.Qolitsın və V.V.Dolqoruki çar taxtına yeni namizədi irəli sürmək məqsədilə müzakirəyə başladılar. Çarlığa yalnız I Pyotrun və onun qadın xətti ilə ögey qardaşı İva-nın sülaləsindən namizəd seçilə bilərdi. I Pyotrun qızı Yelizavetanın anasının «aşağı soydan» olması səbəbi ilə hüququ çatdığı halda taxta sahib olması namizədliyi müdafiə edilmədi. Dmitri Mixayloviç Qolitsın çar İvan Alekseyeviçin ortancıl qızı Kurlyandiya hersoginyası, 37 yaşlı Annanın namizədliyi üzərində dayandı. Yığıncaqda iştirak edənlərin hamısı bir səslə onu müdafiə etdi.

Anna İvanovna 1710-cu ildə Kurlyandiya hersoqu Fridrix Vilhelmə ərə verildikdən sonra tez bir zamanda dul qalaraq Mitave hersoqluğunda yoxsul bir həyat yaşamışdır. Hersoqluqda Annanın yeganə təsəllisi rus hökumətinin rezidenti, eyni zamanda onun istəklisi Pyotr Mixayloviç Bestujev-Ryumin və ondan sonrakı istəklisi Ernst İoqann Biron olmuşdur. «Alilər» çarın mütləq hakimiyyətini saray əyanlarının xeyrinə məhdudlaşdırmaq məqsədilə səkkiz maddədən ibarət əhdnamə tərtib etdilər. İlk vaxtlar gizli tutulan əhdnamə Senat, Sinod və generallar qarşısında bəyan edildikdən sonra «alilər»ə qaşrşı müxalif olan qüvvələr sənədin səkkiz nəfərin mənafeyi naminə tərtib edildiyini və ona qarşı olduqlarını bildirdilər. Başqa bir tərəfdən isə II Pyotrun baş tutmayan toyu ilə bağlı olaraq ölkənin hər yerindən Moskvaya çoxlu zadəgan gəlmişdi. Əhdnamədən xəbər tutan zadəganlar da 416 nəfərin imzası ilə sənəd tərtib edərək güzəştlər, o cümlədən zadəgaların xidmət müddətini 20 ilə qədər azatmağı, təkvarislik qanununu ləğv etməyi, zabit kadrları hazırlamaq üçün xüsusit təhsil müəssisələri açmağı və s. təklif etdilər.

1730-cu il fevralın 10-da Anna İvanovna Moskva altındakı Vsesvyatsk kəndinə gələrək II Pyotrun yas mərasiminin başa çatmasını gözlədi. Tezliklə bura Preobrajensk polku və süvari qvardiya dəstəsi gəldi. «Alilər» çalışırdı ki, Anna İvanovna tezliklə Şuraya gəlib «təntənəli yeni dövlət quruluşunu təsdiq edib» çariça kimi fəaliyyətə başlasın. Anna İvanova isə nə Kurlyandiyaya qayıtmaq, nə də gələcək hakimiyyətini məhdudlaşdıraraq «alilərin» istəyinin icra edilməsini istəyirdi. Bu vəziyyətdə 150 nəfərin imzaladığı mütləqiyyəti tam bərpa etmək məqsədilə Ali Gizli Şuranın və baş Senatın yerinə I Pyotrun dövründə olduğu kimi vahid hökumət Senatı yaratmağı tələb edən ərizəsi məsələyə aydınlıq gətirdi. Müxalif qüvvələrin sərt mövqeyi 1730-cu ilin fevralında Anna İvanovnaya imkan verdi ki, «alilər»in tərtib etdiyi Əhdnaməni cırıb atsın, ayın 25-də isə yeni çariçanın taxta çıxması və and içməsi atəşfəşanlıqla qeyd olunsun.

Yeni fəaliyyətə başlayan imperatriçə dərhal zadəganların tələbini yerinə yetirərək Ali Məxfi Şuranı ləğv edərək I Pyotrun vaxtındakı 21 nəfərdən ibarət Senatı bərpa etdi. 1731-ci il noyabrın 6-da 3 nəfər — A.İ.Osterman, qraf Qavril İvanoviç Qolovkin, knyaz Aleksey Mixayloviç Çerkasski başda olmaqla rəsmi Ali hakimiyyət orqanı olan Nazirlər Kabinetini yaratdı. 1735-ci ildə elan etdiyi fərmanla 3 nəfər Nazirlər Kabineti üzvünün imzasının imperatriçənin dərkənarına bərabər tutmağı onun darıxdırıcı idarəçilik işlərindən uzaq qalması ilə bağlı idi. Levortun məlumatına əsasən, Qolovkin və Çerkasski Kabinetə «görüntü üçün» daxil edilmişdi. Onun «ürəyi» və əsl rəhbəri isə «daimi» vitse-kansler Osterman və onun arxasında dayanan Ernst İoqann Biron idi.

İmperatriçə zadəganlara verdiyi sözə əməl edərək, 1730-cu ildə Pyotr dövründəki mayoratı, yəni mirasın böyük oğula çatmasından bəhs edən vərəsəlik sistemini ləğv etdi. 1731-ci il mart fərmanı ilə müvəqqəti pomestya və irsi votçina mülklərinin eyni, «votçina əmlakı» olması elan edildi. İyul ayında 13-dən 17 yaşına kimi zadəgan uşaqları üçün kadet korpusu təsis olundu ki, onlar buranı bitirdikdən sonra zabit rütbəsi alırdılar.

Anna İvanovnanın hakimiyyəti dövründə xaricilərin Rusiyaya axını başladı. Onlara yol açmaq məqsədilə nüfuzlu Dolqorukilər müxtəlif bəhanələrlə paytaxtdan uzaqlaşdırıldılar, sonra isə edam olundular. Knyaz D.M.Qolitsın Şlisselburq qalasına salındı ki, orada da vəfat etdi. Anna İvanovnanın zamanı hakimiyyətin zirvəsində onun istəklisi keçmiş mehtər, indi isə baş komerger qraf Ernst İoqann Biron dayanırdı. Bironla birlikdə Rusiyanın siyasi həyatına avantüristlər — Reynqold qardaşları, Karl Levenvold, K.L.Meqden, İ.A.Korf, Q.F.Diven və b. daxil olmuşdur.

1731-ci ilin mart ayında II Pyotrun dövründə ləğv edilmiş Preobrajensk prikazı Gizli axtarış işləri dəftərxanası adı ilə bərpa olundu. Cəza orqanının başına isə I Pyotrun və P.A.Tolstoyun sadiq şagirdi, ağıllı və ehtiyatlı qraf Andrey İvanoviç Uşakov təyin olundu. Dövlət başçısına sui-qəsdin aşkar edilərək qarşısının alınması və dövlət çevrilişinə cəhdin ləğv edilməsi məqsədilə yaradılan gizli polis əslində, Bironun nəzarəti ilə hakimiyyətin siyasi rəqibləri ilə hesablaşmaq alətinə çevrilmişdir. Məsələn, keçmiş Həştərxan və Kazan qubernatoru 1738-ci ildən P.İ.Yaqujinskinin ölümündən sonra Nazirlər Kabinetinə təyin edilən A.P.Volınskinin Osterman və Bironla çəkişməsi onun böhtana uğrayaraq çariça haqqında ləyaqətsiz sözlər söyləməsi iddiası ilə həbs edilərək ağır işgəncədən sonra 1740-cı ilin iyunun 27-də dilinin kəsilərək, şaqqalanaraq edam edilməsinə səbəb oldu. Məlum olduğu kimi, bu siyasi prosesin əsl məqsədi hakimiyyətin yuxarı təbəqələrinə daxil olan alman şlyaxtaçılarına qarşı müqavimətin bitərəfləşdirilməsi idi.

Məhz imperatriçənin özünü onun istəklərinə sözsüz əməl etməyə hazır olan xaricilərlə və yerli təlxəklərlə əhatə etməsi onun uzun illər çətinlik və ehtiyacla dolu həyat yolunun bir anda aydınlığa qovuşaraq bağlı qapıların açılmasının nəticəsi idi. Gəncliyin onu tərk etdiyi bir vaxtda əldə edilən azadlıq çariçanı əyləncələr, şənlik və bayram təntənələrinə sövq etmişdir. Ətrafına yığdığı saray qulluqçuları imperatriçəni daim əyləndirib coşduraraq, gecələr ona qorxulu nağıllar danışaraq onun daha da tənbəlləşərək idarəçilik işlərindən uzaqlaşmasına bir növ zəmin hazırlayırdılar. Bütün idarəçilik işlərinə rəhbərlik Biron və 3 nəfər Nazirlər Kabineti başçısının əlində cəmləşmişdi. Ardı-arası kəsilməyən bal məclislər, atəşfəşanlıq, müxtəlif ağlasığmaz əyləncəli şənliklər az qala boşalan ölkə xəzinəsi üçün ağır yükə çevrilmişdi. Məsələn, təkcə sarayın saxlanılmasına sərf edilən pul vəsaiti I Pyotrun dövründə olduğundan beş-altı dəfə çox idi. Feldmarşal B.X.Minixin verdiyi məlumata görə, hakimiyyətə başladığı birinci ildən çariça hər gün kart oynayar, günün birinci yarısı stol arxasından qalxmadan söhbət edər və yaxud təlxəklərin qışqırıqlarına qulaq asar, gündəlik vərdişlərdən darıxdıqda isə otağında dolu olan tüfəngini əlinə alaraq, pəncərədən uçan qaranquş, qarğa, sağsağan və s. quşlara atəş açıb vurardı. Anna İvanovnanın hakimiyyətə başlamasının onilliyi münasibətilə 1740-cı ilin qışında köhnə Qış sarayı ilə admirallıq binası arasında tikilən «Buz ev»də təlxəyə biyabırçı toy edilməsi məclisi xəzinəyə rəsmi sənədə əsasən 30 min rubla başa gəlmişdi.

Tədqiqatçıların fikrinə əsasən, qeyd etmək olar ki, Anna İvanovna əsasən şəxsi xarakterli göstərişlərdən başqa dövlət idarəçilik işlərilə məşğul olmamışdır. Hökumətin bütün cari məsələrini Biron və Osterman həll edirdi. Düzdür, zaman-zaman o səfirləri qəbul edir, gəmiləri suya buraxırdı və s. Qeyd edilən kimi, yeni hakimiyyətin dövründə Senatın I Pyotrun zamanında olduğu kimi funksiyaları özünə qaytarılmaqla yanaşı, general prokuror, baş prokuror və stats-sekretar vəzifələri də bərpa edilmişdir. 1731-ci ildə Berq və Manufaktura kollegiyaları Ticarət kollegiyası ilə birləşdirildi. Məhkəmələrdəki ədalətsizliyin qarşısını almaq məqsədilə bütün mübahisəli məsələlərə «əvvəl olduğu kimi» iddiaçı və cavabdehin iştirakı ilə baxmaq tələb olunurdu. Senatın 1730-cu il fərmanına görə can vergisi toplamağı yenidən qəzalarda yerlləşən polkların zabitlərinə həvalə edildi. Məqsəd oğurluq, quldurluq və qaçqın kəndlilərin qarşısının alınması idi.

Qeyd etmək lazımdır ki, bütün tədbirlərə baxmayaraq, XVIII əsr boyu dövlət xəzinəsinə ödənilən vergi qalığı problemi daim qalmışdır. Təkcə bir faktı demək kifayətdir ki, 1732-ci ilə doğru I Yekaterina və II Pyotrun çarlığı dövrünə dövlət xəzinəsinin illik 6-7 mln. rubl gəlirinə baxmayaraq, vergi borcu 7 mln. rubl təşkil etmişdir. Yalnız adambaşına tutulan vergi borcu deyil, gömrük, tütün, dəftərxana borcu da ildən-ilə artırdı. Dövlət xəzinəsinə daxil olan vəsaiti artırmaq məqsədilə 1731-ci ildə Osterman Komissiyası ticarət sahəsində liberallaşmanı həyata keçirən bütün Rusiyada azad ticarətə icazə verdi.

Əvvəlki hakimiyyətin vaxtında olduğu kimi, donanmanın məsələsi yenidən meydana çıxmışdır. Bəzi məmurlar baha başa gələn hərbi gəmilərin yerinə, yalnız qalerlər inşa etməyi təklif etmişdir. Senator qraf S.A.Saltıkov və admiral S.S.Siversin bu təklifi rədd edərək rus donanmasını I Pyotrun dövründə olduğu kimi, yəni 27 xətt gəmisi, 6 freqat, 2 bərə, 3 bombardumançı gəmidən ibarət saxlamağı, sonra isə onların sayını artırmaq haqqında düşünməyi irəli sürdülər.

Anna İvanovanın hakimiyyəti dövründə dağ-mədən işləri sahəsindəki tədbirlər diqqəti cəlb edir. 1739-cu ildə dağ-mədən sənayesinin xüsusi adamlara verilməsi yolu açıldı. Bironun adamı general berq direkor alman A.K.Şem-berq dövlət sənayesinin xüsusi əllərə keçid şərtlərini müəyyən etməli idi. Onlar sui-istifadə edərək küllü miqdarda, yəni 400 min rubl məbləğində pulu iki il müddətində oğurlayaraq onsuz da kasıb olan dövlət xəzinəsini ziyana salmışdırlar. Bununla yanaşı, hələ I Pyotr dövründə başlayan xüsusi sahibkarlıq işi öz nəticəsini vermişdir. Məsələn, 1731-ci ildə xüsusi zavodlar 796 min pud çuqun istehsal etdiyi halda, 1740-cı ildə 1068 min nud, yəni, 34 faiz çox çuqun istehsal etmişdir. 1740-cı ildə Rusiya 25 min tonluq çuqun istehsalı ilə 17,3 min ton çuqun istehsal edən İngiltərəni qabaqlamışdır.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

0 şərh