Müasir Rusiyanın xarici siyasəti

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra onun tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini (СНГ) yaratdı. Baltikyanı respublikalarından başqa, keçmiş sovet respublikalarının hamısı MDB-də təmsil olundu. 1992-ci ilin mayın 15-də MDB ölkələri kollektiv təhlükəsizlik haqqında müqavilə imzaladı. 1993-cü il yanvarın 22-də MDB-nin Nizamnaməsi qəbul edildi. Rusiya keçmiş sovet məkanında nüfuzunu və varlığını MDB çərçivəsində səmərəli əməkdaşlıq mexanizmi əsasında davam etdirmək niyyətində idi. Digər tərəfdən, «yaxın xaric» ölkələrində xarici ölkə vətəndaşlarına çevrılən 25 mln. rus vardır ki, onların da taleyi Rusiya dövlətinin MDB daxilində yeritdiyi siyasətdən asılıdır.
Lakin MDB mövcud olduğu ilk iki il ərzində mərkəzdənqaçma meyli və keçmiş vahid SSRİ məkanının sürətlə dağılması baş verdi. 1993-cü ildə vahid valyuta — rubl sahəsinin ləğv edilməsilə ümumi iqtisadi məkan fəaliyyətini dayandırdı. Siyasi və hüquqi sistem müxtəlif istiqamətlərdə hərəkət etməyə başladı. Yeni dövlətlər müstəqil surətdə üçüncü ölkələrlə iqtisadi, siyasi, hərbi münasibətlər yaratdı. 1993-cü ildə sovet ordusunun bölünməsi və milli silahlı qüvvələrin təşkili başa çatdı. 1995-ci ilin sentyabrında B.N.Yeltsin «Rusiyanın Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərlə strateji kursu» fərmanını imzaladı. Sənədə əsasən, Birlik Rusiyanın aparıcı rolu şərtilə möhkəm geosiyasi ittifaqa çevrilməli idi. Bu məqsədlə 1990-cı illərdə MDB üzrə iki minə yaxın sənəd imzalanmasına baxmayaraq, onların böyük əksəriyyəti yerinə yetirilməmişdi. Rusiya ilə MDB ölkələri arasında iqtisadi əməkdaşlıq azalmış, qarşılıqlı hərbi-siyasi tədbirlər kollektiv təhlükəsizliyə dair 1992-ci il Daşkənd müqaviləsində nəzərdə tutulduğu miqyasda həyata keçirilməmişdi. Siyasi sahədə MDB-ni dünyada layiqli yerə sahib olan vahid siyasi dövlətlər birliyinə çevirmək mümkün olmadı. MDB ölkələri arasında humanitar sahədə də hərtərəfli əməkdaşlıq yaranmadı.

1999-cu ildən Rusiya MDB orqanlarının milli səlahiyyətlər üzərində həlledici rol oynaması siyasətindən əl çəkərək, tədricən iqtisadi əlaqələrin əsas olduğu ikitərəfli əməkdaşlığa üstünlük vermişdir.

MDB-nin tərkibinə daxil olan postsovet respublikalarının hamısı milli ordusunu yaratmışdır. Nüvə silahına nəzarət Rusiya dövlətinə məxsusdur. Belorusiya və Ukrayna ərazilərində yerləşən nüvə silahlarının Rusiyaya aparılmasına razılıq verdi. Lakin 1992-ci ilin yazında Ukrayna öz ərazisindəki nüvə silahına sahib olmaq hüququnu irəli sürdü. Qazaxıstan da oxşar təkliflə çıxış etdi. Lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət nüvə silahına iddiadan əl çəkərək, nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Rusiya hərbi-kosmik sahədə Qazaxıstanla sıx əməkdaşlığı davam etdirərək, Baykonur kosmodromunu 20 il müddətinə icarəyə götürdü.

Qara dəniz donanmasına görə Rusiya ilə Ukraynanın münasibətləri gərgin olaraq qalırdı. 1992-ci ilin avqustunda bu donanma MDB Birləşmiş silahlı qüvvələrinin tərkibindən çıxarılaraq, Rusiya və Ukraynanın birgə idarəsinə verildi. 1995-ci ilin iyununda Rusiya və Ukraynanın dövlət başçıları Qara dəniz donanmasının bölünməsini, rus və Ukrayna hərbi-dəniz qüvvələrinin yerinin müəyyən edilməsini həll etdilər. Qəti olaraq bu məsələ 1997-ci ilin mayında öz həllini tapdı. Rusiya Qara dəniz donanmasının 87 faizinə sahib olmaqla, Sevastopol hərbi-dəniz bazasını icarəyə götürmək hüququ aldı. 1997-ci il mayın 31-də Rusiya və Ukrayna Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzaladı.

Müqavilənin imzalanmasına baxmayaraq, Krım yarımadası Ukrayna ilə Rusiya arasında mübahisəli yer kimi qaldığından, bir müddət sonra Krımın Rusiya tərəfindən ilhaqı ilə başa çatdı. Belə ki, Qərblə Rusiya arasında qalan Ukraynada vəziyyətin mürəkkəbləşməsindən istifadə edən qüvvələr Krımın Rusiyaya birləşdirilməsi məsələsini gündəmə gətirdilər. Krım yarımadasında əksəriyyəti Rusiya-Ukrayna ikili vətəndaşlığı olan ruslar yaşayırlar. Sevasto-polda Rusiyanın hərbi-dəniz bazası yerləşir və 2042-ci ilə kimi bu bazada qalmaq hüququna malikdir.

Ukraynada hakimiyyətin Avropa İttifaqı ilə assosiativ razılaşmadan imtina etməsinə qarşı etiraz aksiyaları başlasa da, hərəkat tez bir zamanda istiqamətini korrupsiya və insan hüquqlarının pozulmasına qarşı yönəldi. 2013-cü il noyabrın 30-dan dekabrın 1-nə keçən gecə dinc aksiya iştirakçılarını dağıtmaq cəhdi hakimiyyətə baha başa gəldi və ölkədə durum, faktiki, nəzarətdən çıxdı. Yüz minlərlə aksiya iştirakçısı Azadlıq meydanında iqtidarın istefasını tələb etdi. Ukrayna Prezidenti Viktor Yanukoviç paytaxt Kiyevdən qaçmağa məcbur oldu. Ukraynada hakimiyyətin dəyişilməsi Rusiya Prezidenti V.V.Putin üçün çətinlik törətdi. Belə ki, prezident böyüklüyünə görə ikinci şərqi slavyan ölkəsi olan Ukraynanın gələcəkdə Avropa İttifaqının yanında yer almasından ehtiyat edirdi. Odur ki, Rusiya rusdilli əhalinin əksəriyyət təşkil etdiyi rayonlarda olduğu kimi, Krımda da yeni hakimiyyətə qarşı müxalifəti dəstəklədi. İlk növbədə, 2014-cü il martın 16-da Krımın statusu haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 96 faizdən çoxu Krım Muxtar Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinə səs verdi. Rusiya Prezidenti V.V.Putin 2014-cü il martın 18-də Krım Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında müqavilənin imzalanması barədə sərəncam verdi. Bunun ardınca, Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək, yarımadanı Krım Respublikası olaraq Federasiyanın inzibati ərazisinə daxil etdilər.
İki şərqi slavyan dövləti — Rusiya və Belarus sıx əməkdaşlıq edir. 1996-cı ilin aprelində Rusiya-Belarus birliyinin yaradılmasına dair müqavilə imzalandı. 1997-ci ildə birlik Rusiya-Belarus İttifaqına çevrildi. 1997-ci il mayın 23-də İttifaqın Nizamnaməsi qəbul edildi. Rusiya-Belarus İttifaqı tədricən konfederasiya şəklində birləşməyə doğru gedir. Rusiya və Belarus vətəndaşları azad surətdə bir ölkədən digərinə getmək, əmlaka sahib olmaq hüququna malikdir. Lakin Belarusun iqtisadiyyatı bazar münasibətlərinə keçmədiyi üçün Rusiyadan fərqlidir. Siyasi sistem isə avtoritar rejimə malik olduğundan, Rusiyanın demokratik düşüncə tərzli siyasətçilərini qorxudur. Belarusun prezidentinin siyasəti həm ölkə daxilində, həm də xaricdə ciddi tənqid edilir. O, Konstitusiyaya zidd olaraq, prezidentlik hakimiyyətinin vaxtını uzatmaqda ittiham olunur.
2000-ci ildə Belarusda müxalifət Rusiya əleyhinə mitinqlər təşkil edərək, bu ölkə ilə inteqrasiyanın əleyhinə olduqlarını nümayiş etdirdi. Müxalifət belə hesab edir ki, Rusiya Belarusu öz tərkibinə qatmağı nəzərdə tutur. Bir çox rus siyasətçiləri də belə düşünür ki, birləşmə yalnız Belarusun Rusiyanın tərkibinə qatılması ilə mümkündür.
MDB daxilində Rusiyanın mühüm tərəfdaşlarından biri Qazaxıstandır. Qazaxıstan həm də Rusiya, Qırğızıstan və Belarus ilə birlikdə Gömrük İttifaqını təşkil edir. Ölkənin ruslar və ukraynalıların sıx yaşadığı şimal bölgələrində vəziyyət daha mürəkkəbdir. Şimal hissəsindəki nüfuzlu siyasi qüvvələr bu ərazilərin Qazaxıstandan ayrılıb, Rusiyaya birləşməsini tələb edir, Qazaxıstan isə bunu ərazi bütövlüyünə qəsd sayır. Bütün bu fikir ayrılığı və çətinliklərə baxmayaraq, 2014-cü il mayın 29-da Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqının (ЕАЭС) yaradılması haqqında müqavilə imzaladılar. Avrasiya Gömrük İttifaqı əsasında yaradılan bu beynəlxalq inteqrasiya iqtisadi birliyi 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.
MDB çərçivəsində Qırğızıstan və Tacikistan Rusiya Federasiyasının yaxın tərəfdaşlarındandır. 1997-ci ildə Rusiyanın vasitəçiliyi ilə Tacikistan hökuməti ilə müxalifət arasında hərbi əməliyyatların dayandırıldı, milli barışıq komissiyası təşkil edilməsinə dair saziş imzalandı. Tacikistanın cənub sərhədlərini Rusiyanın 201-ci diviziyası qoruyur. Bu isə terrorçuların, narkotik və silah alverçilərinin sərhədi keçmələrinin qarşısına sipər çəkir.

Mərkəzi Asiyada Rusiyanın yeritdiyi siyasətin ana xəttini regiondakı münaqişələrin qarşısını alaraq, vəziyyəti sabitləşdirmək, xarici ekstremist qüvvələrin region ölkələrinə nüfuz etməsinin qarşısını almaq təşkil edir. Region dövlətləri ilə ikitərəfli əlaqələr, Şanxay əməkdaşlığı təşkilatı (ШОС) və Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (ОДКБ) çərçıvəsində münasibətlər inkişaf edir. 2009-cu ildə KTMT-nin tərkibinə Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan və Ermənistan daxil olmuşdur. Təşkilatın strukturunda beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq məqsədilə fövqəladə hallarda sürətlə hərəkət edən kollektiv təhlükəsizlik qüvvələri təşkil edilmişdir. 2009-cu ilin oktyabrında Qazaxıstanda bu qüvvələrin irimiqyaslı hərbi təlimi keçirilmişdir.

Rusiyanın Cənubi Osetiya üzündən Gürcüstanla münasibətləri gərgin olaraq qalmaqdadır. Belə ki, 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan hərbi qüvvələri Cənubi Osetiyada qayda-qanunu bərpa etmək və yerli separatçı qüvvələrin hərəkətlərinin qarşısını almaq məqsədilə əyalətin ərazisinə daxil oldular. Avqustun 8-də Rusiyanın 58-ci ordusunun birləşmələri Roki tunelini keçərək, müstəqil Gürcrüstanın ərazisinə daxil olub, Sxinvali şəhəri istiqamətində hücuma keçdilər. Beləliklə, 5 günlük Rusiya-Gürcüstan müharibəsi başladı. Canlı qüvvə və hərbi texnika cəhətdən Gürcüstan ordusundan qat-qat üstün olan Rusiya qoşunları avqustun 9-da 150 tankla Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub, əks-hücuma keçdilər. Rus qoşunları tezliklə Cənubi Osetiyanın yerli əsgərləri ilə birlikdə gürcü qoşunlarını məğlubiyyətə uğradaraq, Roki tunelini və Cənubi Osetiyanı tutdular. Beşgünlük müharibə nəticəsində 215 nəfər gürcü əsgər və zabiti öldürüldü, 283 nəfər isə yaralandı. Qarşı tərəf isə, təxminən, 400 əsgər və zabit, çox sayda mülki şəxs itirdi. Müharibədən sonra Gürcüstan Rusiya ilə quru və hava yollarını bağladı. Beşgünlük Rusiya-Gürcüstan müharibəsi rus və gürcü xalqı arasında dərin uçurum yaratdı. Abxaziya və Cənubi Osetiyanın nəzarətində olan hissəsini itirməklə, Gürcüstan suveren ərazisnin 20 faizini itirmiş oldu. 2012-ci ilin dekabrında Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan etdi ki, Rusiya Mixail Saakaşvilidən sonrakı yeni hakimiyyətlə danışıqlara hazırdır, amma qarşı tərəf bölgədəki geosiyasi dəyişiklikləri qəbul etməlidir. Tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəd xəttinin dəyişdirildiyinə görə Gürcüstan 2015-ci il avqustun 12-də növbəti dəfə Rusiya tərəfinə nota ilə müraciət etmişdir. Rusiya Gürcüstan münasibətləri bu gün də gərgin olaraq qalmaqdadır.

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də yaranıb. 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışıdr. İki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq gündən-günə inkişaf edir. Azərbaycan-Rusiya ticarət əlaqələri inkişaf edərək 2007-ci ildə 1,5 mlrd. dollar həcmində olmuşdur. Rusiya Federasiyanın prezidentləri V.V.Putin və D.A.Med-vedev 2001, 2006, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikasına rəsmi səfərə gələrək, dövlət başçısı Heydər Əliyev və İlham Əliyevlə işgüzar görüşlər keçiriblər. Bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə 2013-cü ilin avqustunda Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasına növbəti səfəri və bu səfər çərçivəsində Bakıda Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevlə işgüzar görüşü iki tərəfin qarşılıqlı əlaqələrini daha da zənginləşdirmək marağından xəbər verir. Eyni zamanda Rusiyanın dövlət başçısı V.V.Putin 2015-ci ilin iyununda Bakıda keçirilən Birinci Avropa oyunlarının rəsmi açılışında iştirak edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə işgüzar danışıqlar aparıb. Hər iki lider danışıqların səmərəli olduğunu bəyan edib.
2018-ci il sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentləri görüşərək hər iki ölkə arasında iqtisadi əməkdaşlığı müzakirə etmişdir. 2018-ci il sentyabrın 27-də Rusiya Federasiyasının Prezidenti V.V.Putin növbəti regional formun işində iştirak etmək məqsədilə Bakıda rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevlə görüşmüşdür. Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri ikitərəfli görüşün əsas məzmununu təşkil etmişdir.
İkinci Qarabağ müharibəsi Azərbaycan-Rusiya münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin genişmiqyaslı təxribat hərəkatlarına cavab olaraq Azərbaycan ordusu cəbhəboyu sürətli əkshücum əməliyyatına başlanması ilə İkinci Qarabağ müharibəsi alovlanmışdır. Altı həftə davam edən hərbi əməliyyatlarda 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və yaxud «Dəmir yumruq» əməliyyatını uğurla başa çatdıran Azərbaycan Silahlı Qüvvələri Birinci Qarabağ müharibəsi nəticəsində itirilmiş Azərbaycan torpaqlarını işğaldan azad etmişdir. Noyabrın 8-də Şuşanın azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşgah bəyanatı imzaladılar. Razılaşmaya müvafiq olaraq, erməni işğalı altında olan Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də və Laçın dekabrın 1-də Azərbaycana qaytarıldı. İki min nəfərə yaxın rus əsgəri Laçın dəhlizi boyunca 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Eyni zamanda Azərbaycan Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Həmçinin Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması məqsədi ilə anlaşma memorandumu imzalandı.
1991-ci il dekabrın 24-də Rusiya BMT-də SSRİ-nin yerini tutaraq, Təhlükəsizlik Şurasının daimi üzvü oldu. 1992-ci ilin yanvarında Təhlükəsizlik Şurasının iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edən Rusiya Prezidenti B.N.Yeltsin ABŞ Prezidenti C.Buşla «Rusiya və ABŞ arasında münasibətlərin prinsipləri haqqında» bəyannamə imzaladı. Bəyan edildi ki, iki ölkə arasında münasibətlər dostluq və tərəfdaşlıq əsasında qurulur. 1992-ci ilin martında Rusiya və MDB ölkələri Şimali Atlantika əməkdaşlığı Şurasına daxil oldu. Bu, MDB ölkələrinin NATO ilə tərəfdaşlığının əsasını qoydu. 1994-cü il mayın 5-də Rusiya və MDB-yə daxil olan keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan Respublikası NATO-nun Şərqi Avropa ölkələrinin də iştirak etdiyi «Sülh naminə tərəfdaşlıq» proqramına qoşuldu.
1995-ci ilin may ayında Rusiya Federasiyasına səfər edən ABŞ Prezidenti B.Klinton bildirdi ki, Avropanın yenidən parçalanmaması üçün, NATO-nun genişləndirilməsi tədricən həyata keçiriləcək. Bu məsələdə ABŞ-ın başlıca məqsədi Şərqi Avropa ölkələrinin bir daha Rusiyanın təsiri altına düşməsinə yol verməməkdir. ABŞ Rusiya Federasiyası ilə əməkdaşlığı Avropada yeni təhlükəsizlik sisteminin əsas elementlərindən biri saydığı üçün, həm «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində, həm də Rusiya ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı idi. 1997-ci ilin yanvar ayında NATO-nun Baş katibi Rusiyaya rəsmi səfərə gəldi. 1997-ci il mayın 10-da Helsinkidə B.Yelt-sinlə B.Klintonun görüşü oldu. 1997-ci il mayın 27-də Parisdə NATO ilə Rusiya Federasiyası arasında «Qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında akt» imzalandı. Rusiya NATO-nun genişlənməsi ilə razılaşdı, NATO isə Şərqi Avropa ölkələrində nüvə silahı yerləşdirməməyi öhdəsinə götürdü.
2002-ci ilin may ayında Rusiya NATO-nun Romada keçirilən sammitində iştirak etdi. Rusiya-NATO Şurasının yaradılmasına dair bəyannamə imzalandı. ABŞ Baltikyanı respublikaların NATO-ya daxil olmasına səy göstərirdi, Rusiya isə bunun əleyhinə idi. 2002-ci ilin noyabrında NATO-nun Praqada keçirilən sammitində Bolqarıstan, Litva, Latviya, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyaya NATO-ya daxil olmaları məqsədilə dəvətnamə göndərmək qərara alındı. 2003-cü ildə bu dövlətlərin NATO-ya qəbulu prosesi başa çatdı.

1990-cı illərdə Balkan yarımadasında cərəyan edən hadisələr Avropada və dünyada beynəlxalq münasibətləri kəskinləşdirdi. 1991-ci ilin iyununda Sloveniya və Xorvatiya müstəqilliyini elan etdi. Serbiya və Çernoqoriya vahid İttifaq dövlətinin saxlanılması tərəfdarı idi. 1991-ci ilin martında Bosniya İttifaqdan çıxdı, YSFR-in dağılması prosesi başa çatdı. 1992-ci ilin yazında hadisələrin mərkəzi serblər, müsəlmanlar və xorvatlar yaşadığı Bosniyaya keçdi və onlar arasında hərbi əməliyyatlar başladı. Qərb dövlətlərinin Bosniya münaqişəsi ilə bağlı siyasəti fəallaşdı. Rusiya NATO-nun Bosniya münaqişəsinə qoşulmasının əleyhinə çıxış edərək, şərt qoyurdu ki, bunun üçün BMT Təhlükəsizlik Şurası icazə verməlidir. ABŞ-ın Deyton şəhərində Serbiya, Xorvatiya və Bosniya arasında danışıqlar başladı, 1995-ci ilin noyabrında onlar arasında Deyton barışığı, dekabrın 14-də isə Parisdə sülh müqaviləsi imzalandı. Bosniya ərazisinin 51 faizi müsəlman-xorvat federasiyasına, 49 faizi serblərə verildi. Beləliklə, Bosniyada vahid dövlət konfederasiya formasında saxlandı.
Yuqoslaviya İttifaq Respublikası 1992-ci ildə Serbiya və Çernoqoriyanın birləşməsi nəticəsində yarandı. Kosovo albanları müstəqillik uğrunda mübarizəyə başladı. YİR polis və ordu qüvvələri ilə Kosovodakı albanları kütləvi şəkildə ölkədən qovmağa başladı. NATO qoşunları Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlayaraq, Serbiyanı bombaladı. Buna cavab olaraq, Rusiya NATO ilə əməkdaşlığı dayandırdı. Rusiya Prezidenti B.N.Yeltsin V.Çernomır-dini Yuqoslaviya böhranının həlli məsələsi üzrə xüsusi nümayəndə təyin edərək,
1999-cu il aprelin sonunda Belqrada göndərdi. V.Çernomırdin may ayının 18-də Belqradda S.Miloşeviçlə görüşüb, danışıqlar apardı. Uzun danışıqlardan sonra NATO qoşunları Kosovaya daxil oldu, qaçqın albanlar isə öz yerlərinə qayıtdılar. Helsinki və Kölndə əldə olunan razılıq Rusiyanın Kosovadakı sülhyaratma əməliyyatlarında iştirakına şərait yaratdı. 1999-cu il iyunun 20-də serb qoşunları və polisinin Kosovadan çıxarılması başa çatdı. NATO-nun Baş katibi X.Solana YİR-ə qarşı hərbi əməliyytların dayandırıldığını bildirdi.

1990-cı illərdə Rusiyanın xarici siyasətində ABŞ dövləti ilə münasibətlər həlledici yer tuturdu. Xüsusilə 90-cı illərdə soyuq müharibənin başa çatması ilə tərk-silah uğrunda mübarizənin əhəmiyyəti və beynəlxalq mübasibətlərə təsiri artmışdı. Bu sahədə konkret addım olaraq, 1993-cü il yanvarın 3-də Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının ixtisarına dair müqaviləni misal göstərmək mümkündür. Müqavilənin şərtlərinə əsasən, hər iki tərəfin strateji hücum raketlərindəki döyüş başlıqlarının sayı 3500 ədəd müəyyən edildi. Sualtı gəmilərdəki döyüş başlıqlarının sayı 1750-dən artıq ola bilməzdi.

  •   2000-ci ilin aprelində Rusiya Federasiyasının Dövlət Duması strateji hücum silahlarının ixtisarına dair 1993-cü il müqaviləsini təsdiq etdi.
  •   2001-ci il noyabrın 12-də Rusiya Federasiyasının prezidenti V.V.Putin ABŞ-da rəsmi səfərdə oldu. 2002-ci il mayın 24-də ABŞ Prezidenti C.Buş Rusiyada rəsmi səfər zamanı iki ölkə arasında «Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında» müqaviləni imzaladı. Sənədə əsasən, tərəflər
  •   2002-ci il dekabrın 31-dək qitələrarası ballistik raketlərdəki döyüş başlıqlarının sayını 1700-2200 həddinədək ixtisar etməli idi. Rusiya Federasiyası parlamenti müqaviləni 2003-cü ilin mayında təsdiq etdi.

2008-ci il sentyabrın 16-da ən böyük Amerika banklarından biri olan «Le-man Brazers»in iflas etməsi dünya iqtisadi böhranını yaratmışdır. Bu göstərdi ki, dünya iqtisadiyyatının qlobal xüsusiyyətinə baxmayaraq, onun idarə olunması aşağı səviyyədə qalır. 1997-ci ildən Rusiyanın da qoşulduğu «Böyük yed-dilik» meydana çıxmış problemləri həll etmək məqsədilə yeni inkişaf etməkdə olan ölkələri də fəaliyyətə cəlb etməyə məcbur olmuşdur. 2008-ci ilin noyabrında Vaşinqtonda Hindistan, Çin, Meksika, Braziliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və b. ölkə başçılarının iştirakı ilə «Böyük iyirmilik» («Большая двадцатка») sammiti işə başlamışdır. Qərb ölkələrinin mövqeyinin zəifləməsi yeni nüfuz mərkəzlərinin yaranmasına təkan verdi. Bunlardan biri BRİK (БРИК) — Braziliya, Rusiya, Hindistan, Çin olmuşdur. 2011-ci ildə Cənubi Afrikanın qrupa daxil olması ilə BRİKS (БРИКС) kimi dəyişmişdir. Yeni qrup dünya iqtisadi faktoru olmaqla bərabər, həm də geosiyasi birlik idi.

2010-cu il aprelin 8-də Praqada ABŞ Prezidenti B.Obama və Rusiya prezidenti D.Medvedev «Strateji hücum silahlarının məhdudlaşdıırlması və gələcəkdə ixtisar edilməsi tədbirlərinə dair» (SHS-3 — «СНВ-3») sənəd imzalanmışdır. Sənədə əsasən, yeddi il ərzində nüvə başlıqları 1550 vahid, açılmış bu-xarıcı qurğularda daşıyıcılar 700 vahid, açılmamışlarda 800 vahid müəyyənləşdirilmişdir. Xərcləri və təhlükəni azaltdığı üçün razılaşma qarşılıqlı faydalı idi. Eyni zamanda Moskva öz ərazisindən NATO-nun yük təyyarələrinə Əfqanıstana tranzit yük daşımasına icazə vermişdi. Rusiya ABŞ və Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyanı müdafiə etmişdir. Bütün bunlara baxmyaraq, Rusiya-ABŞ münasibətlərində ziddiyyət və fikir ayrılığı qalırdı. Xüsusilə Arktika regionunun zəngin ehtiyatları rəqabət dairəsi olaraq qalırdı.

  •   2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktı beynəlxalq vəziyyətə əhəmiyyətli təsir göstərdi və dünya birliyinin terrora qarşı səfərbər edilməsinə səbəb oldu. Sentyabr hadisəsi beynəlxalq təhlükəsizliyin yeni sisteminin yaranmasında Rusiyanın yerinin və rolunun əhəmiyyətini bir daha gündəmə gətirdi.

2001-ci ilin oktyabrında ABŞ sentyabr faciəsinin günahkarı hesab etdiyi Ben Ladenin «Əl-Kaida» təşkilatını cəzalandırmaq məqsədilə Əfqanıstana qarşı irimiqyaslı hərbi əməliyyata başlayaraq, Taliban hərəkatını hakimiyyətdən uzaqlaşdırdı. Üsamə Ben Laden ABŞ təhlükəsizlik qüvvələri tərəfindən 2011-ci il mayın 2-də Pakistanda məhv edildi.
2011-ci ilin yanvar-mayında dünya yeni fenomenlə qarşılaşmışdır. Bir çox ərəb ölkəsində avtoritar rejimlərə qarşı təxminən eyni vaxtda nümayişlər başlamışdır. İlk başlanğıcda bu demokratikləşmə prosesi kimi qəbul edilərək «ərəb baharı» («арабская весна») adını almışdır. Lakin xarici güclərin müdaxiləsi vəziyyəti mürəkkəbləşdirmişdir, humanitar şüarlar altında münasib olmayan rejimlər dəyişdirilmişdir. Xüsusilə Liviyada faciəli hadisələr baş vermiş, ölkənin başçısı M.Qəddafi üzərində ibtidai divantutma əməli dramatizmi ilə yaddaşlara həkk edilmişdir. Qərb ölkələri xarici silahlı qüvvələrin ölkədə qayda-qanun yaratmaq məqsədilə müdaxiləni qanun çərçivəsinə salmağa çalışdığı halda Rusiya xarici müdaxilə olmadan daxili milli dialoq yolu ilə məsələni həll etməyi təklif etmişdir. Liviya məsələsi BMT TŞ-də müzakirə edilərkən onun daimi üzvü olan Rusiyanın mövqeyini çox halda Çin də bölüşürdü.
2003-cü il martın 20-də ABŞ və Böyük Britaniya antiterror əməliyyatı pərdəsi altında İraqa daxil oldu. «Kütləvi qırğın silahı» axtaran müttəfiq hərbi hissələri real olaraq onu tapa bilmədilər. Rusiya rəhbərliyi bu təcavüzüABŞ-ın ciddi səhvi adlandırmışdır. İraq hadisəsi dünyada antiamerikanizmin və terrorizmin qol-qanad açmasına səbəb oldu.
Rusiyanın xarici siyasət xəttinin əsas istiqamətlərindən biri də Avropa dövlətləri ilə əlaqələrdir. Avropanın işlərində fəal iştirak etmək məqsədilə Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Ümumavropa Müşavirəsinin (КБСЕ) fəaliyyətində yaxından iştirak edir. Başqa Avropa birliklərindən fərqli olaraq, Rusiya bu təşkilatın tamhüquqlu üzvüdür. 1999-cu il noyabrın 18-19-da İstanbulda 54 dövlətin iştirakı ilə ATƏT-in zirvə toplantısı keçirildi. Toplantıda Avropa təhlükəsizlik xartiyası, siyasi bəyannamə və Avropada adi silahlara aid müvafiq müqavilə qəbul edildi. Rusiyanın təkidilə Xartiyada antiterror problemi geniş yer aldı. Sammitdə 1975-ci ildən sonra ATƏT-in fəaliyyəti ətraflı təhlil edilmiş, XXI əsrdə qitə dövlətləri qarşısında duran başlıca vəzifələr müəyyən edilmişdi.
Lakin Rusiyanın Avropa dövlətləri ilə əlaqələri ATƏT çərçivəsində də müəyyən problem və çətinliklərlə qarşılaşır. Rusiya tərəfi ATƏT-i özünün əsas vəzifəsi olan mövcud münaqişələri həll etmək yerinə, regionda Qərb tipli demokratiyanı yaymasına çalışdığı üçün tənqid edir. Təşkilatın bəzi üzvləri, xüsusən Polşa və Baltik dövlətləri ardıcıl antirusiya mövqeyi nümayiş etdirir. 2009-cu ilin iyulunda ATƏT-in Parlament assambleyası XX əsrdə Avropa ölkələrinin iki güclü totalitar nasist və Stalin rejimlərinin genosid və cinayəti sayəsində zərər görməsinə dair qətnamə qəbul etmişdir. Avropa parlamenti 1939-cu il avqustun 23-də imzalanan Molotov-Ribbentrop paktı gününün «sta-linizm və nasizmin qurbanlarının» anım günü kimi təsis etməyi irəli sürmüşdür. Bu gün həmçinin II Dünya müharibəsinin başlanması hesab edilməli idi. Rusiya ATƏT-in qətnaməsini antirusiya çıxışı kimi qiymətləndirərək, həm də tarixi həqiqətlərin təhqir edilməsi hesab etdi. Eyni zamanda işğalçılıq konsepsiyasının əsaslandırılması Baltik və Şərqi Avropa ölkələrindən olan «qurbanlara» kompensasiya ödənilməsini nəzərdə tuturdu.
Rusiya üçün mühüm məsələlərdən biri də iştirakçı dövlətlərin inteqrasiyasını həyata keçirən nüfuzlu təşkilat — Avropa İttifaqı (ЕС) ilə əlaqələr idi. İnteqrasiya əlaqələrinin əsasını iqtisadiyyat təşkil etməsinə baxmayaraq, birlik başqa sahələrdə də münasibətləri inkişaf etdirir. 1990-cı illərdə Aİ Rusiyanın mühüm ticarət-iqtisadi tərəfdaşı kimi çıxış etmişdir. 1994-cü il iyunun 24-də Rusiya ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzalanmış və 1997-ci ildə qüvvəyə minmişdir. Aİ Rusiya ilə keçid dövrü iqtisadiyyatı yaşayan ölkə kimi tərəfdaşlıq və əməkdaşlıq edirdi.

Rusiya ilə Aİ-nin enerji sahəsində əlaqələri intensiv inkişaf edirdi. «Qaz-prom» alman kompaniyası ilə Baltik dənizinin dibi ilə boru kəməri çəkilməsi haqqında razılığa gəlmişdi. «Şimal axını» («Северный поток») qaz kəmərinin tikintisinin təməli 2011-ci ilin noyabrında atılmışdır. Macarıstanla bağlanan sazişə əsasən, «Mavi axın» («Голубой поток») Türkiyə, Bolqarıstan və Rumıniyadan keçməklə Macarıstana daxil olurdu. Eyni zamanda Aİ və Rusiya iqtisadi təhlükəsizlik məsələsində ciddi fikir ayrılığına malikdir. Rusiyanın Ukrayna və Belarus dövlətlərilə olan qaz mübahisəsi zamanı Avropanın qışda qazsız qalması Aİ-nin mənafeyinin təhlükəyə düşməsi kimi qiymətləndirilmişdir. Odur ki, Aİ Rusiya ilə üçüncü dövlətin Rusiyanın qaz kəməri sisteminə qoşulmasını nəzərdə tutan Enerji Xartiyası imzalamasında təkid edir. Rusiya isə xarici ölkələrin öz qaz kəməri sisteminə qoşulmasını istəmir.

  •  1996-cı ildə Rusiya əsas məqsədi demokratiyanın genişləndirilməsi, insan hüquqlarının müdafiəsi, mədəniyyət məsələləri, təhsil, səhiyyə, gənclər, idman, məlumat, ətraf mühitin qorunması sahəsində əməkdaşlığın inkişafı olan Avropa Şurasına daxil olmuşdur.

1990-cı illərdə Rusiyanın Asiya-Sakit okean rayonunda xarici siyasəti dinamik inkişaf etmişdir. 90-cı illərdə ümumi ictimai məhsulun həcminə görə ABŞ və Yaponiyadan sonra dünyada üçüncü yerə çıxmış Çin Xalq Respublikasının dünyada iqtisadi və hərbi-siyasi mövqeyi xeyli möhkəmlənmişdir. SSRİ dağıldıqdan sonra 1992-ci ildə Rusiya prezidenti B.N.Yeltsin Çinə səfər edərək, iki ölkə arasında münasibətlərin inkişafını əks etdirən Pekin bəyannaməsini imzalamışdır. ÇXR Rusiyadan daha çox sənaye məhsulları və əsasən, hərbi texnika alırdı. 1991-ci ildə Rusiya ilə Çin arasında şərqi, 1994-cü ildə isə qərbi sərhəd zonalarının müəyyən edilməsinə dair sərhəd sazişləri imzalandı. 1997-ci ildə Rusiya-Çin sərhəd xətti 97 faiz məsafədə razılaşdırılmışdır. 1996-cı ilin aprelində Şanxayda Rusiya Federasiyası ilə ÇXR arasında sərhəd zonasında etimad tədbirləri haqqında saziş imzalandı. 1997-ci ildə Qazaxıstan, Qırğızıstan və Tacikistan bu sazişə qoşularaq, «Şanxay beşliyini» təşkil etdi. Sazişə görə, sərhəd boyu 7,5 min km. uzunluğu, 100 km. dərinliyi olan aşağı hərbi fəallıqda sahə təşkil edildi. «Şanxay forumu» 5 ölkənin rəhbərlərinin sərhəd məsələlərinə dair görüşlərinin keçirilməsini də nəzərdə tuturdu.

  •   1997-ci ilin aprelində Moskvada Rusiya ilə Çin arasında çoxqütblü dünya və yeni beynəlxalq qaydanın formalaşmasına dair Bəyannamə imzalandı. Tərəflər XXI əsrdə qarşılıqlı strateji fəaliyyət istiqamətində bərabərhüquqlu tərəfdaşlığın əsasını müəyyən etdilər.
  •   2002-ci il iyunun 7-də Sankt-Peterburqda Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistanın dövlət başçıları xartiya qəbul edərək «Şanxay Əməkdaşlıq Təşkilatı»nın («Шанхайская Организация Сотрудничества -ШОС») yarandığını elan etdilər. Təşkilat mühüm regional ittifaq kimi NATO-nun genişlənməsinə və regionda ABŞ-ın nüfuzunun artmasına qarşı cavab idi.
  •   2004-cü il iyulun 15-də Şanxayda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan dövlət başçılarının «Şanxay forumu»nun növbəti görüşü oldu. Hindistan və İran assosiativ üzv kimi təşkilata daxil oldu.

2001-ci il iyulun 16-da Moskvada Rusiya ilə Çin arasında 20 il müddətinə dostlüq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Sənəddə qeyd edilirdi ki, tərəflər bir-birinə qarşı qüvvə tətbiq etməkdən, nüvə silahı işlətməkdən və strateji nüvə silahı yönəltməkdən imtina edirlər.
Çinlə əməkdaşlıq Rusiya Federasiyası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çin də Rusiya kimi dünyanın gələcək inkişafını «çoxqütblük» anlayışı çərçivəsində qəbul edirdi. Son illər Rusiya-Çin ticarəti iqtisadi əlaqələri daha da inkişaf etdirmişdir. 2008-ci ildə hər iki ölkə arasında mal dövriyyəsi 56 mlrd. dolları keçmişdir. Çin Rusiyanın üçüncü tərəfdaşına, Rusiya Federasiyasına ixracat üzrə isə birinci pilləyə sahib olmuşdur. 2009-cu ilin oktyabrında Uzaq Şərq və Şərqi Sibirlə ÇXR-in şimal-şərq regionları arasında 2009-2018-ci illəri əhatə etmiş əməkdaşlıq proqramı hazırlanmışdır. 2014-cü ildə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin ÇXR-ə səfəri çərçivəsində hər iki ölkə arasında 30 il müddətində şərq marşrutu ilə Çinə 38 mlrd. m3 qaz nəql edilməsinə dair müqavilə imzalanmışdır. Bu layihəni həyata keçirmək məqsədilə «Sibrin gücü» («Сила Сибири») qaz xəttinin çəkilişinə başlanılmışdır.
Rusiya ilə Çinin əməkdaşlığı dünyada sabitliyin və güc tarazlığının qorunub saxlanmasına xidmət edirdi. Təbii olaraq, bu əməkdaşlıq ABŞ və bir çox Qərbi Avropa dövlətinin əlavə narahatlığına səbəb olmuşdur. ABŞ
Rusiyanın dünya bazarında dostu hesab etmədiyi ölkələrə, o cümlədən Çinə, Venesuella, İran və Suriyaya silah satmasına etiraz edirdi. 2006-cı ildə Rusiyanın xarici ölkələrə silah satışı 20% artaraq 6,5 mlrd. dollar təşkil etmişdir. Rusiya iddia edirdi ki, silah satışı ticarət xarakteri daşıyır, satılan silahlar isə müdafiə əhəmiyyəti kəsb edir.
Uzaq Şərqdə Rusiya-Yaponiya münasibətləri kifayət qədər sabit inkişaf edir. SSRİ dağıldıqdan sonra Yaponiya dörd adanın «hamısı birdən» formulu əsasında ona qaytarılmasını tələb etdi. 1992-ci ildə ictimaiyyətin etirazları, Saxalin vilayəti hakimiyyət orqanlarının mənfi münasibəti Rusiya rəhbərliyinin yapon tərəfinin tələbinin qəbuledilməz olduğunu bildirməsinə gətirib çıxardı. Yaponiya öz tələblərini yumşaltdıqdan sonra 1993-cü ilin noyabrında Rusiya Federasiyasının Prezidenti B.N.Yeltsin Yaponiyaya rəsmi səfər etdi. Səfər zamanı Prezident yapon xalqından 1950-ci illərdə sovet hərbi düşərgələrində olan hərbi əsirlərə göstərilən amansız münasibətə görə üzr istədi. Eyni zamanda qəbul edilmiş Tokio bəyannaməsinə əsasən, tərəflər sülh müqaviləsi imzalamaq üçün yollar axtarmağı və mübahisəli adalar problemini bu çərçivədə müzakirə etməyi öhdəsinə götürmüşdü. 1997-ci ildə B.N.Yeltsin və Yaponiyanın Baş naziri R.Xasimoto Krasnoyarskda görüşərək, mübahisəli adalar məsələsini 2000-ci ilə kimi həll etməyə dair razılığa gəlsələr də, bu məsələ hələ də həllini tapmamışdır.
1990-cı illərdə Rusiya ilə Cənubi Koreya arasında əlaqələr stabil olmuşdur. 1992-ci ildə tərəflər arasında dostlüq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu, Şərqi Asiyada ABŞ-ın müttəfiqi olan ölkələrlə imzalanmış ilk belə sənəd idi. İki ölkə arasında ticarət-iqtisadi əlaqələr xüsusilə intensiv inkişaf etmişdir. Bununla yanaşı, Moskvanın Seulla diplomatik münasibətlər yaratmsı KXDR ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdur.
90-cı illərin əvvəllərində Monqolustanda bazar iqtisadiyyatı və demokratiyaya əsaslanan cəmiyyət quruculuğuna başlandı. 1993-cü ildə Monqolustan Rusiya Federasiyası ilə, 1994-cü ildə Çinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı.

Rusiyanın Cənub-Şərqi Asiya ölkələri, Çin və Hindistanla iqtisadi və hərbi-texniki əməkdaşlığı ildən-ilə inkişaf edir. 2015-ci il sentyabrın 30-dan Rusiya ilk dəfə olaraq keçmiş SSRİ sərhədlərindən kənarda olan Suriyada genişmiqyaslı hərbi əməliyyatlarda iştirak edir. İtkilərin qarşısını almaq və əfqan səhvlərini təkrar etməmək məqsədilə hava-kosmik qüvvələrin yerdə B.Əsəd tərəfində vuruşan döyüşçülərə dəstək verilməsilə hərbi əməliyyatlar başlamışdır. Bu məqsədlə Xmeymimdə daimi aviasiya bazası təchiz edilmişdir. 30 təyyarə ilə hərbi uçuşlara başlayan Rusiya tərəfi 2016-cı ildə təyyarələrin sayını 70-ə çıxarmışdır. İldə on mindən çox uçuş təşkil edən rus hərbçiləri 30 mindən çox düşmən obyektini, 5 min terrorçunu məhv etmişdir. 2015-ci ilin yayında yalnız 14% ölkə ərazisinə nəzarət edən hökumət qüvvələri artıq ərazinin təxminən 44%-ə nəzarət edirdi. 2016-cı ilin qışından etibarən Rusiyanın hava kosmik qüvvələrinin hökumət hissələrini müdafiə etməsi nəticəsində böhranın həll olunmasının siyasi istiqaməti önə çıxmışdır. Məsələnin siyasi dialoq yolu ilə həll edilməsi iştirakçısı olan Rusiya və ABŞ-ın mövqeyi bir-birinə ziddir. Rusiya belə hesab edir ki, hazırkı mərhələdə Suriyada qarşıda duran əsas vəzifə terrorizmlə mübarizə, ölkənin ərazi bütövlüyünün bərpası, ərazinin qarışıqlıq mərkəzinə çevrilməsinə yol verilməməsi daxili qarşıdurmanı silah gücünə deyil, dialoq yolu ilə həll edilməsidir. ABŞ isə legitimliyini itirdiyi üçün B.Əsədin hakimiyyəti tərk etməsini tələb edir. Əsəd və rəqibləri arasında dialoqun başlanması Rusiya və ABŞ-ın kompromissə gəlməsinə şərait yaratsa da, Suriya məsələsini hərbi və siyasi cəhətdən tamamilə həll etmək mümkün olmamışdır.
Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, Rusiyanın dünyada fəal və müstəqil mövqeyə malik olması beynəlxalq aləmdə sabit şəraitin təminatçısı olmaqla bərabər, bütün dövlət və xalqları əhatə edən problemlərin həll edilməsində əsas rol oynayır. Rusiya Federasiyasının müasir xarici siyasət konsepsiyası Prezident V.V.Putin tərəfindən 2013-cü il fevralın 12-də təsdiq edilmişdir. Milli təhlükəsizliyin əsas məqsədi kimi şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiə edilməsi müəyyənləşdirilmişdir. Bu vəzifəyə müvafiq olaraq Rusiya dünyada sabit və möhkəm beynəlxalq münasibətlər sisteminin bərqərar olmasına səy göstərir ki, bu sistemdə də hüququn aliliyi, qarşılıqlı hörmət və bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplər önə çıxır. Rusiyanın siyasi rəhbərliyinin fikrinə əsasən, XXI əsrdə beynəlxalq münasibətlərin tənzimlənməsində alternativi olmayan BMT əsas mərkəz rolunu oynamalıdır.
Rusiyanın xarici siyasət istiqamətində hakim mövqeyindən biri də MDB dövlətlər birliyinə daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafından ibarətdir. Avrasiya İqtisadi Təşkilatı və Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatı Mərkəzi Asiya və Cənubi Qafqazda iqtisadi və siyasi sabitliyin pozulmasına qarşı MDB-yə daxil olan digər dövlətlər üçün model rolunu oynayır.
Rusiyanı coğrafi, iqtisadi, tarixi, ümumbəşəri köklərlə bağlayan Avro-At-lantik dövlətləri ilə münasibətlərin inkişafı Rusiya Federasiyasının xarici siyasətində başlıca yer tutur. Dünyadaki transmilli təhlükələrə qarşı dövlətlərin kollektiv sədd çəkməsi tələbi Rusiya, Avropa İttifaqı və ABŞ-ın qarşılıqlı tərəfdaşlığını tələb edir.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh