SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA

İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur. Qazaxıstan KP MK-nın birinci katibi kimi xam torpaqların mənimsənilməsində iştirak etmiş, 1960-cı ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdir. N.S.Xruşşovun istefasının təşkilatçılarından biri olan L.İ.Brejnev 1964-cü ilin oktyabrın 14-də Sov.İKP MK-nın birinci katibi seçildi. Yeni birinci katib yumşaq, təvazökar, protokol qaydalarına ciddi əməl edən partiya rəhbəri kimi tarixə düşmüşdür. Xüsusilə ömrünün son illərində təntənəyə, təltiflərə, tərifə aludə olan L.Brejnevin dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Müdafiə Şurasının sədri adları və vəzifələrinə sahib olmuşdur. Hakimiyyətdə olduğu müddətdə L.Brej-nev 114 dəfə SSRİ-nin Ali dövlət mükafatı ilə təltif edilmişdir. Onun ünvanına yağan tərif və təltiflər uzun müddət sovet cəmiyyətində istehza və rişxəndlə qarşılanmışdır. Eyni zamanda çox ehtiyatlı və mühafizəkar bir şəxs olan L.İ.Brejnev cəmiyyətdə sabitliyin təmin edilməsinə xüsusi önəm verirdi.
SSRİ Nazirlər Sovetinin sədri təyin edilən A.Kosıgin, Xarkov vilayət partiya komitəsinin sabiq katibi, Mərkəzi Komitənin kadr məsələsi üzrə katibi olan N.Podqornı, Rəyasət Heyətinin tərkibinə daxil edilən P.Şelest, MK-nın katibi, Partiya Nəzarət Komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini N.Şelepin və Rəyasət Heyətinin üzvü, ideologiya sahəsində məsul şəxs M.Sus-lov yeni hakimiyyətin nüvəsini təşkil edirdilər. 1964-cü ildəki noyabr Plenumu N.S.Xruşşovun dövründə sənaye və kənd partiya təşkilatlarına bölünən orqanları bütün səviyyələrdə, o cümlədən sovet, həmkarlar, komsomol təşkilatlarının vahid təşkilatlarda birləşmələrini qərara aldı. 1964-cü ilin dekabrından başlayaraq diyar, vilayət və rayon komitələri bərpa edildi. 1965-ci ildə xalq təsərrüfatı şuraları ləğv olundu və iqtisadiyyatın sahələr üzrə idarə edilmə prinsipi bərpa edildi. 1966-cı ildə Sov.İKP-nin XXIII qurultayında N.S.Xruş-şovun şəxsi təşəbbüsü ilə partiyanın Nizamnaməsinə daxil edilən seçkili partiya orqanları rəhbərlərinin vaxtaşırı məcburi dəyişdirilməsi qaydası Nizamnamədən çıxarıldı. İ.Stalin dövrünün qorxusu və N.Xruşşov dövrünün saysız-hesabsız yenilikləri ilə ümidsizliyə qapılan partiya aparatı yeni hakimiyyətin partnomenkla-turanı şəriksiz hakimiyyətə qovuşdurmasını sevinclə qarşıladı. L.İ.Brejnev XXIII qurultayda Baş katib seçildi, Mərkəzi Komitənin Rəyasət Heyəti yenidən Siyasi Büro adlandırıldı. Mərkəzi Komitənin üzvlərinin sayı 1966-cı ildəki 300 nəfərdən 10 il ərzində 40% artaraq 420 nəfərə çatdı. Şəxsi sədaqətin və başda duran rəhbərə danışıqsız tabe olmaq vərdişlərinin işçinin qabiliyyətindən ön plana keçdiyi 70-ci illərdə özünəməxsus «sovet feodalizmi»n xatırladan partiya ailəçiliyi yüksək həddə çatmışdı. Buna qarşı İ.Stalin dövlət terroru, N.S.Xruşşov isə qanuni vasitələrlə uzun müddət mübarizə aparmışdır.

Ölkənin yeni rəhbərləri Sov.İKP MK-nın birinci katibi L.Brejnev ilə SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin arasında iqtisadi strategiyanın müəyyən edilməsində fikir ayrılığı mövcud idi. L.Brejnev ilk olaraq kənd təsərrüfatı, ağır sənaye, müdafiənin, 1972-ci ildən isə «Sibirin mənimsənilməsinin» tərəfdarı idi. Hökumətin başçısı A.Kosıgin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinin əsası olan yüngül sənayeni ön plana çəkirdi. Kosıgin Aleksey Nikolayeviç (1904-1980) Peterburqda fəhlə ailəsində doğulmuşdur. Vətəndaş müharibəsi illərində Qızıl Ordu sıralarında xidmət etmiş, Leninqrad Toxuculuq İnstitutunu bitirmişdir. 1940-1946-cı illərdə SSRİ XKS sədrinin müavini kimi müəssisələrin şərqə köçürülməsi və orada ölkənin sənaye bazasının yaradılması işinə rəhbərlik etmişdir. Maliyyə, yüngül və ərzaq sənayesi nazirləri, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1964-1980-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur.

İqtisadi srategiyanın müəyyən edilməsində olduğu kimi, siyasi məsələlərin həlli yolunda da partiya rəhbərliyi arasında fikir ayrılığı və çəkişmələr qalırdı. Siyasi məsələlərin həllinə mühafizəkar münasibətin tərəfdarları L.Brejnev və özünü partiyalılıq prinsipinə söykənən təmiz sovet ideologiyasının qoruyucusu kimi təqdim edən M.Suslov idi. Onların belə mühafizəkar mövqeyi 70-ci illərin ikinci yarısında daha da güclənərək A.Kosıginin texnokrat istiqamətli tədbirlərinin məhdudlaşdırılmasına, bəzi partiya liderlərinin mövqelərinin zəiflədilməsinə yönəldi. Partiya və dövlətin üst qatlarında yerləşən rəhbər kadrların iddia və vəzifə çəkişmələri 1965-ci ilin sonuna doğru N.Xruşşovun istefaya göndərilməsinin təşkilatçılarından olan N.Podqornı və A.Şelepinin mövqeyinin xeyli zəifləməsi ilə müşayiət olundu. A.Şelepin Mərkəzi Həmkarlar Şurasının sədri təyin edilərək, əslində dövlət hakimiyyətindən uzaqlaşdırılmış oldu. N.Podqornı isə fəxri kürsü hesab edilən SSRİ Ali Sovetinin sədri seçildi. A.N.Şelepinin komsomol yoldaşı, onu DTK-nın başçısı vəzifəsində əvəz etmiş V.S.Semiçastnı 1967-ci ilin martında Stalinin qızı Svetlana Alliluyevanın daimi yaşamaq məqsədi ilə Qərbdə qaldığı səbəbi ilə vəzifəsini itirdi.

1966-cı ilin aprelində Sov.İKP-nin XXIII qurultayında Baş katib seçildikdən sonra L.İ.Brejnev müharibəyə qədər siyasi fəaliyyətə başladığı Dnepropet-rovskidən olan kadrları öz ətrafına yığmağa başladı. 1966-cı ildə N.Podqornını Mərkəzi Komitənin katibi vəzifəsində «dnepropetrovsk qruplaşması»na daxil olan A.P.Kirilenko əvəz etdi. L.Brejnevə yaxın olan K.U.Çernenko, V.V.Şerbitski, D.A.Kunayev, N.A.Şelokov mühüm vəzifələrə təyin edildilər.
Ağır sənaye, hərbi sənaye kompleksi və müdafiənin inkişafına üstünlük verən L.Brejnevin həyata keçirdiyi tədbirləri hərbçilər müdafiə edirdi. 1966-cı ilin əvvəllərində hərbçilər elan edilən azalan hərbi xərclərin yenidən baxılmasına nail oldular. Müdafiə sənayesinə rəhbərlik edən general D.F.Ustinov Mərkəzi Komitə Siyasi Bürosunun üzv namizədliyinə və Katibliyin tərkibinə daxil edildi. 1967-ci ilin martında Müdafiə Naziri P.Y.Malinovski vəfat etdikdən sonra bu vəzifəyə hərbçilərin təkidi ilə A.A.Qreçko təyin olundu. Yalnız onun ölümündən sonra 1976-cı ilin aprelində D. Ustinov müdafiə naziri təyin edildi. 1976-cı il mayın 7-də L.İ.Brejnev Sovet İttifaqı Marşalı oldu. Əslində bu partiya liderinin hərbçilərin rəhbəri ilə işbirliyinin nəticəsi idi. İki gün keçdikdən sonra Dnepropetrovsk əhalisi öz həmyerlisinin əzəmətli heykəlinin açılışında iştirak etdi.
70-ci illərdə tamamilə aydın oldu ki, 1961-ci ildə Sov.İKP Proqramında elan edilən kommunizm quruculuğu konsepsiyası, həqiqətdən, çox uzaq olub, daha çox mifə bənzəyir. Odur ki, sovet rəhbərliyi kommunizm quruculuğu və dövlətin ölüb getməsi yerinə hətta marksizm-leninizm klassiklərinin əsərlərində olmayan inkişaf etmiş sosializm konsepsiyası irəli sürdü. 1966-cı ilin dekabrın 21-də F.M.Burlatski «Pravda» qəzetində «İnkişaf etmiş sosializm cəmiyyəti quruculuğuna dair» məqalə çap etdirmişdir. 1967-ci ildə Oktyabr inqilabının 50 illyi ilə əlaqədar nitqində L.İ.Brejnev elan etdi ki, SSRİ-də artıq inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur. Bu yeni anlayış nəzəriyyə ilə həyat arasındakı uçurumu xeyli azaldaraq uzun bir tarixi mərhələni əhatə etməklə kommunizm quruculuğunu, dövlətin ölüb getməsini sonu bəlli olmayan uzaq gələcəyə istiqamətləndirirdi. 1977-ci il oktyabrın 7-də qəbul edilən Sovet Sosialist Respublikalar İttifaqının Konstitusiyası (Əsas Qanun) SSRİ-də inkişaf etmiş sosializmin qurulduğunu təsbit etdi. 1977-ci il L.İ.Brejnev Konstitusiyası girişdən, 9 bölmədən, 21 fəsildən, 174 maddədən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 1936-cı il Konstitusiyasının yalnız 13 fəsli, 146 maddəsi var idi.

Yeni Sovet Konstitusiyası elan etdi ki, SSRİ artıq proletariat diktaturası dövləti olmayıb «fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının zəhmətkeşlərinin iradəsini və mənafeyini ifadə edən ümumxalq sosialist dövlətidir». Sovet dövlətinin ümumxalq xarakteri sovetlərin yeni xalq deputatları sovetləri adında öz əksini tapmışdır. Bütün hakimiyyətin SSRİ-nin siyasi əsasını təşkil edən xalq deputatları sovetlərinə məxsus olması təsbit edilsə də, real olaraq bütün səviyyələrdə sovetlərin əslində heç bir hakimiyyəti yox idi, onlar yalnız partiya orqanlarının göstəriş və qərarlarını yerinə yetirirdilər. Konstitusiyanın 6-cı maddəsində inkişaf etmiş sosializm cəmiyyətinin siyasi sisteminin özəyi olan Kommunist Partiyasının rəhbər və istiqamətverici rolu rəsmi olaraq qanunvericilik yolu ilə təsbit edilmişdi. Bu rəsmi təsbit əslində ictimai həyatın bütün sahələrində hakim rol oynayan partiya aparatının mövqeyinin formal olaraq möhkəmlənməsi idi.
Konstitusiyada qeyd olunan əsas yenilik inkişaf etmiş sosializmin qurulmasının təsbit edilməsi və «ümumxalq dövləti»nin yaradılmasının elan edilməsidir. Beləliklə, dövlətin ölüb-getməsi qeyri-müəyyən vaxta təxirə salınaraq əsas diqqət qanunçuluğun və hüquq qaydalarının hərtərəfli möhkəmləndirilməsinə yönəldilmişdir. Dövlətin əsas vəzifəsi «sinifsiz kommunist cəmiyyəti» qurmaq idi. SSRİ-nin iqtisadi sisteminin əsasını istehsal vasitələri üzərində sosialist mülkiyyəti, siyasi sisteminin əsasını sovetlər, sosial əsasını fəhlə, kəndli və ziyalıların ittifaqı təşkil edirdi.
İnkişaf etmiş sosializmin Konstitusiyasında 1918, 1924 və 1936-cı illərdəki Konstitusiyalarda olmayan yeni xarici siyasət məsələlərindən bəhs edən bölmə yer almışdır. Xarici siyasətin əsas istiqamətinin «SSRİ-də kommunizm qurmaq» üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsinə, «dünya sosializm sisteminin mövqeyinin möhkəmləndirilməsinə, xalqların milli azadlıq və sosial tərəqqi uğrunda mübarizəsinin» müdafiəsinə yönəldilməsi nəzərdə tutulmuşdur. SSRİ-nin sosialist ölkələrinə və müstəmləkəçilikdən azad olmuş dövlətlərə münasibətdə sosialist beynəlmiləlçiliyi prinsipi təsbit edilmişdir. Praktik olaraq bu vəziyyət çox zaman xalqların suveren bərabərlik prinsipi öhdəliyinə, onların öz müqəddəratını təyin etməsi hüququnun pozulması, sosialist dövlətlərinə xarici siyasət müdaxilənin əsaslandırılması ilə müşayiət olunurdu.
İnkişaf etmiş sosializmin Kosntitusiyasına görə dövlət hakimiyyətinin ali orqanı olan ikipalatalı SSRİ Ali Soveti İttifaq Soveti və Millətlər Sovetindən ibarət idi. Ali Sovet mühüm dövlət məsələlərini, o cümlədən Ümumittifaq Konstitusiyasının dəyişdirilməsi, İttifaqın tərkibinə yeni respublikaların qəbulu, dövlət büdcəsinin, sosial və iqtisadi inkişaf planının qəbul edilməsini həll etmək hüququna malik idi. SSRİ Ali Sovetinin sessiyaları arasında onun vəzifəsini Rəyasət Heyəti yerinə yetirirdi. SSRİ Nazirlər Soveti dövlət idarəçiliyi sistemi vasitəsilə cari idarəçilik işlərinə rəhbərlik edirdi.
Yeni Brejnev Konstitusiyasında milli-dövlət quruluşu məsələsi 1936-cı il Konstitusiyasında olduğu kimi qalmışdır. 69-cu maddəyə əsasən, SSR İttifaqı «vahid çoxmillətli ittifaq dövləti» kimi təsbit edilmişdir ki, bu da mərkəzi fede-ralizmin möhkəmləndirilməsi demək idi. Bu maddə ilə ziddiyyət təşkil edən Konstitusiyanın 71-ci maddəsi hər bir respublikanın «SSRİ-dən azad çıxmaq hüququnu», 75 və 80-ci maddələr isə onların suverenliyini elan etmişdir.
1977-ci il SSRİ Kosntitusiyası Brejnev daxili və xarici siyasət istiqamətinin mühafizəkar xüsusiyyətini qəti olaraq müəyyən edib, partiyanın cəmiyyət üzərində sərt nəzarətini qanuniləşdirərək, milli məsələlərdəki təhlükəli ziddiyyətləri müəyyən müddətə dondurmuş oldu.
N.S.Xruşşovun istefasından sonra şəxsiyyətə pərəstiş siyasətinin tənqidi, demək olar ki, başa çatdı. Həbs düşərgələri və repressiyaya məruz qalan şəxslər haqqında dərc edilən məqalələr mətbuat səhifələrindən yoxa çıxdı. Rəsmi tənqid sovet tarixinə qara ləkə yaxanlara qarşı sipər aldı. Eyni zamanda mətbuatda İ.V.Stalinin Böyük Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi xidmətlərindən bəhs edən məqalələr dərc edilirdi. Hətta Sov.İKP-nin XXIII qurultayı ərəfəsində İ.Stalinə rəsmi olaraq bəraət verilməsi nəzərdə tutulduğu halda rəhbərlik açıq olaraq XX qurultayın qərarlarına yenidən baxılmasına yol verməyərək, bu məsələnin tədricən səs-küysüz həll etməyi qərara aldı. Çox güman ki, İ.V.Stalinin bəraəti ilə bağlı görkəmli elm və mədəniyyət xadimlərinin Mərkəzi Komitəyə yazdıqları etiraz məktubları və ziyalıların bu məsələyə mənfi münasibəti partiya və dövlət rəhbərliyini belə bir addım atmağa sövq etmişdir. 1969-cu ildə İ.V.Stalinin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq XX qurultayın kursunun dəyişdirilməsinə Sov.İKP-nin ali hakimiyyət nümayəndələrindən Q.İ.Voronov, K.T.Mazurov, P.M.Maşerov, D.S.Polyanski, A.N.Şelepin yenidən cəhd etsə də, ziyalıların və xarici kommunist partiyaları liderlərinin kəskin etirazı buna mane oldu. Sovet rəhbərliyi «Pravda» qəzetində İ.Stalinin fəaliyyəti haqqında ehtiyatla, ölçülü bir məlumat dərc etdirməklə kifayətləndi. Rəsmi senzura G.K.Jukovun xatirələrindən ibarət olan kitabından İ.Stalin haqqındakı tənqidi fikirləri çıxardı. Tədricən İ.Stalinin obrazı kino ekranlarında, xüsusilə Böyük Vətən müharibəsindən bəhs edən filmlərdə göründü.
L.İ.Brejnevin başçılıq etdiyi partiya elitasının İ.V.Stalinin bəraitinə cəhd etməsi A.T.Tvardovskinin başında durduğu «Yeni dünya» («Новый мир») jurnalının təmsil etdiyi cəmiyyətin liberal əhvali-ruhiyyəli hissəsinin müqaviməti ilə üzləşdi. «Yeni dünya» jurnalının tənqidçi yazarları V.Y.Lakşin, İ.T.Vinoqradov, A.İ.Kondratoviç ədəbiyyatda Stalin ənənələrinə qarşı barışmaz mübarizə aparırdılar. «Yeni dünya» jurnalının əsas opponentləri ehkamçı stalinçi mövqeyi müdafiə edən «Oktyabr» və «Molodaya qvardiya» jurnalları idi. 1969-cu ildə «Oktyabr» jurnalının baş redaktoru V.A.Koçetov «Sən nə istəyirsən» («Чего же ты хочешь») romanını çap etdirdi və bu, cəmiyyətdə ziyalılara həcv kimi qəbul edildi. Romanda partiya qurultaylarında keçmişin tənqidinin qəbul edilməz olduğundan, ölkəyə Qərbin təsirinin zərərindən bəhs edilirdi. Yazıçı liberal ziyalılarla yanaşı, «millətçi slavyanpərəstləri» də tənqid etmişdir. «Pravda» qəzeti «Yeni dünya» jurnalın düzgün olmayan ideya mövqeyinə, «Oktyabr» jurnalın çap olunan əsərləri keyfiyyətin aşağı tələbkarlığa görə tənqid etdi. «Molodaya qvardiya» jurnalı 60-cı illərin ortalarından milli əsaslara söykənən mövqedən çıxış edirdi. Onun müəllifləri M.Lobanov, S.Semanov, V.Çalmayev Rusiyanın özünəməxsus inkişafını önə çəkərək mədəniyyətin amerikalılaşdırılmasına etiraz edir, Rusiyanı qəti olaraq Qərbə, ziyalıları isə xalqa qarşı qoyaraq açıq millətçiliyə meyil edirdilər.

60-cı illərin axırlarında A.T.Tvardovskinin «Gizli Nəşr»də, sonra Qərbdə çap etdirdiyi «Yaddaş haqlılığı» («По право памяти») şəxsiyyətə pərəstişin dirçəldilməsinə qarşı yönəldilmiş antistalinçi poeması «Yeni dünya» jurnalı üzərinə hücumları gücləndirdi. Jurnalı kosmopolitizmdə təqsirləndirən Yazıçılar İttifaqının katibliyi A.Tvardovskinin bir sıra əməkdaşın redaksiya heyətindən uzaqlaşdırdı və baş redaktor da istefa verməyə məcbur oldu. Artıq əvvəlki «Yeni dünya» mövcud deyildi. Bu bir daha təsdiq etdi ki, inzibati vasitələrlə öz qələbəsini təmin edən partiya aparatı və onun rəhbərləri cəmiyyətdə açıq müzakirə aparmaq qabiliyyətindən çox uzaqdırlar. Odur ki, ictimai problemlərin həllinin müzakirələri rəsmi orqanlardan fərqli olaraq «gizli nəşr»lərə keçdi.
SSRİ-də partiya və dövlətin müəyyən etdiyi rəsmi mədəniyyətin mühafizəkar xarakteri artdıqca rəsmi olmayan, alternativ mədəniyyət geniş miqyas aldı. Daha çox əhəmiyyət kəsb edən bədii ədəbiyyat əsərləri «gizli nəşr»lər vasitəsilə çap olunurdu. A.Q.Bitovun, F.A.İskəndərin, V.Yerofeyevin əsərləri yalnız Qərbdə çap edilirdi. V.P.Aksenov, A.D.Sinyavski, V.N.Voynoviç, S.D.Dovlatov və b. yazıçılar xarici ölkələrə mühacirət etməyə məcbur oldular.

Yenistalinizm və «durğunluq» ideologiyasına qarşı duran qüvvələrdən biri də «kəndli» yazıçılar olmuşdur. F.Abramov, B.Belov, B.Mojayev, V.Ras-putin, V.Tendryakov kimi yazıçılar kollektivləşmənin rus kəndinin həyatındakı mənfi nəticələrindən ətraflı bəhs etmişlər. Bu xətti, eyni zamanda S.V.Viku-lovun baş redaktoru olduğu «Bizim müasirimiz» («Наш современник») və M.N.Alekseyevin baş redaktorluğu altında «Moskva» jurnalları davam etdirmişdir.
1970-ci il noyabrın 5-də partiyanın MK-nın Katibliyinin iclası olmuşdur. «Gənc qvardiya» («Молодая гвардия») jurnalının redaktoru, keçmiş qırıcı-təyyarəçi A.V.Nikonov, V.Çalmayev və S.Semanovun məqaləsini çap etdirdiyi üçün vəzifələrindən azad edilmişdir. Onun yerinə MK-nın təlimatçısı F.Y.Ov-çarenko təyin olundu. 1972-ci ildə onun ölümündən sonra jurnalın redaktoru vəzifəsinə keçmiş redaktorun ideya silahdaşı, «Kölgələr günorta itir» («Тени изчезают в полдень») romanının və «Əbədi çağırış» («Вечный зов». 19701976) trilogoyiasının müəllifi görkəmli yazıçı A.S.İvanov təyin edilmişdir.
Brejnev hakimiyyətinə qarşı obyektiv müxalifət mövqeyindən çıxış edən mərkəzlərdən biri 1966-cı ildə yaradılan Tarix və Mədəniyyət Abidələrini Qoruyan Ümumrusiya Cəmiyyəti olmuşdur. Hərəkatın rəhbərləri görkəmli vətənpərvərlər, arxeoloq və tarixçi B.A.Rıbakov, kimyaçı-fizik İ.V.Petryanov-Sokolov, rəssamlar P.Korin və İ.Qlazunov, yazıçılar L.Leonov, V.Solouxin, V.D.İvanov, Moskva Kreml muzeyinin rəhbəri V.N.İvanov olmuşdur. 1968-1969-cu illərdə mərkəzdə rus tarixi və mədəniyyətini kompleks şəkildə öyrənən «Rus klubu» fəaliyyətə başlamışdı ki, bu da qeyri-leqal rus ziyalılarının birliyi idi. İlk dəfə olaraq birlik rus mədəniyyəti və mənəviyyatının təşəkkülü məsələlərini müzakirə etməyə başlamışdı. Yazıçılar A.İ.Bayquşev, V.A.Çivilixin, şairlər İ.İ.Kobzev, S.Y.Kunyayev, Q.V.Serebryakov, V.V.Sorokin, tənqidçi və ədəbiyyatşünas V.A.Çalmayev, Y.L. Prokuşev, jurnalistlər İ.D.Zaxarçenko, A.V.Nikonov, QULAQ məhkum həyatı yaşamış publisist O.V.Volkov və d. klubun fəal üzvlərindən idi.
B.Ş.Okucava, Y.İ.Vizbor, Y.Ç.Kim və V.S.Vısotskinin müəllif mahnıları milyonları coşduraraq əsl şəhər folkloruna çevrilmişdi. Onların sovet reallığını tənqid edən mahnılar maqnitofon yazılışı ilə əhali arasında yayılaraq «maq-nitofon inqilabının» əsasını qoymuşdur. V.Vısotskinin azadolmayan hissləri tərənnüm edən mahnıları cəmiyyətin müxtəlif təbəqələri arasında eyni dərəcədə şöhrət qazanmışdı. Ziyalıların arasında təqibi nəticəsində Yazıçılar İttifaqı və Kinematoqrafçılar İttifaqının üzvlüyündən azad edilən və xaricə mühacirətə getməyə məcbur olan A.A.Qaliçin bədii yaradıcılığı geniş şöhrət qazanmışdır. Liberal ziyalıların hakimiyyətlə olan əlaqələrinin gündən-günə pisləşməsi onların fərqli düşünənlər hərəkatını müdafiə etməsinə səbəb oldu.
Hakimiyyətin yeritdiyi rəsmi siyasətə qarşı öz etirazlarını açıq və mərdliklə bildirən dissident hərəkatı meydana gəldi. 1968-ci il avqustun 25-də Qızıl meydanda sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə etiraz əlaməti olaraq səkkiz nəfər, o cümlədən tələbə T.Bayeva, filoloqlar K.Ba-bitski, L.Boqoraz-Bruxman, şair V.Delone, fəhlə V.Dremlyuq, fizik P.Lit-vinov, sənətşünas V.Faynberq və şairə N.Qorbanevskaya aksiya təşkil etdilər. Onların hamısı həbs edilərək həbs düşərgələrinə, sürgün və ya məcburi psixi müalicəxanaya göndərildi.

Yeni hakimiyyətin baş ideoloqu rolunu icra edən M.A.Suslov ilk gündən N.S.Xruşşov dövrünün mədəni mülayimləşmə mərhələsinə qarşı olduğunu açıq bildirdi. 1965-ci ildə yazıçılar A.D.Sinyavski «Məhkəmə gedir» («Суд идет»), «Lyubimov», Y.M.Daniel «Danışır Moskva» («Говорит Москва»), «Bağışlanma» («Искупление») adlı totalitarizmin sosial və psixoloji mahiyyətindən bəhs edən əsərlərin xaricdə və şair V.Y.Tarsisin «Sfinks» «Gizli Nəşr» jurnalında çap etdirdikləri üçün həbs edildilər. «Sovet dövlətini və ictimai quruluşunu ləkələdikləri» üçün A.Sinyavski yeddi, Y.Daniel beş il müddətinə azadlıqdan məhrum edildilər. Bu, XX qurultaydan sonra SSRİ-də keçirilən birinci açıq siyasi məhkəmə prosessi kimi tarixdə öz yerini tutdu. 1966-cı ildə Sov.İKP-nin XXIII qurultayının ünvanına görkəmli mədəniyyət xadimləri K.İ.Çukovski, İ.Q.Erenburq, V.B.Şklovski, P.Q.Antokolski, V.A.Kaverin və b. imzası ilə yazıçılar A.Sinyavski və Y.Danielin müdafiəsi məqsədilə məktubla müraciət etdilər. Eyni zamanda yaradıcı ziyalıların bir çoxu hakim partiyanın kursunu müdafiə edirdi. Onlar arasında L.S.Sobolev, S.P.Antonov, K.A.Fedin, N.S.Tixonov, K.M.Simonov, A.A.Surkov, S.V.Mixalkov və b. var idi. 1968-ci ilin aprelindən dissident hərəkatı iki-üç aydan bir gizli surətdə çap etdirdiyi «Cari hadisələrin xronikası» («Хроника текущих событий») nəşrini buraxdı ki, burada da hakimiyyətin azadlıq üzərinə hücumları öz əksini tapırdı. 1968-ci ilin aprelindən 1983-cü ilə kimi onu tərtib edən N.Y.Qorbanevskaya və b. «gizli nəşr» vasitəsilə «hüquq müdafiəçiləri bülleteni»nin 64 nömrəsini buraxmışdır.
1960-cı illərin axırlarından dissident cərəyanları «Demokratik hərəkatda» birləşərək üç ideologiya istiqaməti müəyyən etdi. Bunlar öz hərəkat proqramlarına uyğun olaraq Roe və Jores Medvedevin təmsil etdikləri «əsl marksizm-leni-nizm», A.Saxarovun liberalizm və A.Soljenitsının müdafiə etdiyi «xristian ideologiyası» istiqamətləridir. Birinci proqramın ideyası ondan ibarətdir ki, İ.Stalin marksizm-leninizm ideologiyasını təhrif etdiyi üçün onun köklərinə qayıtmaqla cəmiyyəti sağlamlaşdırmaq mümkündür. İkinci proqram tədricən Qərb tipli demokratiyaya ictimai mülkiyyəti qorumaq şərtilə keçməyi nəzərdə tuturdu. A.Soljenitsının müdafiə etdiyi üçüncü proqram xristian əxlaqı dəyərini cəmiyyətin həyatının əsası kimi irəli sürərək slavyanofillər kimi Rusiyanın özünəməxsus ənənəsini önə çəkirdi. Xüsusilə iki görkəmli tarixi şəxsiyyət A.Soljenitsın və A.Saxarov dissident hərəkatının simvolları kimi öz ölkələrində təcrid edilməklərinə baxmayaraq bütün dünyada şöhrət qazanırdılar. 1968-ci ildə Qərbdə A.İ.Soljenitsının «Dairədə birinci» («В круге первом») romanı dərc edildi ki, müəllif öz həbsinin son illərini keçirdiyi Moskva altındakı Baş Düşərgə İdarəsi sisteminə daxil olan elmi institut və konstruktor bürolarında çalışan məhbusların həyatının bir hissəsindən bəhs edir. Buna cavab olaraq hakimiyyəti təmsil edənlər onu Yazıçılar İttifaqının sıralarından xaric etdilər. 1970-ci ildə A.İ.Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1973-cü ildə yazıçının Qərbdə «QULAQ Arxipelaqı» romanının birinci cildi çapdan çıxdı. 1974-cü ilin fevralında A.Soljenitsın dövlətə xəyanət maddəsilə sovet vətəndaşlığından məhrum edilərək SSRİ-dən sürgün edildi.
1970-ci ildə Sovet İttifaqında görkəmli fizik və riyaziyyatçı alim, hidrogen bombasının yaradıcılarından biri A.D.Saxarov və məhşur riyaziyyatçı İ.R.Şa-fareviçin iştirakı ilə İnsan Hüquqlarının Müdafiə Komitəsi yaradıldı. 1973-cü ildə «Beynəlxalq əfv» təşkilatının rus bölməsi meydana gəldi. Onun üzvləri hakimiyyət orqanlarının təqibinə məruz qalan fərqli düşünənlər haqqında məlumat toplayır, onlara hüquqi və maddi yardım edir, onların fəaliyyətinə dair məlumatları beynəlxalq mərkəzlərə ötürürdülər. Xüsusilə hakimiyyəti orduya da sirayət edən fərqli düşünənlərin fəaliyyəti bərk narahat etdi. 1969-cu ildə Baltik donanması zabitlərinin yaratdığı «Demokratik hüquqlar uğrunda mübarizə ittifaqı» darmadağın edildi. 1975-ci ildə Baltik donanmasının «Storo-jevoy» gəmisində üsyan başladı, heyət xalqı mövcud rejimə qarşı çıxış etməyə çağırdı. Gəmi havadan hücuma məruz qaldı, üçüncü həmlədən sonra «sto-rojevoy» böyük qayıq əleyhinə gəminin komandirinin siyasi hissə üzrə müavini V.M.Sablinin başçılığı altındakı üsyan yatırıldı və ondan başqa heç kim cəzalandırılmadı. Təqib, təzyiq və həbslərə baxmayaraq, hüquq müdafiəçiləri hərəkatı artmaqda davam edirdi. Onun önəmli liderlərindən biri məhz akademik A.D.Saxarov idi. 1975-ci ildə ona hüquq müdafiəsi fəaliyyətinə görə Nobel sülh mükafatı təqdim edildi. Buna cavab kimi sovet hakimiyyəti mətbuat səhifələrində akademikə qarşı ittiham dolu məqalələr çap edilməsini təşkil etdi. 1980-ci ildə isə A.Saxarov əcnəbilər buraxılmayan Qorki şəhərinə sürgün edildi.
1975-ci ildə SSRİ Helsinki Yekun Aktına qol çəkdi ki, bu bir tərəfdən Avropanın müharibədən sonrakı sərhədlərini təsdiq etdiyi üçün sovet diplomatiyasının uğuru idi, digər bir tərəfdən isə Sovet İttifaqı insan hüququna hörmət etməyi öz öhdəsinə götürdüyünə görə açıq repressiyalar artıq mümkün deyildi. Yekun aktının humanitar maddələrinin pozulmasına dair məlumat toplamaq məqsədilə Y.F.Orlovun rəhbərliyi altında sovet hüquq müdafiəçiləri Moskva Helsinki Qrupunu yaratdılar. MHQ dissident hərəkatının başqa qrupları ilə sıx əməkdaşlıq edərək 1982-ci ilə kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçiləri hərəkatının fəal üzvlərinin sayı çox deyildi. 1975-ci ildə «siyasi ziyankar əməlinə» görə 20 min nəfərə yaxın adam DTK-nın «profilaktik təd-birləri»nə məruz qalmışdır. Ancaq «gizli nəşr» və xarici verilişlər nəticəsində onların fəaliyyəti ölkədə geniş əks-səda doğururdu. Hüquq müdafiəçiləri mənəvi azadlıq axtaran intellektual elita ilə qarşılıqlı əlaqə saxlayırdılar.
 
1966-1988-ci illərdə «SSRİ vətəndaşı» yüksək adını ləkələdiyi, SSRİ dövlətinin nüfuzu və təhlükəsizliyinə zərər verdiyi üçün 100 nəfərə kimi adam, o cümlədən M.S.Voslenski (1976), P.Q.Qriqorenko (1978), V.P.Aksenov (1980), V.N.Voynoviç (1986) vətəndaşlıqdan məhrum edilmişdir. Q.Vins, A.Ginzburq, V.Morov, M.Dımşits, E.Kuznetsov kimi həbsdə olan müxalifətçilər xaricdə həbs edilən iki sovet kəşfiyyatçısı ilə, V.K.Bukovski isə Çili kommunistlərinin həbsə atılan lideri L.Korvalanla dəyişdirilmişdir.
Hakimiyyət orqanları dissidentlərlə mübarizə vasitələri kimi müvafiq qanunvericilikdən və kütləvi informasiyanın qaralama kampaniyalarından istifadə edirdilər. DTK cəza tədbirlərinin başlıca təşkilatçısı idi. Dissidentlər bir qayda olaraq, sovet ümumxalq dövlətinin zəiflədilməsi və nüfuzdan salınmasına yönəldilmiş təhlükəli ictimai fəaliyyətdə, dövlət və quruluşu, SSRİ-nin xarici təhlükəsizliyini dağıtmaq məqsədilə çalışmaqda ittiham olunurdular. SSRİ Ali Məhkəməsi və Prokurorluğun rəsmi məlumatına əsasən, ölkədə 1956-1987-ci illərdə 8145 adam oxşar maddə ilə məhkum edilmişdir. 1956-1960-cı illərdə hər il orta hesabla 935, 1961-1965-ci illərdə 214, 1966-1970-ci illərdə 136, 1971-1975-ci illərdə 161, 1976-1980-ci illərdə 69, 1981-1985-ci illərdə 108 nəfər adam mühakimə olunmuşdur.
Həyat göstərdi ki, bir neçə yüz nəfər mövcud rejimə qarşı fərqli düşünən insan Qərbin də mənəvi və maddi köməyi sayəsində ölkə vətəndaşlarının böyük bir hissəsinin rəğbətini qazanaraq rejimə qarşı müxtəlif vasitələrlə mübarizə aparmışdır. Qarşıdurma hər şeydən əvvəl, cəmiyyətdəki ziddiyyətin nəticəsində baş vermişdir. Dissidentlik ideyasını dünyanın kütləvi informasiya vasitələri daha da populyarlaşdırmışdır. Təkcə akademik A.D.Saxarov 1972-1979-cu illərdə 150 mətbuat konfransı təşkil etmiş, xarici radiolar üçün 1200 veriliş hazırlamışdır.
1980-ci illərin ikinci yarısından SSRİ-də dissident hərəkatı dayandırılmışdı, həbsdə olan dissidentlər azad edilmişdir. 1986-cı ildən dissident qruplarının yerini siyasi klublar, sonra isə xalq cəbhələri tutmuşdur.
L.İ.Brejnev və onun yaxın ətrafı sovet cəmiyyətində, hətta hakimiyyət aparatında müxalifətin meydana gəlməsini görməzlikdən gələrək ölkədəki vəziyyət və onun perspektivləri haqqında açıq müzakirə açmağa cəsarət etmədilər.


Müəllif: Tahir Baxşəliyev   
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh