Sovet İttifaqında Ölkənin sosial-iqtisadi vəziyyəti

60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdı. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tətbiq olunan eksperimentlər 1953-1958-ci illərdə əldə edilən naliyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu. Yeni hakimiyyətin qarşısında duran əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.
1965-ci ilin martında keçirilən Sov.İKP MK-nın Plenumunda L.İ.Brejnev aqrar siyasətin yeni hədəflərini elan etdi. Sovxoz və kolxozların məhsulunun satınalma qiyməti artırıldı, dövlətə məhsul tədarükünün sabit planı müəyyən edildi, kolxozların pul gəlirlərindən tutulan verginin miqdarı azaldıldı. Buğda və arpanın əkin sahələri yenidən artrıldı. Kolxozlarda əməkgünü yerinə sabit pul məvacibi təyin edildi və bu, kəndlilərin həyat səviyyəsini yüksəltdi. Şəxsi həyətyanı təsərrüfata qoyulan qadağa ləğv olundu. Ət, süd, yumurta, yunun 25-dən 30%-nə kimi verən xüsusi bölməyə diqqət artırıldı. Ev mal-qarasının sayına qoyulan məhdudiyyət ləğv edildi, kolxozçulara öz təsərrüfatlarını abadlaşdırmaq məqsədilə banklardan kredit götürməyə icazə verildi. L.İ.Brejnevin təşəbbüsü ilə ilk dəfə olaraq kənd təsərrüfatına böyük miqdarda kapital qoyuluşu müəyyən edildi ki, bu da bütün investisiyanın 1/5 hissəsindən çox idi. Bunun sayəsində aqrar bölmə ilk dəfə xalq təsərrüfatı sahələri arasında önə çıxaraq hətta yüngül sənayeni ötüb keçdi. Baxmayaraq ki, L.Brejnevin dövründə xalq təsərrüfatı üçün ayrılan investisiyanın 20%-i aqrar bölmənin payına düşürdü (ABŞ-da bu 7-8%-ə çatırdı) xaricdən ərzaq, xüsusilə də taxıl idxalı getdikcə artırdı. Şəhərlərin kənd təsərrüfatı malları ilə təmin edilməsində çətinliklər yarandığı üçün ilk vəzifə olaraq bu məhsulların emal edilib saxlanılması irəli sürüldü. Doğrudan da, taxıl, kartof, tərəvəz, meyvənin 20-30%-i kolxoz-sovxoz sahələrindən istehlakçıya çatana kimi zay olurdu. Məhz bu itkinin qarşısını almaq məqsədilə nəhəng ərzaq proqramı işlənib hazırlansa da, Brejnev dövrünün başqa kənd təsərrüfatı proqramları kimi bu da səmərəsiz oldu.

30-cu illərdə, stalinizmin dövründə kolxozçulara kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olmaq qadağan edildiyi üçün bu işi yerinə yetirən müəssisələr böyük şəhərlərdə tikildiyinə görə tez xarab olan məhsul müəssisəyə çatdıralana kimi ya yollarda, ya anbarlarda və yaxud da sahələrdə zay olub gedirdi. Odur ki, 1977-1978-ci illərdən başlayaraq kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan ixtisaslaşdırılmış «istehsalat birlikləri» yaradıldı. Onlar kolxozları, sovxozları, yeyinti sənayesi müəssisələrini və imkan daxilində elmi-tədqiqat laboratoriyalarını birləşdirirdi. 1982-ci ildə aqrar bölmədəki ağır vəziyyət daha qəti addım kimi Aqrosənaye Komplekslərinin (АПК) yaradılmasına gətirib çıxardı. Eyni ərazidə yerləşən kolxozlar, sovxozlar, kənd təsərrüfatının ehtiyaclarını təmin edən maşınqayırma və kimya istehsalı müəssisələri, kənd təsərrüfatı üçün xammal emal edən müəssisələr regional ASK-də birləşdilər. Bu yenidənqurma əslində kənd təsərrüfatının inteqrasiyasını təmin edərək işlərin daha operativ həllinə şərait yaratmalı idi. Lakin mövcud olduğu illər ərzində aqrosənaye kompleksləri, hər şeydən əvvəl, inzibati birlik olaraq qaldı və həyatın tələblərinə cavab verən iqtisadi təşkilata çevrilə bilmədi. İslahat nəticəsində yeni yaranan inzibati strukturlar kənd təsərrüfatın idarəetmə sistemini bürokratik aparata çevirdi. Bunun qarşısını almaq və kolxozçuların öz əməyinə marağı artırmaq məqsədilə kollektiv müqavilə əsasında işləyən briqadalar yaradıldı. Briqada üzvləri onlara ayrılmış sahədə əkilən bütün mədəni bitkilərin becərilməsinə cavabdeh olub, əldə etdikləri nəticəyə görə əməkhaqqı alırdılar. Briqada metodu aqrosənaye rəhbərliyi tərəfindən kolxoz quruculuğunda ailə təsərrüfatının bərpası qorxusu ilə tənqidi qarşılandı. Xüsusilə 30-cu illərin kolxoz quruculuğu təcrübəsi hər iki tərəfin bir-birinə etimad göstərməməsi ilə diqqəti cəlb edir. L.Brejnev rəhbərliyinin aqrar bölmənin inkişafına maliyyə dəstəyinin artırmasına baxmayaraq, kənddəki başlıca daxili ziddiyyət hesab edilən kolxozçunun torpağa yadlaşmasının qarşısını ala bilmədi. Bəhs edilən dövrdə aqrar siyasət yalnız xərclərin artması və ayrılan vəsaitin israf edilməsi ilə xarakterizə edilirdi.

Ölkənin kənd təsərrüfatı ağır vəziyyətdə qalmaqda davam edir və belə çətinliklər getdikcə dərinləşirdi. SSRİ hər il ABŞ, Kanada, Argentinadan taxıl alırdı. Ölkənin çox rayonlarında ət və süd məhsulları çatışmırdı, tərəvəz, yarma hətta çörək belə fasilələrlə verilirdi. Ərzaq məhsullarının bir ələ buraxılması norması talon sistemi ilə müəyyən olundu. Moskvadan çox da uzaq olmayan vilayətlərdə yaşayan əhali mütəmadi olaraq paytaxta ərzaq almaq üçün «kol-basa elektrik qatarları» ilə gəlirdilər.
1982-ci ilin may ayında Sov.İKP MK-nın Plenumunun əsas məqsədi on il ərzində ərzaq bolluğu yaratmaq olan ərzaq Proqramın qəbul etdi. Bu məqsədə iki yolla çatmaq planlaşdırılırdı: aqrosənayenin inteqrasiyasının gücləndirilməsi və şəxsi təsərrüfatların inkişaf etdirilməsi. Ərzaq proqramını həyata keçirmək məqsədilə beş Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrosənaye Mərkəzində birləşdi, yerlərdə isə Vilayət və Rayon Aqrosənaye Birlikləri (RASB) yaradıldı. Faktiki olaraq külli miqdarda maliyyə vəsaitinə nəzarət edən yeni bir bürokratik mərkəz meydana gəldi. Digər bir tərəfdən kolxozçuların şəxsi təsərrüfatlarının inkişaf etdirilməsi real olaraq kolxoz sədrləri və RASB rəhbərlərinin müqavimətinə rast gəldi. Belə ki, şəxsi təsərrüfatla yalnız əsas iş vaxtı başa çatdıqdan sonra məşğul olmaq olardı. Əslində, ərzaq proqramı ölü doğulmuş uşaq təsiri bağışlayan sənəddən başqa bir şey deyildi, çünki kənd təsərrüfatı məhsullarının artırılmasını təmin edə bilmədi.
Xalq təsərrüfatının sənaye sahəsindəki islahatlar SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin adı ilə bağlıdır. 1965-ci ildən onun təşəbbüsü ilə başlanan islahatın əsas qayəsi müəssisələrə iqtisadi müstəqillik verilməsidir. Təsərrüfat hesabına keçildi. Bu isə o demək idi ki, müəssisələr öz xərcini ödəmə, özünümaliyyələşdirmə və özünüidarəetmə prinsipi əsasında təsərrüfat hesabına keçirdilər. Belə ki, müəssisələr qazandığı gəlirin müəyyən hissəsin büdcəyə ödədikdən sonra yerdə qalan vəsait onun sərəncamına keçirdi. Müəssisələr qazandıqları gəlir əsasında istehsalın inkişafı fondu, mədəni-məişət obyektlərinin tikintisi fondu, maddi həvəsləndirmə fondu yaratdılar. Qəbul edilən tədbirlərin məqsədi müəssisələrin və onların əmək kollektivlərinin plan tapşırıqlarının yerinə yetirilməsində maraq prinsipini artırmaq, insan, maddi və maliyyə ehtiyatlarından daha səmərəli istifadə edərək məhsulun keyfiyyətini yüksəltməyə nail olmaqdan ibarət idi.
Sovet İttifaqında islahata kimi müəssisələrin əsas göstəricisi istehsal edilən məhsulun ümumi həcmi hesab olunduğu üçün, məhsulun maya dəyəri yuxarı olub, az tələb edilən, aşağıkeyfiyyətli məhsul buraxılırdı. İslahat nəticəsində məhsulun ümumi həcmi yerinə ona tələbatın olması, gəlir gətirməsi, çəkilən xərci çıxarması, qoyulan pul vəsaitinin dəyərinin artırması önə çıxdı. Planlaşdırma daha da təkmilləşdirilərək çəkilən xərci çıxara bilməyən sahə və istehsalın müdafiəsinə yönəldildi.
1966-cı ilin yanvarında ilk dəfə ölkədə 43 müəssisə yeni formaya — təsərrüfat hesabına keçdi. 1966-cı ilin martında olan Sov.İKP-nin XXIII qurultayında xalq təsərrüfatının idarə edilməsinin inzibati metodlarının iqtisadi vasitələrlə əvəz edilməsi kursu elan edildi. Növbəti 1966-1970-ci illərdəki səkkizinci beşillik planda müharibədən sonrakı dövrdə birinci dəfə xalq təsərrüfatının «A» bölməsinə kapital qoyuluşu azaldıldı, «B» bölməsinə isə kapital qoyuluşu 4,8%-dən 5,2%-ə qalxdı.

Səkkizinci beşilliyin ilk illərində islahatlar məhsul istehsalının artmasına səbəb oldu. Yeni təsərrüfat hesabı ilə işləyən müəssisələr 15%-ə çatdı ki, onlar da ümumi məhsulun 37%-ni istehsal edirdi. 1968-ci ildən başlayaraq topdan satınalma qiymətinin qaydaya salınması sayəsində sənaye sahələri gəlirlə işləyirdi. Düzdür, əmək məhsuldarlığının artması üzrə plan tapşırıqları yerinə yetirilməsə də, sənaye məhsulu istehsalının inkişaf sürəti xeyli artdı. Səkkizinci beşilliyin sonunda ölkənin 49 min müəssisənin 41 mini yeni təsərrüfat hesabı metodu ilə işləyirdi ki, onlar da sənaye məhsulunun 93%-ni istehsal edirdi. SSRİ-də 2 min yeni sənaye müəssisəsi işə salındı. Ümumiyyətlə, 1960-70-ci illər geniş sənaye tikintiləri ilə müşayiət olunur. Krasnoyarsk HES, Qərbi Sibir və Karaqanda Metallurgiya kombinatları, Tümen Neft-Qaz kompleksi, Tolyattidə VAZ, Naberejnı Çelnıda KamAZ zavodları, Volqa-Donda Atommaş tikilib istifadəyə verildi. 1967-ci ildə dünyada ən yüksəklikdən biri hesab edilən Ostankino teleradio verilişləri mərkəzi fəaliyyətə başladı (533 m). Sibir və Uzaq Şərqin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə 1974-cü ildə hələ Böyük Vətən müharibəsi ərəfəsində tikilməsinə cəhd edilən nəhəng tikililərdən biri Baykal-Amur Magistral (BAM) yolunun tikintisi təzələndi. 3 min km-dən çox uzunluğu olan BAM-ın tikintisi 1984-cü ildə başa çatdı. Bu yol iqtisadi məqsədlərdən daha çox hərbi-strateji önəm daşıyırdı. Çinin sərhəd boyu ərazilərinin yaxınlığından keçən bu magistral Transsibir yoluna əvəzləyici kimi inşa edilirdi. Külli miqdarda vəsait sərf edilərək inşa edilən BAM əslində iqtisadi nöqteyi-nəzərdən özünü doğrultmadı.

1960-cı illərdə Sovet İttifaqı kömürdən neft-qaz mərhələsinə daxil oldu. 1968-ci ildən başlayaraq ölkənin yanacaq-energetika bazasında balans dəyişikliyi baş verərək neft birinci yerə çıxdı. Ölkənin ayrı-ayrı rayonlarında təbii qaz əsas yanacaq oldu. Neft və qazın önə keçməsi ölkə təsərrüfatına böyük iqtisadi üstünlük qazandırdı, çünki kömür emalındakı əmək məhsuldarlığı neft və qaza nisbətən 5 və 10 dəfə aşağı idi. 1969-cu ildə Sovet İttifaqı qaz ehtiyatına görə ABŞ-ı ötüb keçdi. 1983-cü ildə isə SSRİ dünyada qaz çıxarılmasına görə birinci yerə çıxdı. 70-ci illərin əvvəllərində SSRİ yeganə ölkə idi ki, yanacaq-energetika bazası ilə özünün xalq təsərrüfatının inkişafını tam təmin edirdi. Əgər 1960-cı ildə ölkədə çıxarılan neft və qaz SSRİ-nin Avropa hissəsinin payına düşürdüsə, 80-ci illərin ortalarında ölkə neftinin üçdə ikisi, qazın isə 60%-dən çoxu Qərbi Sibirin payına düşürdü. 1960-1985-ci illərdə SSRİ-nin neft və qaz ixracatı 16,2-dən 54,4%-ə çatdı. 1973-cü ildə dünya bazarında neft bahalaşdıqdan sonra 1975-1985-ci illərdə ölkə neft ixracından 180 milyard dollar qazandı. 1970-ci ildə 60 min km-dən çox qaz kəmərləri çəkilərək qaz mədənləri arasında əlaqə yaradılması başa çatdı. Ölkədə yanacaq sənayesi sürətlə inkişaf etdiyi üçün bütün iqtisadiyyat təbiət faktorundan asılı olmağa başladı. Bu isə 1976-1985-ci illərdə yanacaq-xammal sahəsində vəziyyətin pisləşməsi ilə bağlı olaraq ümumən iqtisadi inkişafı ləngitdi. 1984-cü ildə neft çıxarılması ilk dəfə azaldı. 1980-ci illərin ortalarında dünyada neftin qiymətinin aşağı düşməsi ölkə büdcəsinə daxil olan «neft dollarları»nın azalmasına gətirib çıxardı. Bu isə on birinci beşillikdə (1981-1985) milli gəlirin aşağı düşməsinə və sovet iqtisadiyyatının ağır zərbə almasına şərait yaratdı, plan tapşırıqları heç bir sahə üzrə yerinə yetirilmədi.
Bir-birini əvəz edən islahatlara baxmayaraq, SSRİ-nin iqtisadiyyatında meydana gələn böhran haqqında 1983-cü ildə akademik T.İ.Zaslavskaya «Novosibir məruzəsində» Akademiyanın qapalı yığıncağında, sonra isə partiya müşavirəsində məlumat vermişdi. T.Zaslavskaya və Novosibirsk iqtisadiyyat və Sənaye İstehsalının Təşkili İnstitunun nəşr etdirdiyi «Eko» jurnalı əməkdaşlarının fikrinə görə, ölkədəki böhranın başlıca səbəbi mövcud sistemin insan ehtiyatlarından və cəmiyyətin intellektual potensialından səmərəli istifadə etməyə qabil olmaması idi. Belə ki, mövcud sistem İ.Stalinin ölümündən sonra islahatlara məruz qalsa da, əslində 30-cu illərdə yaranmış iş metodundan heç də fərqli deyildi. Son dərəcə mərkəzləşdirmə, direktiv planlaşdırma ilə bərabər azad bazar qiymətlərinin olmaması, əmək adamlarının maddi maraq prinsipinin təmin edilməsinə mərkəzdən nəzarət edilməsi, istehsal, xidmət, ticarətdə əhalinin bütün fərdi əmək fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi bu sistemin səciyyəvi xüsusiyyətləri idi. Başqa sözlə, zəhmət adamları yalnız ictimai bölmənin fəaliyyətinə arxalana bilərdilər. Hətta səmərə verən hər hansı bir şəxsi təşəbbüs leqal olmayan kölgə iqtisadiyyatına aid edilirdi. Nəzəri cəhətdən hər bir əmək adamının təşəbbüskarlığı alqışlansa da, onların müəssisələrin idarə edilməsində iştirakı müəssisənin özü tərəfindən məhdudlaşdırılırdı. Nümunəvi işçilər ən yaxşı halda əlavə əməkhaqları alırdılar və bu çox zaman real vəziyyətə uyğun gəlmirdi. Maddi maraq prinsipinə mane olan başqa bir səbəb mütəmadi olaraq müxtəlif çeşidli mal qıtlığı idi. Əmanət kassalarında əhalinin külli miqdarda pul vəsaiti yığıldığı halda onların tələbatını ödəmək üçün istehlak malları çatışmırdı. 1980-ci illərin əvvəllərində Sovet İttifaqının çox rayonlarında aqrar məhsulların bölüşdürülməsinin kartoçka sistemi tətbiq edildi. Ticarət rəflərindən birinci dərəcəli ehtiyac duyulan mallar yoxa çıxdı.

1966-1970-ci illərdəki səkkizinci, 1971-1975-ci illərdəki doqquzuncu, 1976-1980-ci illərdəki onuncu və 1981-1985-ci illərdəki on birinci beşilliklər ərzində SSRİ-nin iqtisadi və sosial inkişaf göstəricilərinin aşağı düşməsi ölkə xalq təsərrüfatının ağır vəziyyətinin sözə ehtiyacı olmayan rəqəmləridir. Belə ki, milli gəlir 1966-1970-ci illərdə 7,2, 1971-1975-ci illərdə 5,1, 1976-1980-ci illərdə 3,8 1981-1985-ci illərdə 3,1, sənaye məhsulu istehsalı müvafiq olaraq 8,5; 7,4;4,4; 3,4;, kənd təsərrüfatı məhsulu istehsalı 3,9; 2,5; 1,7; 1,1, ictimai əməyin məhsuldarlığı 6,8; 4,5; 3,3; 3,1 əhalinin hər nəfərinə düşən real gəlir 5,9; 4,4; 3,4; 2,1% təşkil etmişdir.
Faktlar təsdiq edir ki, 11-ci və 12-ci beşillik plan tapşırıqları heç bir göstərici üzrə yerinə yetirilməmişdir. Lakin buna baxmayaraq, 1976-1980-ci illəri əhatə edən onuncu beşillikdə SSRİ-də 1,3 min, 1981-1985-ci illəri əhatə edən on birinci beşillikdə 1,2 min sənaye müəssisəsi işə düşmüşdür. Qərbi Sibirdə neft çıxarılması 1970-ci illə müqayisədə 12 dəfə artaraq 1984-cü ildə 377,9 mln. tona çatmışdır. 1980-ci ildə Qərbi Sibir dünyadakı neft və qazın 10%-dən çoxunu hasil etmişdir.

1976-cı ildə Oskolsk elektrometallurgiya kombinatı, 1982-ci ildə Smolensk və 1985-ci ildə Balakov atom elektrik stansiyası, 1980-ci ilin dekabrında Çe-boksar HES-in birinci aqreqatı, 1982-ci ildə Açinsk neft emalı zavodu və Kostomukşsk dağ-mədən kombinatının birinci növbəsi işə düşmüşdür. Bunlarla yanaşı, dəyərindən bahalı, perspektivi olmayan, ekoloji cəhətdən tələblərə cavab verməyən tikintilər də meydana gəlmişdir. Həştərxan Qaz Kondensat kombinatı, Tengizpolimer Qazkimya kompleksi, Kalmıkiyadakı Volqa-Çoqray kanalı belə tikililərdəndir.

Onuncu və on birinci beşillik illərində və yaxud bəzi tarixi ədəbiyyatda adlandırıldığı kimi, gecikmiş inkişaf etmiş sosializm dövründə, «yuxarılarda» ölkənin iqtisadi inkişafındakı «durğunluq» şəraitin dərk edirdilər və vəziyyətdən çıxmağa çalışırdılar. Bu məqsədlə Nazirlər Sovetinin sədr müavini akademik V.A.Kirillinin rəhbərliyi ilə bir qrup analitik sovet iqtisadiyyatının vəziyyəti və perspektivləri haqqında analitik məruzə hazırlamışdır. Məruzədə sovet iqtisadiyyatının ağır vəziyyəti real olaraq göstərir və iqtisadi islahatın əsas vasitəsinin sosialist iqtisadiyyatında bazar münasibətləri elementinin tətbiqinin zəruri olduğu qeyd edilirdi. Lakin məruzə Siyasi Büro üzvlərinin böyük əksəriyyətinin narazılığına səbəb olmuşdur. Kirillin vəzifəsini itirdi, 1970-ci illərin axırlarında infarkt keçirən hökumətin başçısı A.N.Kosıgin 1980-ci ilin oktyabrında vəzifəsindən azad edildi, dekabrda isə vəfat etdi. 1980-ci ilin oktyabrın 23-də N.A.Tixonov Nazirlər Sovetinin sədri təyin olundu ki, hökumətin yeni rəhbəri də L.İ.Brejnev kimi islahatlara şübhə ilə yanaşırdı.
Beləliklə, ölkədəki vəziyyət göstərir ki, 70-80-ci illərin hüdudlarında SSRİ iqtisadiyyatı «durğunluq» vəziyyətindən böhrana daxil olmuşdur. Bunun isə səbəbləri çoxşaxəli idi. Hər şeydən əvvəl müəssisələrin yeni texnikanı mənimsəməsi, əmək məhsuldarlığının artırılması və məhsulun keyfiyyətini yaxşılaşdırılması üçün marağı təmin edilmədi. Mövcud idarəetmə sistemi daxilində müəssisələrin plan tapşırıqları ümumi istehsalın artım həcminin 5-8%-ni nəzərdə tuturdu. Plan tapşırıqlarının yerinə yetirilməməsi inzibati və təsərrüfat cəza tədbirləri olaraq rəhbərlərə töhmət verilməsi, müəssisənin sərəncamında sosial ehtiyaclar üçün saxlanılan vəsaitin azaldılması şəklində müəyyən edilirdi. Odur ki, bir çox müəssisə rəhbəri istehsalın inkişafını azaldaraq planı yerinə yetirməyə əlavə ehtiyat saxlayırdı. Buraxılan məhsulun kağız üzərində saxta rəqəmlərlə artıq göstərilməsi geniş miqyas almışdır. Bir çox məhsulun çatışmaması, rəqabətin olmaması məhsulun keyfiyyətini yaxşılaşdırmağa və onun çeşidlərini artırmağa maraq oyatmırdı. Bu təcrübə həm istehlakçıya, həm də təsərrüfatın fəaliyyətinə ziyan vururdu. Məsələn, zavodlar kolxoz və sovxozların tələb etdiyi kiçik mexanizm vasitələri yerinə bahalı ağır traktor və kombaynlar istehsal edirdi.
Əmək məhsuldarlığının artmasını təmin edən yeni texnikanın tətbiqi yuxarıdan müəyyən olunan əməkhaqqının artmasına deyil, hazır məhsula qoyulan qiymətin aşağı salınmasına səbəb olurdu ki, bu da sıravi işçilərə sərf etmirdi. Bundan əlavə, mövcud əməkhaqqı sisteminə əsasən yeni texnikaya qulluq edən mühəndis, operator, proqramçılar fiziki əmək işçilərindən az əməkhaqqı alırdılar. Təbii olaraq onlar yeni peşələrini mənimsəməkdə maraqlı deyildilər.
İşçi qüvvəsindən çox halda səmərəli istifadə edilmirdi. Yüksək intellektual səviyyəli işçilər, tələbələr tez-tez kolxoz və sovxozların mövsümi tədarük işlərinə, tərəvəzin yığılmasına cəlb edilirdi. Ölkənin ali təhsil sistemində hazırlanan kadrlar istehsalatın tələbatına cavab vermədiyi üçün məzunlar öz ixtisası üzrə iş tapa bilmirdilər. Çox halda mühəndis-texniki kadrlar öz diplomlarını gizlədərək müəssisələrdə fəhlə kimi işə düzəlirdilər.

Dövlət büdcəsinin 10%-ə kimi böyük bir hissəsi gündən-günə şişən idarəçilik aparatının saxlanılmasına sərf edirdi. 1980-ci illərin ortalarına doğru onlar təqribən əmək qabiliyyətli əhalinin yeddidə bir hissəsini təşkil edərək 18 mln. nəfərə çatırdı. Keçmişdən miras qalan və gündən-günə artan ölkə problemlərinin həlli dünyadakı real inkişafı nəzərə almaqla onlara yeni yanaşma tələb edirdi ki, L.İ.Brejnev və onun əhatəsi buna hazır deyildir.
Həqiqətən, 1965-1985-ci illərdə sovet cəmiyyəti dərin dəyişikliyə məruz qaldı. 1939-cu ildən 1980-ci ilə qədər şəhər əhalisi 56-dan 180 mln. nəfərə çatdı. 1979-cu ildəki siyahıyaalma məlumatına əsasən, ölkənin şəhər əhalisi 62% təşkil edirdi. Beləliklə, Sovet İttifaqında şəhərləşmiş cəmiyyət formalaşdı. Ölkənin kənd əhalisi 12%-ə düşdü. SSRİ-nin slavyan olmayan əhalisi, xüsusilə müsəlmanlar daha çox artdı. Məsələn, ölkənin müsəlman əhalisi 1959-cu ildəki 22,5 mln. nəfərdən (ümumi əhalinin 10,7%-i) artaraq, 1979-cu ildə 42 mln. nəfərə (ümumi əhalinin 16%-i) çatdı.
L.İ.Brejnev hakimiyyəti dövründə əhalinin bir nəfərinə düşən real gəlir 2,5 dəfə artmsışdır. 1970-ci illərdə ölkədə hər il 100 mln.kv.m yaşayış mənzili tikilməsi sayəsində 107 mln. adam mənzil şəraitini yaxşılaşdırmışdır. On birinci beşillikdə 50 mln. adam yeni mənzil almışdır. 1976-1980-ci illərdə 527,3 mln.kv.m 1981-1985-ci illərdə 552,2 mln.kv.m sahəsi olan yaşayış evləri inşa edilmişdir. Şəhər mənzil fondu 1975-ci ildəki 1867 mln.kv.m-dən, 1985-ci ildə 2561 mln.kv.m çatmışdır ki, bu da çox böyük nailiyyət deməkdir.

İnkişaf etmiş sosializm şəraitində əhalinin həyat səviyyəsi nəqliyyatın inkişafı ilə əlaqədar olaraq xeyli yaxşılaşmışdır. SSRİ-dəki dəmiryol nəqliyyatı 1960-cı ilin sonundan 125,8 min km-ə qarşı 1985-ci ildə 144,9 min km olmuşdur. Bərk örtüklü avtomobil yolları müvafiq olaraq 258 min km-dən 812 min km çatmışdır. 1966-cı ildə Tbilisidə, 1967-ci ildə Bakıda, 1972-ci ildə Xarkovda, 1977-ci ildə Daşkənddə, 1981-ci ildə Yerevanda, 1984-cü ildə Minskdə metropoliten stansiyaları tikilib istifadəyə salınmışdır.
Sovet adamları pulsuz təhsil, tibbi xidmətdən istifadə edir, dövlət yaşayış fondlarının saxlanılmasına böyük həcmdə vəsait sərf edirdi. 1962-ci ildən balıq, şokolad, kofe, sitrus və araq-çaxır məhsulları istisna olmaqla ərzaq məhsullarının qisməti demək olar ki, dəyişməmişdir. Yalnız 1984-cü ildə ərzaq məhsullarının dövlət pərakəndə satış qiyməti 1965-ci illə müqayisədə 11% artmışdır. Ərzaq məhsullarının qiymətinin artması başlıca olaraq alkoqollu içkilər hesabına olmuşdur.

Bütün çətinliklərə baxmayaraq, 1980-ci illərin ortalarına kimi əhalinin qidalanmasında irəliləyiş diqqəti cəlb edir. 1985-ci ildə SSRİ əhalisinin hər birinə ildə 61,7 kq ət, 325 kq süd və süd məhsulları, 260 ədəd yumurta düşürdü. 1970-ci ildə hər 100 ailəyə iki, 1980-ci ildə 10, 1985-ci ildə 15 minik avtomobili düşürdü. 1970-ci ildə ölkə əhalisinin hər 100 ailəsinin 32, 1980-ci ildə iki dəfə çox, 1985-ci ildə 90 televizoru var idi.
Sənayenin, ticarət və xidmət sahələrinin, dövlət aparatının inkişafı mütəxəssislərə tələbatı artırırdı. 1980-ci ilin əvvəllərində 40%-ə qədər şəhər əhalisinin ali təhsili var idi. 80-ci illərin ortalarına doğru SSRİ-də 5 mln. tələbə ali məktəblərdə yarım mln. nəfərlik müəllim ordusundan dərs alırdı. Beləliklə, dünən sosial elita hesab edilən ziyalılar bu gün bir çox sosial qrup və kateqoriyalara, mühəndis, inzibati-idarəçi heyət, alim, artist, müəllim, siyasətçi və s. bölünmüşdür. Düzdür, 80-ci illərin ortalarına doğru SSRİ əhalisinin 70%-i qədərinin ali və orta ixtisas təhsili olsa da, mütəxəssislərin hazırlıq səviyyəsi cəmiyyətin tələblərinə cavab vermirdi.
Ölkə ehtiyatlarının böyük bir hissəsinin ağır sənayeyə, xüsusilə hərbi-sənaye kompleksi sahələrinə yönəldilməsi istehlak sahəsində vəsaitin çatışmazlığına gətirib çıxardı. Pul qiymətdən düşürdü. Baxmayaraq ki, rəqəmlərlə ifadə etdikdə 1960-cı ildə fəhlə və qulluqçuların orta əməkhaqqı 80,6, 1970-ci ildə 122, 1980-ci ildə isə 168,9 rubl olmuşdur. 1967-ci ildə ölkə beş günlük iş həftəsinə keçdi, məzuniyyət günlərinin sayı artdı. L.Brejnev dövründə bəra-bərləşdirici əməkhaqqı ödənilməsi tətbiq edildi. Artıq 1985-ci ildə mühəndis-texniki işçilərlə fəhlələrin əməkhaqqı arasındakı fərq minimuma endirildi.
Əhalinin əmanət kassalarındakı pul vəsaiti artaraq 1960-cı ildəki 10,9-dan 1980-ci ildə 156,9 milyard rubla çıxdı. Lakin praktik olaraq əhalinin əmanətləri əmtəə ilə təmin edilmədiyi üçün heç bir dəyəri yox idi. 80-ci illərin əvvəllərində Sovet dövləti milli gəlirin yalnız 4%-ni səhiyyə sahəsinə, 7%-ni isə təhsilə sərf edirdi ki, bu da inkişaf etmiş ölkələrdə ki, 10-12%-lik göstəricidən geri qalırdı. Məhz bu səbəbdən ölkədə uşaq ölümü, alkoqolizm artır, orta yaş həddi aşağı düşürdü. Bütün bunlar onu göstərir ki, SSRİ 80-ci illərin ortalarına doğru kəskin sosial-iqtisadi böhranla üz-üzə idi.


Müəllif: Tahir Baxşəliyev   
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh