Nikkolo Makiavelli və onun «Hökmdar» əsəri

Görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkolo Makiavelli 1469-cu ildə Florensiyada müflisləşmiş zadəgan ailəsində anadan olmuşdu. 1498-ci ildən Florensiya respublikasında yüksək dövlət vəzifəsi tutmuş və mühüm diplomatik tapşırıqları yerinə yetirmişdi. 1512-ci ildə Mediçilərin hakimiyyətə gəlişindən sonra vəzifədən kənarlaşdırılmış və Florensiya ətrafındakı malikanəsinə sürgün edilmişdir. 1527-ci ildə dünyasını dəyişən N. Makiavelli özündən sonra böyük irs qoymuşdur. «Tit Livinin birinci dekadası haqqında düşüncələr», «Hökmdar», «Knyaz» və «Florensiyanın tarixi» onun başlıca əsərləridir.
Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makevializm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir.
nikkolo makiavelli
Tarixdə elə hadisələr olub ki, ən təmiz, ən vicdanlı, ən nəcib, ən ağıllı və yüksək əxlaqlı adamlar əxlaqsızlıq üstündə, mövcud olan əxlaqi norma və qaydalara, habelə qanunlara qəsd etmək üstündə mühakimə olunub. Sokratı və Epikuru, C.Bruno və Spinozanı, Tomas Moru və Koperniki, Kompanella və digərlərini xatırlamaq kifayət edər. Bunların hər biri həqiqətpərvər və yüksək mənəviyyata malik insanlar olsalar da, mövcud cəmiyyətin ən əxlaqsız nümayəndələri onları əxlaqsızlıqda günahlandırmışlar. Haçan ki, əxlaqsız adamlar əxlaqdan dərs deyir və onun haqqında fikir yürüdür, haçan ki, elm və bilik cahil adamların nəzarəti altında olur, haçan ki, siyasətlə vicdansız, çirkin qəlbə malik, əliəyri adamlar, avantüristlər, fırıldaqçılar, intriqaçılar məşğul olur, məgər onların bilikli, müdrik, doğruçu, nəcib adamlara nifrət bəsləməsinə təəccüb etmək olarmı? Lakin bizim söhbətimiz onlar haqqında deyil, onlar heç buna dəyməz də.
Yuxarıda deyilənlərə baxmayaraq Makiavelli və onun «Hökmdar» əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub.
Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir.
O, bir çox şeyləri nəzərə alaraq göstərir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Makiavelli hesab edir ki, hətta belə hallarda pulu əsirgəmək lazım deyil, ələlxüsus da özgələrin pulunu.

Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Bu və buna bənzər fikirlər üstündə Makiavellinin qəddarlıqda təqsirləndirirdilər. Bu indinin özünə kimi davam etməkdədir. Lakin Makiavellinin ünvanına söylənilən bu kimi ittihamların heç bir əsası yoxdur. Axı o, heç zaman, heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi haqqında heç nə yazmamışdır.
Öz böyük həyat təcrübəsinə əsaslanan Makiavelli hökmdarlara məsləhət görür ki, insanları qorxu altında saxlamaq, onların sevimlisi olmaqdan daha məqsədəuyğundur. Çünki insanların çoxu satqın, qorxaq, riyakar və yalançıdır. Təhlükə qarşısında onların bü xüsusiyyətləri tezliklə üzə çıxır. Əmin-amanlıq zamanlarında belə adamlar səndən ötrü nə qədər əldən-ayaqdan gedirlərsə, ara qarışdıqda onların üzü səndən bir o qədər dönür, belə vaxtlarda onlar səni nəinki satmağa, hətta məhv etməyə də hazırdırlar.
Makiavelli çox yaxşı görürdü ki, ən gözəl insani münasibətlər – məhəbbət, dostluq, sədaqət, alicənablıq və bu kimi şeylər digər şeylər kimi alınıb-satılır. Buna görə yeni hökmdar həm bunları, eləcə də insanların əmlakı, pulu, sərvəti yüksək qiymətləndirməsini nəzərə almalıdır. Eyni zamanda da bilməlidir ki, insanlar gücə hörmət etdikləri qədər də ondan çəkinirlər. O, məsləhət görürdü ki, sərt tədbirləri hər zaman deyil, yalnız lazım olan vaxt tətbiq etmək gərəkdir. Makiavelli həm də insanların mülkiyyətinə toxunmağı xətərli hesab edirdi. O, açıqca göstərirdi ki, insanlar öz atalarının ölümünü bağışlayarlar, əmlaklarının itirilməsini isə yox.
Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır. Bu, o adamdır ki, mütəfəkkir öz məşhur əsərini ona həsr etmişdir.
Görkəmli mütəfəkkirin məşhur «Hökmdar» əsəri Azərbaycan oxucusuna öz ana dilində ilk dəfədir ki, təqdim olunur, çünki bu ilk tərcümədir. Ona görə də zamanın sınağından çıxmış bu əsərin Azərbaycan dilində çap olunması önəmli hadisədir. Arzu edirik ki, ölkəmizin mədəni həyatında bu cür hadisələr tez-tez təkrar olunsun və bu işlərdən bəhrələnənlərin sayı zaman-zaman artsın.

F.Təbibi
 

0 şərh