Uşaqlarınıza qarşı anlayışlı olun

Mütəmadi danlanan uşaqlar qorxaq və əsəbi olurlar. Ən kiçik səhvlərinə, nadincliklərinə görə uşaqlara qışqırmaq, danlamaq onların qorxaq, qəzəbli və nifrətə meylli olmasına gətirib çıxarır. 
Mütəxəssislərin fikrincə, bu şərtlərdə böyüyən uşaqlar məktəbdə və yaşadıqları yerlərdə başqaları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. 
Azyaşlılara qarşı sərt davranmaq onların psixologiyasına mənfi təsir göstərir. Mütəmadi təsir altında olan uşaqlarda özünə inam azalır, həmin azyaşlılar özlərini idarə edə, yaşıdları və digər insanlarla ünsiyyət qura bilmirlər. Bu cür davranış onların dərslərinə də mənfi cəhətdən təsir edir. Digər tərəfdən, bu, uşaqlarda nifrət hissini aşılayır. Etdikləri hər hərəkətin böyüklər tərəfindən qəzəblə qarşılanacağını fikirləşən uşaqlar əsəbi olurlar, başqalarına, hətta ata-analarına qarşı sevgiləri azalır. Bəzən də özlərinə qapanırlar, qorxaq olurlar. 
Mütəxəssislər bildirirlər ki, tükənməz enerjiyə malik olan uşaqlar evdə, küçədə, hər yerdə mütəmadi olaraq, hərəkət edirlər, ora-bura qaçırlar. Bu yolla onların əzələləri inkişaf edir, oynamaq və çox hərəkət etmək onları psixoloji cəhətdən rahatladır. 
Sağa-sola qaçan uşaqları böyüklərin “sakit dur, əşyaları sındıracaqsan, yıxılıb, bir yerini əzəcəksən”, — deyə danlaması, qışqırması düzgün deyil. Bunun əvəzinə, evdəki lazımsız əşyalar yığışdırılmalı, azyaşlıların rahat oynaması üçün şərait yaradılmalıdır. Çünki heç bir əşya uşaqdan qiymətli ola bilməz. 
Mütəxəssislər hesab edirlər ki, problemin ən asan və təsirli çıxış yolu uşaqlarla onların başa düşəcəyi dillə danışmaqdır. Onları başa salmaqla səhvlərini təkrar etməmələrinə nail olmaq mümkündür. Uşaqlarla danışarkən, onlara bir şəxsiyyət olduqlarını hiss etdirmək vacibdir. Azyaşlılarla bu şəkildə ünsiyyət qurmaq onların özlərinə inamını qaytarar, psixoloji cəhətdən rahatladar, hər iki tərəfin əsəbiləşməməsinə, rahat bir şəraitdə yaşamasına imkan yaradar.

 

2 şərh

Ramil

      Uşaqları müdrikcəsinə tərbiyə etmək lazımdır. Uşağı, döymək, danlamaq və ya üstünə qışqırmaq zəiflik, acizlik əlamətidir. Bu tip valideynlər çıxış yolu tapmayaraq, bu yola əl atırlar. 

      Məsələn: Uşağı hər hansısa bir səhvinə görə döysək, növbəti dəfə o, qorxudan yalan danışacaq. Amma onun səhvinin nədən ibarət olmasını bilib, səhvin fəsadlarını başa salsaq, o, bir daha səhv etməyəcək. Eyni zamanda hər gördüyü yaxşı işə görə tərifləsək, ən azından o, işi bir də təkrarlayacaq.

      Məqaləyə görə təşəkkür edirəm.

pascal

Doğurdan yararlı topikdir. Uşaq tərbiyə eymək, cəmiyyətə layiq insan hazırlamaq valideynlərdən böyük məsuliyyət tələb edir. Kaş ki, əsl insan kimi insan yetişdirməyi bacara bilsək...

Nəşrə görə təşəkkür, bir tövsiyəm də var. Hörmətli Apollon, nəşrlər yerləşdirmək də çox fəalsınız, bu gözəl cəhətdir və alqışlayıram. Bir də bu fəallığınızı şərh yazmaqla da davam etsəniz yaxşı olar. Tək siz yox, burda çox yazarlar var ki, ancaq topik yerləşdirməklə vəzifələrin bitmiş hesab edirlər. Belə olduqda adamda bir hiss yaranır ki, yazarlar ancaq öz topiklərinə şərh yazmağı güdürlər. Kayzendə marağı artırmaq üçün nəşrləriniz qədər, şərhlər yazmağa da səy göstərin. Həm də təkcə özünüzkülərə yox, başqalarının nəşrlərinə də.