Uşaqlarda heyvan qorxusu

Qorxu insanın  həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.

Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan  şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları  heyvanlarla qorxutma üsukundan  bol-bol istifadə edirlər.

 “Hav-hav gəlir “,” dinc dayanmasan  səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada  böyüklər artıq öz qorxuları ilə  uşaqlara  örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün  ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.

Buna görə də bir ailə uşağı ilə birlikdə bir heyvanla qarşılaşdıqda  o heyvana sevərək yaxınlaşmalı, əvvəl heyvanı sakit bir şəkildə  izləməli  sonra da o heyvanın xüsusiyyətlərini uşağa doğru şəkildə başa salmalıdır. Məsələn: itin insana zərər vermədiyini, bir insandan zərər görmə təhlükəsi hiss etmədiyi  müddətcə  itin insanları dişləmədiyini, hansı heyvanın hansı vəziyyətlərdə zərər verə biləcəyi  başa salınmalıdır.   Heyvanla  qarşılaşan uşaq  heyvandan qorxarsa,  uşağı  heyvana  zorla yaxınlaşdırmaq, heyvanı  uşağın üstünə atmaq, zorla əl vurmasını istəmək də qorxuları artırır.

Qorxu  vəziyyətində  ailələrin müsbət,  güvənverici, qorxunu dəstəkləməyən və açıqlayıcı davranışları kifayətdir .  Məsələn: ailələr özlərinin də qorxmadığı   bir heyvandan   bəhs edərək   uşağa heyvanlardan  qorxulmaması lazım olduğunu  bildirməlidirlər. Hətta uyğundursa   valideynlər  qorxmadıqları bir ev heyvanını  evlərində saxlaya bilərlər. Doğru və lazım olduğu şəkildə  baxılan ev heyvanları  uşaqlarda   sevgi, sevilmə duyğusu,  insanlararası duyarlılıq və insanlararası əlaqəni gücləndirər.

Həbibova Gülnar

 

0 şərh