Bulimiya

Bulimiya  -  iştahanın  kəskin  artması, tutma şəklində başlaması, əzabverici ağrı, ümumi zəiflik və s. ilə xarakteriza olunan qida qəbul  pozuntusudur. Bu pozuntuya  bir  çox  xəstəliklərdə — mərkəzi sinir sistemi, endokrin sistem, psixi pozuntu hallarında təsadüf olunur. Müxtəlif mənfi həyəcanlar – iflas, müvəffəqiyyətsizlik, qəbul olunmama, cəmiyyət tərəfindən təcrid olunma, yalnızlıq, hirs və yaxud müsbət reaksiyalar — vəzifənin artması, nəyinsə qeyd olunması başlanğıc  amil ola bilər. 

Narahatlıqlarını aradan qaldırmaq üçün belə şəxslər  dayanmadan  tez-tez yeyir. Bulimiyadan əziyyət çəkən şəxslər çəkini nəzarətdə saxlamaq üçün süni yolla qusma aktı həyata keçirir, işlədicilərdən, sidik qovuculardan istifadə edir. Hədsiz qidalanma, mədə-bağırsaq sistemini məcburi təmizləmə çox ciddi pozuntulara-nevrastiniyadan  tutmuş yaxınlarla əlaqənin və həyata  marağın itirilməsinə, dərman və narkotik maddələrdən asılılığa, hətta ölümə belə gətirib çıxarda bilər.

İnkişaf səbəbləri:
— Stress

— Özünü qiymətləndirmənin aşağı olması

— Beyində kimyəvi maddələrin və hormonların disbalansı

— İrsiyyət

Diaqnostik göstəricilər:   
Şəxs  periodik  olaraq  qidalanır  və  qısa  müddət  ərzində  böyük  miqdarda  qida qəbul edir.

Qəbul edilmiş artıq qida piylənməyə gətirib  çıxarda bildiyi üçün belə şəxslər aşağıda  sadalananlardan bir və ya bir neçəsini həyata keçirdir:

~Süni qusma yaradır;

~işlədicilərdən sui-istifadə edir.

~İştahanı azaldan preparatlar — tireoid preparatından istifadə edir.

Simptomları:

-Qusma nəticəsində mədə şirəsi turşusunun təsirindən əmələ gələn damar problemləri və diş minasının dağılması

-Susuzlaşma

-Qida yolunun  iltihabı

-Süni qusma, qıcolmalara səbəb ola bilər (mineral və duzların disbalansı)

-Bağırsaq pozuntuları (işlədici dərmanların təsirindən)

-Qaraciyər və böyrək  funksiyalarının pozulması simptomları

-Qeyri-müntəzəm menstruasiya

-Ürək xəstəlikləri

Müalicə

Bu xəstəliyin müalicəsinə kompleks yanaşmaq lazımdır. Müalicə  həkim- psixiatr, psixoterapevt tərəfindən nəzarət olunur. Bəzi pasiyentləri  hospitalizasiya etmək, bəzilərini isə ambulator   müalicə etmək lazım gəlir. Belə şəxslərə bədən çəkisini nəzarət etməyi öyrətmək lazımdır. Dərman kimi əksər hallarda antidepresantlardan istifadə olunur.

Profilaktik tədbirlər
-Ailədə sağlam şərait yaratmaq,

-Şəxsdə sağlam özünü  qiymətləndirmənin tərbiyə edilməsi,

-Qida maddələri mükafatlandırıcı vasitə kimi istifadə edilməməli.

 Müəllif: Elşən Mustafayev

0 şərh