Diqqət

1.            Diqqət haqqında anlayış və diqqətin funksiyaları.
2.            Diqqətin fizioloji əsasları.
3.            Diqqətin növləri.
4.            Diqqətin əsas xüsusiyyətləri.
1-ci sual. Psixologiyada diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm onun fizioloji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi götürülmüş və onu bu aspektdə təhlil etmişdilər. Lakin sonralar bununla bağlı tədqiqatlarda fikir dəyişdirildi. Çünki diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur və onların yaranmasında bilavasitə iştirak edir. Əgər bu aspektlərdən məsələyə baxsaq görərik ki, diqqət özü xüsusi bir proses olaraq idrak proseslərinin (duyğunu, qavrayışın, təfəkkürün) yaranmasına şüurlu nəzarət edir. Məsələn, hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranılması üçün hökmən ona diqqət yetirmək lazımdır. Bütün bunlar diqqətin bir psixi proses olaraq insan həyatında necə mühüm əhəmiyyətə malik olmasını göstərir.
Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni diqqət psixi fəaliyyətin seçici səciyyə daşımasında ifadə olunur. Bu mənada diqqət cismin, hadisənin inikası olmayıb psixi fəaliyyətin obyektinin aydın, aşkar əks olunmasının təmin edir.
Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Bu tərifdən çıxış edərək diqqətin aşağıdakı funksiyalarını fərqləndirə bilərik:
1.İnsana çoxlu sayda qıcıqlandırıcılar təsir edir. Lakin o, onlardan ən vacib olanını seçir, digərlərini kənar edir. Bu diqqətin seçmə funksiyasıdır.
2.Diqqətin müəyyən obyekt üzərində saxlanılması funksiyası. Bu zaman insan qarşıya qoyduğu məqsədə müvafiq olaraq şüurunu müəyyən obyekt üzərində saxlayır.
3.Diqqətin nəzarət və tənzimetmə funksiyası. Bu zaman diqqət insan fəaliyyətini tənzimetmə funksiyasını həyata keçirir.
2-ci sual. Diqqətin fizioloji əsasları ilə bağlı nəzəriyyələrin 3 qrupunu göstərmək olar:
  1. Geştalt psixoloqların fikrincə, diqqətin həcmi və istiqaməti bütövlükdə struktur qavrayışın qanunları ilə müəyyən olunur. Onu yaxşı bilməklə diqqətin fizioloji əsasını izah etmək mümkündür.
  2. İkinci qrup psixoloqlar diqqətin «emosional nəzəriyyəsi» mövqeyində dayanırlar. Bu psixoloqlar belə güman edirlər ki, diqqətin istiqaməti bütövlükdə həvəs, təlabat və emosiyalarla bağlıdır. Amerikan biheviorist psixoloqlarının əksəriyyəti praktik olaraq bu mövqedə dayanırlar.
  3. Nəhayət, problemə »diqqətin motor nəzəriyyəsi" mövqeyindən yanaşan üçüncü qrup psixoloqlar diqqətə hər bir iradi aktın əsasında duran motor ustanovkaların təzahürü kimi baxırlar. Belə hesab edirlər ki, diqqətin mexanizmi hər bir gərginliyi xarakterizə edən əzələ səyi siqnalıdır.
Asanlıqla görmək olar ki, bu nəzəriyyələrdən hər biri diqqətin tərkibinə daxil olan müəyyən komponenti ayırır, lakin praktiki olaraq diqqətin əsasında duran ümumi fizioloji mexanizmlər haqqında məsələyə yanaşmağa cəhd etmirlər. Diqqətin ümumi fizioloji əsasları haqqında hipoteza irəli sürən fizioloqlar qarşısında nəzərə çarpacaq çətinliklər meydana gəlmişdir. Ən ilkin cəhdlərdən biri məşhur ingilis fizioloqu Şerrinqtonun hipotezi idi ki, sonralar çox məşhur ad almışdı: "ümumi hərəki sahə nəzəriyyəsi" , yaxud da "Şerrinqton qıfı". Onurğa beyninin arxa buynuzlarında sensor neyronların hərəki neyronlardan çox olması faktını müşahidə edərək Şerrinqton belə bir vəziyyəti bildirdi ki, heç də hər bir hərəki impuls özünün hərəki sonluğuna çata bilmir və çox sayda sensor oyanmalar özünün "ümumi hərəki sahə «sinə malik olur.
Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən „süzgəc“ə bənzədirlər və bu funksiyanın əsasən retikulyar formasiyanın — yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.
Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən qarşılaşdığımız hər bir yeni cisim və hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir.
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi »optimal oyanma ocağı" haqqında təlim çox kömək göstərmişdir. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcuddur. İnsana xaricdən və daxildən təsir edən qıcıqlandırıcılar içərisindən həmin sahəyə təsir edənləri daha tez və asanlıqla oyanma əmələ gətirir.
Bundan başqa diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü «dominant oyanma sahəsi» haqqında təlim böyük rol oynamışdır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən özünün yüksək davamlılığı ilə fərqlənir. Belə dominant (üstün) oyanma sahəsi nəinki yeni əmələ gələn oyanma ocaqlarını ləngidir, həm də onların hesabına daha da güclənə bilir.
3-cü sual. Psixologiyada diqqətin daha çox iki növünü fərqləndirirlər: qeyri-ixtiyari və ixtiyari diqqət. Bəzi psixoloqlar diqqətin üçüncü növünü, ixtiyari diqqətdən sonrakı diqqət növünü də ayırd edirlər. Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqət qeyri-ixtiyari diqqət adlanır. Qeyri-ixtiyari diqqətin yaranmasının iki səbəbi var: obyektiv və subyektiv səbəb. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsinə təsir edən qıcıqlandırıcılar bir sıra spesifik xüsusiyyətlərə malik olmalıdır:
1.Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri (qüvvətli səs, kəskin iy, güclü işıq və s.).
2.Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi.
3.Obyektin hərəkətdə olması.
Qeyri-ixtiyari diqqət insanın emosional vəziyyətindən (əhval-ruhiyyəsi, sağlamlıq dərəcəsi, maraqları, təlabatı və s.) asılı olaraq da əmələ gəlir.
İxtiyari diqqət yalnız insana məxsusdur. İnsanın xüsusi niyyəti, məqsədilə bağlı olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari diqqət daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim olunmasına yönəlmiş olur. Davamlı diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır:
1.         Borc və məsuliyyəti aydın dərk etmək.
2.         Fəaliyyətin konkret məqsədini aydın dərk etmək.
3.         Adəti iş şəraitinin olması.
4.         Əlavə maraqların yaranması. İxtiyari diqqətdən sonrakı diqqət isə iki mərhələyə ayrılır. Birinci mərhələdə
məqsədə müvafiq olaraq fəaliyyəti yerinə yetirmək üçün iradi səy göstərilir, ikinci mərhələdə isə işlə maraqlanmağa başlayır və bu zaman iradi səy vasitəsiz maraqla əvəz olunur.
4-cü sual. Diqqətin 5 əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, keçirilməsi və paylanması.
Diqqətin mərkəzləşməsi dedikdə şüurumuzun müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür.
Diqqətin davamlılığı dedikdə ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılması başa düşülür.
Diqqətin həcmi dedikdə eyni vaxtda əhatə olunmuş, aydın dərk olunan obyektlərin miqdarı başa düşülür.
Diqqətin paylanması dedikdə eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür.
Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli prosesdir.
Diqqətin tərəddüdü insanın şüurunun əsas obyektindən kənar obyektə yönəlməsi və yenidən əsas obyektə qayıtmasında ifadə olunur.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Diqqətin əsas xüsusiyyətlərindən biri də onun dalğınlığıdır. Dalğınlıq əqli fəaliyyətlə məşğul olanlarda özünü biruzə verir.
 

0 şərh