Beden dili

Kələk gəlmək və həqiqi hislərimizi gizlətmək üçün bədənimizin ən çox istifadə etdiyimiz hissəsi üzümüz olsa da, qarşısındakı insanın bədən dilini oxumağa çalışanlar adətən öz müşahidələrinə təpədən (üzdən) başlayıb aşağı doğru enməyə meyillidirlər. Mənim məsləhət görəcəyim üsul isə tam əksinə olacaq. Bu günə qədər FTB üçün minlərlə görüş keçirmiş insan kimi əvvəlcə şübhəlinin ayaq və qıçlarına diqqət etməyi, sonra müşahidələri yuxarı doğru qaldıraraq üzdə sonlandırmağı məsləhət görürəm. Əgər söhbət dürüstlükdən gedirsə, ayaqlardan yuxarıya qalxdıqca bu xüsusiyyət azalır. Təəssüf ki, son altmış ildə istintaq üsullarında və insanları oxuma cəhdlərində əsas diqqət üzə yönəlib. Bir çox agent istintaqa çəkilən insanların ayaq və qıçlarını masanın altında gizlətməsinə imkan verərək problemi daha da dolaşdırmış, bədən dilini oxumağı daha da qəlizləşdirmişlər.

Əgər bir az düşünsəniz üz ifadələrimizin aldadıcı təbiətini aşkar edə bilərsiniz. Üzümüzlə yalan söyləyərik, çünki uşaqlıqdan bəri bizə bunu öyrədiblər. Qarşımıza qoyulan yeməyə müsbət reaksiya verməyəndə “üzünü bu hala qoy-ma”, yaxud “Sifətini düzəlt” deyərək bizi sıxışdırıblar. “Əmin uşaqları gələndə ən azından sevinmiş kimi görünə bilərsən”, dedikləri üçün zorla da olsa gülümsəməyi öyrənmisiniz. Valideyn və cəmiyyətin bizdən tələb etdiyi sosial ahəngin təmin olunması üçün üzümüzdən istifadə edərək həqiqi hislərimizi gizlətməyimiz, insanları aldatmağımız və yalan söyləmiyimiz vacibdir. Yəni, bu məsələdə yaxşı olmamağımız təəccüblü sayılmamalıdır. Yaşımız irəlilədikcə bu işdə o qədər mahirləşirik ki, çıxıb getməyini istədiyimiz insanlara hiss etdiklərimizin əksinə olaraq üzümüzə təbəssüm maskası taxaraq baxır, bunun sayəsində qohumlarımızla bir yerdə olmaqdan məmnun görürük.

Bu barədə bir düşünün. Üz ifadələrimizi nəzarətdə sax-laya bilməsəydik, “poker üzü” termini hansı mənanı daşıyardı? “Məclis üzü” maskasını necə taxmaq lazım gəldiyini bilirik, ancaq aramızda çox az adam tapılar ki, başqaları bir yana, öz ayaq və qıç hərəkətlərinə maraq göstərsin. Təlaş, stress, qorxu, həyəcan, ehtiyatlılıq, sıxıntı, tələskənlik, xoşbəxtlik, nəşə, kədər utancaqlıq, naz, təvazökarlıq, qəribəlik, arxayınlıq, itaət, qanı qaralmaq, ətalət, rol oynamaq, nəfsinə qul olma və ya qəzəb –bütün bunlar ayaq və qıç davranışları ilə müəyyən edilə bilər. Sevgililərin ayaqlarını mənalı bir şə-kildə bir-birinə toxundurması, yad adamların qabağında uşağın utancaq ayaq hərəkətləri, qəzəbli adamın duruşu, doğum evindəki arvadını gözləyən ərin əsəbi yerişi – bütün bu davranışların hamısı hislərimizə işarə edir, eyni zamanda da oxuna bilər. Ətrafımızdakı dünyanı aydınlaşdırmaq və başqalarının davranışlarını doğru şəkildə izah etmək istəyirsinizsə, düzgün informasiya ötürən ayaqları diqqətlə müşahidə edin.

Co Novarro «Bədən dili» kitabından bir hissə
Mənbə: Kitabevim.az
Hazırladı: Asifə Əfəndi

0 şərh