Zefir testi


60-cı illərin sonunda Kolumbiya Universitetinin professoru Uolter Mişel tərəfindən «Zefir testi» adlı bir eksperiment keçirilir. Stenfordun «Bing» uşaq bağçasından olan 4-6 yaşlı uşaqlar növbə ilə bir otağa yerləşdirirdilər. Otağda sadəcə bir masa və oturacaq var idi. Masanın üstünə bir zefir (marshmallow) qoyulur (əlavə olaraq digər «peçenye»lər də var) və hər bir iştirakçıya bildirilir ki, əgər onlar 15 dəqiqə gözləyib bu zefiri yeməsələr onda onlara əlavə 1 ədəd də zefir veriləcək. Sonra «qurban»ı zefirlə otaqda tək qoyurlar.

Testdə iştirak edən 653 nəfərin seçimləri əlbəttə ki, fərqli idi — bəziləri düşünmədən zefiri udurdu, bəziləri çalışırdı, lakin sonda uduzurdu, bəziləri isə müxtəlif yöntəmlərdən istifadə edərək (yatmağa çalışmaq, mahnı oxumaq) sona kimi dözüb sonra 2-ci zefiri hədiyyə alırdılar. Testdə iştirak edən 653 uşağın bir çoxunun taleyi sonradan diqqətlə izlənilirdi və maraqlı tendensiya odur ki, zefiri yeyən cəmiyyətin üzvləri həyatda daha az nailiyyətlər əldə edir, daha çox artıq çəki və narkotik asılılığından əziyyət çəkirlər.

Professor Mişel düşünürdü ki, yüksək həddə çatmış emosiyaları idarə etmək və özünü idarəetmə bacarıqları insan taleyinə onun digər bacarıqlarından daha çox təsir edir. Sonralar aparılan bir çox araşdırmalar da bunu təsdiq edirdi. 2011-ci ildə Kornel Universitetinin professoru Keysi həmin tarixi «Zefir» eksperimentinin 59 iştirakçısının beynində apardığı müayinədən sonra bildirdi ki, vaxtilə zefiri yeməyib gözləyən təbəqənin üzvlərində beynin alın payında xüsusi aktivlik müşahidə olunub. Alimlərin fikrincə bu ona görə vacibdir ki, bu qeyd etdiyimiz hissə insanın emosiyalarını idarə etmə prosesində başlıca rol oynayır.

 

0 şərh