Yaltaqlıq

Yaltaqlıq — başqaları üzərində hakimiyyətin bir növüdür. Vasitəli növüdür. Onun iki zəmini var:
1) birilərinin yaltaq xisləti;
2) digərlərinin yaltaqlıqdan həzz almaq xisləti.

Heç bir həzz əvəzsiz başa gəlmir. Yaltaqların yarınmasından həzz alan adamlar bunun qarşılığını onlara hansısa imtiyazlar tanımaq, güzəştlər etmək, fayda verməklə ödəyirlər. Həzz alan adamlar özlərini yaltaqlar üzərində hökmran mövqedə zənn edirlər, hansısa səbəbdən qəzəblənib yaltağı cəzalandıra, başqası ilə əvəz edə bilərlər, amma onlar neçə ki yaltaqlıqdan həzz alır, yaltaqlardan asılıdırlar demək. Narkomanlar narkotiklərdən asılı olan kimi.

Yaltaqlıqdan həzz alan adamlar özləri də lazm gələndə yaltaqlanmağı özünə sığışdıran adamlardır. Yaltaqlanmağı özünə sığışdırmayan adamlar, başqaları onlara yaltaqlıq edəndə çirkinirlər, həzz almırlar. Yaltağa yazığı gəlib onun üçün bir şeylər edə bilər, lakin yaltaqlıqdan həzz aldığı üçün deyil, yazığı gəldiyi üçün.

İnsanların nələri öz-ünə sığışdırıb, nələri sığışdırmaması genetik təməllidir. Yaltaqlığın siyasi-ictimai həyata ciddi sirayət edən faktor olmaması üçün, idarəetmə sisteminin yaltaqlığa qarşı «immuniteti» olmalıdır. Sistem insanlardan yaltaqlıq, aravuranlıq, çuğulluq kimi mənfi məziyyətlər deyil, ictimai faydalı iş tələb etməlidir.

Normal sistem qurulsa, bir neçə nəsil dəyişimi ilə cəmiyyətdə yaltaq xislətli insanların sayı azalacaq. İrsiyyət (istər genetik, istər mədəni) belə bir şeydir ki, lazım olan şeyləri gələcəyə daşıyır, lazım olmayanları tədricən azaldır.