Kütlə psixologiyasının təsiri fonunda fərdlərin davranış formaları

Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq təəssürat ondan ibarətdir ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri, təsisatları, etiqad və incəsənəti təşəkkül tapır. 
                                                                                                                                   Qustav Le Bon

Bütün hadisələr XVIII əsrdə Fransada cərəyan edir. Qrenuy Parisdə balıq satılan palçıqlı bir küçədə doğulur və oradakı ilk aldığı iyrənc qoxu ilə hamıdan fərqli bir qabiliyyət sahibi olur. İnsanların qoxusu olmadığı üçün ondan çəkindiklərini və nəhayət özü də bunun həqiqət olduğunu anladığı gün o qatilə çevrilir. Beləliklə, istədiyi qoxunu əldə etmək üçün tam olaraq Jan-Batist Qras şəhərinin 24 ən gözəl, yeniyetmə və ən əsası bakirə qızının qatili olur. Onları öldürərək bədənlərindəki xüsusi qoxunu alır. Amma tam istədiyi ətri almaq üçün o Laura adlı kürən saçlı qızı öldürməli olur. O istədiyinə nail olsa da sonda həbs olunaraq, edam hökmünə məruz qalır. Hökmdə deyilirdi: “Məhkum 48 saat ərzində Dü-Kur darvazasına çıxarılmalı və üzü səmaya taxta xaça bağlanılmalı və onun çılpaq bədəninə dəmir çubuqla on iki zərbə vurulmalıdır ki, bu zərbələr onun əl, ayaq, bud və çiyin oynaqlarını sındıracaq və bundan sonra o ölənədək xaçdan asılı vəziyyətdə qalacaqdı”


Qrenuy özü bu hökmə heç bir etiraz etmədi. Hətta son arzusu olmadığını da bildirdi.
Növbəti iki gün ərzində ona baxmağa keşişdə olmaqla bir neçə insan gəldi ama onlar Qrenuyun yanında çox qala bilmirdilər. Qatil çox soyuqqanlı və susqun idi. Sanki sonda qələbə qazanacağını bilirdi.

Şəhər sakinləri edam gününə xüsusi hazırlaşmışdılar. Onların içində sonuncu qurban, Lauranın atası Rişi də var idi. İntiqam hissi ilə alışıb-yanan Rişi bu günü xüsusi gözləyirdi.
Druat küçəsində bir cüt at qoşulmuş karet göründü. Kütlənin qəddar baxışları altında karetadan enən Qrenuy, polislərin müşayəti ilə meydana gətirildi. Hər kəsin onu daşa basacağı, söyəcəyi təəssüratları gözlənildiyi halda ətraf birdən-birə tam sakitliyə qərq olmuşdu. İş orasındadı ki, ətrafda yığılan on minlərlə insan sanki karetdən düşən mavi gödəkcəli balaca adamın heç cür qatil olduğuna inanmırdılar. Gözlərində əvvəlki şiddət görsənməyən, ora toplaşan, qoca, qadın, uşaq bu balaca boylu adamın cazibəsi qarşısında davam gətirə bilməmişdilər. İnsanlar sanki ərimişdilər, onların ağlı və qəlbi həll olub amorf, duru bir ünsürə çevrilmişdi və yalnız içəridə durmadan çırpınan bir parça ürəyi hiss edirdilər. Hətta daxilində ona qarşı nifrətlə yanan, o sonuncu kürən saçlı öldürülən qızın atası belə qurbanın qarşısında sanki əriyib muma dönmüşdü. Artıq insanların daxilindəki qəzəb, nifrət, şiddət hissi qurbanın cazibəsi qarşısında sevgiyə çevrilmişdi. 



Bu kütləvi ekstaz idi. Adi fərdin öz xüsusi keyfiyyətləri ilə kütlənin ruhunu dərindən qavrayaraq, psixologiyasını yaxşı bilməklə onları özünə tabe etmək bacarığı. Məhz bunu Freydin dediyi kütlə psixologiyasının spesifik cəhətini onun qeyri-şüuru, təhtəlşüur olaraq kiməsə pərəstiş etməsinə dair bir nümunə saymaq olar.

 İnsanlar  təsadüfi səbəblərdən qoşulduğu, yaxud sadəcə müşahidə etdiyi başqa adamların  davranışını, fikirlərini, yanaşmalarını təkrarlamağa, onların sırasına qatılmağa təbiətən avtomatik meyillidilər. Bu  konformizm və ya konformist davranış sayılır. Misal olaraq, svetoforda dayanıb yolu keçmək üçün yaşıl işığı gözləyirsən, fikrin başqa yerdədir, kimsə işıq yanmadan yolu keçməyə başlayır, bu an sən də hərəkətə gəlirsən. Çünki şüuraltı üçün svetofor işığı deyil, başqalarının davranışı əsasdır. Səndən başqa heç kim yoxdursa və fikrin başqa yerdədirsə, işıq yanan anda hərəkətə başlamaya da bilərsən. Hərçənd svetofor faktiki görmə sahəsindədir.  Konformist fərd özü olmaqdan hansısa hədlərdə imtina edir, özünü qrup daxilində qəbul olumuş davranış modeli çərçivəsinə salır və bununla, da başqalarının onu görmək istədiyi kimi olur. Bunu əsas etibarı ilə şüurlu şəkildə deyil, şüuraltı impulsların təsiri ilə, yəni avtomatlaşmış şəkildə edir. Fərd öz şəxsi düşüncələrini asanlıqla kütlənin düşüncələrinə qurban verir. Şüuraltı proqram belə qurulub. Proqramın təsirindən çıxmaq üçün prosesə şüurlu müdaxilə gərəkdir. Kütlədən ayrılıb, individuallığa qaçıb, fərdi qərar qəbul edən insanlar konformist davranışları aşan insanlardı.

İnsanları bir yerə toplayıb, kütlə halına gətirən tarix boyu ideyalar olub. Məsələn, orta əsrlərdə əsas iki ideya mövcud idi: Dini və feodal. Bu iki ideyadan insanların incəsənət, ədəbiyyat və həyat haqqında anlayışları törəyirdi. Tezliklə, ideyalar kütləviləşir və bir-birini əvəz edirdi. Hər hansı bir ideya az və ya çox zaman ərzində dolaşdıqdan, yenidən işləndikdən və sonda təbliğata çevrilməklə forma alıb kütlənin ruhuna hakim kəsilməklə, mütləq həqiqətə, ehkama çevrilirdi. İdeya tədricən hisslərə çevrildikdən və ehkam kimi qəbul olunduqdan sonra, təntənəsi uzun dövr üçün təmin edilir və onu sarsıtmaq cəhdləri boşa çıxırdı. Məsələn, xristianlığın əsas ehkamı odur ki, bəşəriyyətin nicatına görə məsh edilmiş İsa, peyğəmbərliyini yerinə yetirmək üçün dünyaya gəlmişdi və o ilahi varlıqdır. Bu ideyalar altında təqribən 2.2 milyard insan birləşərək, öz təməl prinsiplərinə digər fərdləri də qatmaq fikrində mubarizədədirlər.

Kütlə tərkib baxımından bir-birindən fərqlənən iki qruplaşma yarada bilir. Yəni kütlə həm müxtəlif növlü və həm də həmcins olur.
Müxtəlif növlü kütlə özündə müxtəlif peşələrə malik və əqli inkişafına görə bir-birindən fərqlənən insanları cəmləyir. Bildiyimiz kimi kollektiv psixologiyada şüur nə qədər də önəmli rol oynamasa, qeyri-iradi hisslər əsas olsa da kütlənin məhz bu növündə individuallığa meyl, fərdi düşünmə bacarığı həmcins kütlədən daha çoxdur. Çünki yekcins kütlənin tərkibi adətən eyni sektaya, sinifə aid olan insanlardan ibarətdir. Məsələn, bir dini sektaya aid olan kütlənin bütün şüur vasitələri onun iradəsinə tabe olur. Ortaya fanatizm çıxır. Belə olan təqdirdə fərd müstəqil qərar vermə şansını itirir, hazır qərarları beyninin təfəkkür süzgəcindən keçirmədən reaalıq kimi qəbul edir.

Bu gün kütlə psixologiyasının fərdlər üzərində hakim olduğu ən bariz nümunələrini həyatımızın bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə görmək olur. Məsələn, bu şəbəkələrdə biraz məşhurlaşmış insanlarla adi insanların hər hansı bir şeyin muzakirəsi zamanı əgər o məşhur insan səhv olsa belə kütlə onun tərəfində olacaq. Bu həm də o avam kütlədə şəxsiyyətə pərəstişin bir növüdür. Savadsız, cahil kütlə üçün sözün kəsəri şəxsiyyətin arxasında gizlənir. Belə cəmiyyətlərdə haqq-ədalət şəxsiyyətin cəmiyyət arasındakı statusunun kölgəsində qalır.

Yeni araşdırmalar göstərir ki, fərdin təbii şəkildə kütlə tərkibində olmaq arzusu onun düzgün qərar vermək bacarığına xərər yetirir. Təcrübələr Exeter və Sarbon universitetinin professor heyəti tərəfindən aparılaraq Royal Society İnterface elmi jurnalında dərc olunmuşdur.

“İnsanlara qonşularının və ətraf mühütün təsiri öz şəxsi instinktlərinin təsirindən daha güclüdür. Bu isə sosial təsirin təbiət və cəmiyyətdə daha güclü olduğunu göstərir.” Bunu təcrübülərə rəhbərlik edən professor Dr. Torney bildirmişdir. Onun sözlərinə görə bir neçə qonşu ailələrin daxilində aparılan təcrübələr bu ailələrin tədricən bir-birini yamsıladığını, bir-birinə oxşamaq istədiyini ortaya çıxarmışdır. Dinamik bir mühütdə, individual şəkildə qərar vermək istəyən fərd öz şəxsi istəyini komandanın istəklərinə asanlıqla qurban verir. Nəticədə qonşulara oxşamaq və ya onlardan daha yaxşı olmaq istəyi onu inkişaf etmək yolunda düzgün qərar verməkdən uzaqlaşdırır. Bu gün insanların bahalı telefon, maşın və ya dəbdəbəli həyat uğrunda bir-biri ilə yarışması bu kimi sosial təcrübələrin nə qədər real olduğunu göstərir.

Kütləni həmişə öz ardınca başlıca olaraq onun təxəyyülü çəkib aparır. Bütün tarixi hadisələr buddizm, xristianlıq, islam, islahatlar və inqilablar və bizim günlərdə sosializmin doğurduğu qorxu bilavasitə kütlənin təxəyyülündə əmələ gələn və yaxud ayrı-ayrı hadisələrin təsiri altında yaranan güclü təəssüratların təzahürləridir. Kütlənin təxəyyülü dedikdə bu kütləyə daxil olan fərdlərin ayri-ayrılıqda xüsusiyyətləri də nəzərdə tutulur. Çünki kütlə öz “quruluş”unu bu fərdlərin bilik və bacarıqları əsasında formalaşdırır. Ağıllı fərdlərdən təşkil olunmuş kütlə avam və cahillərdən təşkil olunmuş kütləyə nisbətdə daha rasional qərarlar verir. Fərdin ağıl və zəkası kütlənin gücünün bir hissəsini təşkil edir.

Fərdlərin cəmiyyətdə məqsədləri naminə birləşdiyi ən böyük anlayışlardan biri vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti anlayışı ilk dəfə Platon və Aristotel tərəfindən istifadə olunmağa başlanıb. Demokratikləşmə prosesinin ən vacib elementlərindən biri də məhz vətəndaş cəmiyyətinin qurulmasıdır. Vətəndaş cəmiyyəti bütün demokratik sistemlərin bazası hesab olunur. İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması, vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının, şəxsi ləyaqətlərinin qorunması, cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi və daxili qayda-qanunun təmin olunmasıdır. 



Vətəndaş cəmiyyəti siyasi mədəniyyətin olduğu, rəngarəng insanlarla dolu olan ölkələrdə qurulur və hər bir problemdə dövlətlə üz-üzə gələ biləcək, dövlətə alternativ bir sistem kimi formalaşır. Vətəndaş cəmiyyətinin sosial sahəsində struktur elementlərini aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Göründüyü kimi bu kiçik sosial qrupların hamısı insanların bir ideya fondunda birləşməsi nəticəsində yaranmış qurumlardı. Bəzən kütləviliyi də müyyən müsbət işlərin görülməsi üçün uğurlu saymaq olar. Ancaq o da aydındır ki, bu kimi qruplar yalnız savadlı, intelekktual fərdlərdən ibarət olduqda müsbət dəyişikliklər üçün can atır. Əks təqdirdə kütlə özü özlüyündə dağıdıcı olub, öz cahil ideyaları uğrunda mubarizə aparır. Deməli, təbii ki, ağıllı kütlə üçün savadlı fərdlərin formalaşması dövlətçilik ənənlərinə qədər gedib söykənir. Məsələn, Ən popular təhsil ocaqlarının yerləşdiyi Qərb üçün vətəndaş cəmiyyətinin formalaşması adi bir şey olduğu halda, savadsızlığa, cahiliyyətə qərq olmuş Şərq üçün vətəndaş cəmiyyətinin qurulması demək olar ki, mümkünsüzdür. Təbii ki, mümkünsüz olacaq. Çünki öz hüquqlarını bilməyən, təhsilsiz fərdlərdən təşkil olunmuş kütlə demokratik qanunlara görə çaba göstərə bilməz. Axı heç onların demokratiya anlayışları belə yoxdur.

İstənilən sivilizasiyaya ən böyük uğurları həmişə bir ovuc ali zəka sahibləri qazandırıb. Sivil xalqların malik olduğu bu az sayda seçilmişlər, görkəmli adamlar hər nəsildə həmin şəxsləri məhv etmək yetərdi ki, o xalq sivil millətlər sırasından silinsin. Sivilizasiyanın tədqiqi göstərir ki, elmdə, incəsənətdə, sənayedə, bir sözlə, sivilizasiyaların bütün sahələrində olan inkişafa görə bizlər yalnız onlara minnətdar olmalıyıq. Kütləni ağıllı məqsədlər uğrunda inkişaf etdirib, arxasınca aparan, lokomativ rolunu oynayanlar da məhz bu seçilmiş insanlar olub. Nəticə etibarilə məhz ideyaları yayan bu adamlar elə kütləni idarə ediblər. Tarix göstərir ki, ən cəfəng ideyalar insanları daha fanatikləşdirib. Şübhəsiz, fanatiklər də yalnız xülyalar yayırdılar, eyni zamanda qorxulu, yoldançıxaran və boş xülyalar. Bəşəriyyət indiyədək bunları çox görüb, şübhəsiz ki, bundan sonra da görməkdə davam edəcək.

Müəllif: Orxan Rəcəbzadə

0 şərh