Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar

Sevgilin və dostunla münasibətin sənin güzgüdəki əksindir
Nifrət etdiyin adamlarla niyə hələ də dostluq edirsən? Onlar sənin qüsurlarını sənin görməyəcəyin şəkildə əks etdirirlər. Bir neçə il əvvəl mən Nyu York şəhərindəki meditasiya təlimlərindən birində iştirak edirdim. Elə oldu ki, yanımda oturan qızla söhbətimiz tutdu və biz dərhal dostlaşdıq. Həmin gün axşam birgə nahara çıxdıq, saatlarla söhbət elədik. İşləmək üçün mərkəzə qayıdanda isə biz görüşməyə və günlərimizi birlikdə keçirməyə başladıq. Mən onun dostlarıyla, o da mənim dostlarımla görüşürdü. Həyatımızda baş verənlər barədə bir-birimizə ətraflı yazırdıq. Qıraqdan baxan elə bilərdi, biz çox yaxın dostuq, amma belə deyildi.

Bir neçə həftədən sonra dostluğumuz başa çatdı. Hansısa “pis” bir şey, faciə baş verməmişdi. Bir-birimizi incitməmişdik. Sadəcə yollarımız ayrıldı və hərə öz həyatını yaşamağa getdi. O zaman mən bunu başa düşməsəm də, həmin vaxt o və mən bir-birimizin həyatında çox vacib bir məqsədə qulluq etmişdik.

Görüşdüyümüz həftələr ərzində adətən saatlarla bir mövzu ətrafında — sevgi münasibətlərimiz barədə danışardıq. Mən həmin dövrdə yaşadığım münasibətin hansı istiqamətdə getdiyi barədə vacib bir həqiqəti dərk etmişdim. Bəlli olmuşdu ki, yeni dostum və mən sevgi münasibətlərimizdə demək olar, eyni situasiyadayıq, biz ya daha bir cəhd etməli, ya da münasibəti tərk etməliydik.

Rəfiqəm öz münasibəti haqqında nə qədər çox danışsa, mən bir o qədər onun saf olduğu qənaətinə gəlirdim. Onun sevgilisinə uyğun gəlmədiyi aydın idi, o münasibətin başını buraxmalı idi. Mən isə o zaman dərk etməsəm də, indi bilirəm ki, onun vəziyyəti mənimkinin güzgüdəki əksi, ona vermək istədiyim məsləhət isə özümün ümidsizcə eşitmək istədiyimin proyeksiyası idi.

Bizim münasibətlərdə axtardığımız şey əslində sevgi yox, oxşarlıqdır. Eyni şeyi dostluqlara da aid etmək olar. Biz bir-birimizə təsadüfən rast gəlmirik: bir-birimizə bağlanmağımız üçün dərin, şüuraltı psixoloji ehtiyac duyuruq. Mən bu qəbildən olan bir neçə dostluqlarımı hərtərəfli süzgəcdən keçirəndən sonra qorxunc bir reallıqla üzləşdim.

***

Con Qottmanın dediyinə görə, hansı filmdən təsirlənirsən təsirlən, sənin ürək həmdəmini tapmağın təsadüfi, ilahinin dirijorluğu ilə ortaya çıxan bir rastlantı deyil. Onun nəzəriyyəsinə görə, sənin ideal partnyorun əslində sənin “sevgi xəritən”ə uyğun gələn, sənin altşüurundakı konsepsiyayla uzlaşan tay-tuşundur.

Amma altşüurumuzun kölgələrində, bizim münasibət üçün üstün tutduğumuz şəxslər heç də həmişə maliyyə sabitliyi və yaxşı kommunikasiya kimi gözəl olmurlar. Bizim axtardığımız şey dərində yatan, üzücü ehtiyaclarımızın inikası ola bilər.

Məsələn, boşanmış valideynlərin uşaqları bir qayda olaraq evliliyə mənfi yanaşırlar və “uzunömürlü, sağlam evliliyin mümkünlüyü” barədə daha az optimist olurlar. Bunun səbəbi onların lənətli olması ilə bağlı deyil; səbəb yəqin ki, ayrılığın onların təhtəlşüurunda yerləşən sevgi xəritəsində olmasıyla bağlı ola bilər. Sevgi barədə onların bildiyi ilk şey ayrılıq və bəlkə də tərk etmək olub, bu da onların “məhəbbət” konseptinin bir hissəsinə çevrilib.

Bu, həmçinin asılılığı olan şəxslərin övladlarının nəyə görə böyüyəndən sonra asılılığı olan insanlarla münasibətə girdiyini açıqlaya bilər. Onlar qeyri-şüuri olaraq sağalda bilmədikləri valideynlərinin əvəzinə öz partnyorlarını sağaltmağa çalışa bilərlər. Onlar mübtəla davranışı özlərinin yaxınlarıyla əlaqələndirdiklərini sadəcə olaraq başa düşməyə bilərlər.

Bu nəzəriyyədən belə çıxır ki, biz sevgi münasibətlərində əslində məhəbbət yox, oxşarlıq axtarırıq. Eyni şey dostluğa da aiddir. Başqa insanı dəyişməyə çalışmaq səni sağaltmayacaq.

Sənin bəzi insanlarla yaxın münasibətlər qurub, onları digərlərindən üstün tutmağın təsadüfi deyil. Əksər hallarda sənin yaxın dostlarınla bölüşdüklərin düşündüyündən daha çoxdur. Adətən sən məhz o adamlara yönəlirsən ki, onların səninlə oxşar problemləri var, sən özündəki bu problemləri həll etmək istəyirsən, amma bilmirsən necə.

Münasibətlərdə gərginlik ortaya çıxanda, sən onların davranışlarına görə əsəbləşməyə başlayırsan – amma istənilən halda dostluğu saxlayırsan – bu, əksər vaxt sənin özünün davranışında müşahidə etdiyinin güzgüdə əks olunmasıdır. Sən sadəcə bunu dərk etmirsən.

Biz adətən öz davranışlarımızda o qədər də anlaqlı olmuruq, amma bunu başqalarında müşahidə edirik, bunun əsasında da tez-tez insanları tənqid və mühakimə edirik. Bunun özü hətta bir növ aludəçiliyə, sevgi-nifrət münasibətinə, qısqanclığa, rəqabətə və həsədkarlığa çevrilə bilər. Və əksər hallarda başqalarında bizi qıcıqlandıran şeylər, bizə hələ özümüzdə görə bilmədiyimiz şeyləri göstərə bilər.* Biz bizimlə oxşar yaraları olan adamlarla rastlaşanda, bunu hiss edirik. Bilirik ki, onlarda bizi özünə çəkən və müqavimət göstərmək istədiyimiz bir şey var. Problem odur ki, biz öz yaralarımızı sağaltmalı olduğumuz halda, başqalarının yaralarını sağaltmağa girişirik.

Buna görə də bir çox insanlar toksik münasibətlərə daxil olurlar. Onlar qarşılıqlı maraqlar və qarşılıqlı hörmətlə birləşəcəkləri insanlar tərəfindən deyil, özlərinin güzgüdəki əksi olan və pis davranışları olan adamlar tərəfindən cəzb olunurlar. Hər bir insanın öz yolunu tapmalı olduğunu dərk etmək əvəzinə, onlar öz problemlərini başqasına proyeksiya etməyə, bir-birlərini güdməyə və can atdıqları dəyişikliyə nail olmaqdan ötrü bir-birlərinin davranışlarına nəzarət etməyə çalışırlar.

Lakin başqasının davranışını dəyişməyə çalışmaq səni sağaltmayacaq. Bu, səni daha yaxşı hiss etdirməyəcək.

***

Dünyada milyonlarla insan yaşayır. Yüzlərlə, bəlkə də minlərlə insan var ki, bizim onlarla yolumuz kəsişir. Münasibət qurmaq üçün hər yerdə imkan var, amma bununla belə əksər insanlar çox kiçik çevrə ilə kifayətlənib elə münasibətlərə daxil olurlar ki, bu onları bu və ya digər şəkildə güclü hiss elətdirir.

Bu elə belə baş vermir. Münasibətlərinin sənin ən böyük müəllimlərin olması fikri banal səslənə bilər, amma bu, həqiqət olduğuna görə belədir. Sənin münasibətlərin və münasibət zaman yaşadığın təcrübələrin sənin özünü aydın görməyin, özünü tanımağın, qayğılarını dərk etməyin və nəyi fəzilət bildiyini müəyyənləşdirməyin və nələri dəyişdirmək istədiyini bilməyin üçün ən yaxşı imkandır.

Ona görə də insanları düzəltməklə, hələlik sağalda bilmədikləri yaralara görə onları mühakimə etməklə, həyatda manevrlər etməyə çalışmaqdansa, başqalarında görərkən səni ən çox qıcıq edən yaraların böyük ehtimalla sadəcə olaraq sənin öz əksin olduğun fikrinə nəzər sal. Böyük ehtimalla sənin başqaları haqqında ən çox düşündüyün şey əslində sənin özünə demək istədiyin şeydir.

Brianna Viest “Medium.com” platformasında emosional intellekt barədə yazılar yazır.

bilge.az
 

1 şərh

şərh silinmişdir