Stresi azaltmaq üçün

Gərginlik həqiqətən də həyatın reallığıdırmı? Minlərlə gənclər üçün həlledici imtahanlar yaxınlaşır. Çoxları deyir ki, tələbələrə təzyiqlər azaldılmalıdır, ancaq insanlar gərginlikləri həm də həyatın faktı olaraq qəbul etməlidirlərmi — Matthew Syed araşdırır.
Tələbələrin bir çoxunun imtahandan kəsilməsi onların qabiliyyətsiz olmasından deyil, imtahan otağının ağırlığındandır — divarda tıqqıldayan saat, nəzarətçilərin var-gəl etməsi və gələcəyin məhz bu anlardan asılı olmasına dair sürreal düşüncə bu otağa hakim kəsilib.
Stresi azaltmaq üçün
Biz rəqabət aparan canlılarıq, amma bir-birimizi, istər imtahan olsun, istər işə qəbul müsahibələri, istərsə də romantik görüşlərdə qiymətləndirmək kimi bir qərar etmişik. Ona görə də, sinir narahtlığı keçirməyimiz qaçılmazdır. Gərginliyi yolumuzun üstündən çıxarmaq mümkün olmayan arzudur.
BBC-nin apardığı gərginliyin psixologiyasına dair yeni sınaq bəzi insanların niyə təzyiqə digərlərindən daha artıq həssas olduğunu araşdırır. Alimlər bəzi insanların öz emosiyalarına nəzarəti itirməsinin, digərlərinin isə soyuqqanlı olmağı bacarmasının səbəblərini bilmək istəyir.
Bu yay ağır psixoloji sınaqlarla üzləşənlər yalnız tələbələr deyil. Olimpiya atletləri də gələcəklərini müəyyənləşdirəcək məqamla qarşı-qarşıya olacaqlar. Və onların bir çoxu bu halla baş etməkdə çətinlik çəkəcək.
Mən Sydney Olimpiya oyunlarında Britaniyanın əsas stolüstü tennisçisi kimi çıxış edəndə karyeramın parlaq dövürünü yaşayırdım. Mən gur işıqlı rəqabət arenasına çıxdım, topu güclə vurdum. Bir sözlə, təntimişdim.
Hamımız bilirik, təntimək nədir. Final oyun və ya imtahanlarda donub qalırıq, görüşə gedəndə dilimiz bağlanır, mühüm işə qəbul müsahibələrində ən yaxşı bacardığımızı izah edə bilmirik.
Addımlarımız
Bəs niyə belə olur? Təntiməyin nevrologiya elmində izahı çox maraqlıdır, onu anlamaq üçün sadəcə küçədə yeriyəndə nə baş verdiyini göz önünə gətirmək lazımdır.
Heç birimiz küçədə gəzərkən, necə yeriməyimizin mexanikası haqda düşünmürük, sadəcə nahara nə yeyəcəyimizi və ya toplantıda nə deyəcəyimizi fikirləşirik. Amma indi fərz edin ki, hər iki tərəfi 10 min metr dərinlikdə uçurum olan dar cığırla yeriyirik. Bu halda, ayağımızı necə qoymağı, cığıra yerləşən hər addımımız barədə ehtiyatla düşünürük.
Yerimək, onun haqqında düşündüyün zaman, kifayət qədər mürəkkəb hərəkətlər quruluşudur. Onlar haqda çox düşünsək, çaşarıq. Ona görə də, çoxlu insanların önündə yeriyərkən özümüzü qəribə hiss edirik. Dilimiz dolaşanda da eyni şey baş verir. Düzgün sözləri istifadə etmək üçün o qədər həyəcan keçiririk ki, onları sadəcə demək əvəzinə, biz onları deməyə çalışırıq. Bir sözlə, ciddi-cəhd edirik.
Beynimizin şüuraltı hissəsini istifadə etmək əvəzinə — əslində bu bizə məlum bacarığı (məsələn, danışmaq, yerimək və ya imtahanda mürəkkəb riyazi formulu yada salmaq) yerinə yetirməyin ən səmərəli yoludur — biz şüurlu hissəni işə salırıq. O zaman hər şey baş-ayaq gedir.
Başqa sözlə, təntiməyə qalib gəlmək üçün biz şüuraltı bacarığımıza etibar etməliyik. Amma üzləşəcəyimiz vəziyyət haqda nə qədər məlumatlı olsaq, bir o qədər də şuurlu davranırıq.
Necə həyanlanmamaq olar?
Bir çox tələbələr əsəb xərclədikləri üçün gücdən düşdüklərindən şikayətlənirlər — bu halda, bir banan və bir şüşə su əqli fəaliyyət gücünü artıra bilər.
Digərləri isə imtahan otağında gəzişən nəzarətçilərin səs-küyündən şikayət edir — bu halda, qulaqcıqlar diqqəti cəmləməyə kömək edə bilər. Bir çox tələbələr imtahan vərəqəsinin tanış olmayan formatına və ya sualların tonuna görə məyus olur — bu halda keçmiş vərəqələrlə yaxından tanışlıq və ya imtahan götürənin hesabatları yardımçı ola bilər.
Bütün bunlar kiçik məsələlərdir, onları etmək asandır, amma tez-tez bunu unuduruq.
Bundan başqa, böyük məqam saydığımız məsələyə digər perspektivdən baxaq — özümüzə xatırlatmaq lazımdır ki, bu məqam heç də o qədər böyük deyil. Hətta böyük imtahan belə, ailə və ya sağlamlığımızdan mühüm deyil. Hətta böyük iş müsahibəsinin belə, ulduzlara baxıb, ənginliyə nisbətdə nə qədər kiçik olduğunu düşünmək bizə kömək edə bilər.
Bir çox atletlər böyük oyunlara məhz bu cür yanaşır. Yadımdadır ki, bir müsahibədə rəqibim dodağının altında pıçıldayırdı: bu, sadəcə bir oyundur. Görünür bu sözləri onu sakitləşdirmişdi. O mənə üç oyunda qalib gəldi. Gərginlik həyatın ayrılmaz hissəsidir və bəzən bizi ilişdirə bilər.
Amma lazımi məqamlarda təhtəlşüur qabiliyyətimizə etibar etməyi yadda saxlasaq, onda həyəcana qalib gələ bilərik.
 
 

Mənbə: bbc.com
 

0 şərh