Dəyərlərimiz, psixoloji durumumuz, dünyagörüşümüz, ictimai qınaq yetərsizliyi

Əvvəlki yazılarımızın birində bütün dünyanı ağuşuna almış Koronavirus pandemiyası, onun Azərbaycanda yayılmağa başlaması və dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər haqqında məlumat vermişdik. Yenidən bu mövzuya qayıtmalı olduq, çünki yumşaldılma prosesindən sui-istifadə edən bəzi vətəndaşlarımız, virusun daha geniş yayılmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Əhalisi 10 milyon olan bir ölkə üçün yoluxma sayının 550-dən çox olması kifayət qədər böyük göstəricidir. Artıq koronovirusla mübarizədə evdə müalicə metodu da tətbiq olunmağa başladı, çünki, xəstəxanalarda yer bitmək üzrə idi və ağır xəstələri sayı get-gedə artırdı. Hazırda vəziyyət yaxşılığa doğru getmədədir, lakin yenə qorxuram ki, eyni proses yenidən təkrarlana yəni, yumşaldılmada insanlar yenə bu prosesləri önəmsəməyə.
Virusun psixologiyamıza ziyanı
Çox qəribə bir haldır ki, insanlar bir şeyə etiraz edircəsinə tədbir görmək istəmir. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri də odan ibarətdir ki, xalqımızın çoxu öz karyerasında özünü təsdiqləyə və uğur qazana bilmir, beləliklə real həyatda  olduğu kimi görsənməmək istəyi onları qanunları pozmaqla öz mənəvi tələbatlarını ödəməməyə itələyir. Məsələn, avtomobilin oturacağındakı kəməri neçə nəfəriniz bağlayır? Hətta, mən bağladığım zaman bullunqə məruz qalıram çox hallarda. Oysa, oturacaq kəmərləri qəza zamanı bizim şüşədən çölə sıçramamağımız üçündür. Və ya yollarda maşının hansı sürətlə idarə olunmasını göstərən lövhələr var və çoxunuz burda yazılanlardan qat-qat artıq surətlə sürürsünüz. Olan yenə sizə olur, ən yaxşı halda radar cəriməsi, ən pis halda sizin və ya yaxınlarınızın ölümü. Bu cür cılız təfəkkürə inana bilmirəm və bu dar düşüncəli baxış bucağı ilə insanlar bu dünyada necə yaşayır ona da inana bilmirəm. Dövlətin qoyduğu qanunları pozaraq öz mənəvi tələbatlarını ödəmək istəyənlərin həqiqətən də bir psixiatra görsənməyi şərtdir. Bu psixoloji durumdur ki, indi sizlərin çoxunu maska taxmamağa təşviq edir.
Bu eyni zamanda bütün karantin rejimini pozanlara da aiddir. Məsələn, arayışı olmaq hazırda “cool” hesab olunur, çünki, limitsiz şəhərə çıxıb gəzmək imanın var. Ondan betər isə nəyinsə kəsilməsini toy-bayram edərək öz ətrafına insanları toplayıb məclis təşkil edənlərin “şüurunu” ölçüm yoxsa, xəlvəti “kafeyə” gedərək mənasız həyatına “rəng” qatmaq istəyən nəfsinin qulu olan “təfəkkürlü” insanımı, bilmədim. Yaxud, Yasamalda yaşayaraq, Sabunçuda bazarlığa gələnin “məntiqini” yoxlayım. Yoxsa Zərdabda oğluna toy edən atanın “çarəsizliyinimi”, anlaya bilmirəm. Bu bəla sadəcə bir regionla bağlı olsa insanların ehtirasını anlayardım bəlkə, amma bu demək olar ki, bütün yer kürəsindədir və el ilə gələn bir bəladır. Bunun Azərbaycan dövlətinin hakimiyyət uğrunda oynadığı bir oyun kimi qiymətləndirən “ağıllıların təfəkkürlərinə” quzu kəsməkdən başqa bir şey edə bilmirəm.
İstedadlı hüquqşünas Şamil Paşayevin bəhs olunan məsələnin daha bir səbəbinə işıq tutan bu sözünü çox bəyəndim “Bu mədəniyyət virusu ilə bir yerdə yaşamağı öyrənməliyik”. Amma biz nə qədər mədəniyik ki, qarşımızdakının sağlamlıq hüquqlarını qoruya bilək. Elə indinin insanların bir qismi ya maska taxmır, ya da maskanı burunun altına qoyub ki, bu da yeni bir modadır. Ümumiyyətlə Azərbaycan “tibbi qaydalarına” görə maska ya burunun altına, ya da çənəyə taxılır, Qarşılaşdığım insanlardan çoxu demək olar ki, düzgün maska taxmır. Məncə bu dünya görüşü və təhsillə bağlıdır. Çünki, bu iki şey olmadıqda və ya az olduqda “koronovirus yoxdur” və ya “maska zərərlidir” şayiələrinə daha tez inanırsan. Bir azacıq savadı və məntiqi olan vəziyyətin ciddiliyini anlayır.
İnsanlar bu təhlükəni nə zaman anlayacaqlar ağlım almır. Xəstəxanalar dolub daşandamı, hər kəsin bir yaxını öləndəmi. Artıq tanıdığımız insanlar ölür. Baxın, gün gələcək, bəsit bir əməliyyat üçün xəstəxanaya gedəcəyik, o xəstəxana koronoviruslu xəstə ilə dolu olduğu üçün biz və ya yaxınlarımız əməliyyat oluna bilməyib, öləcək. Hətta “həkimlik” dərsi verən şüursuzlar var, maskanın taxmağın zərərli olduğunu deyirlər, elədirsə cərrahlar niyə ölmür ki, onların ömrünü çoxu maska taxmaqla keçir, işində maska vacibdir. Avtobuslarda maskasız oturaraq abırsızcasına insanın gözlərinin içinə baxanları demirəm. Niyə bir geyin, homoseksualın hər hansı bir hərəkətinə ayağa qalxan xalqım, həyati bir məsələdə susur, ictimai qınaq yoxdur. Feministlər haqqında “ağızdolusu” yazanlar indi haradadır? Fala baxdırmağa gediblər, ya hamamda yatmağa??? Və ya koronovirus yaxud karantin rejimi ilə bağlı duzsuz zarafat etməklə məşğuldurlar. Başqasının ölümünə necə zarafat etmək olar və bunu hansı “şüurla” edirlər və gülürlər anlamıram.

Şəxsiyyətə hörmət, ciddiyyət, mətbuatda ziddiyyət, şayiələr, bəhanələr

Qəribədir ki, “Koronovirus yoxdur” deyə təbliğat aparan cahillər haqqında hələ də bir tədbir görülməyib. Baxın sizin özünüzə heç bir şey olmaya bilər, sizin həyatınızdır özünüz bilərsiniz. Amma bizlərə yoluxdurursunuz axı. Bizlərin evində xroniki xətə var bəlkə və o ölsə bunun günahkarı kim olacaq, sizin həyadan uzaq davranışlarınızmı? Özümdən misal gətirim, anamın müalicə aldığı xəstəxana müvəqqəti karantində olduğu üçün o riskli halı ilə son iki günə qədər həkimə gedə bilmirdi və bunun səbəbkarı, xəstəliyi yayan sizlərsiniz. Bəsit gigiyenik tədbirləri görməyərək, maska taxmayaraq karantin rejiminin uzanmasına səbəb olan sizlərsiniz. Koronovirusdan artıq tanıdığımız insanlar ölür.
Karantin rejimi demişkən, iki günlük küçəyə çıxma yasağı olduğu zaman polislərlə qaçdı-tutdu oynayan insanların şəxsiyyətini necə qiymətləndirim mən. Bu kəlmələri ifadə etmək o qədər ağırdır ki. Niyə mənim xalqım belədir. Çünki, bu qaçdı-tutdu şəxsiyyətin özünü qiymətləndirməməsinin göstəricisidir ki, çoxu belə etdi. Hətta, buna bənzər şit videolar çəkib yayımlayanlar və ona gülənlər də az olmadı. İnsanın öz bədbəxtliyinə gülməsi də başqa bir bəla. Şəxsiyyətin özünü qiymətləndirməməsinin bir sübutu olaraq maşının baqajında rayona getmək istəyənləri göstərmək olar. Biz nə zaman bu hala gəldik və bu cür cılızlaşdıq ki?
Sosial media və ya mətbuat demişkən, orda da hər şey qaydasında deyil. Evdə qal deyə bağıran TV-lərimizdəki verilişlərdə demək olar ki sosial məsafə qorunmur. Bunu necə anlayaq məşhursansa onda koronovirus səni tutmaz və sən hər şeyi etməlisənmi? Və ya pandemiya ilə bağlı məşhurların fikrini öyrənmək və onların məsləhətlərini təbliğ etmək nə dərəcədə məntiqə sığar. Niyə Azərbaycan televiziyalarında mütəxəssislər yerinə hansısa savadsız məşhur danışmalıdır? Ekranlada sosial məsafənin qorumadığın görən bir millət küçədə sosial məsafəni qorumağa necə inansın? Sizcə mütəxəssis azlığıdır ki, Azərbaycan səhiyyəsindən çıxış yolları haqqında aidiyyəti olmayan insanlar danışır? Çünki, onlar oxuyan, oynayan, şer deyən və sairədir. Nə olduğu bəlli olmayan biri otellərin açıq olduğunu təbliğ edir, parkda ona maraqla baxıb, ictimai qınağa çəkməyən xalqla birlikdə karantin qaydalarını pozur, polislər onu “cərimə” edir, sabahı polislərə mahnı həsr edir. (bəli məqaləm üçün kiçik araşdırma apardım). Bunlar (məşhurlar) nəyi təbliğ edir. Xəstəlik xəbəri yayılan Bəhram Bağırzadənin səs yazısından sonra xalq bu xəstəliyə necə inansın, mən belə onun xəstə olduğuna şübhə ilə yanaşıram. Axı bütün bunlar dövlətimizin pandemiya ilə mübarizə sahəsində apardığı uğurlu siyasətə kölgə salmaqdan başqa bir şey deyil. Bütün dünya bizim dövlətimizin həyata keçirdiyi tədbirlərdən örnək alınmasını məsləhət görür. Media da dövlətimizin siyasətini dəstəkləməli deyilmidir? Tənqid etdiyim xalqımın da şüuru ilə oynamayın ey bütün media, ya təbliğ edin, təkzib edici davranışlardan qacının, ya da təbliğatı dayandırıb susun, çünki, səmimiyyətinizə inanmayıb xarici kanallara qaçır çox insan. Hələ “Netflix”in varlığından danışmıram.

Bir çoxları karantin vaxtı bekarçılıqdan şikayətlənir ki, onları anlaya bilmirəm. Mən karantinin fərqində belə deyiləm, o qədər işim var ki, bunlara belə vaxtım çatmır. Belə qənaətə gəlmək olar ki, sizlərin bəziləri elə boşu-boşuna şəhərdə gəzərək vaxt öldürürmüşsünüz. Çayxanalara gedərək və ya bəzi zərərli vərdişlər edərək həyatınızı mənalandırırmışsınız. Çayxanalar niyə bağlandı deyə etiraz edənlərin yerinə utanmaqdan başqa əlimdən heç nə gəlmir.
Aydındır ki, bir çoxumuza pandemiya mənəvi olduğu qədər, maddi zərər də vurdu. Təbii ki, çətin vəziyyətdir və bunu karantin rejimi ilə əlaqələndirməyi doğru hesab etmirəm. Xatırladım ki, dünya hazırda bu vəziyyətdədir. Maddi yardım ilə bağlı xarici ölkələrlə müqayisə etmək isə məntiqsizlikdir, çünki, Azərbaycan o ölkələrin sadəcə bir əyaləti boyda da deyil. Buna rəğmən öz vətəndaşlarının maddi tələbatlarının ödənilməsinə dair önəmli tədbirlər gerçəkləşdirmişdir. Əgər karantin rejiminin uzadılmasına görə maddi durumunuzda problem yaranırsa, səbəbi yenə də qaydalara əməl etməyənlərdir. Biz istəsək, Prezidentimizin də doğru  və yerində vurğuladığı kimi gücümüzü birlikdə toplayıb bu bəlaya qalib gələ bilərik.
Son olaraq daha bir absurd fikir gəzir cərimə pulları ilə ölkə öz xəzinəsini doldurur. Birincisi, əgər belə düşünürsənsə, qaydalara riayət et və xəzinəyə pul vermə. Heç kimdən zorla cərimə almırlar. İkincisi, cərimə sistemi bütün dünyada var və bizdən qat-qat bahadır. Üçüncüsü, sizin ödədiyiniz qəpik-quruşla bu dövlət ayaqda durmayıb, öz milli peyki və güclü ordusu olan bir dövlətin heç şübhəsiz maddi dayanağı var.
Vəziyyət daha da ağırlaşarsa, onda bu fikirlərimə haqq qazandırmağa çalışacaqsınız. Kaş mən bu söhbətdə haqsız tərəf olaraq çıxım, haqlı siz olasınız. Hazırda virusun yayılma dinamikası azalan istiqamətdə gedir. Bunun bir səbəbi də qoyulan qaydalara düzgün riayət olunmasıdır. Belə davam etsək, bu pandemiya Cənnət kimi gözəl respublikamızda yox olacaq.
 
 
Müəllif: Bayram Quliyev
 

0 şərh