Zarafatın qayda-qanunları barədə

Zarafat etmək — insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.
Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməli, ilk növbədə Allaha, daha sonra insanlara xoş gələcək zarafatlar etməlidir. Zarafat ədəbləri bir neçə cür olur:
Zarafatın qayda-qanunları barədə
1. Zarafatlarda dinin hər hansı müddəasına tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır.
“Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, “biz yalnız zarafat edir və oynayırdıq” deyəcəklər.
De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?”.
Daha üzr və bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar”. (“Tövbə”, 65-66).
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə (ə) lağ etmək, bunları zarafat hədəfinə çevirmək – müsəlmanı tövbə etmədiyi təqdirdə kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Ailə fərdlərinə, tanıdığımız böyüklərə və uşaqlara, sevdiyimiz insanlara, bizdən qayğı gözləyənlərə yerində, qəlbə dəyməyən, rəncidə etməyən xoş zarafatlar etməliyik. Bizlə edilən zarafatları xoş qarşılamalıyıq.
Zarafatlarda həqiqəti söyləməli, yalan və həqarət məzmunlu sözlərdən uzaq olmalıyıq. Xüsusilə, “zarafat edirəm” deyib insanları qorxutmamalı, aldadaraq və ya yalan danışaraq inamlarını sarsıtmamalıyıq. Peyğəmbər (s) buyurmuşdur: “Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır”.
3. Zarafat edərkən insanları qorxutmaq olmaz.
Rəvayətə görə səhabələr danışırdılar ki, bir dəfə Peyğəmbərlə (s) səfərdə olarkən, onlardan biri yuxuya getdikdə, digər səhabə birincinin əlində olan ipi dartdı və ikinci qorxaraq yuxudan ayıldı. Həzrət Peyğəmbər (s) dedi: “Müsəlmana, o biri müsəlmanı qorxutmağa icazə verməyin”.
4. Lağ etmək, məsxərəyə salmaq.
Aydın məsələdir ki, hər bir insan yalnız onun özünə məxsus individual xüsusiyyətlərə malikdir. Bəzən bu xüsusiyyətlər insanın digərlərindən həddən artıq fərqlənməsinə səbəb olur. Bəzi kəslər bundan istifadə edərək, həmin adamı məsxərəyə qoyur, lağ və tənə edirlər. Lakin Uca Allah Qurani-Kərimdə bunu qadağan edərək belə buyurur: “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun.
Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) iman gətirdikdən sonra fasiq kimi tanımaq (günahkar ad ilə xatırlamaq) çox pis bir haldır.
Kim tövbə etməsə, məhz onlardır zalımlar!” (“Hucurat”, 11)
Bu ayənin təfsirində belə deyilir: “Bu ayədə insanlara həqarətlə baxmaq, onları alçaltmaq və tənə etmək qadağan edilir. Bütün bunlar haramdır və münafiqin xüsusiyyətlərindən hesab olunur”.
Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındakı sevgini yox edir, nəticədə isə bütün ümmət arasında parçalanma baş verir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Müsəlman, müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz qoymur və ona həqarətlə baxmır”.
5. Zarafat həddində olmalıdır.
Elə insanlar var ki, onlarda yumor qabiliyyəti çox yaxşı inkişaf edib. Bəzən elə olur ki, bu insanlar zarafat etdikdə həddi aşırlar. Bu, müsəlmanın ciddilik kimi gözəl keyfiyyətinə ziddir. Zarafat insana ən çox o vaxt lazım olur ki, o, həddindən artıq yorğundur və bir az dincəlmək, fikirlərdən azad olmaq lazımdır ki, sonra yenidən aktiv fəaliyyətə qayıda bilsin.
Zarafat bütün hədləri aşaraq, daimi gülüşə səbəb olursa, qəlbi Allahı zikr etməkdən uzaqlaşdırır və qəddarlaşdırırsa – haram olur. Daimi zarafatlar zarafat edən kəsi insanlar arasında hörmətdən və etibardan salır. Lakin, əgər zarafat həddindədirsə və günah formada deyilsə, onda burada heç bir haram yoxdur. Belə ki, Peyğəmbərimiz (s) də bəzən gözəl zarafatlar edərdi.
6. Zarafat edərkən həmsöhbətinin kimliyinə və xasiyyətinə diqqət etmək.
Elə insanlar var ki, onlar qarşısındakının kimliyindən — qoca yaxud cavan, alim yaxud cahil, tanış yaxud yad və s. olmasına fikir vermədən, hamı ilə zarafat edirlər. Halbuki, başa düşmürlər ki, onların şəxsiyyətini, mənliyini alçaldırlar və bu da böyük günahlardandır.
7. Zarafat, yeməkdə duz qədər olsun.
Peyğəmbərimiz (s) buyurmuşdur: “Həddindən çox gülməyin, çünki bu, qəlbi öldürür”.
İmam Sadiq (ə) buyurur: “Əgər istəyirsənsə ki, qardaşının dostluğu saf, zülal olsun – onunla zarafat, mübahisə, lovğalıq, düşmənçilik etmə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən zarafat edirəm, ancaq haqq sözdən başqasını demirəm”.
Rabitələrin kəsilməsinə səbəb olan amillər:

— Zarafat etmək.
— Mübahisə etmək.
— Lovğalanmaq (yersiz, yaxud ifrat).
— Düşmənçilik etmək (çəkişmə).

8. Zarafatda qeybət, dedi-qodu və böhtan olmamalıdır.
Qeybət və böhtan mənfi xüsusiyyətlər olmaqla yanaşı, qarşıdakı insanın da mənliyini alçaldır. Bütün bunlar bir yana, bu deyilən əməl – böyük günahdır və tövbə etmədiyi təqdirdə, müsəlmanı cəhənnəmə apara bilər. Bəzi insanlar zarafat edən zaman kiminsə haqqında onun xoşuna gəlməyən bir söz danışırlar.
9. Zarafatı yerində, müvafiq zamanda etmək lazımdır.
Zarafat edərkən müvafiq məqamı seçmək və həmin məqama uyğun lətifəni danışmaq gərəkdir. Bu halda insan həyatına xırda da olsa sevinc gətirmək, problemləri nisbətən yüngülləşdirmək mümkün olur. Yersiz zarafat isə onu edən şəxsə qarşı hörmətin və sevginin azalmasına səbəb olur.

Allah bizə, Onun bəyəndiyi əməlləri yerinə yetirməyi qismət eləsin!

 

Müəllif: Rauf Məmmədli
Mənbə: deyerler.org
 
 

0 şərh