Özünü tapmaq, eqo - ruhsal və maddi baxış

Bu mövzu haqqında müzakirələr gördükdə hər dəfə çox sevinirəm. Demək ki, insanlar bunun tam nə olduğunu bilsələr və ya bilməsələr belə bu haqda ilkin formada məlumatlıdırlar.
İnsanların özünü tapmaq anlayışları çox fərqlidir, əslində isə bu, konkret mövzudur və subyektiv yanaşmalar bu ifadənin mənbəyinə aid deyil. Bəziləri ailə qurduğu zaman, bəziləri sevdikləri işə qovuşduğu zaman və s. nüanslarda özlərini tapdıqlarını düşünürlər. Əslində isə bu, sadəcə həmin ana məxsus maddi xoşbəxtlik duyğusudur.
Özünü tapmaq
Özünü tapmaq isə duyğudan daha üstündür və özünü tapmaq maddi bir duyğu yox, gerçəkliyi görməkdir, eyni zamanda anlıq xoşbəxtlik deyil, ömürlükdür. Bu da kainatın bir parçası olduğunu hiss etmək, bir növ aydınlanmaqdır. İnsanın 'ÖZ'ünü tapması eqosu ilə gerçək şəxsiyyətini, tamamilə, ayırd edə bilməsidir. Bu səbəbdən «nə qədər kiçilsək o qədər böyüyürük» deyə bir deyim var. Nə qədər az şeyə sahib olsaq o qədər çox özümüzə sahib oluruq, özümüzə daha yaxınlaşırıq və daxilimizdəki yaradıcını kəşf edirik.
Bu prosesin isə maddi dünyadakı təhsillə, öyrənmə ilə, inkişafla əlaqəsi yoxdur, birbaşa ruhsal fərqindəliyin yaranmasına xərclənən enerji ilə düz mütənasibdir. İnsanın "ÖZ"ünü tapması bir ömür də ala bilər, bir dəqiqə də.

Mahatma Gandhi — Dünyanı dəyişmək istəyirsənsə özündən başla
Əgər özünü tapma mövzusunu «mən maddi dünyada kiməm» yanaşması ilə dəyişsək, bəli, bu ruhsallığı anlamadan bitən proses deyil, çünki insan yalnızca ruhsal anlamda özünü tapdıqdan sonra maddi dünyada kim olmaq istədiyinə tam qərar verib o yolda səbirlə və iradə ilə davamlı irəliləyəcək. O yol isə tərkibində çoxlu pul, maşın, ev, zinət, şöhrət kimi nüansları tərkibində saxlamayacaq. Maddi dünyada özünü tapmaq məsələsini isə başqa qısa yollardan da tapmaq mümkündür, ruhsal fərqindəlik olmasa da ruhsal bilgilərə aid edilə bilən elmlərlə bunu kəşf etmək və birbaşa arxasınca getmək olur. Məsələn, mən dünyaya nə üçün gəldiyimi, kim olmalı olduğumu bilirəm, amma ruhsal aydınlanma yaşamamışam. Bu yolda olan əngəllər maddi dünyanın nemətlərinə, həzlərinə olan təlabat zamanı yaranan əngəllərdən daha çoxdur. Çünki maddi dünyadakı əngəllər də məhz ruhsal dünyadan qaynaqlanır. Ruhsal fərqindəlik qazandıqca maddi dünyanın problemlərinə baxış bucağı tamamilə dəyişir və bu zaman mənəviyyat məsələləri, bizim üçün xüsusilə uydurulmuş «azadlıq» anlayışı və s. daha da aydınlanır. İndiyə kimi görmədim ki, bir insan «dünyanın yaradılış prinsipində azadlıq yoxdur, hansı azadlıqdan danışa bilərik» desin. Azad iradə də bu mövzunun bir küncündə özünə yer edir. İnsan olaraq azad iradəyə sahibik, amma maddi dünyada olan azadlıq anlayışı uğrunda mübarizə gərəyindən daha yanlış istiqamətlərdə özünə yol alır. İnsanlar şüuraltı olaraq düşünür ki, «gücüm küçədə gəzən insana çatır, ona fikir bildirim, eqom sevinsin». «O əxlaqsızdır, açıq paltar geyinib», «o, brend markalardan geyinmir, demək ki, kasıbdır», «o cahildir, elmi əsası olmayan bilgilərdən danışır», «o intihar edib, demək ki, iradəsi zəifdir», «o, vulqar ifadələrlə danışır, demək ki, ailəsi düzgün tərbiyə verməyib» və nə çoxdur bu «o............» ilə düşünülən ifadələrdən deyib özünə diqqət yetirmədən ətrafı süzür və ən problemlisi də budur ki, özünü mütləq haqlı hesab edir.
Burda belə bir nüansa toxunum. Doğrudur, «o.......» ilə sadalanan əksər məsələlər mənfidir, həqiqətən də, nə maddi, nə də ruhsal dünyada qəbul görmür. Amma məsələnin incə nüansı da burdadır ki, təsir əks tədirə bərabərdir. Homofobun üzərində alovlu məşəllə getmək onu dəyişməyəcək, əxlaqsızın üzərinə əxlaq kitabı ilə getmək onu dəyişməyəcək və s. Sadəcə olaraq özümüzə baxmalı, dünyaya niyə gəldiyimizi tapmalı və bu yolda öz işimizi görməliyik.

Mahatma Gandhi — Dünyada görmək istədiyin dəyişikliyin özü olmalısan
Geriyə qalanlar da zamanla bu metodu mənimsəyəcək və özünün də daim narahat olduğu gərəksizliklərlə məşğul olmaqdan çəkinəcək. Körpəliyimizdə yaşamağı necə öyrənmişik — təqlid edərək. Bütün insanlar təqlidin nə olduğunu bilir. Mənim müsbət əməlim sabah başqasının müsbət əməlinə şərait yaradır, mənim mənfi əməlim isə mənfi örnək olur.

Nelson Mandela — Ən çətin şey toplumu dəyişmək yox, özünü dəyişməkdir
Hansısa daranışını sevmədiyimiz insanlara qarşı mənfi bir ifadə işlətmək gərəksizdirsə, təsir əks təsirə bərabərdirsə və onlar bizi narahat edirsə nə edə bilərik — onları təhqir etmədən, alçaltmadan «sənin bu hərəkətin bu səbəbə görə məni narahat edir, niyə bunu edirsən» deyə sual verə bilərik. Bəlkə, həqiqətən də, o hərəkət daha uyğun olandır. Bu zaman qarşımızdakını anlamaq üçün qısa dəyərləndirmə yox, empatiyaya ehtiyacımız olacaq. Empatiya qurub anladıqsa və hərəkətinə yenə də haqq qazandırmadıqsa nə edə bilərik — yalnızca bircə dəfə mədəni formada düşüncəmizi bölüşə bilərik. Bunu da qarşımızdakının düşüncəsini dəyişmək üçün yox, sadəcə öz fikrimizi bölüşüb onun həyat yolunda, bəlkə də, anlamadığı mövzunu ona dəstək məqsədilə bölüşmək üçün edə bilərik. Hər kəsin həyat yolu, öyrənməli olduğu məslələr fərqlidir. Razılıq əldə olunmadısa itirdiyimiz heç nə yoxdur, eqo narahat edəcək bizi — «mən ona doğru yolu göstərdim, amma o məni saymadı, hələ üstəlik o, məni ələ saldı, güldü» və s. kimi ifadələr beyində dalğalanacaq. Həmin an bu səslərin gəldiyi mənbənin bizim "ÖZ"ümüz yox, eqomuz olduğunun fərqində olmalıyıq. İnsan şəxsiyyəti heç vaxt münaqişənin olduğu yerə çəkilməz, daim sülh istəyər. Müharibə varsa eqo savaşı var. Bu savaşa girdiyimiz anda isə məğlubuq. Yin-Yang bir bütündür, Yin olmadan Yang, Yang olmadan Yin mövcud deyildir, bunu unutmamalıyıq. Demək ki, biz, hələ, şəxsiyyətimizlə mübarizə aparırıqsa kiminsə şəxsiyyətinə təzyiq üçün nə haqqımız var ki..?!

Lev Tostoy
Hər kəs dünyanı dəyişmək haqqında düşünür, amma heç kim özünü dəyişmək haqqında fikirləşmir
Maddi dünyanın aclıq savaşları nədir ki, mənim "ÖZ"üm və «EQO»mun savaşı qarşısında...
 
 
Müəllif: Mahir Mammadlee.
 
 

0 şərh