Tənqid və tərif haqqında

Elnur Astanbəyli demişkən, adını unutduğum bir müəllifin əla bir sözü var. Söz belədir: “Səni hər tənqid edən düşmənin, səni hər tərifləyən dostun deyildir.” Yəni, bir nəfər səni tənqid edirsə, bu, o demək deyil ki, həmin adam sənin düşmənindir. Bir nəfər də səni tərifləyirsə, bu, o demək deyil ki, o adam sənin dostundur. Bu zaman bizim qarşımızda bir neçə sual dayanır. Həqiqi tənqidi qərəzdən necə ayırmaq lazımdır? 

Tərifin ürəkdən, yoxsa mədədən gəldiyini necə müəyyən etmək, hansı vasitələrlə ayırmaq olar. Hər şeydən əvvəl onu deyək ki, insan özünü tənqidə bağlamaqla sonunu sürətlə yaxınlaşdırır. Tənqidə bağlı insan mütləq deqredasiyaya uğrayır. Karikaturaya çevrilir. Öz mənbəyini mədədən götürən, mədədən qidalanan təriflər də insan üçün çox zərərlidir. Mədədən gələn tərif qədər insanın evini asanlıqla yıxan çox az şey tapmaq olar. Bəs, nə etməli? Qərəzi tənqiddən necə seçməli? Tərifin ürəkdən, yoxsa mədədən qaynaqlandığını necə müəyyən etməli? Mədədən qidalanan tərifdən necə qorunmalı? 

Bəli, həyatın hər sahəsində olduğu kimi, bu məsələdə də, insana yalnız müdriklik kömək edə bilər. Biz burada Milan Kunderanın o möhtəşəm sözünü bir daha təkrar etməkdən ancaq zövq ala bilərik. Bu, işimizi həm də xeyli asanlaşdırar:“Sözün kim tərəfindən deyilməsi çox vacib şərtdir. Kantın dilində hətta “Sabahınız xeyir!” sözləri də fəlsəfi səslənirdi.” Deməli, tənqidin, tərifin kimin dilindən səslənməsi çox vacib şərtdir. Biz bu yolla tərifin ürəkdən, yoxsa mədədən qidalandığını müəyyən edə bilərik. Biz bu yolla qərəzi tənqiddən ayıra bilərik. 

Bizim hərbi hissədə bir qadın vardı. Özünüz bilirsiniz, qapalı yerdə istənilən görünüşlü qadın mənali və mənasəz baxışların hədəfinə çevrilir. Bu mənada gözəlliyin nisbi anlayış olduğunu öz gözlərimlə görmüşəm. Biz hərbi hissədən çıxırdıq, bu qadın gözümüzdən düşürdü. Hərbi hissəyə qayıdırdıq, bu qadın gözümüzdə yavaş-yavaş qəşəngləşirdi. Əlbəttə o qədər əsgərin arasında qadın özünün müstəsna bir görünüşə malik olmasına inanmalı idi və inanmışdı da. Hər gün azı iki yüz kişi müxtəlif məqsədlər naminə qadına təriflər deyirdi. Biri eşq elan edirdi. Biri deyirdi, gözəlsən, biri deyirdi, ağıllısan. Bu çoxsaylı təriflər qadını gözəl olduğuna inandırmışdı.

Gündə azı iki yüz kişinin dilindən tərif eşidən adamın başı əlbəttə, uçmalı idi. Adam bir gün bu təriflərin qarşısında dayanar, iki gün dayanar, üç gün dayanar. Axırda inanar ki, doğrudan da çox gözəldir. İnanar ki, doğrudan da çox məlahətlidir. İnanar ki, doğrudan da çox ağıllıdır. İndi gəl, sən ona başa sal ki, vəziyyət düşündüyün kimi deyil. Sən təriflərə aldanmısan. Bunu ona başa salmaq asan deyil. Bir çox insan var ki, onlar öz möqelərini itirməyincə həqiqətdə kim olduğunu, hansı görünüşün, hansı səviyyənin, hansı ağlın sahibi olduğunu heç kim onlara izah edə bilməz. 

Bir qardaş vardı. Vardı deyəndə, indi də var. Sadəcə çoxdandır, görüşmürük. Bu qardaş suda yaşayan, quruda yaşayan, qaçan, sürünən, uçan, təkdırnaqlı, cütdırnaqlı, məməli, məməsiz demirdi. Sifəti olan, nəfəs alan dişi cinsə mənsub canlılardan hansı qarşısına çıxsaydı, tutub öz kamına çəkirdi. Elə bir “vid-fasonu” da yox idi. Vid-fasonu olsaydı, yenə də onun əldə etdiyi nailiyyətləri hardasa başa düşmək olardı. Bir gün qardaşdan soruşdum: “Qardaş, bu işin hikməti nədir? Sən bu işi necə bacarırsan? Nədir bu nailiyyətin resepti?Nədir bu uğurun düsturu? Adam paxıl olmaz, de, biz də bilək. Qalmışıq ortada, bədbəxt olmuşuq. Bizi adam yerinə qoyan yoxdu”.

Qardaş dedi: “Nəaliyyətin səbəbi çox sadədir.Tərifləyirəm. Layiq oldu-olmadı, ancaq tərif deyirəm”. Demə, uğurun hikməti bu qədər sadə imiş. Nə bic adamlar var! Allaha and olsun, Harun-ər-Rəşidin dövründən üzü bəri mən belə ağıllı söz eşitməmişdim. 

İstər qadın olsun, istər kişi xeylağı, dayaz adamların daim tərifə ehtiyacı var. Dayaz adamlar günün iyirmi dörd saatı ətrafdakıların dilindən ünvanına təriflər eşidərək özlərinin vacib şəxs olduqlarına hər zaman inanmaq istəyirlər. Ətrafdakıların tərifləri ilə sanki onların müstəsna insan olması öz təstiqini tapır. Tərif bir növ onlar üçün möhür rolunu oynayır. Bu cür ehtiyac fürsətcil, yaltaq, şəraitdən istifadə etməyi bacaran adamlara gözəl imkan yaradır. Milçək şirəyə yığışan kimi, fürsətcil, yaltaq adamlar da vəzifəli və pullu şəxsin ətrafına yığışırlar. 

Bu cür vəziyyət vəzifə, mövqe, pul itirilənə qədər davam edir. Bir gün mövqe, vəzifə, pul itirildikdə tərif deyənlər də aradan çıxırlar. Əgər pul, vəzifə yoxdursa, tərif deyən yaltaqların, fürsətcillərin daha orda dayanmağının nə faydası var? Təriflər yoxa çıxır və tərifə öyrəşmiş adam yavaş-yavaş dəli olur. Təriflər nəticəsində öz müstəsnalığına inanmış adam öz həqiqi səviyyəsi ilə razılaşa bilmir. Dünənə qədər neçə-neçə adam onun qarşısında əyilib gülümsəyərək “Filankəs müəllim, Siz çox ağıllı insansınız”, “Filankəs müəllim, Siz çox mərhəmətli insansınız”, “Filankəs müəllim, Siz çox uzaqgörən insansınız”, “Filankəs xanım, Siz çox gözəl qadınsınız”, “Filankəs xanım, Siz çox məlahətli qadınsınız”, “Filankəs xanım, Siz çox ağıllı qadınsınız”, “Filankəs xanım, Siz çox xeyirxah qadınsınız” deyirdilər. 

İndi o adamlar yoxdurlar. Bu tərifləri gündə neçə dəfə eşidib, onlara öyrəşmək, bir gün bu təriflərin yox olduğunu görmək, bu tərifləri eşitməmək elə bilirsiniz, asandır? Asan deyil. Bəs, indi onun uzaqgörənliliyini, mərhəmətli olmasını, dərin ağlını kim təstiq edəcək? Bunu həzm etmək doğrudan da, çox çətindir. Beləliklə, bu cür mədədən gələn təriflərə öyrəşmiş adamlar daha tərif eşitmədikdə, tərif deyənlərin hərəsinin bir tərəfə dağıldığını gördükdə, dostluğun olmaması, dünyanın etibarsızlığı haqqında mahnılara qulaq asmağa məcbur olur. 

Əslində isə, insan ətrafına yığılan adamların kim olduğunu müəyyən etməyi bacarmalıdır. Bilməlidir ki, bu təriflər onun şəxsinə deyilmir. Təriflər onun vəzifəsinə, puluna görə deyilir. O, bilməlidir ki, bir gün bu pul, vəzifə itirildikdə təriflər də kəsiləcək. Doğrudan da, axı olmayan şeyi daha necə tərifləyəsən? Deməli, bir daha təkrar edək: tərifin və tənqidin kimin dilindən səslənməsi çox vacib şərtdir. 

Tam səmimi deyirəm, ölkəmizdə elə adamlar var ki, onların dilindən ünvanıma tərif eşitsəm, bu, mənimçün həyəcan siqnalı olar. Oturub fikirləşərəm, görəsən harada səhv buraxdım, harada düzgün olmayan addım atdım ki, bu adamın tərifinə layiq oldum? Son iyirmi ildə neçə-neçə adamın təriflərə uyub məhv olduğunun şahidi olmuşam. Neçə-neçə adamın özünü tənqidə bağlamağının nəticəsində necə deqradasiyaya uğradığını görmüşəm. 

Yazının əvvəlində yazılan sözü həm fərdlərə, həm də bütöv cəmiyyətə, xalqa aid etmək olar. Bəli, xalqı tərifləyən hər adam xalqın dostu deyildir. Xalqı tənqid edən hər adam da xalqın düşməni deyildir. Bu dəqiqə bizim ölkədə müxtəlif sahəyə aid yüzlərlə adamlar var (həkim, müəllim, kiçik və iri çaplı məmur, vəkil, siyasətçi, yazıçı, aktyor, rəssam, rejissor, din xadimi, deputat...) xalqı tərifləyə-tərifləyə həm də xalqın qanını içməklə məşğuldurlar. 

Bəs, burada məqsədli təriflə həqiqi tənqidi necə ayırmaq olar? Bu məsələdə də xalqa ancaq müdriklik kömək edə bilər. Xalq onu tərifləyən adamın əməllərini də görməyi bacarmalıdır. Kimdir tərifləyən? Ümumiyyətlə cibində saxta deputat mandatı gəzdirən adamın xalqı tərifləməsinə ehtiyac varmı? Bu tərif xalqa lazımdırmı? Oğurluq edən, xalqın cibinə girən, başqalarını əzən bir adamın tərifi xalqa nə fayda verə bilər? 

Bu suallara xalq özü cavab verməyi bacarmalıdır. Cavab verə bilmirsə, cavab verməyə ərinirsə, bu, başqa məsələ. Ola bilsin, xalq yalnız ünvanına deyilmiş tərif eşitmək istəyir. Kim olur-olsun, nə edir-etsin, hansı əməlləri törədirsə-törətsin, yalnız tərif desin. Yalnız öz ünvanına tərif eşitmək istəyən, tənqid eşitmək istəməyən adamın sonu olmadığı kimi, ancaq tərif eşitmək istəyən, tənqidə özünü bağlayan xalqın da sonu yoxdur. 

Gürcü yazıçısı Mixayil Cavatişvilinin kitabına yazılmış ön sözdə bir abzas çox xoşuma gəldi. Sözün müəllifi Quram Qverdicelidir. O, yazır: “Ədəbiyyatın ilkin məqsəd və öhdəliklərindən biri də təkcə cəmiyyətin hansısa hissə və təbəqəsinin bədii təsviri deyil, bəzən hətta millətin tarixən formalaşmış şübhəli və mənfi tərəflərini yazmaqdır. Çünki, heç bir xalq öz kəm-kəsirini görmədən inkişaf edə bilməz. Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini sakit və təmkinlə qəbul edir. Əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır.” 

Bu qədər. Qoy, Tanrı sevimli bəndələrini yaltaq, şəxsiyyətsiz və fürsətcil adamların təriflərindən qorusun. Amin!

Seymur Baycan

0 şərh