Hüseyn Minasazov

XIX əsrin sonu – XX əsrin əvvəlində Qori Müəllimlər Seminariyasının məzunu olmuş soydaşlarımız Azərbaycanda elmin, təhsilin, mədəniyyət və ədəbiyyatın inkişafında xüsusi rol oynayıblar. Seminariyanın məşhur məzunlarından biri də görkəmli maarif xadimi, publisist, naşir və tərcüməçi Hüseyn Minasazovdur.

Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Borçalı mahalının Sarvan kəndində dünyaya göz açır. İbtidai məktəbi bitirir və 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olur. 1894-cü ildə təhsilini başa vuraraq Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində və Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləyir.

Araşdırmalarda qeyd olunur ki, Hüseyn Minasazov bir müddət sonra doğma kəndi Sarvana qayıdır, pedaqoji fəaliyyətlə məşğul olur. Eynizamanda elmi-publisistik yazılarla mətbuatda çıxış edir. 1902-ci ildə “Kaspi” qəzetində korrektorişinə düzəlir.

Həmin dövrdə böyük Azərbaycan mütəfəkkiri Həsənbəy Zərdabi ilə görüşür. Professor Şamil Qurbanov araşdırmasında yazır: “İctimai şüurun oyanmasında və formalaşmasında mətbuata qabaqcıl ideyaların aparıcı qüvvəsi kimi baxan Hüseyn Minasazov çalışırdı ki, mətbuat mütərəqqi qüvvələrin əlində, xalqın mədəni və siyasi inkişafında qüvvətli silaha çevrilsin, onun azadlığa, tərəqqiyə gedən yolunda mayak olsun”.

Hüseyn Minasazov 1906-cı ildə ukraynalı dostu E.Bondarenko ilə Tiflisə köçür. “Zaqafqaziya” qəzeti ilə əməkdaşlıq edir. Burada “Molla Nəsrəddin” jurnalının kollektivi və Cəlil Məmmədquluzadə ilə tanış olur. 1907-ciildə “Zaqafqaziya” qəzetinin müxbiri kimiTəbrizə gedir. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırır. Sonra Tiflisə qayıdaraq “Oqni” jurnalının çapı üçün icazə alır. Jurnal tez bir vaxtda geniş şöhrət tapır.

1909-cuildə H.Minasazov Sankt-Peterburq şəhərinə gedir. K.Abaşidze, V.Yeqorov, V.Ostrovski və başqa ədiblərin əməkdaşlığı və yaxından iştirakı ilə “Yejenedelnoye obozreniye” qəzetini buraxır. Bakı və Tiflis şəhərlərində çıxan bütün rusdilli qəzetlərdə Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluqvə s. problemlərlə bağlı məqalələrlə çıxış edir. 

Hüseyn Minasazovun çox sevdiyi mətbuat orqanlarından biri “Molla Nəsrəddin” jurnalı olub. O, 1912-ci ildə “Yujnı Kavkaz” qəzetinə ünvanladığı məktubda yazırdı: “Bizim mətbuatımız xalq içərisində qarşılıqlı bəşəri münasibətlərin, heç olmasa, elementar tələblərini təbliğ etmək, onda özünə və başqasına hörmət hissi aşılamaq, xalqının nəzərində onun özünün və başqalarının həyat eşqini qaldırmaq kimi müqəddəs vəzifələri yerinə yetirmir. Bu, acınacaqlı haldır. Acınacaqlıdır ona görə ki, əlimizdə kəsərli silah var, amma ondan istifadə etməyi ya istəmirik, ya da bacarmırıq”.

Mübariz publisist bu ideyaların ancaq “Molla Nəsrəddin” jurnalında reallaşdığını görür. “Molla Nəsrəddin”in dilini “çoban dili” adlandıranlara qətiyyətlə cavab verir: “Bu cənablar unudurlar və yaxud sadəcə anlamırlar ki, dil nə qədər xalqa, onun danışıq tərzinə yaxındırsa, demək, o, ədəbi dildir. Belə olmasaydı, Puşkinin, Nekrasovun, Tolstoyun əsərlərinin dili ədəbi dil hesab edilməzdi”.

Tərcüməçiliklə də məşğul olan görkəmli maarifçi 1913-cü ildə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini rus dilinə çevirir. Mirzə Fətəli Axundzadə ilə bağlı yazdığı məqalə “Tiflisski listok” qəzetində dərc olunur. Onun C.Məmmədquluzadənin “Ölülər” pyesi və Mirzə Ələkbər Sabir haqqında rus dilində yazdığı məqalələr maraqla qarşılanıb.

Azərbaycanın sovetləşdirilməsindən sonra Hüseyn Minasazovun publisist fəaliyyətində fasilə yaranır. Çünki bu quruluşun meyarları onun ürəyincə deyildi. İctimai fəaliyyətini davam etdirən Hüseyn Minasazov 1921-1922-ci illərdə Gürcüstanda yaradılan Müsəlman İşləri Şurasının sədri və Ömər Faiq Nemanzadənin şəxsi katibi olur.

Daha sonra Bakıya gəlir. Bir müddət dövlət idarəsində tərcüməçi işləyir. Sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun Tarix-etnoqrafiya şöbəsinə dəyişilir. Kəndli hərəkatına həsr edilən “Bir inqilabın yüz ili” elmi işi və “SSRİ Elmlər Akademiyasının dərsi” adlı monoqrafiyasını yazır. 1927-ci ildə “Yeni fikir” qəzetində Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına həsr olunan məqaləsi onun qələmə aldığı son məqalələrindəndir.

Azərbaycanda mətbuat və ədəbiyyatın inkişafına töhfələr verən Hüseyn Minasazov 4 yanvar 1932-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti

0 şərh