FIRTINA

Sanki fırtınadır dənizdə. Dəniz coşur, sularınıı sahilə vurur. Elə bil onu yox etmək istəyir. Bu gün o çox qəzəblənib. Yəqin o da mənim kimi çarəsizlikdən, əlacsızlıqdan belə edir. Mənim əsəblərimə bənzəyir bu gün bu dəniz. Mən də onları cilovlaya bilmirəm, necə ki, dəniz öz dalğalarına cavabdeh deyil. Bəlkə o da mənim kimi sənə hirslənib, sənə qəzəblənib, bəlkə o da mənim kimi qarşıda səni təbəssümlə gözləyən bəladan qurtarmaq istəyir. O bəladan ki, sən özün də xəbərdarsan. Lakin buna əhəmiyyət vermək istəmirsən. Sən risk etmək istəyirsən. Çünki inanırsan ki, hər şey yaxşı olacaq. Ancaq belə deyil. Bunu dəniz də bilir. Sən də bilirsən.
Sahildəyik. Kənarda daşın üstündə oturmuşam. Sənə baxıram. Gözləyirəm. Axı, qərarı sən verməlisən. Mənsə, özümü dustaq kimi hiss edirəm. Əlim – qolum bağlıdır, elə bil. Amma bağlı oldu olmadı, onsuzda üzməyi bacarmıram. Sənsə belə yağışlı, küləkli havada, dənizin belə qəzəbli vaxtında dənizə girməyi düşünürsən. Axı, sular insafsızca səni qərq edəcək. sən boğulacaqsan. Mən isə səni xilas edə bilməyəcəyəm. Üzə bilmirəm, axı. Səni qurtara bilməyəcəyəm. Dəniz də halına acıyır. O, daha da qəzəblənir. Səni qorxutmağa çalışır. Dalğaları vurur sahilə. Amma nə fayda…
Yaşlı gözlərini qaldırıb, bir az gülümsəyərək, mənə astadan pıçıldayırsan: “Mən bu fırtınada ölmək istəyirəm…”
Müəllif: Zeynalova Vüsalə.M
2 dekabr 2002 il
loading...

1 şərh

cahandar
Əgər sən onu sevirsənsə,o fırtınada boğulsa da,hətta sən üzməyi bacarmasan belə,İlahidən gələn güc,onu qurtarmaqda yardımcın olacaq.Çünki,SEVGİ elə bir məfhumdur ki,o insanı ya tamamən acizləşdirər,ya da əksinə,sevginin verdiyi gücə bərabər güc tapa bilməzsən!!!!Bu cür sevib-sevilmək qoy Tanrının bütün bəndələrinə nəsib olsun!!!