Рейтинг
+1.22

qədim Şərq tarixi

17 üzv, 26 topik

Qədim Hindistan tarixi

Təbiəti. Əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir.
İnsanlar Hindistanda ən qədim zamanlardan məskən salmışlar. Burada e.ə. III minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən süqut etdiyi hələlik məlum deyil. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışlar.
Davamı →
 

Qədim Çin tarixi

Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
Davamı →
 

İskit dövlətləri

Kimmer, İskit, sak tayfaları. Qara dənizin şimalında və Krım yarımadasında türk mənşəli kimmer, iskit və sak tayfaları yaşayırdılar. E.ə. VII əsrin əvvəllərində bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-lskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında məskunlaşmış, burada yaranmış Manna dövləti ilə ittifaq yaratmışdılar. Onların gəlişi Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Aşşur ilə ittifaqı pozdu.
Davamı →
 

Parfiya dövləti

Dövlətin yaranması. Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra sərkərdələri onun yaratdığı imperiyanı öz aralarında bölüşdürdülər. Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi.
Davamı →
 

Qədim Finikiya

Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında bağçılıq geniş yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər.
Sahilboyu dağlar sidr və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan sidr ağacı Misirə və başqa ölkələrə göndərilirdi. Sidr ağacı müqəddəs hesab edilirdi.
Şəffaf şüşə Finikiyada icad olunmuşdu.
Davamı →
 

Qədim Şumerlər

Mesopotamiyanın təbiəti və əhalisi.Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya yunan dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlər e.ə. VII—VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək burada məskən salmışdılar.
Davamı →
 

Əhəmənilər

İran yaylasının qədim əhalisi. Qədimdə İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Е.ə. II minilliyin axırlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmışdır və yerli əhali onların dilini qəbul etmişdir. Е.ə. VIII əsrin 2-ci yarısından başlayaraq Qərbi İranda irandilli tayfalar üstünlük təşkil etmişdir.
Davamı →
 

Qədim Midiya

Dövlətin yaranması. Midiya əvvəllər müasir İranın mərkəzində yerləşən xırda vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə. VIII əs — rin sonunda Midiyada Deyok adlı canişin dövlət yaratmağa təşəbbüs göstərdi. O, Ekbatan (Həmədan) şəhərini saldırdı və oranı Midiya dövətinin paytaxtı elan etdi.
 
Aşşur hökmdarları Midiyaya tez-tez hücum edir, onun vilayətlərini talayır, hətta əhalini xərac verməyə məcbur edirdilər. Əhali aşşurlara qarşı müqavimət göstərirdi. Midiyalıların aşşurra qarşı mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları Aşşur dövlətinin əsarətindən xilas oldular. Onlar xırda vilayətləri bir mərkəzdə birləşdirib vahid dövlət yaratdılar.
Davamı →
 

Qədim Aşşur

Aşşur (Assur) dövlətinin yaranması. Babildən şimalda, Dəclə çayının yuxarı axarında Aşşur dövləti yaranmışdı. E.ə. IX-VIII əsrlərdə Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. Onun ilk paytaxtı baş tanrının şərəfinə Aşşur adlandırılmışdı. Sonralar Aşşur hökmdarlarından biri paytaxtı Dəclə sahilindəki Ninevaya köçürdü.
Aşşur hökmdarları güclü ordu yaratmışdılar. Ordu piyada, süvari, köməkçi hərbi hissə, cəng arabası döyüşçüləri və kəşfiyyat dəstələrinə bölünürdü. Piyadalar qılınc və döyüş baltaları, süvarilər isə uzun nizə, yay-oxla silahlanırdılar.
Davamı →
 

Qədim Babil

Babil dövlətinin meydana gəlməsi. E.ə. II minilliyin əvvəlində Mesopotamiyada Babil şəhər-dövləti yaranmışdı.
Qədim yunan müəllifləri öz əsərlərində bu şəhəri Vavilon adlandırmışlar. Akkad dilində şəhərin adı Bab-ili (Tanrının qapısı) yazılırdı.
Babil şəhəri Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşdığı, su və karvan yollarının birləşdiyi ərazidə yerləşirdi. Belə əlverişli mövqedə yerləşdiyi üçün Babil inkişaf edərək ticarət mərkəzinə çevrilmişdi. Sonralar bir hökmdar bu şəhərin ətrafındakı əraziləri birləşdirərək dövlət yaratdı. Bu dövləti Babil adlandırırdılar.
Davamı →