Qədim Babil

Babil dövlətinin meydana gəlməsi. E.ə. II minilliyin əvvəlində Mesopotamiyada Babil şəhər-dövləti yaranmışdı.
Qədim yunan müəllifləri öz əsərlərində bu şəhəri Vavilon adlandırmışlar. Akkad dilində şəhərin adı Bab-ili (Tanrının qapısı) yazılırdı.
Babil şəhəri Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşdığı, su və karvan yollarının birləşdiyi ərazidə yerləşirdi. Belə əlverişli mövqedə yerləşdiyi üçün Babil inkişaf edərək ticarət mərkəzinə çevrilmişdi. Sonralar bir hökmdar bu şəhərin ətrafındakı əraziləri birləşdirərək dövlət yaratdı. Bu dövləti Babil adlandırırdılar.

Babil mədəniyyəti. Arxeoloqlar Qədim Babildə memarlığın inkişafından xəbər verən qala divarlarının, məbəd və sarayların qalıqlarını aşkar etmişlər. Buradan üzərində yazılar olan gil lövhələr tapılmışdır. Gil lövhələrdə mixi yazıılarla əfsanələr, salnamələr, qanunlar əks olunmuşdur.
Babillilər təqvim də yaratmışlar. 


Hammurapi və onun qanunları. Qədim Babil dövlətinin ən qüdrətli hökmdarı Hammurapi (e.ə. 1792—1750) olmuşdur. Hammurapi kanalların, yolların çəkilməsinə, yeni binaların tikilməsinə, əkin sahələrinin genişləndirilməsinə, bağçılığın, maldarlığın, sənətkarlıq və ticarətin inkişafına böyük diqqət yetirirdi. O bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib etmişdi. Bu qanunlar qara bazalt* daş üzərinə həkk olunmuşdu. 282 maddədən ibarət olan bu qanunlar külliyyatı mixi işarələrlə yazılmışdır.
 
Qanunlarda borc və faiz, ticarət, torpaq, cinayət və s. aid maddələr var idi.
Hammurapi qanunlarında Qədim Babildə quldarlar, qullar, azad adamlar və hərbçilərdən bəhs olunur. Qanunların bütün maddələri varlı vətəndaşların mülkiyyətini və quldarların mənafeyini müdafiə edirdi. Qanunlar qulla azad adam arasında kəskin fərq qoyurdu. Borc və faizi vaxtında ödəyə bilməyən azad adam qula çevrilirdi. Hammurapi qanunlarına görə, qul övladları anadangəlmə kölə hesab edilirdi. Qulun ailə üzvləri və əmlakı ağaya məxsus idi. Valideynlərindən biri azad olan övlad azad adam hesab olunurdu.
Qulların vəziyyəti çox ağır idi. Qulları alıb satırdılar. Qul əşya hesab olunurdu. Dövlət və məbəd təsərrüfatında qulların sayı daha çox idi.
Qullar heyvan kimi damğalanırdı. Hammurapi qanunlarına görə, öz sahibindən qaçan qulu tutub ağasına qaytaran adama hədiyyə verirdilər. Qaçan qulu gizlədən adam isə ağır cəzaya məhkum edilirdi.

Hökmdar Hammurapinin qanunlarından.

«Mən, Hammurapi, tanrılar tərəfindən qoyulmuş başçı, Fərat çayı ətrafındakı kəndləri tabe edən şahların ən birincisi, ölkəyə haqq və ədalət gətirdim.
Əgər bir adam məbədin və ya şahın əmlakını oğurlayarsa, o öldürülməlidir. Əgər bir adam qaçmış qulu gizlədərsə, o öldürülməlidir.
Əgər kimsə qulun damğasını kəsib götürərsə, onun barmaqları kəsilməlidir. Əgər bir adam başqasının qulunu öldürərsə, bunun əvəzində öz qulunu ona verməlidir.
Əgər bir adam başqasının öküzünü öldürərsə, bunun əvəzinə öz öküzünü ona verməlidir.
Əgər bir adamın borcu varsa, onun arvadı, oğlu və ya qızı 3 il müddətinə qul olmalıdır, dördüncü il onlar azad edilməlidir.
Əgər bir adam özünə bərabər bir adamın üzünə şillə vurarsa, cərimə verməlidir.
Əgər bir adam özündən artıq bir adamın (yəni əyanın, kahinin) üzünə şillə vurarsa, o, öküz gönündən hazırlanmış qamçı ilə 60 dəfə qamçılanmalıdır.
Mən, Hammurapi, ədalətli padşaham, bu qanunları mənə Günəş tanrısı bağışlamışdır.

0 şərh