Əhəmənilər

İran yaylasının qədim əhalisi. Qədimdə İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Е.ə. II minilliyin axırlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmışdır və yerli əhali onların dilini qəbul etmişdir. Е.ə. VIII əsrin 2-ci yarısından başlayaraq Qərbi İranda irandilli tayfalar üstünlük təşkil etmişdir.
 
Əhəmənilər dövlətinin yaranması. II Kirin işğalları. E.ə. 550-ci ildə II Kir öz babası Midiya hökmdarı Astiaqı taxtdan salıb hakimiyyəti ələ keçirdi. Beləliklə, Əhəmənilər dövləti yarandı.
II Kir dövründə Əhəmənilər Midiyanın bütün ərazilərini, Kiçik Asiyada Lidiyanı tutdular. Misirə qədər bütün ölkələr Əhəmənilərə tabe oldu. Öz uğurlarından ruhlanan II Kir massaget tayfalarına qarşı yürüş etdi. Bu zaman massaget tayfalarına Tomiris adlı cəsur bir qadın başçılıq edirdi. Massagetlərlə döyüşdə II Kir məğlub edilərək öldürüldü. Rəvayətə görə, II Kirlə Tomiris arasında döyüş Araz çayı sahilində olmuşdur.
 
II Kambizin Misiri işğal etməsi. II Kirdən sonra hakimiyyətə gələn oğlu II Kambiz böyük ordu ilə Misirə hərəkət etdi. O, e.ə. 525-ci ildə həlledici döyüşdə qalib gələrək Misiri özünə tabe etdi. Misir kahinləri II Kambizi firon elan etdilər. Beləliklə, bu yürüşdən sonra Əhəmənilər imperiyası Misirdən Hindistana, İran körfəzi və Hind okeanından Böyük Qafqaz dağlarına qədər çox geniş ərazini əhatə edirdi. 
II Kambiz Misirdə olarkən e.ə. 522-ci ildə midiyalı maq Qaumata (Bardi) Əhəmənilər dövlətində hakimiyyəti ələ keçirdi. Bu xəbəri eşidən II Kambiz Misirdən qayıdarkən yolda müəmmalı şəkildə öldü. Qaumata Əhəmənilər dövlətinin tərkibinə daxil olan bütün xalqların 3 il müddətinə vergilərdən və hərbi mükəlləfiyyətlərdən azad olunduğunu elan etdi. Onun yeddi aylıq hakimiyyəti dövründə ölkədə heç bir üsyan baş vermədi. Lakin Qaumata sui-qəsd nəticəfində öldürüldü və hakimiyyətə I Dara gəldi.
Daranin serdabesi
I Dara islahatlar həyata keçirib, dövləti satraplıq (canişinlik) adlanan vergi dairələrinə böldü. Bu dairələrin başçısı satrap adlanırdı. Satraplıqlar padşahın ordusuna döyüşçü dəstələri, böyük tikintilər üçün işçi qüvvəsi verməli idi.
 
I Dara güclü ordu və imperiya üçün vahid pul sistemi yaratdı. Pullar qızıl və gümüşdən kəsilirdi. Qızıl pullar Daranın şərəfinə «darik» adlanırdı. I Dara Əhəmənilər dövlətinin ərazisini genişləndirmək üçün quruda və dənizdə müharibələr aparırdı. Onun tabe etdiyi ölkələr talan olunur, xəzinəyə saysız-hesabsız sərvət gətirilirdi.
Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi. 

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

0 şərh