Parfiya dövləti

Dövlətin yaranması. Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra sərkərdələri onun yaratdığı imperiyanı öz aralarında bölüşdürdülər. Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi. Sonrakı illərdə o, hakimiyyətini çox geniş ərazilərə yaydı. Lakin çox çəkmədi ki, Selevkilər dövləti zəifləməyə başladı. Selevkilər dövləti zəifləyəndən sonra bu dövlətin şərq vilayətlərində iki müstəqil dövlət yarandı. Bunlardan biri Parfiya, ikincisi isə Yunan-Baktriya dövləti idi.
 
E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. Arşak bəzi ətraf əraziləri öz dövlətinə birləşdirdi. Arşakilər sülaləsinin nümayəndəsi I Mitridat Selevkilər dövlətinin zəifləməsindən istifadə edib Midiyanı və Mesopotamiyanı işğal etdi. 
parfiya
Parfiya—Roma münasibətləri. Parfiya II Mitridatın hakimiyyəti illərində daha da qüvvətləndi. II Mitridat «şahlar şahı», «böyük» titullarını qəbul etmişdi. Parfiya öz ərazisini Qərb istiqamətində genişləndirməkdə davam edirdi. Bu zaman Roma imperiyası da ərazisini Şərqə doğru genişləndirməyə çalışırdı. Onların Şərqə doğru yürüşlərinə Parfiya mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşma baş verdi.
 
Roma dövləti Krassın başçılığı ilə Parfiyaya qarşı böyük ordu göndərdi. E.ə. 53-cü ildə Şimali Mesopotamiyada parfiyalılar Krassı ordusu ilə birlikdə məhv etdilər. E.ə. 38-ci ildə olan döyüşdə isə romalılar qələbə qazandılar. 200 ildən çox davam edən Roma—Parfiya qarşıdurmasında heç bir tərəf həlledici qələbə qazana bilmədi.
 
Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena və Albaniya ilə siyasi, iqtisadi və mədəni əlaqələr saxlamışdır. Bu dövlətlər Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar. Çoxsaylı müharibələr Parfiya dövlətini zəiflədir, bir çox əyalət hakimləri mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi.
 
Parfiya mədəniyyəti. Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun üzərində yerləşən Parfiya dünya ticarətində mühüm vasitəçi rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiyanın mədəniyyətinə yunan mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir. 

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

0 şərh