Qədim Çin tarixi

Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
 
Çinin birləşdirilməsi. E.ə. VI əsrdə çinlilər dəmir emal etməyi öyrəndilər.
E.ə. IV—III əsrlərdə Çində bir neçə müstəqil quldar dövlət mövcud idi. Bu dövlətlər arasında tez-tez uzunsürən müharibələr baş verirdi. Ona görə də bu dövr Çin tarixində «vuruşan padşahlıqlar dövrü» adlanır.
Çin dövlətləri arasında gedən mübarizədə Sin padşahlığı qələbə çaldı. Sin padşahı bütün Çini birləşdirdi. E.ə. 221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O özünü Sin Şixuandi (Çinin birinci imperatoru) adlandırdı.
Çindən şimalda hun tayfaları yaşayırdılar. Onlar Çinə tez-tez hücumlar edirdilər. Hunların hücumlarının qarşısını almaq üçün Sin Şixuandi Böyük Çin səddini tikdirdi. Səddin üstü ilə 5—6 süvari yanaşı hərəkət edə bilərdi.
Sin Şixuandi böyük dövləti idarə etmək üçün inzibati islahat keçirdi. O, ölkəni 36 vilayətə böldü. E.ə. 206-cı ildə Sin sülaləsinin hakimiyyəti başa çatdı. İmperiyanı Xan nəslindən olan hökmdarlar idarə etməyə başladı.
 qedim Cin
İpək yolu. Ticarət yolları o zaman mövcud olan bütün dövlətləri birləşdirirdi. Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra dövlətlər və xalqlar arasında əlaqələr daha da genişləndi. Dünya ticarət yollarına e.ə. II əsrdə Çindən gələn ticarət yolu da qoşuldu. Bu yolla Yaxın Şərq ölkələrinə və Aralıq dənizi hövzəsinə Çindən ipək, gil qablar və s. məhsullar gətirilirdi. Bu mallar içərisində ipək əsas yer tuturdu. Odur ki, Çindən gələn karvan yolu «Böyük İpək yolu» adlanırdı. E.ə. II əsrdə İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər böyük ərazidə yerləşən bütün dövlət və xalqları birləşdirirdi. Bu yolun əsas xətlərindən biri də Azərbaycandan keçirdi. Bu yolla təkcə tacirlər getmir, Çin orduları da qarətçi yürüşlər edirdilər.
 
Çində xalq üsyanları. Eramızın I əsrinin əvvəllərində Çində güclü xalq üsyanı baş verdi. Bu üsyanı tarixdə «Qırmızıqaşlılar» üsyanı adlandırırlar. Üsyançılar seçilmək üçün qaşlarına qırmızı rəng çəkirdilər.
184-cü ildə isə Çjan qardaşlarının başçılığı ilə böyük «Sarısarıqlılar» üsyanı baş verdi. Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlamışdılar. «Sarısarıqlılar» üsyanı 20 il davam etdi və böyük çətinliklə yatırıldı. Bu üsyan Çin dövlətini zəiflətdi. Bir neçə il sonra padşah öldürüldü. III əsrin əvvəllərində Xan sülaləsi devrildi. Çin yenidən xırda dövlətlərə parçalandı. 

Qədim Çinin mədəniyyəti. Qədim Çində elm, incəsənət, heykəltəraşlıq və memarlıq inkişaf etmişdi. Yazıda heroqliflərdən istifadə olunurdu. Mətnlər bambuk lövhələr üzərində, mühüm sənədlər, imperatorun əmrləri isə ipək parça üzərində yazılırdı.  Çinlilər ilboyu təbiətdə baş verən dəyişiklikləri müşahidə edərək dəqiq təqvim düzəltmişdilər. Dənizçilərin və tacirlərin müşahidələri əsasında «Dağlar və dənizlər haqqında kitab» adlı coğrafi əsər yazılmışdı. İlk kompası da çinlilər yaratmışlar.
Konfutsi adlı filosofun yaratdığı təlim Çində geniş yayılmışdı. Konfutsi əxlaqi fikirlər irəli sürərək deyirdi: «Qəbahətlərimizi örtmək, gizlətmək hünər deyil, hünər qəbahət etməməkdir». Konfutsiyə görə, kiçik böyüyə, oğul ataya, xalq padşaha tabe olmalı, böyük kiçiyin, ata oğulun, padşah isə xalqın qayğısını çəkməlidir. Çin alimləri «Bilici» adını almaq üçün Konfutsi təlimindən imtahan verirdilər.  Konfutsi təlimi həm insanların axirət dünyasına inamını, həm də əcdadların ruhuna olan saygısını artırırdı. 

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

loading...

0 şərh