Misir-Babilistan münasibətləri

Dövrü səciyyələndirən yazılı kitabələrin, müxtəlif xarakterli sənədlərin təhlili göstərir ki, Babil-Misir əlaqələrinin ən zəngin dövrü Misirdə yeni şahlıq dövrünə təsadüf edir. Məhz bu zaman iki dövlət arasında müqavilə bağlanmış və hökmdarlar müəyyən edilmiş sərhədlərin pozulmamasına and içmişlər.
E.ə. XV əsrin ortalarından Babilistan yenidən ÖnAsiyanın qüdrətli dövlətləri sırasına çıxır, onun qonşu ölkələrə mədəni- siyası təsiri güclənir. Kassi- babil şahı I Karaindaşın hakimiyyəti dövründə Babilistan Misirlə diplomatik əlaqələr yaradır və sonralar bu əlaqələr daha da genişlənir. Babilistan Misir əlaqələri haqqında XIX əsrin sonlarında Misirdə Ell-Amarn arxivindən tapılmış diplamatik məktublar ətraflı məlumat verirlər. Amarn arxivində firon III Amenxotepin Babil şahı Kadaşman -Enlilə (e.ə.1374-1360) iki məktubu və Kadaşman-Enlilin ona üç cavab məktubu II Burna-buriaşın (e.ə.1359-1333) III Amenxotepe bir, IV Amenxotepə (Exnaton) beş məktubu, Babilistandan Misirə və Misirdən Babilistana göndərilən hədiyyələrin siyahısı qorunub saxlanmışdır.

Göründüyü kimi, Babil - Misir yazışmaları e.ə.XIY əsrin təxminən 30-40- illik bir dövrünü əhatə edir. Lakin məktublardakı bəzi qeydlər Babilistan- Misir əlaqələrinin əsasının e.ə XV əsrin ikinci yarısında, kassi şahı I Karaindaşın dövründə qoyulduğunun göstərir. Məsələn, kassi şahı II Burna-buruaşın Exnatona yazdığı bir məktubda göstərilirdi: «Karaindaşın dövründən, sənin əcdadlarının səfirləri mənim əcdadlarımın yanına gələn vaxtdan indiyə qədər onlar (II Burna-buruaş və Exnatonun əcdadları) dost olmuşlar.» Buradan aydın olur ki, Misir fironu birinci olaraq Babilistana səfirlər göndərmiş və onunla dostluq əlaqələri yaratmağa cəhd göstərmişdir. Bu şübhəsiz ki, I Karaindaşın dövründə Babilistanın beynəlxalq nüfuzunun olduqca artdığını göstərir.

II Burna-buruaşın başqa bir məktubundan aydın olur ki, kassi şahı I Kuriqalzu (e.ə.XIY əsrin əvvəlləri) qədim Fələstin və Suriyanın Misir əleyhinə ittifaq bağlamaq təklifini rədd etmiş və Misir fironun özünün müttəfiqi adlandırmışdı. Yenə II Burna-buruaşın Exnatona yazdığı bir məktubda I Kuriqalzunın Misirdən çoxlu qızıl aldığı göstərilirdi.
Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində qızıl əsas yer tuturdu. I Kuriqalzunun dövründən başlayaraq ölkədə inşaat işlərinin geniş miqyas alması bu qiymətli metala ehtiyacı xeyli artırmışdı. Təsədüfu deyil ki, istər Kadaşman - Enlil, istərsə də II Burna-buruaş Misir fironlarından qızıl göndərmələrini xahiş edərkən onun inşaat işləri üçün lazım olduğunu xüsusi qeyd edirlər. Kadaşman Enlil III Amenxotepə yazırdı: «haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə qədər mümkünsə çoxlu qızıl göndər, sənin səfirlərinin mənim yanıma gəlməsindən də tez göndər. Onu indi nə qədər mümkünsə tez, bu biçim vaxtı, ya Duzu (iyun­iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən gördüyüm işi başa çatdıra bilim.
Əgər sən bu biçim vaxtı - Duzu və ya Ab ayında mənim yazdığım qızılı göndərsən onda mən qızımı sənə verərəm... Vəəgər sən Duzu və Ab aylarında qızı göndərməsən və beləliklə, mən gördüyüm işi başa çatdırmasam, ondan sonra göndərməyinin nə mənası var? Mən işi qurtardıqdan sonra qızıl mənim nəyimə lazımdır. Əgər sən onda mənə üç min taland qızıl göndərsən də, mən qəbul etməyib geri qaytaracam və qızımı sənəərə verməyəcəm.
Kadaşman-Enlinin bu «ultimatumu» tezlikb öz təsirini göstərir və II Amenxotep (Kadaşman Enlinin yeni evi üçün zəngin mebel dəsti göndərir) qiymətli ağac növlərindən olan, qızıl və fil sümüyü ib hasiyələnmiş çarpayılar, taxtlar, kürsülər və s. göndərir.
Hədiyyələrin siyahısından sonra adətən onların bəzəyini təmsil edən qızıl, gümüş və başqa qiymətli metalların ümumi çəkisi göstərilirdi. III Amenxotepin Kadaşman Enlilə göndərdiyi hədiyyələrin tərkibində 4 kq dan çox qızıl, 600 qr -a yaxın gümüş var idi.
Tikinti ilə bağlı qızıl sifariş verilməsinə II Burna-buruaşın Exnatona məktublarında da rast gəlirik: «Mən tikinti işinə başlamışam və bu haqda qardaşıma yazmışam, qoy qardaşım mənə çoxlu yaxşı qızıl göndərsin və mən öz işimi başa çatdırım.» Başqa bir məktubunda II Burna-buruaş fironun ona yalnız iki minə (yəni 1 kq)  qızıl göndərməsindən narazı qaldığını bildirərək yazırdı:
«Mənim əjdadlarımla sənin əjdadların dostluq əlaqələri yaradandan bir-birinə zəngin hədiyyələr göndərmiş və heç vaxt bir-birinin ədalətli xahişini rədd etməmişlər. İndi isə qardaşım hədiyyə kimi mənə yalnız iki mina qızıl göndərmişdir, əgər qızıl çoxdursa sən də atanın göndərdiyi qədər göndər. Əgər o kifayət qədər deyilsə, onda heç olmasa, atan göndərdiyinin yarısını göndər. Nə üçün sən yalnız iki minə qızıl göndərmisən? İndi allahın evində (məbəddə işim çoxdur və tezliklə onu başa çatdırmaq istəyirəm. Ona görə də çoxlu qızıl göndər. »
Qızılın əsasən insaat işlərinə sərf edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış və e.ə XIII əsirə aid olan sənədlər daha ətraflı məlumat verirlər, bu sənədlərin xeyli hissəsi Durr- Kuriqalzudan tikilən iki sarayın müxtəlif hissələrini bəzəmək, mebelləri haşiyələmək, bəzək əşyaları hazırlamaq və s. üçün sənətkarlara verilən qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahdarının adətən, Misirə «yaxşı qızıl» sifariş vermələrinə baxmayaraq alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu. Mənbələrə görə XVIII sülalənin sonlarından Misirdə bəzən qızılın əyarlılığını süni şəkildə aşağı salmaq təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz isə qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun göndərdiyi 30 minə (15kq) qızılın gümüşə bənzədiyini göstərirdi.
II Burna-buruaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: «Qardaşım əvvəl göndərdiyi qızılı özü görməmiş və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə də onun gətirdiyi 40 mina qızılı kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-buruaşın xahişinə baxmayaraq, Misir yenə də keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. «Sənin göndərdiyin səfirə gəldikdə isə -deyə II Burna-buruaş başqa bir məktubunda yazırdı ki, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan sonra heç 15 mina da qızıl alınmamışdır.»
Qaynaqların təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq, nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə «nigah diplomatiyasından» da istifadə edilmşidir.

El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə də rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil və II Burna-buruaş Misir fironlarından «umamu» adlanan heyvanın canlıya bənzər müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də quruda yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş və onlara öz saraylarında nümayiş etdirmək istəmişdilər.

Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət əşyaları, bəzək şeyləri, paltarlar və b. mallar alırdı. Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-buruaşa göndərdiyi hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc və b. materiallardan onlarca nəfıs əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı, boyunbağı, Pamassu (hami-allah) allahının qızıl heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və b. -Exnatonun II burna-buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır.
Göstərilən əşyaların tərkibindəki qızılın çəkisi 1200 minadan çox (təxm.600 kq), gümüşün çəkisi 293 mina 3 şəkəl (təxm. 146kq), tuncun çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi.

Babilistanla Misir arasında ticarət əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi, əlaqələrin möhkəmləndirilməsi üçün də zəruri idi. Təsadüfi deyil ki, II Burna-buruaş məktublarda bunu dəfələrlə qeyd edirdi. Hələ ilk məktublarının birində o, III Amenxatepe yazırdı. «Sənin atanla mənim atam əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah sözlər deyilməsin”.
Başqa bir məktubda II Burna-buruaş Exnatona bildirildi ki, «şahlar arasında qardaşlıq, dostluq, ittifaq və başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.»
Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir əvəzində özü üçün eyni dərəcədə zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi.
Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı göstərilirdi. Kadaşman-Enlil və II Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki, həmişə lazuritə və ya lazuritdən hazırlanmış əşyalara rast gəlmək olur. Məsələn II Burna-buruaş Exnatona ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi.
Məlum olduğu kimi, Mesopotamiyada lazurit və b. qiymətli və yarımqiymətli daşlar yox idi  vəən qədim zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi göstərilir.

Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə sıx ticarət əlaqələri saxlamış və oradan çoxlu miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir.
Lazuritb yanaşı, Misirə daha çox və çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5 çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da adı çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli əşya göndərilmişdi. Bunlar əsasən lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi.
İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini yazmalarına baxmayaraq, bunun əslində mübadilə məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq göstərilirdi. Amarn məktublarından yuxarıda gətirdiyimiz misallar bunu aydın sübut edir. Xarici ticarəti öz əllərinə alan bu və ya digər ölkənin hökmdarı qarşı tərəfə hədiyyələr göndərərkən onların əvəzində layiqli cavab hədiyyəsi gözləyirdi və daha doğrusu, nə gözlədiyini açıq yazırdı: Deməli, Amarna məktublarında söhbət adı hədiyyə mübadiləsindən deyil, iki böyük dövlət arasında müntəzəm ticarət əlaqələrindən gedir. Təbiidir ki, bu əlaqələr müəyyən beynəlxalq normalara, bir-birinin hüquq bərabərliyini tanımağı tələb edirdi. Ehtimal ki, bu münasibətlər iki dövlət arasında bağlanmış müqavilə ilə tənzim olunurdu. Amarna məktublarında belə bir müqavilənin mövcudluğuna işarə olunurdu.
Müəyyən olunmuş normaların hər hansı şəkildə pozulması cavab tədbirləri ilə qarşılanırdı. II burna­buruaşın məktubundan gətirdiyimiz aşağıdakı sətirlər bizcə, məhz bu mənada başa düşülməlidir: “Sənin səfirlərin üç dəfə mənim yanıma gəlmiş, lakin sən onlarla məmə heç bir qiymətli hədiyyə göndərməmisən. Ona görə mən də sənə heç bir qiymətli hədiyyə göndərməmişəm. Nə sən qiymətli bir şey əldə etdin, nə də mən”.
Exnatona yazdığı bütün məktublarında öz şərəfini və dövlətin mənafeyini uca tutan II burna-buruaşın narazılığının əsas səbəbi bizcə aşağıdakı sətirlərdə aydınlaşır: «Sonra o (II Burna-buruaşın səfıri) dedi ki, mənim qardaşımın ölkəsində hər şey vardır və onun heç bir şeyə ehtiyacı yoxdur (Sənə bildirirəm ki,) mənim də ölkəmdə hər şey vardır və mən də hər bir şeyə ehtiyac hiss etmirəm. Yaxşı münasibətlər bizəşahlardan qalmışdır və bizdə bir-birimizə firavanlıq arzulamışıq. Qoy, bizim aramışdakı bu əlaqələr daha da möhkəm olsun.»
Bununla II Burna-buruaş özünün Misir fironu ilə bərabər səviyyəli hökmdar olduğunu qabarıq şəkildə nəzərə çarpdırır. II Burna-buruaş Exnatona yenə kiçik hədiyyə 4 mina lazurit və 5 cür at göndərir və çoxlu yaxşı hədiyyələr göndərə bilməməsini yolun çətinliyi ilə su təchizatının pisliyi, havanın istiliyi izah edir. Elə buradaca o, Exnatondan çoxlu yaxşı qızıl göndərməsini xahiş edir.
Ticarət əlaqələrinin normal inkişafına mane olan səbəblər təkcə bunlar deyildi. Daha təhlükəli maneə Babilistandan gedən karvanların yolda qarət edilməsi, tacirlərin isə öldürülməsi idi. Belə qarətləri əsasən Misirin nüfuz dairəsində olan Şərqi Aralıq dənizi ölkələrinin hökümdarları edirdilər. Bu da təsadüfi deyildi. Məlum olduğu kimi, Exnaton ölkədə kəskin daxili çəkişmələr şəraitində özünün məşhur dini islahatını həyata keçirirdi. Bu çəkişmələr Misirin hərbi potensialını xeyli zəiflətmişdi. Başı islahata və öz rəqibləri ilə mübarizəyə qarışan Exnaton fəal xarici siyasət yeritmirdi vəəslində Misirdən asılı olan Şərqi Aralıq dənizi dövlətlərini başlı-başına buraxmışdı. Bu dövlətlər arasında daimi ixtilaflar və daxili çəkişmələr hökm sürürdü. Onlar Misir fironuna bir­birindən şikayət edir. Hər biri öz qonşusunu Misirə xəyanətdə təqsirləndirirdi. Misir hökmdarı bu şikayətlərə qibtə ediləcək dərəcədə səbirlə yanaşır və adətən heç bir tədbir görmürdü.
II Burna-buruaşın sonrakı məktubunda Babilistan tacirlərinin ölümü ilə nəticələnənə daha ağır qarətin xatırlanması fironun öz nüfuz dairəsinə daxil olan ərazilərdə karvan yollarının təhlükəsizliyini təmin etmək üçün ciddi tədbir görə bilmədiyini göstərir və bu, Exnatonun dövründə Misirin beynəlxalq vəziyyətinin mürəkkəbliyini bir daha sübut edir. II Burna-buruaş yazırdı: «mənim Ahu-tabu ilə səfərə çıxan tacirlərim ticarət işləri ilə əlaqədar Kinahiddə ləngimişdilər. Ahu-tabu oradan qardaşımın yanına yola düşdükdən sonra Balumemenin oğlu Şumadda və Akkolu Şaratunun oğlu Şutatna öz adamlarını göndərərək Kinahiddəki Hinnatuni şəhərində mənim tacirlərimi öldürmüş və pullarmı ələ keçirmişlər. Buna görə mən Azzanı (?) sənin yanına göndərmişəm. Ondan soruş və o hər şeyi sənə desin. Kinahhi sənin ölkəndir və onun şahları sənin qullarındır. Mən sənin ölkəndə zorakılığa məruz qalmışam. Onların qarşısını al və qarət etdikləri pulları ödə”. Məktubda daha sonra deyilirdi: “Mənim qullarını öldürən adamları isə edam et və onların qanının intiqamını al. Əgər sən bu adamları öldürməsən, onlar yenidən bu işə qayıdacaq. Ya mənim karvanlarımı, ya da sənin səfirlərini öldürəcəklər. Belə olduqda bizim aramızda səfirlərin gediş gəlişi kəsilər vəəgər belə olsa, onda onlar sənə qarşı çıxarlar. »

Göründüyü kimi, Exnatonun hakimiyyəti illərində Şərqi Aralıq dənizi ölkələrində Misirin mövqeyinin zəifləməsi Babilistan-Misir ticarət əlaqələrini xeyli çətinləşdirmişdi. Babilistan ticarət karvanlarının qarətində Suriya və Fələstin hakimlərinin iştirakı, onların Ön Asiya ticarətində öz müstəqilliklərini bərpa etmək, Misirin Babilistan və başqa dövlətlərə birbaşa ticarət əlaqələrinə mane olmaq cəhdlərindən irəli gəlirdi. Ehtimal ki, Misirin Babilistanla əlaqələri bu ölkələr üçün daha təhlükəli idi. Hananeylərin Misirdən ayrıla biləcəyini açıqca qeyd edir. Bu məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşərdi. Hanandılar Misirə qarşı çıxış etmək istərkən kömək üçün məhz Babilistana müraciət etmiş, lakin Kuriqalzudan rədd cavabı almışdılar. Bu Şərqi Aralıq dənizində ağalıq üçün Misirin Babilistanla ittifaqının mühüm əhəmiyyətə malik olduğunu göstərir.
E.ə.XVI yüzillikdə Mitanni və Babilistandan asılı vəziyyətə düşən Assuriya XV yüzillikdən başlayaraq, Misirləəlaqələri genişləndirməyə və öz keçmiş qüdrətini bərpa etməyə çalışırdı. Exnatonun müasiri olan I Aşşur Uballitin (e.ə.1365-1330) dövründə Assuriya Mitanni və Babilistanın təhlükəli düşməninə çevrilir. İstər Mitanni, istərsə də Babilistan şahları Misir-Assuriya yaxınlaşmasının və Assuriyanın yüksəlişinin təhlükəli nəticələrini yaxşı görürdülər və ona görə də bu ittifaqa mane olmağa çalışırdılar. II Burna-buruaş Exnatona məktubunda assuriyalıları öz təbəələri adlandırır və tələb edir ki, firon onunla heç bir əlaqə saxlamasın.

Tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq, Babilistanla Misir arasında ticarət əlaqələri kəsilmirdi və hətta bu “nigah diplomatiyası” - qohumluq  əlaqələri ilə möhkəmləndirilirdi. Amarn yazılarından məlum olduğu kimi, Kadaşman Enlilin bacısı və qızı, habelə II Burna-buruaşın qızı müvafiq olaraq III Amenxotep və Emxatona ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu adətə görə «taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən mənşəli adam iddia edə bilərdi. Vəəgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu.»
Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir. II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli daşlar, sürtgü yağı idxal etdiyi göstərilir.
E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu (e.ə.1281-1264) ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunun yerinə yetirən Kadaşman-Turqu Misirləəlaqəni kəsmiş və Xett şahına Misirlə müharibə edərsə, piyada qohumlar və cənk arabaların ilə kömək edəcəyini vəd etmişdi.

Mövzuya dair suallar:

  1. Qədim Şərqin siyasi xəritəsi
  2. Dövlətlərarası münasibətlərin öyrənilməsi üçün sənəd və qaynaqların icmalı
  3. Qədim Misir şahlığının yüksəlişi
  4. Qədim Misirin beynəlxalq əlaqələri
  5. Misir fironlarının işğalçı yürüşləri və nəticələri
  6. Qədim Misirin Mesopotamiya siyasəti I və IV Tutmosun dövründə
  7. Misir hökmdarlarının nigah diplomatiyası
  8. Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə
  9. Misir və Babilistanın Assuriyaya qarşı mübarizəsi
  10. Qədim Mesopotamiyada dövlətlərarası münasibətlərin xarakteri.
  11. Misirlə Babilistan arasında səfirlik əlaqələri

Ədəbiyyat:

  1. Yusifov Y. Qədim Şərq tarixi. B., 1995
  2. Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959
  3. Авдиев В.И. История Древнего Востока. М., 1970
  4. Белова Г.И. Египитяне в Нубии (III –II тыс. до н.э.). М., 1988
  5. Гередот. История в девяти книгах. Л., 1972
  6. Дьяконов И.Н. Общественный и государственный строй древнего Двуречья (Шумер). М., 1959
  7. История дипломатии. II изд., т.I. М., 1959
  8. История дипломатии. СПб, М., 2005
  9. История древнего мира. Древний Восток, т.1, М., 1989
  10. Кузишина Н.И. История Древнего Востока. М., 1978
  11. Лапис И.А. Новые данные о гиксосском владычестве в Египте // ВДИ,1958, №3
  12. Ливщиц И.Г. Сказки и повести древнего Египта. Л., 1979
  13. Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987
  14. Оппенхейм А.Л. Древняя Месопотамия М., 1980
  15. Струве В.В. Государство Лагаш (XXV- XXIV ввдо н.э). М., 1961
  16. Тураев Б.А. История Древного Востока. Т.1., М., 1935

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

0 şərh