qədim Hindistan

Təbiəti. Qədim şəhər xarabalıqları. Qədim Hindistan Asiya qitəsinin cənubunda eyni adlı yarımadada yerləşirdi. Himalay sıra dağları Hindistanı başqa ölkələrdən ayırdığına və şimal küləklərindən qoruduğuna görə burada havalar hətta qışda da isti keçir. Hindistan yarımadası yayladan ibarətdir. Yayla ilə Himalay sıra dağları arasında ovalıq yerləşir. Hindistan ovalığının qərbində Hind, Şərqində Qanq çayı axır. Bu çaylar başlanğıcını Himalay dağlarından götürür.
İnsanlar Hindistanda qədim zamanlardan məskən salmışlar. Arxeoloqlar e.ə. III minillikdə salınmış Mohenco-Daro və Harappa şəhər xarabalıqlarını aşkar etmişlər. Qazıntı zamanı qala, onun içərisində saray, üçmərtəbəli evlər, tunc, qızıl əşyalar, hələ də oxunması mümkün olmayan yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən əhali şəhəri tərk etmişdir.

Hindistanın təsərrüfatı. Qədim dövlətlər. E.ə. II minilliyin sonunda Hindistana şimal-qərbdən köçəri ari tayfaları gəldilər. Bu tayfalara racələr başçılıq edirdi. Onlar oturaq həyata keçib yerli əhali ilə qaynayıb qarışdılar, birlikdə hind xalqını yaratdılar. Ari dili əsasında Hindistanda sanskrit ədəbi dili yarandı. Hindlilər eramızdan min il əvvəl dəmirdən istifadə etməyə başlamışdılar. Onlar cəngəllikləri qırıb dənli bitkilər becərir, hələ bir çox xalqlara məlum olmayan pambıq, şəkər qamışı, çəltik əkirdilər. Fili ilk dəfə hindlilər əhliləşdirmiş və ondan təsərrüfat işlərində istifadə etmişdilər.
Əmək məhsuldarlığının artması nəticəsində Hindistanda bərabərsizlik yarandı. Adlı-sanlı adamlar kəndliləri və qulları istismar edirdilər. Qulları «yad», «düşmən» adlandırırdılar. Racələr padşaha çevrilirdi, onların hakimiyyətləri irsi idi. Hindistanda dövlət e.ə. I minillikdə meydana gəldi. Artıq e.ə. VI-IV əsrlərdə Hindistanın şimal-qərbində bir sıra xırda dövlət var idi. E.ə. VI əsrin sonunda Hindistan Əhəmənilər (İran) imperiyasına birləşdirildi və 20-ci satraplığa qatıldı.
E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi və yorulmuş əsgərlərinin tələbi ilə geri qayıtdı. E.ə. 317-ci ildə Mauriya sülaləsindən olan padşah Çandraqupta İskəndərin xələflərindən olan Selevkinin qızı ilə evləndi. Selevki onu Hindistanın padşahı kimi tanıdı, tutulmuş Hindistan ərazisini də ona qaytardı. E.ə. III əsrin II yarısında bütün Hindistan padşah Aşokanın (e.ə. 268-231) hakimiyyəti altında vahid dövlətdə birləşdi. Onun ölümündən sonra bu dövlət dağıldı. E.ə. 180-ci ildə Mauriya sülaləsinin hakimiyyətinə son qoyuldu.

Kastalar. Hindistanda bərabərsizlik dində də öz əksini tapmışdı. Tanrı Brahma dünyanın və insanın yaradıcısı hesab olunurdu. Hind kahinlərinə Brahman deyirdilər. Hind kahinləri allah Brahma tərəfindən müəyyən olunmuş qaydalar tərtib etmişlər. Guya Brahma insanları kastalara bölmüşdür. Qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan, bu hüquq və vəzifələri irsən keçən insan qrupu kasta adlanır. 1-ci - ən yüksək kastaya Brahmanlar daxil idi. Guya allah onları ağzından yaratmışdı və buna görə onların allah adından danışmağa ixtiyarı var idi. 2-ci kastaya brahmanın əlindən yaradılmış əsilzadələr və döyüşçülər, 3-cü kastaya brahmanın budlarından yaradılmış kəndlilər, sənətkarlar, tacirlər; 4-cü kastaya guya Brahmanın palçıqlı ayaqlarından yaradılmış şudralar (nökərlər) daxil idi. İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç birinə daxil olmayanlara «toxunulmaz adamlar» deyir, onların özlərini və övladlarını doğulduğu gündən murdar sayırdılar. Onlar natəmiz yerləri təmizləyirdilər.
Budda. Qədim hindlilərin dini etiqadları və qanunları Veda adlı məcmuələrdə toplanmışdır. İnsanların kastalara bölünməsini ədalətsiz sayan adamlar da var idi. Buna görə də yeni din- budda dini yarandı. Onun banisi Siddahartha Qautama (e.ə.566-486) olmuşdur. Budda deyirdi: «Mənim etiqadım sevgi, yardım və şəfqət yoludur».

Mədəniyyət. Qədim hindlilər «Mahabharata» «Ramayana» dastanlarını yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış olmuş, özləri üçün yazı düzəltmişdilər. Rəqəmləri yaradan hindlilər sıfır rəqəmi tətbiq etməklə sadə və asan hesab qaydası müəyyən etmişdilər. Bu rəqəmləri əvvəlcə ərəblər qəbul etmiş, sonra isə avropalılar ərəblərdən götürdükləri bu rəqəmləri «ərəb rəqəmləri» adlandırmışlar. E.ə. I əsrdə daşdan yonulmuş darvaza gözəl incəsənət nümunəsidir. Bu darvazada bitki və heyvanat aləmi, hind əfsanələrinin qəhrəmanları və s. təsvir edilmişdir. Hindlilər mağara məbədlərdə sütunları şüşə kimi cilalayır, mağaranın divarlarını heyvan və müqəddəslərin şəkli ilə bəzəyirdilər. Hindistan şahmat oyununun vətənidir. Padşah Aşoka dövründə Hindistanda abidələr əsasən möhtəşəm sütunlardan ibarət idi. Daş sütunların yuxarısında heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm sütun üzərində 4 şir heykəli var idi, onların hərəsi bir tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.

0 şərh