Kişilərin xilası da qadınların əlində

  • Qadın
Bir sinif yoldaşım var. Dünyagörüşü var, zahirən müasirdir. Daxilinə təzə bələd oldum. İlin əvvəli evlənib. Dünən rastlaşdıq. Dedi qızım olacaq, yoxlatdırmışıq. Sonra da səsini qısaraq bir az astadan soruşdu ki, qız uşağı necədi yaxşıdı, səndə oğlandır da?

Məncə bu kiçik hadisə Azərbaycanda qız uşaqlarına qarşı münasibətin hansı səviyyədə olmağının bariz nümunəsidir, özü də Manna dövründə yox, Şirvanşahlar dövründə yox, Səfəvilər dövründə yox, XXI əsrdə.

Təəssüf ki, qızlara qarşı bu münasibət təkcə bizim ölkədə deyil, dünyanın bir çox yerində belədir. Yəqin ona görə BMT 2012-ci ildən bu günü Beynəlxalq Qız uşaqları günü edib. Məqsəd diqqəti qız uşaqlarına qarşı ayrı-seçkiliyə, onların yaşadıqları çətinliklərə, diskriminasiyaya yönəltməkdir.

Bu yaxında filosof Müşfiq Ötgün özünün Facebook səhifəsində belə bir status yazmışdı: “Bəzən fb yuzerləri mənim «qadın tərəfli» olduğumu, onların xoşuna gəlmək üçün bəzi statusları yazdığımı düşünürlər və bunu deyirlər də. Açığı, qohumlar arasında da məni münaqişələrdə qadınların tərəfini tutmaqda ittiham edirlər. Buna çoxdan öyrəşdim.

İzahat verim: bu mənim ən təməl etirazlarımdandır. Uşaqlıqdan gördüyüm və sonra tarixdən öyrəndiklərim mənə anlatdı ki, bəşəriyyət qadına qarşı, üzr istəmirəm, eşşəkcəsinə davranıb. Qul yerinə qoyub. Bunun kultural mexanizmləri mənə zamanla açıldı. Və bu davranışımla mən özümü bu eybəcərlikdən arındırıram sadəcə. Bacardığım qədər.

Arqumentim sadədir: elə dünya qurun ki, gələn dəfə Yer üzünə gəlsəniz qadın doğulmaqda heç bir təhqir və təhlükə görməyəsiniz özünüzçün.”

Müşfiq müəllim demiş, tarix boyu bəşəriyyət qadına qarşı ayrı-seçkilik edib, qadın cinsi mənsubiyyətə görə təhqirlərə məruz qalıb, hüquqları pozulub, qul kimi istifadə edilib. Yalnız XX əsrdə qadınlar öz haqq səslərini ucalda biliblər. Dünyanın müxtəlif yerlərində işıqlı insanlar qadın haqlarının müdafiəçisinə çevrilib, üstəlik qadınlar da öz hüquqlarının müdafiəsinə qalxıblar, feminist təşkilatlar yaradıblar, seksual obyekt olmadıqlarını, bu dünyaya təkcə xörək bişirmək, kişinin qulluğunda durmaq üçün gəlmədiklərini, onların da kişilər kimi eyni hüquqlara sahib olduqlarını, heç bir sahədə kişilərdən geridə qalmadıqlarını bəyan ediblər.

Bununla belə bizim kimi cəmiyyətlərdə qadına qarşı seksist münasibətlər hələ də qalmaqdadır. Mən kişilərin, maskulin fikirlərin dominant olduğu cəmiyyətin münasibətini demirəm, onlarla məsələ aydındır. Təəssüf çox zaman qadınların özləri cəmiyyətin diqtə etdiyi bu ayrı-seçkiliyə boyun əyirlər, könüllü olaraq, bu boyunduruğu qəbul edirlər. Yenə təkrar edirəm, özlərini elə aparırlar, sanki Nuh əyyamında yaşayırlar.

Dəfələrlə rastıma çıxıb. Baxırsan ki, yetkin, gənc qızdır. Necə deyərlər, Allah onu hər şeydən xali etmiş. Belə bir insanın missiyası nə olmalı: fərd kimi cəmiyyətdə görünmək, təhsil almaq, oxumaq, karyera qurmaq, özünü təsdiq etmək...

Amma onlar nə edirlər! Qızlarımız 18 yaşı tamam olmamış ər haqqında düşünürlər. Pis çıxmasın, elə bəzənirlər ki, sanki özlərini vitrinə qoyublar və bizim qızların bu aşırı bəzənməyinin altında təkcə gözəl görünmək istəyi gizlənmir, qarşı cinsə cəlbedici görünmək arzusu da var.

Şükür, daha Orta əsrlərin qaranlığında yaşamırıq. Daha qadınlara ikinci dərəcəli varlıq kimi yanaşılmır, ən azı nəzəri cəhətdən bu anlayışlar artıq oturuşub. Belə olan halda qadınlarımız, qızlarımız, özlərini yenidən boyunduruq altına atmamalıdırlar, məğrur olmalı, öz haqları üçün mübarizə aparmalıdırlar. Öz həyatlarını bu prinsiplər üzərində qurmalıdırlar.

Əgər 18 yaşı tamam olan qız (bəzən daha tez), öz gələcəyi, oxumaq, təhsil almaq, işləmək, karyera qurmaq haqqında deyil, ər haqqında düşünəcəksə və özünü dişi kimi aparacaqsa lap 365 günümüz qadın günü olsun, ağ günə çıxmayacaq.

Çünki hər şey sizin əlinizdədir, əziz qadınlar! Kişilərin xilası da. Gününüz mübarək!



Mirmehdi Ağaoğlu 

kulis.az 

0 şərh