Uğurlu kişinin önünü kəsən qadınlar

Hər uğurlu kişinin arxasında bir qadın dayanır, yoxsa daha uğurlu olardı. 

Bir dostum var. Həkimdi. Danışıb gülər, enerjili, ağıllıdı. Gülüşünün arxasında həmişə bir məyusluq hiss edərsən. Sanki hardasa bir sakitlik tapacağına ümid edir. Bir imperiyanı idarə edəcək gücdədi. Amma illərdi eyni yerdə ayaq döyür, uğursuz deyil. Sadəcə, əminəm ki, layiq olduğunu əldə etməyib. İllər əvvəl bir gün dedi ki, bəyəndiyim qəzet-jurnal yazıları vardı, saxlayırdım. Yoldaşım hamısını atıb. Niyə atdığını soruşanda, “evi zir-zibillə doldurursan, nəyə lazımdı” dedi.
— Sən nə dedin? 
— Heç nə, nə deyəydim… Mənim üçün hər şey olan, onun üçün heç nədi. Mənim dəyər verdiyim yazılar onun üçün zir-zibildi. Heç nə demədim. Hər şey aydın deyil?
Möhkəm sarsıldım. Özümü onun yerində təsəvvür etdim. Ətim ürpəndi. 

İnsanın şəxsi həyatındakı narahatlıq onun böyük amallar arxasınca getməsinə əngəl yaradır. Hər gün işdən evə — səni anlamayan birinin yanına getmək əzablıdı. Anlamaması bir yana, səni gərəksiz, mənasız söhbətlərlə, aydınlaşdırmalarla yoran, tükəndirən, illərlə eyni sözləri deyən, eyni mövzuda danışan, kimliyini, ruhunu böyütməyən, heç nə ilə maraqlanmayan, heç bir hobbisi, məşğuliyyəti, əyləncəsi olmayan birini hər gün görmək, ona dözmək, onunla yaşamaq insandan nə boyda səbr istəyir. Dözmək, səbr etmək üçün də sonsuz enerji lazımdı. Hiss olunmadan mənasızlığa xərclənən, itirilən bu enerji an-an insanı tərk edir, boşaldır. Bir gün boşluqda qalırsan. Özünü belə hiss etmirsən. Evə gedib güc almaq yerinə, evə gedəndə canını alırlar elə bil. 

İnsanı şəxsi həyatındakı neqativlər qədər heç nə tükəndirmir. Necə güclü olmalısan ki, hər gün toparlanıb özünü bərpa edəsən və uğur arxasınca gedəsən. Anlamayanlara nə anladacaqsan? Əvvəllər düşünürdüm ki, insanlar danışaraq anlaşa bilər. Zaman, təcrübə göstərdi ki, danışmağa ehtiyac yaranırsa, dəfələrlə təkrarlanırsa, vəssalam, məsələ bitib. Heç nə çözülməyəcək — ümid yoxdu. Çünki bir-birini anlayan adamlar özlərini bir-birinə uzun-uzadı izah etməyə gərək duymayan tərəflərdi. İnsanlar danışaraq anlaşırlar. Amma başqa mənada. Danışıb bir-birini tanıyıb dostlaşırlar. Bir-birinə uyurlar. 

Münasibət aydınlaşdırmağa dəfələrlə, illərlə, günlərlə ehtiyac yaranırsa, boş verin, özünüzü yıpratmayın. Sizin adamınız deyil. Ya barışın, ya ayrılın, amma döyüşməyin, özünüzü yormayın. Əslində, bu mövzu hər kəsə aiddi. İşgüzar qadınlarına öz bayağılıqları ilə mane olan kişilər də var. Həmişə qadının problemini görmək isə ədalətsizlikdi. Ətrafda qadının bekar başından bunca əziyyət çəkən kişilər varkən, özünü görməzliyə vurmaq insafdan deyil. O qədər mənasız, bayağı, bezdirici qadın görürəm, fikirləşirəm, kişi olsam, onunla bir saat bir yerdə yaşaya bilməzdim. 

Tanıdığım qadınlar var. On il öncə necə görmüşəmsə, o cür də qalıblar. Söhbətləri, dünyagörüşləri dəyişməyib. İntellektual səviyyə sıfır. Yeni heç nə öyrətməyib adam özünə. Dünyada heç bir marağı olmayan insanla yaşamaq zülmdü. 

Bir kişinin əvəzsiz qadını olmaq istəyirsizsə, onun silahdaşına çevriləcəksiz, onun maraqlarını paylaşacaqsız. Özünüzə əziyyət verib onun sahəsi haqda öyrənəcəksiz. Bir kişi sizinlə öz maraqları haqda danışa bilmirsə, ruhu yanınızda deyil. Bir kişini qazanmaq üçün onun ruhunu qazanmaq lazım. Kişi yazarlarımızın maraqlı fikri var: Qadının ən gözəl yeri düşüncəsidi." Əgər kişi üçün düşüncəniz gözəl deyilsə, nə özünüzə əl qatın, nə onun zəhləsini tökün. O, bütün varlığı ilə sizin deyil. 

Buna görə də “hər qüdrətli kişinin arxasında böyük qadın var” ingilis deyimini fərqli də ifadə etmək olar: Hər uğurlu kişinin önünü kəsən zəhlətökən və hikkəli qadın var… Yoxsa o kişi daha uğurlu olardı.

Aysel Əlizadə

0 şərh