8 Mart - Beynəlxalq Qadınlar Günü təbriki

Bu gün «Oğlan düşmən çəpəridir», «Qız qeyrətdi, yükü ağırdı» və s. fikirlər söyləyən yaşlı nəsildən mən əslində heçnə gözləmirəm. Onlarda bu və digər fikirlərin formalaşması sırf özünü düşünmə instinklərinə bağlı birşeydi. Çünki cəmiyyətdə qızın hər addımına görə «bu kimin qızıdır?!» kimi ortaya suallar atılır. Təbii ki, belə olan təqdirdə valideyn öz məsuliyyət yükünün ağırlığı fondunda özü üçün qız uşağı arzulaya bilməz. 
Gənc bir xanımın  ailədaxili və valideyn qarşısında sosial bərabərlik statusu yox dərəcəsindədir. Ailədə valideynin sözü necə keçirsə, böyük qardaşın kiçik bacı qarçısında sözü də o qədər keçərlidir. 
 
Bakı kəndlərinin çoxunda toya gələn qonaqların pul yazdırma üsulunda keçmişdən bir ənənə hələ də bəzi kəndlərdə qalmaqdadı. Pulu yazdıranda ata adını mütləq deməlisən. Bu onu göstərir ki, səni atana görə tanıyırlar. Hansı ki, bu atanı sən seçməmisən, heç o da səni seçməyib. Təsadüfi milyonlarla spermin içindən, sən, qadın cinsiyyət yolunu hamıdan birinci qət edərək ora kişi genetik materialını daşımısan. Bu seçim iki cütlük tərəfindən şüurlu şəkildə (sırf sənə görə) atılmış bir addım olseydı mən bəlkə sosial bərabərliyin valideynlər tərəfindən pozulmasına hardasa haqq qazandırardım. Belə olan təqdirdə sənin bir fərd olaraq azadlığının çəkisi valideynlər qarşısındakı məsuliyyətdən daha ağırdır. Yəni, valideyn öz istəkləri əsasında sənin arzu və məqsədlərinin qarşısını çəpərləyirsə onlara dur deməyin vaxtıdır. Inanın mənə ki, bu həyatı daha bu formada heç vaxt yaşamayacaqsız.
 
ABŞ tarixində «Istiqlal bəyannaməsi» qədər önəmli  tarixi və siyasi-fəlsəfi bir manifest yoxdur. Bu sənədlə bütün insanların bərabər yaşama, xalqın suverenliyi və azadlığı tanınmaqla, Amerika Birləşmiş Ştatlarının əsası qoyuldu. Ama bütün bunlara baxmayaraq sənədin mətnində bir əmma var. Mətndə «Bütün kişilər bərabər yaradılmışdır » yazılıb. Böyük ehtimalla o vaxt xanımların siyasi hüququ olmadığı üçün siyasi arenada görünmədiklərindən T.Cefferson bu cür əhəmiyyətli bir sənəddə qadınları tamamilə unutmuşdu. O dövrün siyasi mənzərəsini oxuduqlarımızla göz önünə gətirəndə ortaya çıxanlar bizə göstərir ki, xanımların o vaxt hələ «kuxna»da dolma bişirən vaxtları olub. Necə deyərlər, qışqırmasan səsini eşitməzlər. Bu günki Amerika ilə o dövrün ABŞ-ın muqayisə edəndə görürük ki, xanımlar orada kifayət qədər ucadan «qışqıra» bilib. Belə deyim, xanımlar öz varlıqlarını, sosial həyatdakı  mövqeylərini Ceffersona o vaxt göstərə bilməsələr də sonradan bunu əks cinsin (yəni biz kişilərin) beyninə necə lazımdı soxa biliblər. Hal-hazırda Azərbaycan xanımının da unudulmasına səbəb sosial yükünün az olmasıdı. Sizlər əslində imkan verməməlisiz ki unudulasız. Daim prioritet olmaq üçün özünü təsdiqləməlisən, ideyaların olmalıdı, kütlədən fərqlənməlisən və ən əsası bunları etmək üçün sənə ilk öncə savad lazımdır. Bu gün Azərbaycan xanımına lazım olan ilk və hərşeydən vacib şey yüksək təhsil və savaddır. Mən bu yaşıma kimi hələ bir savadlı xanımın hüquqlarının tapdalanmasını, əzilməsini görməmişəm.
 
Sabah beynəlxalq qadınlar günüdü. Bütün xanımların bayramını təbrik edirəm. Sizlərə «həmişə səsiniz gəlsin» deyib, güclü iradə, cansağlığı, sizi daim başa düşəcək birinin yanınızda olmağını və sevgi diləyirəm. Qoy daim üzünüz gülsün. Anaların isə əllərindən öpürəm!


Müəllif: Orxan Rəcəbzadə 

0 şərh