Əmizdirən anada ağrıyan döş gilələri

Yenicə doğulmuş körpənizi əmizdirməyə başladığınıza görə döşünüzün gilələrinin zərif və həssas olması normal bir haldır. Lakin çox ağrılı, çatlamış və qanayan gilələr normal hesab edilmir. Adətən, bu problem körpənin döşü nə cür götürməsindən asılı olaraq meydana gəlir. Körpənizin ağzını geniş açıb, döş giləsindən və areoladan (gilənin ətrafında olan tünd hissə) “ağızdolusu” yapışması çox önəmlidir. Uşağınızı sinəniz boyunca və ya yan tərəfinizdə qoltuğunuzun altında başı döşünüzə sarı yönəlməklə “futbol topu” mövqeyində tutmağınızdan asılı olmayaraq körpənizi yanı üstə çevirin (qarın-qarına) və onu elə saxlayın ki, körpənizin ağzı düz döşünüzün (gilə körpənin burnuna yönəlməlidir) önündə giləyə yaxın olsun.

Düzgün vəziyyət
Yastıqlardan istifadə etməklə körpənizi döşünüzün hündürlüyünə çatmış vəziyyətdə yerləşdirin. Bu döş gilənizin dartılmasını azaldacaq və ağrının qarşını alacaqdır. Körpənizi tamamilə yanı üstə elə çevirin ki, o sizinlə “qarın qarına” qalsın. Bu da həmçinin gilənin dartılmasını və ağrısını azaldır. Yeni doğulmuş körpəni sinə boyunca və ya qoltuğun altında “futbol topu” mövqeyində saxlamaq döşdən yaxşı yapışmaq üçün ən yaxşı vəziyyətdir.

Döşdən yapışma
Körpəniz üçün “döş sendviçi” hazırlamaq məqsədilə areolanızı yüngülcə sıxın. Bu, döşdən daha yaxşı yapışmaq üçün körpənizə kömək edəcəkdir. Gilənizi onun dodaqlarına toxundurun və ağzını geniş açan kimi döşünüzü ona cəld verin. Ağzını GENİŞ açana qədər və dilinin irəli çıxmasına qədər gözləyin. Sonra döşü körpəyə elə verin ki, o areolanı (döşün tünd-qəhvəyi hissəsi) ağzında ağızdolusu tuta bilsin.

Aşağıdakı 4 məsələyə diqqət yetirin:
1. Döşdə körpənin dodaqlarının bucağı 140°-dən çoxdur.
2. Areolanın çox hissəsi körpənizin ağzındadır. Gilənizi götürərkən körpənizin alt dodağına üst dodağından daha yaxındır.
3. Uşağınız döşünüzü əmdikcə siz dərin dartınma hiss edirsiz. Bu kəskin ağrı olmamalıdır və ya körpə döşdən yapışandan sonra bir dəqiqədən artıq davam etməməlidir.
4. Süd gələndən sonra hər 3-5 əmmədən bir udmaya diqqət yetirin.

Döş gilələrinin sağaldılması
Hər əmizdirmə zamanı körpənizin vəziyyətini dəyişdirin. Bir dəfə sinə boyunca yanıüstə, növbəti dəfə futbol topu mövqeyində qoltuğunuzun altında tutun. Cüzi miqdarda təmiz lanolindən istifadə edin. Öz döş südünüz də yaxşı kömək ola bilər. Südünüzlə giləni və areolanı masaj edin.

Əgər sizin döşləriniz çox doludursa, körpə döşü götürməmişdən öncə onu əlinizlə və ya südsağan aparatdan istifadə etməklə bir az sağmağa çalışın. Bu, gilənin daha tutumlu olmasına kömək edəcəkdir.

Əgər gilədə çatlar varsa, hidrogel sarğı vasitələri çox yararlı ola bilər. Onlar yaranın nəm qalmasına kömək edir ki, bu da sağalma prosesini sürətləndirir. Bu sarğıların sizin vəziyyətinizə uyğun olub olmadığını bilikli həkimlə müəyyən edin. Yuxarıda qeyd edilənlər ağrıyan gilələrdə kəskin olmayan problemləri həll etməyə kömək edə bilər. Lakin elə vəziyyətlər var ki, ağrıyan gilələr daha ciddi problemə gətirib çıxarır. Əgər tez bir zamanda yaxşılaşma getmirsə, mütləq yardım üçün mütəxəssisə müraciət edin.

Müəllif: Vergie Hughes ( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi, “Lactation Education Resources” proqram direktorudur.
Tərcümə edən: Mirzəyeva Ülviyyə, «VİBaby» layihəsinin Koreya/Ingilis dilləri üzrə tərcüməçisi.

0 şərh