Ağuz südü

Uca ALLAH bütün məməlilər üçün spesifik qida növü yaratmış və insan öz spesifik qida mənbəyi olan ana südü üçün kodlaşdırılmışdır. Ona görə də yeni doğulmuş uşaqların başqa biloji növlərin südü ilə qidalanması onlar üçün ekoloji fəlakət hesab olunur. Bütün süni qida qarışıqları heyvan və bitki südündən hazırlanır. Dünyaya körpə gətirən ana övladına ilk günlərdəki südünü verməməklə onun sağlamlığına nə qədər ziyan vurduğunu bəlkə də anlamır.

Ana südünün, xüsusilə də ağuz südünün (molozivo, kolostrum) əvəzsiz bir nemət olduğunu analara izah etmək hər bir tibb işçisinin vəzifə borcudur. Doğulan andan bir yaş yarıma qədər uşaqlar üçün ən adekvat qida ana südüdür. Südün əmələ gəlmə prosesi hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Həmin proses hipofizin prolaktin hormonunun təsiri ilə təmin olunur. Doğuşdan sonrakı 24-48 saat ərzində prolaktinin konsentrasiyası yüksək səviyyəyə qalxır, 48 saatdan sonra azalmağa başlayır. Bundan sonra prolaktinin səviyyəsinin yüksək qalması körpənin döşə qoyulma tezliyindən asılıdır.

Döşə qoyulma uşaq doğulandan sonra yarım saat ərzində təmas proseduru ilə eyni vaxtda həyata keçirilməlidir. Təmas proseduru uşağın ananın sinəsi üstünə qoyulmasıdır. Bu zaman uşaq reflektor olaraq döş giləsini axtarır, ana əlini uşağın ağzı ətrafına sürtməklə onun döş giləsini tapmasına kömək edir. Döş giləsinin qıcıqlanması hipotalamusun fəaliyyətini reflektor olaraq ləngidir və bununla da prolaktin və oksitosinin əmələ gəlməsi güclənir. Oksitosin döş giləsi qıcıqlandıqdan 30-50 saniyə sonra süd axarlarının yığılmasını və südün axarlara qovulmasını təmin edir. Eyni zamanda oksitosin uşaqlıq əzələlərinin yığılmasını stimulə edir. İlkin ifraz olunan süd molozivo və ya ağuz südü adlanır. Həmin süd vasitəsi ilə uşaq spesifik və qeyri-spesifik müdafiə amilləri alır. Yeni doğulmuşda ilk saatlarda immun sistem yetkin olmadığı üçün qanda yetərincə anti-cisimlər olmur.

Uşaq onu mikroblardan qoruyacaq anti-cisimləri ilkin ana südü olan molozivo vasitəsi ilə alır. Molozivonun tərkibində bütün siniflərdən olan immunoqlobulinlər (A, M, G, D) vardır. Yetkin süddən fərqli olaraq molozivonun tərkibində İgA-nın konsentrasiyası daha yüksəkdir. Uşaq orqanizminin həmin immunoqlobulinləri sintez etməsi körpənin 1,5-2 aylığında tam formalaşır.

Həmin immunoqlobulinlər baryer funksiyasını yerinə yetirərək patogen mikroorqanizmlərin oqanizmə daxil olmasının qarşısını alır. Süni qidalarda belə faktorlar yoxdur. Ona görə də körpəyə ilk aylarda ana südünün verilməsi olduqca vacibdir. Molozivoda immunoqlobulinlərdən başqa laktoferrin də yüksək səviyyədə olur və birləşərək bakterial floranın artıb çoxalmasına mane olur. Süni qidadan fərqli olaraq molozivonun tərkibində hipofizin, qalxanabənzər vəzin və digər vəzilərin hormonları yüksək konsentrasiyada olur və uşağın ilkin dövrdəki hormonal inkişafını stimulə edir. Molozivonun tərkibi qida elementləri ilə, xüsusilə də zülallarla çox zəngindir, əsasən də albumin-qlobulin fraksiyası çox olur. Həmin zülallar mədə-bağırsaq traktından dəyişilməmiş şəkildə sorulur, çünki albumin süd zərdabına dəyişilməmiş halda qandan daxil olur.

Molozivo xüsusi çəkisi 1050-1060 olan yüksək kalorili, özlü, yapışqanlı, sarı rəngli mayedir. Onu qızdırdıqda asanlıqla parçalanması tərkibində zülalın çox, suyun az olması ilə əlaqədardır. Yetkin südlə müqayisədə onun zülalı 2-3 dəfə çoxdur.

Albumin-qlobulin ilk gündən, kazein isə dördüncü gündən əmələ gəlir. Yetkin südlə müqayisədə molozivoda yağlar və laktozanın miqdarı 1,2-1,5 dəfə az, duzlar isə 1,5 dəfə çox olur. Molozivo enteral qidalanmaya keçid dövründə uşaq orqanizminə yüksək kalorili və bioloji cəhətdən qiymətli maddələrin daxil olmasını təmin edir. ÜST və UNİCEF xətti ilə bütün ölkələrdə ”Baby friendly hospital” adı altında beynəlxalq proqram hazırlanmışdır. Onun əsas sənədi “Döşlə əmizdirmə uğurunun başlıca prinsipi” erkən dövrdə qidalanmaya aiddir və doğum evlərində həyata keçirilir.

Körpələr ilk 2-3 gün ərzində ana südü ilə deyil, müxtəlif süni qidalarla qidalandırılır və uşaqların gələcək sağlamlığı təhlükə altına düşür. Doğrudur, uşağın ana südü ilə əmizdirilməsinə müxtəlif əks göstərişlər, eləcə də ana və uşaq tərəfindən olan əks göstərişlər də vardır. Lakin bunlara çox nadir hallarda rast gəlinir.

Bütün bunlar istisna olduğu halda uşaq ancaq ana südü ilə qidalanmalıdır. Ana doğuş zalından palataya köçürüldükdən sonra, onun uşaqla təması vacibdir. Uşağın çarpayısı ananın çarpayısı ilə yanaşı olmalıdır. Məhz həmin andan qarşılıqlı uyğunlaşma və öyrəşmə başlayır. Gün ərzində döşə qoyulmanın sayı gecə saatları da daxil olmaqla 12-dən 20 dəfəyə qədər və daha çox olmalıdır.

Bu, laktasiyanın stimulə edilməsi üçün vacib şərtdir. Əmizdirmələr arasında uşağa qlükoza, çay, süni qida vermək olmaz. Əmziyin verilməsi döşlə əmizdirmə prosesini çətinləşdirə bilər. Ana südündə suyun miqdarı 87-90%-dir. Laktasiya yetərincə olduqda hətta isti iqlimdə belə uşağın mayeyə olan tələbatı ana südü ilə tam ödənilir və əlavə suya ehtiyac qalmır. Əmizdirmə 10 dəqiqədən 30 dəqiqəyə qədər davam edə bilər. Körpə doyub imtina edənə qədər əmizdirilməlidir. Bəzən proses uzanır, uşaq döşdən ayrılır, bu isə uşağı arxa süddən məhrum edir. Belə olduqda uşaq yağla zəngin, əsas enerji mənbəyi olan arxa südü almır. Bunun nəticəsində boyun inkişafdan qalması, qarın sancılarının meydana çıxması baş verə bilər. Əmizdirmənin sayı tədricən azalaraq 2-3 ayında 5-6 dəfəyə çatır.

Əziz analar, övladlarınızın xəstəliklərə müqavimətli, sağlam, tam düzgün inkişaf etməsini istəyirsinizsə, Allahın sizə övladlarınıza verəsiniz deyə bəxş etdiyi bu əvəzsiz neməti onlardan əsirgəməyin!

Müəllif: İlhamə Məmmədova, Həkim-Pediatr
Mənbə: “Herba Flora” jurnalı, 3(50) mart 2012
 

0 şərh