Qaliblərin məğlub rəqibinin arvadına, qızına, bacısına evlənməsi ənənəsi

  • Qadın
Bu gənc və gözəl xanım sonuncu Qacar hökmdarı Əhməd şahın qızı İranduxt Qacardır (1916-1984). Əhməd şah stress və xəstəliklərdən 32 yaşında ölsə də, qısa həyatı boyu beş dəfə evlənməyə macal tapmışdı. İranduxtun anası Bədr əl-Mülk də Qacar soyundan Abbas Mirzənin nəticəsi idi.
Qalib hökmdarın məğlubiyyətə uğratdığı rəqibinin arvadına, qızına, bacısına evlənməsi ənənəsi Şərq ölkələrində XX əsrin əvvəlinə qədər davam edib. Orta əsrlərdə belə hallar Qərb dünyasında da az yayılmamışdı.
İranduxt Qacar
Gənc türklər inqilabının liderlərindən biri, sadə ailədən çıxmış Ənvər bəy – Ənvər Paşa hakimiyyətə yiyələnəndən sonra Osmanlı hökmdarı I Əbdülməcidin nəvəsi Naciyə Sultanla nikaha girmişdi.
Azərbaycan bolşeviklərinin tanınmış nümayəndəsi, respublika Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov isə Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin qızı Tamara ilə evlənmişdi. Bəzi məlumatlara görə, hakimiyyətdən sərməst olan gənc Mirzə Davud 19 yaşlı Tamara ilə münasibətlərinə sadəcə flirt kimi baxırdı. Lakin Nəriman Nərimanovun sərt xəbərdarlığından sonra özünü yığışdırmış və normal ailə qurmuşdu.
İranda Qacarların 130 illik hakimiyyətinə son qoyub Reza şah Pəhləvi adı ilə taxta çıxan fars kazak alayının polkovniki Reza xanın dörd zövcəsindən axırıncı ikisi Qacar prinsessası idi. İkinci arvadı, vəliəhdin anası Tacül-Mülk (Nimtac xanım Ayrımlı – o da əslən Azərbaycan türkü idi) bir dəfə istehza ilə demişdi ki, Reza şah Qacar kişilərinə qalib gəlsə də, Qacar xanımlarına məğlub oldu.
Oğlu Məhəmməd Rza da atasının yolu ilə gedərək, Əhməd şahın qızı, İsveçrədə tanış olduğu İranduxt ilə evlənmək fikrinə düşmüşdü. Devrilmiş şahın qızı hakimiyyətdə olan şah oğlunun sevgisinə inanıb İrana qayıtmışdı. Lakin Reza şah bu izdivaca razılıq verməmişdi.
Atatürkün də məsləhəti ilə sülalə nikahını daha məqbul sayıb gücünə güc qatmaq məqsədi ilə oğlunu Misir kralı I Faruqun bacısı Fevziyə ilə evləndirmişdi.
Atasının ölümündən (1944) və Fevziyə ilə boşanandan sonra Məhəmməd Rza şah yenidən İranduxta elçi düşmüşdü. Həmin dövrdə İranduxt da ərindən ayrılmışdı və üç övladını təkbaşına böyüdürdü. Amma indi də vüqarlı qadın bir dəfə vəfasızlığını gördüyü şahın təklifini rədd etmişdi.


Müəllif: Vilayət Quliyev
Mənbə: modern.az

0 şərh